SƏBRİN SƏRHƏDİ...
İndi dünya siyasətçilərinin və
mətbuatının gözü
Astanaya yönəlib.
Hər kəs burada hansı sənədlərin qəbul
ediləcəyi, nələrin
arxa plana keçiriləcəyini düşünür.
Bəlli olan budur ki, Azərbaycanın
işğal edilmiş
ərazilərinin müzakirəsi
ölkəmizdə daha
maraqla izlənməkdədir.
Bütün bu gözləntilərə, ümidlərə
rəğmən sammitdə
heç bir ciddi qərarların qəbul edilməyəcəyini
söyləyənlər də
kifayət qədər
çoxdur. Başqa dövlətlər belə
nəticəyə loyal
münasibət bəsləsələr
də Azərbaycan bu beynəlxalq tədbirin nəticəsiz
qurtaracağını istəmir.
Buna haqqı da var. Çünki
yaşı iyirmini haqlamaqda olan ATƏT-in Minsk Qrupu bu günədək
münaqişənin həlli
istiqamətində heç
bir irəliləyişə
nail ola bilməyib. Və Bakının da sülh deyib dad döyən ölkələrdən, təşkilatlardan
tələbi budur ki, illərlə sürən bu danışıqların nəhayət
bir sonu olsun.
Lakin hələlik
sammitin ilk iş günü haqqında yayılan
informasiyalardan belə aydın olur ki, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı ciddi nəticələrin
olmayacağını söyləyən şərhçilər
haqlı imişlər. Çünki belə güman edilir ki,
Kreml rəhbəri tərəfindən Bakı və Yerevan
üçün birgə bəyanat hazırlanır və həmişəki
kimi iştirakçılar bunu ciddi irəliləyiş və
ya növbəti addım kimi dəyərləndirib
dağılışacaqlar. Və bundan sonra növbəti
görüşün baş tutması üçün iş
başlanacaq. (Bu da ola bilər ki, yazını
yazdığım günün sabahı artıq bunlar baş
vermiş olsun).
Lakin bütün
bunlardan heç də elə nəticə çıxarmaq
olmaz ki, ATƏT və ya qeyri-atət vaxt uzansa da regiondakı
prosesləri nəzarət altında saxlaya bilir. Xeyr. Bu belə
deyil. Bütün nüfuzlu politoloqlar, analitik təhqiqat mərkəzləri
birmənalı şəkildə bildirirlər ki,
münaqişənin həlli istiqamətində irəliləyiş
olmadığı bir vaxtda tərəflər hər gün
müharibə variantına bir addım yaxınlaşırlar.
Bu günlərdə Rusiyada yaşayan erməni iş
adamlarından birinin dünyada yaşayan "erməni
rezervistləri"nin səfərbərliyinə
başlanması üçün əməli fəaliyyətə
keçdiyi mətbuatda geniş yer almışdı. Həmin
məlumatlarda hətta hansı ölkələrdə, bu
işin təşkili üçün məntəqələrin
yaradıldığı da göstərilirdi. Bəzi şərhçilərin
qənaətinə görə, bu, Yerevandan gələn
göstəriş əsasında təşkil edilir.
Çünki Ermənistandakı açınacaqlı həyatdan
kütləvi şəkildə baş götürüb gedənlər
ölkənin canlı resurslarını da tükəndirib.
Artıq kifayət qədər
ciddi məlumatlar var ki, Ermənistanda hərbi
çağırışçıların sayı son iki il
ərzində 11-12 faiz azalıb. Orduda fərarilik, aclıq, xəstəliklər,
"dedovşina", korrupsiya elə səviyyəyə
çatıb ki, həmin qüvvələrlə nəinki
qarşı tərəfin həmlələrinə cavab vermək,
hətta özünü belə lazımi şəkildə
evokuasiya etmək mümkün deyil. Bu üzdən də ilk
Qarabağ müharibəsindəki təcrübələrinə
arxalanaraq muzdlu
döyüşçü axtarışına
başlayıblar. Görünür ermənilər müharibənin
labüd olduğunu artıq göz altına alıblar.
