EŞQ SULTANINA ABİDƏ
(ƏKRƏM CƏFƏR "YANDIM AVAZEYİ
EŞQİNLƏ SƏNİN" ÇAŞIOĞLU, 2010)
XXI yüz il dünya
şərqşünaslığının tarixində
böyük ədəbi-elmi hadisə baş vermişdir.
Dünya şöhrətli şərqşünas alim, Azərbaycan
xalqının fəxri, müqayisəli əruzşünaslıq
elminin və Azərbaycan Milli Əruzşünaslıq Məktəbinin
banisi professor Əkrəm Cəfərin Şərqin dahi
söz ustadı Məhəmməd Füzulinin həyat və
yaradıcılığına həsr edilmiş
"Yandım avazeyi eşqinlə sənin" adlı
fundamental elmi-nəzəri monoqrafiyası nəşr
olunmuşdur. Bu möhtəşəm əsərin nəşrə
hazırlanması ideyasının müəllifi - istedadlı
ədəbiyyatşünas alim, Mövlanə Füzuli
yaradıcılığı üzrə tədqiqatları ilə
tanınan filologiya elmləri doktoru Gülşən Əliyeva-Kəngərli
olmuşdur. Eyni zamanda, Gülşən xanım Əkrəm Cəfərin
həmin monumental monoqrafiyasına müfəssəl nəzəri
müqəddimə yazaraq, 350 səhifədən ibarət
tarixi-ədəbi bir əsər tərtib etmişdir.
Kitabdakı
materialların xronoloji ardıcıllığını izləməklə
G.Əliyeva, bu orijinal ideyanı yüksək səviyyədə
həyata keçirtmək məqsədilə, hələ ilin
başlanğıcında bu sətirlərin müəllifinə
müvafiq təkliflər vermişdi. Biz Şərqin
böyük aliminin şəxsi arxivindəki 140-a qədər
qovluqlarını araşdırmış, Məhəmməd
Füzulinin həyat və yaradıcılığı ilə
əlaqədar, alimin ötən yüzildə qələmə
almış olduğu, fəqət nəşrlərdən kənarda
qalmış bir-birindən qüdrətli sənət örnəklərini
üzə çıxarıb kitabın tərtibçisinə
təqdim etmişdik.
Məlum olduğu
üzrə, professor Əkrəm Cəfərin nəzəri
irsində, Şərqin qədim və orta əsrlər
dövründə yazıb-yaratmış elə bir mütəfəkkir
şair yoxdur ki, onun yaradıcılığı tədqiq
edilməmiş olsun. Görkəmli nəzəriyyəçi
alim Nizami Gəncəvi, Əfzələddin Xaqani, İmadəddin
Nəsimi, Hafiz Şirazi, Sədi Şirazi, Əbdülhəqq
Hamid, Əbdürrəhman Cami, Qazi Bünhanəddin kimi
qüdrətli söz üstadlarının hər biri
haqqında fundamental elmi-nəzəri, habelə, tekstoloji
araşdırmalar aparmışdır. Ümumiyyətlə,
XX yüzilin böyük aliminin zəngin
yaradıcılığına bələd olanlar yaxşı
bilirlər ki, Əkrəm Cəfər Şərq ədəbiyyatşünaslığının
ən az tədqiq edilmiş (habelə, heç edilməmiş!),
araşdırmalardan kənarda qalmış son dərəcədə
ciddi elmi-nəzəri problemlərini qabardaraq, onları ən
yüksək səviyyədə həll etməyə
çalışmışdır.
Şərqşünas
alim hələ, 1966-cı ildə Bakıda işıq
üzü görmüş "Voprosı İranskoy
filoloqii" toplusunda nəşr etdirdiyi "O perspektivax sozdania sravnitelnoy poetiki narodov
Blijneqo i Sredneqo Vostoka" adlı fundamental əsərində
yazıb vurğulayırdı ki, Azərbaycan ədəbiyyatşünaslığının
tarixində klassik Şərq poetikasının aktual nəzəri
problemləri demək olar ki, öyrənilməmişdir.
Halbuki, Azərbaycan xalqının 1000 illik ədəbiyyat
tarixinin ciddi ədəbi-nəzəri müşküllərini
əruzu, qafiyəni, bədini, bəyanı, məanini dərindən
bilmədən öyrənmək ağırdır.
Böyük ustad,
yaradıcılığının şahanə
dövründə həmin ciddi ədəbi-nəzəri vəzifələrdən
olan və ən birinci növbədə həlli gözlənilən
Azərbaycan əruzu problemini ortaya qoydu və şərqşünaslıq
tarixində ilk dəfə olaraq, 6 xalqın (!) - Ərəb,
fars, tacik, türk, özbək və Azərbaycan
xalqlarının müqayisəli əruzunu yaratdı. Ədəbiyyatşünaslığımızın
tarixində isə milli əruzumuzun nəzəriyyəsini
yaradaraq, Əruzşünaslıq Məktəbini təsis
etdi.
