"Dondurulmuş"
münaqişələrin donu açılmadı
Xeyli müddət diqqətdə
müzakirələrə səbəb olan ATƏT-in Astana
sammiti artıq başa çatdı. Daha çox gərgin
bölgələrin nəzərlərinin dikildiyi toplantı
yenə də yol çəkən gözlərin
yığılması ilə sonuclanmadı. Qeyd edək ki,
dekabrın 1-də Astananın Müstəqillik Sarayında
keçirilən ATƏT-in sammiti 11 illik fasilədən sonra
quruma üzv dövlətlərin dövlət və hökumət
başçılarının iştirakı ilə
keçirilən ilk sammiti kimi tarixə düşüb. Sammitdə
27 ölkə prezidenti, Bosniya və Hersoqovina Rəyasət Heyətinin
sədri, parlament üsul-idarəli dövlətlər baş
nazirləri səviyyəsində təmsil olunublar. Ümumilikdə
götürdükdə isə, sammitlə bağlı Astanaya
gələn qonaqların sayı 5 min nəfərə
yaxın olub. Siyasətçilərlə yanaşı, tədbirdə
dünyanın müxtəlif ölkələrindən 1200-dən
çox jurnalist iştirak edib.
Okeandan-okeana təhlükəsizlik
ATƏT-ə sədrlik edən
Qazaxıstan prezidenti Nursultan Nazarbayev tədbiri giriş
sözü ilə açaraq deyib ki, sammitə toplaşan
dövlət və hökumət başçıları
xalqlarının təhlükəsizliyi naminə birgə fəaliyyəti
davam etdirmək üçün toplaşıb. O, bu yolun 3
onillik bundan əvvəl (1975) başladığını
bildirib: "ATƏT-in yaradılması ilə Avropa təhlükəsizlik
prinsipi Vankuverdən Vladivastoka kimi bərqərar oldu. İndi
üçüncü mərhələ başlayır, biz təhlükəsizlik
və əməkdaşlıqda daha böyük koordinatlarda
yeni səviyyəyə - okeandan okeana keçirik. Söhbət
dörd okean sərhədində, Atlantik okeandan Sakit okeana və
Şimal buzlu okeanından Hind okeanına qədər vahid təhlükəsizlik
məkanının yaradılmasından gedir".
Prezident bir sıra təkliflərini
də səsləndirib. Nursultan Nazarbayev, həmçinin ATƏT-in
ekoloji forumunun keçirilməsi ideyasını da irəli
sürüb: "Mən təklif edirəm ki, ATƏT-in təhlükəsizlik
institutu açılsın və bu institut Astanada yerləşsin.
Bu institut həm də Aral dənizinin xilası,
Balanslaşdırılmış həll
Ondan sonra BMT-nin baş katibi
Pan Qi Mun çıxış edib. O, bəyan edib ki, ATƏT
regionunda bəzi həlli yubanan münaqişələr var və
belə şəraitdə yaşayanlar məsələnin həllini
gözləyirlər: "Və mən deyirəm ki, siz BMT-yə
arxalana bilərsiniz". O xatırladıb ki, cari il BMT tərəfindən
"qadınlar və uşaqlar ili" elan olunub. "Biz
qadın və uşaqların problemlərini çözməklə
bu məsələləri həll edə bilərik (yubanan
münaqişələri). Qadınlar sülhə doğru
yoldur" - deyə o qeyd edib.
Fransanın baş naziri
Fransua Fiyon diqqəti Dağlıq Qarabağ münaqişəsinə
yönəldib. Onun sözlərinə görə, Fransa ATƏT-in
Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə nizamlanmasına
yardım göstərməkdə tam olaraq qərarlıdır.
Baş nazir vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədr
ölkələrinin Akvill və Muskoka şəhərlərində
irəli sürdükləri təkliflər əsasında
balanslaşdırılmış siyasi qərar qəbul etmək
lazımdır: "Münaqişə
balanslaşdırılmış qərar əsasında həll
olunmalıdır. Qərar isə Akvill və Muskoka bəyannaməsində
əksini tapan prinsiplərə əsaslanmalıdır. Bu
prinsiplər vahid və bölünməz paket halında nəzərdən
keçirilməlidir".
Qarabağ məsələsi
Almaniyanın federal kansleri Angela Merkelin də məruzəsində
əsas olub. O da fransız həmkarı kimi qeyd edib ki, gələcəkdə
münaqişənin həlli artıq
razılaşdırılmış və əldə
olunmuş məqamlara əsaslanmalıdır. Merkel Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatının (ATƏ)
məsuliyyət zonasına daxil olan yubadılmış
münaqişələrin həllini fəallaşdırmağa
çağırıb. O bildirib ki, bundan sonra Qarabağ
münaqişəsi üzrə danışıqlar prosesində
irəliləyiş Astanada əldə olunacaq məsələlər
əsasında davam etdirilməlidir.
