"MƏMMƏD ARAZ KİMİ İNSANLAR ŞAİR - PEYĞƏMBƏRLƏRDİ"

 

Dünən Azərbaycanın böyük oğlu, təkcə bir misrası ilə milyonları ayağa qaldıran məşhur şairin - Məmməd Arazın anım günü idi. Yenə Məmməd Araz sevənlər onu anıb Fəxri Xiyabana məzarı önünə gəldilər desək, böyük yanlışlığa yol verərik. Böyük insanların doğum günü kimi müvəqqəti yaşayış yeri olan bu dünyadan əbədiyyətə qovuşmaları da yaddaşlara köçmür. Onu sevənlərin hər birinin içərisində bir Məmməd Araz abidəsi ucalır ki, bu abidəni ziyarətin isə günü, zamanı var.

Bu bir həqiqətdir ki, təkcə yaranmışlar arasında deyil, həm də bəşəriyyətin ən ali incisi sayılan insanlar arasından Tanrı tərəfindən seçilmişlər var və onlar nəsillər bir-birini əvəz etsə də həmişəyaşar olaraq qalırlar. Ona görə də onlar elə bütün zamanlarla, bütün doğulmuşlarla həmyaşıd olaraq qalırlar. Məmməd Araz da məhz adını tarixlə yanaşı, özündən əvvəl yaddaşlara həkk edənlərin sırasında qürurla dayananlardandır. Dünən bu böyük insanı anmağa gələnlər də bir daha etiraf etdilər ki, Məmməd Araz üçün söz demək heç də asan deyil. Axı onun sözü qarşısında nəyi və necə demək olar ki, heç olmasa ona bir az yaxın olsun? Amma yenə də ürəyindən keçənləri ifadə etmək də mümkündür və elə ona görə də fikirlərini dilə gətirənlər oldu.

Nə Nizami, nə Füzuli, nə Dostayevski, nə Sokrat nə də bütövlükdə bu siyahıda yer alanların hansınınsa heç zaman ölmədiyini bildirən millət vəkili Aqil Abbas onların həmişə dillərdə əzbər olduğunu vurğuladı. Çünki həmin insanlar Tanrı tərəfindən seçilərək yaradılıb ki, dünyanı düzəltmək istəyənlərə köməkçi olsunlar: "Məmməd Araz kimi insanlar şair peyğəmbərlərdir. Bir məqamı da qeyd edim ki, Məmməd Arazın əsərləri ikilimüəlliflidir. Çünki onun əsərlərinin ikinci müəllifi onun həyat yoldaşıdır. Bu təkcə həyat yoldaşına olan sevgi deyil, həm də ilahi bir sevgidir". O, söz adamlarının heç də həmişə hamısının eyni sırada dayanmadığını, ideologiyaların əsirinə çevrildiklərini də xüsusilə qeyd etdi: "Onu da deyim ki, elə şairlər var ki, onlar ideologiyalara xidmət edir və ideologiyalar əvəzlənəndə heç onların yazdıqlarının da nə mahiyyəti, nə də mənası olur. Amma Məmməd Araz kimi şairlər ideologiyalara deyil, öz arzularına, görmək istədiklərinə xidmət edir, yazıb-yaradır ki, dövründə yaşayanlara, özündən sonrakılara təsiri olsun. Fiziki sağlamlığı baxımından xalqının içərisinə çıxa bilməyən, onlarla dialoqa girməyən Məmməd Arazın yazıb yaratdıqları milyonların beyninə, ürəyinə köçüb. Ən azı iyirmi il ictimaiyyətlə görüşə getməkdən, oxucularla ünsiyyətdən, televiziyadan, təbliğatdan kənarda qalasan, amma bu qədər insanların ruhuna hopa biləsən, o sevgini qazana biləsən. Təbii ki, bu Allahın bir möcuzəsidir. Əslində bütün şairlərimiz peyğəmbərlərimizdir".

"Məmməd Araz qarşısında nə deyəsən ki, kəsəri olsun",- deyən Azərbaycanın İstanbuldakı konsulu Həsən Zeynalov vətənpərvər ideyalar carçısı olan şairimizin son günlər iki poemasını oxuduğunu, orada əksini tapan məqamların düşündürücü təsirindən danışdı: "Məmməd Araz deyir ki, "Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim". Görün bu insanda nə qədər vətən sevgisi var ki, o, mamır olub onun qayasında bitmək istəyir. Digər bir ibrətamiz cümləsi var ki, mən həmişə çətin məqamlara düşəndə onu xatırlayıram. "İti bazarında atından baha" ifadəsində nə qədər böyük məna yatır. Təkcə misal gətirdiyim hər iki cümlə bir neçə əsəri əvəz edə bilir. Gəncliyimdən vətəni, milləti sevməyi, özümü tanımağı Məmməd Araz poeziyasından mənəvi qida alaraq öyrənmişəm. Məmməd Araz sağlığında özü üçün heç nə tələb etmirdi. Amma indi Məmməd Arazın ruhu tələb edir və hər bir Azərbaycan vətəndaşı da onun ruhu qarşısında vətəni, torpağı, müqəddəs varlıqlar üçün nə etdiyi ilə bağlı hesabat verməlidir. Bu olduqca məsuliyyətli bir məsələdir".