Türk
dünyasının görkəmli ədəbiyyatşünas
alimi, AMEA-nın müxbir üzvü, professor Rafael
Hüseynovun ustada həsr etdiyi "Ötüb getmiş
tramvay" adlı elmi-publisistik tədqiqatında dediyi kimi, Əkrəm
Cəfərin belə fenomenal nailiyyətinin sirri məhz onda
idi ki, ustad hər gün oxuyurdu.
Heç şübhəsiz
ki, Gülşən Əliyeva-Kəngərli "Yandım
avazeyi eşqinlə sənin" kitabındakı müqəddiməsində
məhz, poetika (!) probleminin nə dərəcədə aktual
olduğunu dərindən anlayaraq, bu filoloji məsələni
də yazısında önə çəkmiş və qətiyyən
təsadüfi olmayaraq, müqəddiməni "Füzuli sənətindən
əruz elminə" adlandırmaqla, bu iki ciddi problemin -
şairlərin bədii irsi və poetika məsələsinin
üzvi surətdə bağlılığını bir daha
yüksək elmi-nəzəri səviyyədə mütəxəssislərin
diqqət mərkəzinə yönəltmişdir.
G.Əliyeva-Kəngərli
Füzuli yaradıcılığı və Əkrəm Cəfər
mövzusundan daha çox, məhz poetika (əruz) problemləri
və Əkrəm Cəfər mövzusunu əlbəttə
ki, bilərəkdən xüsusi şəkildə
işıqlandırmışdır. Ümumiyyətlə,
Gülşən xanımın Füzuli sənəti ilə əlaqədar
olan elmi-ədəbi fəaliyyətinin istiqamətlərinə
nəzər salarkən görürük ki, bu istedadlı alim
Məhəmməd Füzulinin yaradıcılığına
nəinki dərindən bələddir, bu poeziyanın
aşiqidir, habelə, ortaya qoyub həll etdiyi tarixi-ədəbi
problemin qaynaqlarının şərhinə son dərəcədə
geniş diapazondan, məhəbbətlə yanaşmağı
bacaran mütəxəssisdir. Məhz elə bu səbəbdən
də, Gülşən Əliyevanı Füzuli
yaradıcılığının bütün klassik tədqiqatçılarının
elmi-nəzəri araşdırmaları birinci növbədə
və xüsusi şəkildə
maraqlandırmışdır.
G.Əliyeva Əkrəm
Cəfərin Füzuliyə həsr etdiyi əsərlərindən
bəhs açarkən, çalışmışdır ki,
bədii söz sənəti ilə klassik Şərq
poetikasının vəhdətinin Füzuli
yaradıcılığının timsalında böyük
alim tərəfindən hansı yüksək səviyyədə
həll edildiyini incədən-incəyə
araşdırıb şərh etsin. Deyə bilərik ki,
istedadlı ədəbiyyatşünas bu istəyinə nail
ola bilmişdir.
Professor Əkrəm Cəfərin
Füzuli yaradıcılığı ilə bağlı olan
15-dən artıq fundamental məqalələrini, rəylərini,
əlyazmalarının surətlərini xüsusi ustalıqla
tərtib edən Gülşən Əliyevanın elmi məqsədi
- böyük alimin dahi şairimizin adına ucaltmış
olduğu monumental abidənin nəhəngliyini müasir
dünya şərqşünaslığının nəzər-diqqətinə
təqdim etmək olmuşdur. Bu isə, ilk növbədə,
G.Əliyevanın vətəndaşlıq qeyrətindən, vətəndaşlıq
yanğısından irəli gələn bir məsələ
kimi qiymətləndirilməlidir.
Artıq dünyanın
bir çox ölkələrinə göndərilmiş
"Yandım avazeyi-eşqinlə sənin" kitabında
toplanmış "Füzuli dövrü", "Füzuli şeirinin vəzni", "Füzulinin
"Hədiqət-üs-süəda"sında olan əsərlərin
vəzni", "Velikiy azerbaydjanskiy poet", "Füzuli mənaqibi
uydurmamıdır?", "Füzuli haqqında
düşündüklərim", "Füzulinin əsərlərini
öyrənirik" və s. kimi məqalələrin hər
birində biz, dahi şairin parlaq obrazını, onun mürəkkəb və keşməkeşli
həyatının ecazkar məqamlarını, həqiqətən
də fövqəladə düha (P.Hammer) olduğunu,
yaratdığı bədii söz abidələrinin
fenomenallığını heyrətlə öyrənib izləmiş
oluruq.
XXI yüzillik Azərbaycan ədəbiyyatşünaslığının
tarixində qlobal hadisəyə çevrilmiş bu
monoqrafiyanın ən qiymətli cəhəti ondadır ki,
mütəxəssislər, poeziya həvəskarları əsərdən
eyni zamanda, Azərbaycan əruzunun da nəzəri müddəalarını
əxz edib mənimsəmək imkanı əldə etmiş
olurlar. Məhəmməd Füzulinin Azərbaycan əruzunun bəhrlərində
necə deyərlər, "at oynatdığını",
milli əruzu yaradıcılığında ən yüksək
səviyyədə nümayiş etdirdiyini görürlər.