Hillarinin altı prinsipi
Öz növbəsində
ABŞ dövlət katibi Hillari Klinton: "Dağlıq
Qarabağ münaqişəsi Helsinki prinsipləri və həmsədr
ölkələrinin dövlət
başçılarının Akvilldə bəyan etdiyi 6
prinsip əsasında həll olunmalıdır" deyib.
H.Klinton, ümumiyyətlə, münaqişənin ATƏT-in
Minsk qrupunun müəyyənləşdirdiyi əsas prinsiplər
əsasında nizamlanmasına dair səyləri bərpa etməyin
vacib olduğunu qeyd edib: "Münaqişənin həlli
üçün müəyyən olunmuş prinsiplərdən
hər hansı birini seçmək olmaz. Bu, münaqişənin
həllinə imkan verməz. Münaqişə bütün
prinsiplər əsasında həll olunmalıdır". O, həmçinin
əlavə edib ki, ATƏT məkanında bir sıra
münaqişələr həllini tapmamış qalır və
ATƏT bu münaqişələrin həllində
böyük rol oynamalıdır. Dövlət katibi xüsusilə
Gürcüstan-Rusiya müharibəsindən sonra
yaranmış böhranı, Gürcüstanın ərazi
bütövlüyünün pozulması məsələsini
vurğulayıb. Münaqişələrin həllindən
danışan Klinton Gürcüstanda ATƏT
missiyasının bərpa edilməsinə
çağırıb: "ABŞ Gürcüstanın
suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.
Və hazırda bu zalda olan bizlər ATƏT-in əhəmiyyətli
rolu, onun Gürcüstandakı mövcudluğunun bərpa
olunmasına imkan yaratmalıyıq". Bununla yanaşı o
bildirib ki, Gürcüstan prezidenti Mixail Saakaşvili ilə
problemin sülh yolu ilə nizamlanması üçün
razılıq əldə olunub. "O, birtərəfli qaydada
gücdən istifadə etməyəcəyinə vəd verib.
Biz hesab edirik ki, bu, qarşılıqlı diplomatik münasibətlərə
yeni başlanğıc verəcək" - deyə Hillari
Klinton bildirib.
Rusiyadan ATƏT-ə sərt etiraz
"Əsas münaqişə
ocaqları Dağlıq Qarabağ, Gürcüstan və
Dnestryanı bölgədir". Bunu isə ATƏT-in Astana
sammitində iştirak edən İtaliyanın baş naziri
Silvio Berluskoni bildirib. Dünyada təhlükəsizliyin
ABŞ-la Rusiyanın yaxınlaşması hesabına güclənə
biləcəyini deyən Berluskoni mövcud münaqişələrin
həllinin, həmçinin mümkün münaqişələrin
qarşısını almaq üçün profilaktik tədbirlərin
vacibliyini vurğulayıb: "ATƏT ərazisində əsas
münaqişə ocaqları bəllidir. Bu, Dağlıq
Qarabağ, Gürcüstan və Dnestryanı bölgədir".
Rusiya prezidenti Dmitri Medvedyev
isə təşkilatın ünvanına sərt fikirləri
ilə yadda qalıb. O, bəyan edib ki, ATƏT təşkilat
kimi öz potensialını itirməyə başlayıb və
təkmilləşdirməyə ehtiyac duyur: "Rusiya müntəzəm
olaraq Helsinki prinsiplərinə yeni həyat verilməsinə,
onların təcrübədə həyata keçirilməsinə
tərəfdar olduğunu bildirir. Bunun üçün ATƏT-i,
onun fəaliyyət stilini və formasını təkmilləşdirmək
lazımdır". O qeyd edib ki, Rusiya münaqişələrin
sülh yolu ilə həllinə tərəfdardır:
"Gürcüstanda olduğu kimi münaqişələrin
hərbi yolla həlli yolverilməzdir. ATƏT-in effektivliyi
üçün dəqiqi hüquqi baza yaratmaq
lazımdır". Rusiya prezidenti ATƏT məkanında
münaqişələrin vahid nizamlanma prinsiplərinin
hazırlanmasının mühüm olduğunu və
onların eyni zamanda istənilən vəziyyətdə
işləməli olduğunu bəyan edib: "Ola bilsin ki, ən
mühüm məsələ münaqişələrin vahid
nizamlanma prinsiplərinin hazırlanmasıdır və hər
hansı bir seçilmiş vəziyyətlərdə deyil,
bütün böhranlı vəziyyətlərdə bu
prinsipləri əsas götürmək lazımdır".
