Heç əvvəldən
də Astanaya ümidlər yox idi
Dünən Astanada ATƏT-in
növbəti sammiti öz işinə başlayıb. On bir
illik fasilədən sonra baş tutan və iki gün davam edən
sammitdə əvvəlcədən
proqnozlaşdırıldığı kimi qeyri-adi heç nə
baş vermədi. Onu da qeyd edək ki, Azərbaycan prezidenti
İlham Əliyev sammitə yola düşməzdən öncə
bir daha Dağlıq Qarabağa heç vaxt müstəqilliyin
verilməyəcəyini bəyan etdi. Dövlət
başçısının əvvəlki bəyanatlardan fərqli
olaraq səfər ərəfəsi səsləndirdiyi fikirlər
birmənalı qarşılanmadı və iki aspektdən
maraq doğurur. Bu sammitdə qarşılaşılacaq təhlükəni
önləmək, yoxsa, razılaşılan "Madrid prinsiplərindən
imtina idi?
Dağlıq Qarabağ
probleminin çözümündə vasitəçilik edən
həmsədrlərin sonuncu həll təklifi "Madrid
prinsipləri"dir. Azərbaycan tərəfin müəyyən
istisnalarla razılaşdığı bu həll modeli hələlik
Ermənistan tərəfindən qəbul
olunmamış qalır. Təcavüzkarın naz etdiyi
sözügedən "Madrid prinsipləri" Azərbaycanın
mövqeyi baxımından da təkmil sənəd deyil və
dəfələrlə siyasi müşahidəçilər tərəfindən
"ziddiyyətlərlə zəngin prinsip" kimi xarakterizə
olunub.
"100 ilə həllini tapan status"
Bu məqama diqqət
yönəldən siyasi ekspert Elxan Şahinoğlu deyir ki,
sözügedən sənəd bir tərəfdən mərhələli
həll ideyasını özündə ehtiva edirsə, digər
tərəfdən də xalqların öz müqqədəratını
müəyyən etmədən danışılır. Mərhələli
həllə əsasən birinci mərhələdə
işğal altındakı torpaqlar boşaldılır, sonra
məcburi köçkünlər öz yerlərinə
qayıdır və bu proseslərin yekununda referendum məsələsinin
müzakirəsi başlanır. Onun sözlərinə görə
hələ bu prosesdə müəyyən qədər Azərbaycan
üçün təhlükələr də hiss
olunmaqdadır: " Biz hələ bilmirik ki, nə qədər
köçkün, nə qədər kəndlərimiz geri
qaytarılacaq. Dağlıq Qarabağa qayıdılsa da
Şuşa və ətraf kəndlər, digər
yaşayış mərkəzləri geri qaytarılsa da nisbət
yenə də ermənilərin xeyrinədir. Belə olan halda
istənilən referendum da ermənilərin xeyrinə nəticələnə
bilər. Amma buna baxmayaraq Azərbaycan prezidenti sammitöncəsi
bir daha Dağlıq Qarabağa heç zaman müstəqilliyin
verilməyəcəyini dedi. Başqa bir müsahibəsində
isə prezident referendum məsələsinin 20-40 və hətta
100 ilə aparıla biləcəyini bildirmişdi. Yəni bir
tərəfdən "Madrid prinsipləri"nin
razılaşdırılması üçün müzakirələr
aparılır, digər tərəfdən isə bu prinsiplərin
sonrakı mərhələsində gələn prinsipləri
biz qəbul etmirik. Göründüyü kimi müəyyən
qədər ikitirəlik yaranır".
Bütün bunlar isə
o deməkdir ki, əslində "Madrid prinsipləri"nin
özü də təkmil deyil. Belə olan halda Astana sammitinə
yola düşməzdən əvvəl verilən bəyanat, tədbirdə
Dağlıq Qarabağla bağlı hansısa təhlükəli
sənədin təklifindən çəkindirməyə
çağırış deyildi ki? Yeri gəlmişkən
xatırladaq ki, hələ sammit öncəsi siyasi təhlilçilərin
Dağlıq Qarabağ məsələsi ilə bağlı
verilən proqnozlar da fərqli idi. Özü də əksər
analitiklərin fikirləri üst-üstə
düşürdü və heç də Dağlıq
Qarabağ ətrafında müsbət atmosferin höküm
sürməyəcəyi qənaəti üstünlük təşkil
edirdi.
Tərəflərin prinsipiallığı
Bu mənada Politoloq hesab
etmir ki, bu sammitdə Dağlıq Qarabağla bağlı
hansısa ciddi bir sənədin qəbulu gözlənilən
olub: "Belə bir mövqenin hakim olması isə o səbəbdən
irəli gəlir ki, tərəflər prinsipial məqamlarda
fikir ayrılığını qoruyurlar. Azərbaycanın
mövqeyinin nədən ibarət olduğu əvvəlindən bəllidir.