Professor Əkrəm Cəfərin
Füzuli sənətinin tədqiqinə böyük filoloji
professionallıq, qayğı və məhəbbətlə
yanaşmasının səbəblərindən danışarkən
isə biz, bütün şüurlü həyatı ərzində
alimin dahi filosofların yaradıcılıqlarını
araşdırması, Şərq və Qərbin tarixinə, fəlsəfəsinə,
ədəbiyyatlarına, möhtəşəm sənət
abidələrinə dərindən bələd olması ilə
izah etməliyik. Şübhəsiz ki, əks təqdirdə, Əkrəm
Cəfər Məhəmməd Füzulinin adına belə bir
titanik, əbədiyaşar sənət abidəsi ucalda bilməzdi.
Alimin bu tədqiqatında biz, istər Füzulinin
yaşamış olduğu tarixi zamana, onun həyat fəlsəfəsinə,
real yaşam ideallarına münasibətin
işıqlandırılması baxımından və istərsə
də şairin bədii sənətkarlığının
mahiyyətinin, təkrarsızlığının, poetik
qüdrətinin fövqəladəliyinin
çözümü nöqteyi-nəzərindən elə
bir önəmli cəhət görmürük ki, şərhlərindən
kənarda qalmış olsun.
Professor Əkrəm Cəfəri
XX yüzilin digər tanınmış füzulişünaslarından
fərqləndirən cəhət də elə məhz, budur!
Tam qətiyyət və
əminliklə deyə bilərik ki, görkəmli ədəbiyyatşünasın
bu monoqrafiyası sovet dövründə
yazıb-yaratmış Azərbaycan
füzulişünaslarının əsərlərini
artıq kölgədə qoymuşdur. Bizə bu məqamla
bağlı mütəxəssislər də öz fikirlərini
söyləmişlər. Həqiqətən də Azərbaycan
füzulişünaslarından heç birinin
monoqrafiyasında Məhəmməd Füzulinin həyat və
yaradıcılığı belə fundamental, əhatəli
və çoxcəhətli hüdudlarda tədqiq edilməmişdir.
Əkrəm Cəfərin Azərbaycan
füzulişünaslığı qarşısındakı
danılmaz xidməti də elə məhz bundan ibarətdir.
Biz yazımızın
sonunda yeri gəlmişkən, bir məsələni xüsusi
şəkildə vurğulamaq istərdik. Nə böyük
sevinclər, nə ali duyumsal iftixarlar ki, ana yurdumuz Azərbaycanda,
Gülşən Əliyeva-Kəngərli kimi Vətənini,
onun müqəddəs tarixini, dilini, ədəbiyyatını,
incəsənətini bütün varlığı ilə sevən
qeyrətli, fədakar, vətənpərvər bir Azəri
Övladı vardır!
Biz, Şərq aləminin,
habelə, Azərbaycanın milli mədəniyyətinin
görkəmli simalarından olan professor Əkrəm Cəfərin
həm bir övladı, eyni zamanda da "Yandım avazeyi
eşqinlə sənin" kitabının ixtisas redaktoru
olaraq, özlərini Azərbaycan ədəbiyyatşünaslığının
klassiklərinin "qayğıkeş hamiləri", "fədakar"
tədqiqatçıları kimi qələmə verənlərə
demək istərdik: ey kaş ki, Gülşən Əliyeva-Kəngərli
kimi vətənpərvər Azəri Övladında olan
milli-mənəvi təəssübkeşliyin, vətəndaşlıq
yanğısının yüzdə biri sizlərdə də
olaydı! Nə acılar olsun ki, ustad Əkrəm Cəfərin
vəfatından ötən bu 19 il ərzində sizlər,
alimin elmi-ədəbi irsinin nəşri ilə əlaqədar
heç bir Xidmətdə Bulunmadınız!
İstedadlı ədəbiyyatşünas
Gülşən Əliyeva-Kəngərli isə, hətta bu sətirlərin
müəllifindən də tez bir zamanda, professor Əkrəm
Cəfərin zəngin elmi-ədəbi irsinə qarşı
özünün əməli surətdə fədakarlığını
nümayiş etdirmiş və Məhəmməd Füzulinin
müqəddəs ruhu önündə əsl elmi-ədəbi,
milli-mənəvi qəhrəmanlıq sərgiləmişdir!
Eşq və sevgilər
olsun Azərbaycanın milli mədəniyyətinin Vətənpərvər
Elçisi Gülşən xanım Əliyeva-Kəngərliyə
!
SOKRAT CƏFƏR
Ədalət.- 2010.- 2 dekabr.- S. 7.