Onun sözlərinə görə, belə prinsiplər
arasında - güc tətbiq edilməməsi, tərəflərin
özləri arasında razılığın əldə
olunması, razılaşdırılmış
danışıqlar və sülhməramlı formatlara
hörmət olunması, münaqişə zonasına
düşən mülki əhalinin hüquqlarının təmin
edilməsi - ola bilər.
"Həlli uzadılmış" düzgün ifadə
deyil"
Avropa İttifaqı
Şurasının sədri Xerman van Rompey isə
çıxışı zamanı münaqişələrin
nizamlanması məsələsinə toxunub. O bildirib ki,
münaqişələrə nəzərən
"nizamlanmamış", yaxud "həlli
uzadılmış" ifadələrinin işlədilməsi
bu münaqişələrin "həlli mümkün olmayan,
ümidsiz münaqişələr" kateqoriyasına daxil
olması riski yaradır: "Biz buna yol verə bilmərik.
Avropa İttifaqı ATƏT-in əsas prioritetini köhnə və
yeni münaqişələrin nizamlanmasında
görür". Xerman van Rompey ATƏT-in Gürcüstanda
iştirakını təmin etməyə
çağırıb. O, Gürcüstanın güc tətbiq
etməməyə sadiq qalmasını alqışlayıb.
"İsveç Ermənistan
və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması üzrə səyləri fəallaşdırmağa
çağırır". Bu bəyanatı isə
İsveçin xarici işlər naziri Karl Bildt səsləndirib.
Dağlıq Qarabağ probleminin Madrid prinsipləri əsasında
tamamilə sülh yolu ilə nizamlanmalı olduğunu qeyd edən
Bildt bu məsələdə irəliləyişin vacibliyini
vurğulayıb: "ATƏT-in bugünkü sammiti
Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün ən yüksək siyasi səviyyədə
işarə verəcək".
"ATƏT
iştirakçı ölkələrinin ərazilərində
"dondurulmuş" münaqişələrin həllində
güc tətbiqi qəbuledilməzdir". Bu barədə
Astanada sammitdə Rumıniya prezidenti Trayan Besesku deyib:
"Güc tətbiq edilməməsi ATƏT-in üzv ölkələrinin
ərazilərində başlıca münaqişələrə
- Dnestryanı, Gürcüstandakı münaqişə və
Dağlıq Qarabağ probleminə aiddir".
Avstriya Prezidenti Hayns Fişer
isə vurğulayıb ki, Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Təşkilatı üçün əsas
çağırışlar təşkilata üzv ölkələrin
ərazilərində həll edilməmiş münaqişələrdir.
Onun sözlərinə görə, bu münaqişələrin
həlli üçün onların nizamlanması prosesində
münaqişəyə cəlb edilən bütün tərəflərin
iştirakı lazımdır. ATƏT iştirakçı
ölkələrinin ərazilərində həll edilməmiş
münaqişələrə Dağlıq Qarabağ və
Gürcüstandakı münaqişə də aiddir.
Postsovet məkanında avropalıların ciddi
qorunması
Yeri gəlmişkən, ATƏT-in
sammiti ilə əlaqədar olaraq paytaxt Astana gücləndirilmiş
mühafizə rejimində olub. Aşağı temperatur və
güclü küləyə baxmayaraq, küçələrdə
bir-birindən aralı məsafədə 7000 hərbçi və
polis əməkdaşı növbə çəkib.
Küçələrin kəsiyində isə zirehli texnika
dayanıb. Dövlət müəssisələri və
Prezident sarayına giriş və çıxış
bağlanıb. Akkreditə olunmuş nümayəndə heyətləri
və KİV nümayəndələri üçqat yoxlamadan
keçir.
Sammitin özünə gəldikdə
isə tədbir 11 milyon avroya başa gəlib. Bu məbləğin
1/3-i ATƏT, qalan hissəsi isə Qazaxıstanın öhdəsinə
düşüb. Sammit təşkilatçıları qeyd
edirlər ki, bu tədbir Qazaxıstanın özünəməxsus
milli layihəsinə çevrilib. Ölkə üç ay fəal
şəkildə sammitə hazırlaşıb. Lakin rəsmi
şəxslərin bildirdiyinə görə, ilkin
hazırlıq işləri hələ ötən ildən
başlanıb.
Nəzrin
Ədalət.- 2010.- 3 dekabr.- S. 4.