Astana ekspertlərin fərqli yanaşmasında

 

ATƏT-in Astana sammitində müzakirə olunacaq bir sıra həlli vacib poblemlər hələ tədbirdən bir xeyli müddət əvvəl gündəmdə olduğu kimi, yekunlaşan danışıqlardan sonra da müxtəlif aspektlərdən şərh olunacaq. Artıq bəzi siyasi şərhçilər də öncəsi sammitöncəsi verdikləri proqnozlara yenidən baxmaqdadırlar. Ona görə ki, sözügedən sammitdən fərqli heç nə gözləməyənlərin fikirlərinə əks arqumentlər irəli sürənlərdə vardı. Bu sırada dayananların sammitə bəslədikləri ümidlər puça çıxdı. Sammitdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı bir sənədin qəbul ediləcəyini düşünənlər yanıldılar. Bu məsələ ilə bağlı sadəcə bəyanat verildi. Onu da deyək ki, hələ sammitdən əvvəl ABŞ dövlət katibi Hilları Klinton Dağlıq Qarabağ probleminin həllində 6 prinsipin əsas götürüldüyünü bildirmişdi.

 

Birgə bəyanatla isə ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri - Rusiya prezidenti Dmitri Medvedyev, Fransanın baş naziri Fransua Fiyon, ABŞ-ın dövlət katibi Hillari Klinton, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan çıxış etdilər. Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktı, prezidentlər Dmitri Medvedyev, Nikola Sarkozi və Barak Obamanın 10 iyul 2009-cu ildə Akvilldə, 26 iyun 2010-cu ildə Muskokada verdikləri bəyanat əsasında birdəfəlik nizamlanmasına nail olmaq barədə öhdəliklərini təsdiqləyiblər. ATƏT-ə həmsədrlik edən ölkələr Azərbaycan və Ermənistan prezidentlərinə münaqişənin sülh yolu ilə nizamlanmasında dəstək verəcəklərini bəyanlayıblar. ABŞ-ın dövlət katibi Hillari Klinton ATƏT-in Astana sammitində çıxışı zamanı söyləyib ki, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun müəyyənləşdirdiyi prinsiplər əsasında nizamlanmasına dair səylərin bərpası vacibdir. Sammit ərəfəsi səsləndirdiyi fikirləri bir daha təkrarlayan qeyd edib ki, münaqişənin nizamlanması zamanı Helsinki prinsiplərinə və ATƏT-in Minsk qrupuna həmsədr ölkələrin dövlət başçılarının iyulun 10-da Akvilldə bəyan etdiyi və Muskokda yenidən təsdiqlədiyi 6 prinsipə əsaslanmaq zəruridir: "Bu prinsiplərdən hansısa birini seçmək olmaz, bu münaqişənin həllinə imkan verməz".

Sammitdə Dağlıq Qarabağla bağlı belə bir mövqenin sərgilənməsi erməni, rus və Azərbaycan politoloqlarının fərqli münasibətləri ilə izah edildi. Erməni ekspert Tatul Akopyan bildirib ki, məlum bəyanatda yeni heç nə yoxdur. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi hələ 2010-cu il yanvarın 25-də Ermənistan, Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşündə dalana dirənmişdi: "Astana sammitində qəbul edilən bəyanatı fərqləndirən cəhət odur ki, burada ABŞ dövlət katibi Klinton, Rusiya prezidenti Medvedev və Fransanın baş katibi Fiyon iştirak ediblər". Eskpertin sözlərinə görə, münaqişənin həll olunması ilə bağlı göstərilən 6 prinsipin özündə ziddiyyətli amillər mövcuddur. Ermənistan parlamentinin vitse-spikeri Samvel Nikoyan isə bildirib ki, Minsk qrupu həmsədr dövlətlər münaqişəni üç prinsip əsasında həllini təsdiqləyiblər. Bunlar Helsinki prinsipləridir: ərazi bütövlüyü, güc tətbiq etməmək və xalqların öz müqəddaratını təyin etmək: "Rusiya prezidenti dedi ki, Qarabağ münaqişəsinin həllində vahid prinsip işləmək mümkündür". Ekspertin fikrincə, Kosovo variantını burada əsas götürmək olar. Klintonun mövqeyinə gəlincə, vitse-spiker dedi ki, dövlət katibi də Helsinki Yekun aktına işarə edib. Nikoyan Akvil və Muskokda əldə edilmiş razılığa əsasən Dağlıq Qarabağın Azərbaycanın nəzarətində olması prinsipin şərh edərkən deyib: "Bu 6 prinsipdə ərazi bütövlüyü ilə yanaşı millətlərin öz müqəddaratını təyinetmə hüququ da var".

