Ramiz Mehdiyevin kitabının təqdimatı
oldu
Dünən Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevin "Gorus-2010: Absurd Teatrı mövsümü"
kitabının təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına
görə, tədbirdə çıxış edən AMEA
prezidenti Mahmud Kərimov deyib ki, filosof alim Ramiz Mehdiyev
"Gorus-2010: Absurd Teatrı mövsümü"
kitabında erməni liderlərinin tarixi saxtalaşdırmaq,
beynəlxalq ictimaiyyəti yeni uydurma və yalanlarla çaşdırmaq
cəhdlərini elmi dəlillərlə ifşa edib, Ermənistan
dövlətinin əzəli Azərbaycan torpaqlarında
yaradıldığını tarixi faktlarla diqqətə
çatdırıb: "Kitabda erməni ideoloqlarının
"yeni tədqiqatlarına" elmi dəlillərlə
tutarlı cavab verən akademik Ramiz Mehdiyev həmin
"arqumentlərin" əsassızlığını
sübuta yetirir. Bu qiymətli əsərdə sübut olunur
ki, hazırda Ermənistan Respublikasının yerləşdiyi
ərazi bütün tarixi dövrlərdə Azərbaycan
dövlətlərinə məxsus olub, bu torpaqların ən
qədim yerli əhalisi, aborigen sahibləri Azərbaycan
türkləri olub".
Çıxış edən
AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov kitabın erməni
təbliğatına qarşı informasiya müharibəsində
çox qiymətli əsər olduğunu vurğulayıb. O,
kitabda Azərbaycanın ən müxtəlif dövrlərə
aid, həmçinin qədim xəritələrinin də yer
aldığını qeyd edib.
Qeyd edək ki,
"Gorus-2010: Absurd Teatrı mövsümü" kitabı
tarixçilər, politoloqlar, beynəlxalq məsələlər
üzrə mütəxəssislər və geniş oxucu
kütləsi üçün nəzərdə tutulub.
Ədalət.- 2010.- 4 dekabr.- S. 5.