Hətta indi o qənaətdə
olanlar da var ki, Ermənistan hakimiyyəti kreslosunu itirməkdən
qorxduğundan heç bir sülh sazişinə imza ata bilmir və
təslimçilik ittihamlarından
özlərini xilas etmək üçün müharibə
variantına gedəcək. Və torpaqların geri
qaytarılmasında bütöv ölkəni, xalqı cavabdehlik
altına salacaq, beləliklə də özünü
sığortalayacaq. Türkiyə Böyük Millət Məclisinin
deputatı, Milliyyətçi Hərəkat Partiyasının
üzvü Şenol Bal Astana sammiti haqqında Trendə
açıqlamalarda bulunub. Onun açıqlamalarında da
situasiyanın ciddiliyi qabardılır.
Şenol Bal: "Əgər
Astana sammitində Dağlıq
Qarabağ danışıqları ilə bağlı
heç bir nəticə əldə edilməsə, ola bilər
ki, danışıqlar prosesində dəyişikliklər
baş versin. Amma biz ümid edirik ki, Astana
sammiti Dağlıq Qarabağ probleminin həlli istiqamətində
uğurlu addım ola biləcək". Türkiyəli deputat
onu da vurğulayıb ki, Ermənistanın problemi
çözmək üçün müharibə etməyə
cürəti çatmaz. "Belə hesab edirəm ki, Ermənistan
hərbi yolu seçərsə, Azərbaycan və Türkiyə
Yerevana qarşılıqlı cavab verəcək".
Əslində bir
çoxları da belə hesab edir ki, məhz bu
danışıqlardan sonra ciddi bir irəliləyiş baş
verməzsə Azərbaycan artıq birmənalı şəkildə
bundan sonra hansı addımlar atacağı haqqında qərar
qəbul etməlidir. Və danışıqlar prosesinin sona
çatdığını rəsmi şəkildə bildirməlidir.
Onsuz da ölkə prezidenti dəfələrlə konkret şəkildə
bildirib ki, heç bir nəticəsi olmayan
danışıqlar prosesi əbədi davam edə bilməz.
Həqiqətən də
əgər beynəlxalq təşkilatlar bu
münaqişənin öhdəsindən gələ, özlərinin
imzaladıqları qərarlara Ermənistanı məcbur elətdirə
bilmirlərsə müharibədən başqa Bakı
üçün seçim qalmır. Əks halda Lissabon
sammiti, Sankt-Peterburq sammiti, Madrid, Astana... sammitləri siyasi məzhəkə
statusuna çevrilməyəcəklərmi? Və mənə
elə gəlıir ki, başqa dövlətlər
üçün hazırkı
status-kvonun saxlanmasının heç bir əhəmiyyəti
olmasa da Azərbaycan bu variantla barışmayacaq. Çünki
işğal altında qalan bizim torpaqlarımızdı, bir
milyon qaçqın bizim soydaşlarımızdı,
müharibənin acılarını çəkən bizim
xalqımızdı. Belə çıxır ki, qərarları
heç cırtdan, ac-yalavac Ermənistan tərəfindən
saya salınmayan bu bivec beynəlxalq təşkilatların
tapşırığı ilə Azərbaycan bütün məhrumiyyətlərə
dözməli, işğala göz yummalıdır?! Bu daha
absurd görünür.
Artıq prezident ən yüksək tribunalardan da dəfələrlə bəyan edib ki, Azərbaycanın səbri hüdudsuz deyil. Mənə elə gəlir ki, ermənilər öz günahları üzündən artıq həmin səbrin sərhədlərinədək gəlib çatıblar. Geriyə yol qalmayıb...
BABƏK YUSİFOĞLU
Ədalət.- 2010.- 2 dekabr.- S. 4.