Ermənistanın mövqeyinə gəlincə, bu, ondan ibarətdir
ki, sənəddə ilk növbədə referendumun tarixini
müəyyənləşdirəcək müddəa
salınmalıdır. Azərbaycan isə bunun əlehinədir.
Bu prinsipial mövqe hələ də ortadan
qaldırılmayıb. Doğrudur, bir ay əvvəl Rusiya
prezidentinin vasitəçiliyi ilə Həştərxanda
baş tutan görüşdə tərəflərin xarici
işlər nazirlərinə
tapşırılmışdı ki, Astana sammitinə kimi
prosesləri sürətləndirsinlər. Amma hadisələrin
gedişi göstərir ki, nə qədər
çalışsalar da tərəfləri bir-birinə
yaxınlaşdıra bilmirlər. Belə olan halda Astanada
olsa-olsa hansısa əhəmiyyətli ortaq bəyanat imzalana
bilər. Necə ki, iki il əvvəl belə bir sənəd
imzalanmışdı. Yəni münaqişənin həllini
yaxınlaşdırmayan, ümumi sözlərlə ifadə
olunan bəyanatın qəbulu ehtimalı isə daha
böyük idi. Bu da göründüyü kimi müharibənin
aradan qaldırılması prosesini sürətləndirməyəcək".
Tərəflərə vetodan istifadəyə əsas
verilmədi
Astanada gözlənilən
təhlükəyə gəlincə, E.Şahinoğlu bildirir
ki, hələ belə bir məqam 1998-ci il Lissabon sammitində
yaranmışdı: "O zaman Azərbaycan üçün
çox böyük təhlükə yaranmışdı və
ATƏT-in yekun sənədində Dağlıq Qarabağ
müharibəsinin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həllini
ehtiva edən müddəa vardı. Ermənistan prezidentinin
veto qoyması ilə həmin müddəa sənəddən
çıxarıldı. Belə olan halda Azərbaycan
prezidenti yekun sənədinə bütünlüklə veto
qoyulmasına məcbur oldu. Bundan sonra böyük dövlətlərin
Azərbaycana ciddi təzyiqləri oldu və nəticədə
Azərbaycan tərəfi ATƏT-in heç bir şey ifadə
etməyən üç maddəlik bir bəyanatını qəbul
etdi. Amma proseslərin sonrakı inkişafı sübut etdi ki,
ATƏT-in həmin sənədi heç bir şeyə
lazım olmayan adi kağız parçası imiş.
Heç ATƏT həmsədrləri sonrakı illərdə
hazırladıqları sənədlərdə də bu
müddəanı əsas götürmədilər də.
Eyni hadisənin Astanada təkrarlanması da mümkün idi.
Ermənistan tərəfi ərazi bütövlüyü məsələsinə
veto qoya bilərdi. Qarşılığında Azərbaycan
bütövlükdə sənədə veto qoyacaqdı ki,
bununla da aləm bir-birinə dəymiş olacaqdı. Ancaq məsələnin
digər tərəfi də var və əgər belə bir
hadisə baş verərdisə, Rusiyanın imicinə ciddi
şəkildə xələl gələcəkdi. Yəni bu
müddətdə Rusiyanın fəaliyyətinin nədən
ibarət olması sualı ortaya çıxa bilərdi. Ona
görə ki, xeyli müddətdir Rusiya problemin həllində
təktərəfli vasitəçilik təşəbbüsü
ilə çıxış edirdi. Belə olan halda Rusiya
mühüm əhəmiyyəti olmasa belə, ortaq bəyanatın
imzalanmasına nail olmağa çalışacaqdı".
Qeyri-müəyyən məqamlar
Politoloq Zəfər
Quliyev Azərbaycanın dövlət
başçısının belə bir bəyanatla
çıxış etməsinin birinci dəfə olmaması
baxımından qiymətləndirməyi daha real sayır. Onun
sözlərinə görə sammit kontekstində hansısa təhlükələrin
gözlənilməsi və nəyə görə belə bir
bəyanatın verilməsi diqqət çəkməməlidir:
"Nəzərə alsaq ki, faktiki olaraq son dövrlərdəki
bütün tədbirlərdə
çıxışlarında prezident Dağlıq Qarabağa
heç vaxt Azərbaycanın sərhədlərindən kənarda
müstəqilliyin verilməməsinin qeyri-mümkün
olduğunu, problemin ərazi bütövlüyü çərçivəsində
həllinin qəbul edilən olmasını bəyan edir. Onda
istər Astana sammiti, istərsə də hansısa başqa
beynəlxalq tədbirdə təhlükəli sənədin qəbul
etdirməyə cəhd mümkün deyil. Hələ bundan əvvəl
Heydər Əliyevin dövründə də dəfələrlə
dünyada mövcud olan ən yüksək statusun müzakirəsinə
Azərbaycanın hazır olması bildirilirdi. Ona görə
də sonuncu bəyanatda yeni nəsə olduğunu
düşünmürəm". Yenilənmiş "Madrid
prinsipləri"ni Azərbaycan qəbul etdiyini, Ermənistan
isə hələlik prinsipial mövqe ortaya
qoymadığını vurğulayan siyasi ekspert Azərbaycanın
maraqlarına cavab verəcək məqamların sözügedən
sənəddə dəqiq tarixinin göstərilmədiyini deyir:
"Lakin eyni zamanda da biz bilirik ki, "Madrid prinsipləri"nin
bizə çatdırılan bəndlərində konkret olaraq
nə referendumun mexanizmləri, nə də hansı mərhələdə
Dağlıq Qarabağın statusunun müzakirə
olunması, referendumun necə keçirilməsi göstərilmir.