Hərbçi şair Qardaşxan Əzizxanlı Məmməd Arazı şəhid yazar kimi xarakterizə etdi: "Sənət fədaisi ifadəsi daha çox dildə üstünlük təşkil etsə də, amma şəhid yazar ifadəsinə rast gəlinməyib. Məmməd Araz şəhid yazardır. O başqalarının illərinə öz poeziyası ilə həyat qatıb. Amma öz illərinə həyat qata bilməyib və ona görə də onu şəhid yazar adlandırmaq yerinə düşər. Çox məzarlar var ki, onun önündə heç kəs baş əymir. Belə məzarlar önündə isə həmişə milyonlar baş əyir".

Belə bir xalqını sevən və qarşılığı müqabilində o sevgini qazanan insanın yaxını olmağın böyük məsuliyyətini dərk edən bacısı oğlu Rəşid Məmmədov dayısı - Məmməd Araz barəsində hansısa sözü deməyin də asan olmadığını qeyd etdi: "Onun haqqında adam o qədər danışmaq istəyir ki, amma sonra nəyi, necə deyim ona uyğun olsun düşüncəsi qarşısında qalır. Hansısa fikri ifadə edəndə gərək onun şeirlərinin süzgəcindən keçməli olmalısan. Məmməd Arazla hər görüşdə onunla heç nədən danışmasaq belə, tamamilə başqa bir düşüncədə olurdum. Daha yaxşı oxumaq, cəmiyyətdə daha üstün mövqe tutmağa heç bir sözsüz mənəvi ruh verirdi. Onunla Azərbaycan poeziyasında da bir Məmməd Araz ruhu yarandı və gənc yazarlar özlərini Məmməd Araz davamçıları sayırlar. Biz də onun kölgəsinin təsiri altındayıq. Məmməd Araz həmişə mənə deyirdi ki, sən yaxşı oxucusan. Bu mənə verilən ən böyük mükafat idi".

Bir qardaş oğlu kimi Məmməd Araz adının məsuliyyətini həmişə üzərlərində gəzdirdiklərini vurğulayan tanınmış siyasət adamı Qorxmaz İbrahimli bütövlükdə bir vətəndaş kmi formalaşmada böyük şairin əvəzsiz xidmətinin olduğunu qeyd etdi. O, həm də nəinki, Azərbaycanda, artıq bütün türk dünyasında da Məmməd Arazın dərk olunduğunu, araşdırmalar aparıldığından da söz açdı: "Fəxr duyulacaq məqamdır ki, artıq həmişə arzuladığımız proseslər baş verməkdədir. Artıq Məmməd Araz bütün türk dünyasına açılmaqdadır. Hələ özünün sağlığında Məmməd Arazla görüşən gənc türk yazar Sənan onun əsərlərini araşdırmağa başlamışdı. Məmməd Araz üçün təkcə türk milləti söhbəti də yox idi. Onun üçün millətin dini, dili fərqi yox sayılırdı. O bəşəri düşüncəyə mənsub, bəşəri ideyalar aşılayan şair kimi tanınırdı. Özü də bu gün heykələ çevrilərək məzarı önündə dayanır. Biz fəxr edirik ki, məhz onunla bir dövrdə yaşamışıq. Şükür Allaha ki, türk milləti də, dövlətimiz də bu cür əbədiyaşar insanları dəyərləndirir və bu ənənənin davam edəcəyinə əminik".

Cəfər həkimin çıxışı isə həm maraqlı, həm də kövrəldici oldu. Adətən belə toplantılarda daha çox susmağa çalışan həkim dedi ki, o təklikdə Məmməd Araz məzarı önünə gələndə onunla daha çox danışır, susmur. Bir də onun üçün ən ağrılı günün hər ayın biri olduğunu vurğuladı. Çünki, həmin gün ən əziz dostu ilə bu dünyadan ayrılıb. O gündən bəri isə təsəllisi dostunun şeirləri və bir də mənəvi ruhu ilə müzakirələridir.

  

  

Gültəkin

 

Ədalət.- 2010.- 2 dekabr.- S. 5.