Politoloq Feliks Stanevski isə məlum bəyanatı yüksək qiymətləndirib. Lakin politoloq qeyd etdi ki, başlıcası tərəflər arasında razılaşma əldə olunmalıdır: "Sadalanan prinsiplər arasında ziddiyyətli məqamlar var, lakin konsensus əldə olunmalıdır. Müharibə variantının üstündən birdəfəlik xətt çəkilməlidir". Onun sözlərinə görə, tərəflərin bir-birlərini ittiham etmələri təbiidir, bu belə də olmalıdır: "Amma nə vaxtadək?"

Azərbaycanlı politoloqlara gəlincə, onlar hesab edir ki, əslində məlum birgə bəyanat Madrid prinsiplərindən kənara çıxmır. Burada da problemin məhz sülh yolu ilə tənzimlənməsi nəzərədə tutulur. Sammitdə Ermənistan prezidentinin fərqli mövqe nümayiş etdirməsi və Lissabon sammitinə gəlməməsi onu deməyə əsas verirdi ki, bu dəfə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç nə əldə olunmayacaq. Sadalanan 6 prinsip də onu göstərdi ki, bu məsələ artıq dalana dirənib. Azərbaycan tərəfinin münaqişəni mərhələli variantını, Ermənistan isə paket halında həll edilməsi mövqeyində israrlı olmaları məsələni gərginləşdirib. Bölgədə maraqlı olan dövlətlər bu münaqişənin həllində də qətiyyətli olmalıydılar. Amma görünür, tərəflər status-kvonun saxlanmasında maraqlıdırlar. Nə qədər ki, Ermənistan Rusiyanın sifarişini yerinə yetirir Dağlıq Qarabağ münaqişəsinin həllindən danışmaq olmayacaq".

Elşən Manafov bu məsələnin yalnız müharibə vasitəsilə həll etməyin mümkün olduğunu dedi. Onun sözlərinə görə, əgər istənilən beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinin həllinin sülh yolu mümkünlüyü nəzərdən keçirilsə, lakin bununla bağlı heç bir addım atılmırsa onda müharibə qaçılmazdır.

Hillari Klintonun 6 pinsip məsələsinə toxunan siyasi şərhçi Zəfər Quliyev də hesab edir ki, xanım Klinton "Madrid Prinsiplərini nəzərdə tutur: Əgər söhbət "Helsinki prinsipləri"ndən getsəydi, onda məsələ fərqli olardı. Çünki vaxtı ilə ATƏT-ə üzv dövlətləri tərəfindən Helsinkidə qəbul olunan sənəddə həm ərazi bütövlüyü, həm də xalqların öz müqəddəratını müəyyən həll etmək nəzərdə tutulurdu. "Madrid prinsipləri" isə deyildiyi kimi 6 prinsipi nəzərdə tutur və onlar yavaş-yavaş ictimaiyyətə açıqlanır. Bu pinsiplər bəllidir və söhbət ondan da getmir. Söhbət ondan gedir ki, danışıqlar prosesinə necə təsir etməkdən gedir. Həmsədr dövlətlərin potensial imkanları çoxdur, amma problemin həlli üçün hələlik ciddi istək o qədər də hiss olunmur. Mənə elə gəlir ki, hər üç həmsədr bu məsələnin həllini istəsəydilər və yaxın günlərdə ümumi bir mövqedən çıxış etsəydilər nə erməni diasporunun, nə erməni hakimiyyətinin müqaviməti, nə də rəsmi Bakının müqaviməti bu prosesin qarşısını ala bilməzdi. Lakin nə belə bir istək, nə də ümumi razılaşdırılmış mövqe də hiss olunmur".

 

 

Gültəkin

 

Ədalət.- 2010.- 4 dekabr.- S. 3.