Hələlik həmin sənəddə qeyri-müəyyən
məqamlar çoxdur və münaqişəyə cəlb
olunan hər iki tərəf də öz maraqları çərçivəsində
problemə yanaşır. Ermənistan referendum məsələsini
qabardır və Dağlıq Qarabağın gələcək
statusunu birmənalı şəkildə özü istədiyi
formada həmin referendumla həll etmək məsələsini
gündəmdən çıxarmağa
çalışmır. Onlar əmindir ki, referendum onlar istədiyi
kimi keçəcək və Dağlıq Qarabağ öz
müstəqilliyini elan edəcək. Azərbaycan isə dəfələrlə
qeyd edir ki, Azərbaycanın Konstitusiyasında ölkənin hansısa
ərazisində ayrıca referendumun keçirilməsi
mümkünsüzdür".
Konkret müzakirədən yayınma
Referendumun həyata
keçiriləcək mühün məsələlərdən
sonrakı prosesdə həllini tapacaq məsələ
olduğunu deyən Z.Quliyev həm də psixoloji durumun nəzərə
alınmasını zəruri sayır. Yəni belə bir durum
yaradıldıqdan sonra referendumun mexanizminin də,
Dağlıq Qarabağın statusunun da müzakirəsinin
mümkünlüyü istisna olunmur: "Əslində həmsədr
dövlətlərin mövqeyi də Azərbaycanın
mövqeyinə bir az yaxındır. Doğrudur, çox vaxt
onlar məsələnin konkret müzakirəsindən
qaçırlar. Faktiki olaraq iki gün davam edən Astana
sammitindən gələn siqnallardan da biz hansısa ciddi sənədin
qəbulunu gözləmirdik. Əvvəlki illərdə
olduğu kimi sammit ərəfəsində də optimist
gözləntilər vardı. Həm Rusiya tərəfi, həm
də digər həmsədr dövlətlər Azərbaycan tərəfini
Astanada ciddi irəliləyişin mümkünlüyünə
inandırmaq istəyirdilər və hətta hansısa sənədin
imzalanmasına ümidlər yaradılırdı. Lakin bizim
gördüklərimiz hansısa formada bəyanatla kifayətləniləcəyini
sübut edirdi. Belə bəyanatlar da dəfələrlə qəbul
olunub. Ona görə də Astana sammiti ərəfəsində
rəsmi Bakının nədənsə çəkindiyini
düşünmürəm. Bizdə olan məlumatlara görə
daha çox rəsmi İrəvan ehtiyat edirdi. Ona görə
də prezident Serj Sarkisyanın Astanaya gedib-getməyəcəyi,
veto hüququndan istifadə edib-etməyəcəyi müzakirə
olunurdu. Əslində veto hüququndan istifadə də
lazım olmadı. Əvvəlki sammitlər kimi ATƏT-in bu tədbirində
də Dağlıq Qarabağla bağlı ciddi nəsə
gözlənilmirdi. Bu da problem sammitdən sonrakı dövrdə
də asılı vəziyyətdə qalacağını deməyə
əsas verir".
Tərəflər vasitəçilərdən, vasitəçilər
isə tərəflərdən gözləyir
Siyasi təhlilçi
hesab edir ki, bu məsələdə həmsədr dövlətlər
öz aralarında ciddi razılığa gəlməlidirlər:
"Əgər onlar həqiqətən də Azərbaycanın
ərazi bütövlüyünü əsas
götürürlərsə, işğal olunmuş
torpaqları azad etmək istəyirlərsə, bu, bir cür
yanaşma ola bilər. Lakin onlar hər şeyi tərəflərin
öz öhdəsinə buraxırlarsa, özləri kənarda
durub yalnız görüşləri təşkil etməklə
məşğul olurlarsa, onda danışıqlar prosesi
çox uzanacaq. Belə olan halda Azərbaycan artıq fikirləşməlidir
ki, belə bir formada danışıqları davam etdirmək
olar, yoxsa hansısa başqa bir formada danışıqlara
hazırlıq görmək lazımdır. Hər halda sammitdə
rəsmi Bakı ciddi götür-qoy etməlidir".
Gültəkin
Ədalət.- 2010.- 3 dekabr.- S. 6.