OTUZ DÖRD İLDƏN SONRA...
ƏDƏBİ HƏYAT
İlk şeirini otuz
dörd il əvvəl, Cəbrayıl rayonunun
"Kolxozçu" qəzetində çap etdirib.
İlk kitabı isə
bu il, 61 yaşı tamam olanda işıq üzü
görüb. Söhbət Kamal Alışoğlundan gedir. Onun
publisistik yazılarını "Respublika" qəzetindən
izləyə bilərsiniz. Həmin qəzetin əməkdaşıdır.
Hər il bu və ya digər qəzetdə, jurnalda şeirlərini
də çap etdirir. Həmişə yox.
Şeirə, poeziyaya məsuliyyət
hissilə yanaşır. Özü demişkən, oxucuya hər
dəfə təzə söz deməyə
çalışır. Təzə, orijinal, yalnız
özünün poetik duyumundan keçən sözlər isə
həmişə yaranmır. Bir də deyir ki, kitab oxucu ilə
müəllif arasında körpüdür. Bu
körpünü qura bilsən, səni sevəcəklər -
Mikayıl Müşfiq, Səməd Vurğun, Məmməd
Araz, Ramiz Rövşən kimi.
Kamal Alışoğlu
ilə bağlı bir etirafımı söyləmək istəyirəm.
Təxminən 25 il əvvəl "Yazıçı" nəşriyyatından
onun şeirlərindən ibarət əlyazmanı rəyə
mənə vermişdilər. O zaman həmin şeirlərin
bir çoxunu bəyənməmiş və
yazmışdım ki, qoy müəllif bu şeirlərin
üzərində işləsin, tələsməsin. Hisslərinin,
duyğularının poetik ifadəsini vermək
üçün çalışsın.
Sən demə, məndən
sonra da onun şeirlərinə digər müəlliflər rəy
vermiş, olsun ki, daha kəskin fikirlər söyləmişlər.
Üstündən illər
keçdi, 1990-cı ildən sonra çox şey dəyişdi.
Sonra keçid dövrü gəldi, amma Kamalın kitabı
çap olunmadı.
Nəhayət, bu il
"Sən adlı ünvan" işıq üzü
gördü.
Mən Kamal
Alışoğlunun 25 il əvvəl rəy verdiyim, daha
doğrusu bəyənmədiyim şeirlərini xatırlaya
bilmirəm, çoxdan unutmuşam. Amma onun bir şeirini
-"Ana həsrəti"ni xatırlayıram, onun əlyazmasında
həmin şeiri çox bəyənmişdim. Az sonra həmin
şeirdən söz açacağam.
"Sən adlı
ünvan" isə fikrimcə, yetkin bir poetik
düşüncənin məhsuludur.
Bu kitabda olan şeirlər,
tam qətiyyətlə deyirəm ki, Kamaldan ŞAİR
KİMİ söz açmağa imkan verir. Görünür,
"cəzalı illər" hədər getməyib. Kamal hər
şeiri üzərində işləyəndə ona məsuliyyətlə
yanaşıb, çalışıb ki, yazdığı
ŞEİR olsun, oxucu qəlbinə yol tapsın. Bəlkə
bundan sonra Kamal heç yeni bir şeir kitabı çap etdirmək
haqqında düşünməyə, amma onu şair kimi
tanıtmağa elə bu kitabdakı şeirlər də yetər.
Gedirəm, arxamca baxır
çoxları,
Bəxtəvər ananın başına
deyir.
Anasız qəlbimin
sızıltısından
Ayağım altında
yer də titrəyir.
Bir sirr də qalıbdır
dağ ürəyimdə,
Açıb bu dünyaya
onu yayımmı?
Ana gözlərilə qız
Seçdiyimi
Ana məzarına
pıçıldayımmı?
Kül altda közərən
kösöv olmuşam,
Yanıb için-için
dönürəm külə.
Ürəyimi açıb kimi
göndərim,
Sevdiyim o qızın
anasıgilə.
Bu həmin "Ana həsrəti"
şeiridir ki, iyirmi beş il əvvəl Kamalın şeirləri
içərisində bəyəndiyim idi. Bax, əsl şeirin
gücü də bundadır. Onu oxuyursan və
yaddaşında əbədi qalır.
Bu şeirdə hisslər
təbiidir, təbii olduğu üçün də sənin
ürəyinə yol tapır, düşünürsən ki,
axı, sən də bu hissləri keçirmisən.
Kamal Alışoğlu
Cəbrayılın Dağtumas kəndində dünyaya
göz açıb. Göz açıb və Qarabağ deyilən
o cənnətməkan diyarın dumduru bulaqlarından su
içib, yaşıl-yaşıl çöllərini,
çəmənlərini gəzib-dolaşıb,
yallarını, gədiklərini aşıb, meşələrini
dolaşıb, bu meşələrdə bülbüllərin
səsinə heyran kəsilib. Qarabağ bülbüllər
diyarıdır. Kamal Xan əminin, Seyid Şuşinskinin, Yaqub
Məmmədovun, Qədir Rüstəmovun, İslam Rzayevin,
Arif Babayevin, Şahmalı Kürdoğlunun səsiynən
böyüyüb, onun şeirlərində bu əfsanəvi
ustadların səsindən çınqılar görürəm.
Amma indi onun dünyaya göz açdığı Dağtumas
da, o bülbüllü bağçalar da, o meşələr,
o çeşmələr, o kəhrizlər də dustaqdı.
Bu gecə
yuxuda görürdüm Allah!
Hər tərəf,
hər tərəf duman-çən idi.
O ölü şəhərdə
qara kölgələr
Toy-bayram eləyir,
Havalanırdı.
Yanan binaların
qara damları,
Qara köpəklərin
yastı başları.
Elə bil qapqara
futbol topuydu,
Ölü küçələrdə
dığırlanırdı.
O ölü şəhərdə
qara kölgələr,
Qara pişiklərə
oxşayırdılar.
Qara pişiklərin
yanan gözləri,
Qaranlıq gecədə
parıldayırdı.
Əlbəttə, bu, kədərli
şeirdir. Ruhu Qarabağda köklənən bir şairin
Şuşa həsrətini ifadə edir. İstəməzdik
Kamal belə şeirlər yazsın. Amma bu da təbii bir
hissdir. Və gün o gün olsun ki, "Şuşada
bayram" şeirini oxuyaq Kamalın.
Ümumiyyətlə,
Kamal Alışoğlunun şeirlərində səksəninci
illərin sonlarından bu çağacan keçirdiyimiz,
yaşadığımız günlərin, ayların, illərin
yaşantılarını görürsən. Şair olan kəs
həyatda, cəmiyyətdə, yaşadığı
mühitdə baş verən ictimai-siyasi olaylara biganə qala
bilməz. Şair olan kəs şəhidlər haqqında
ancaq belə bir şeir yaza bilər:
Xəyanət edənin
döşündə medal,
Döyüşüb ölənlər
məzarda yatır.
Birinə dünyanın
soyuq məzarı,
Birinə dünyanın
ləzzəti çatır.
Sinəniz üstündə
qranit daşlar,
Tarixə həkk oldu
məğrur adınız.
Əgər deyilənlər
düz olmasaydı,
Dirilib yenə də
vuruşardınız.
Kamal
Alışoğlunun şeirlərində çağdaş
dövrümüzün təzadları da öz əksini
tapır. Sevinclə qəm, kədərlə nəşə,
dünyadan, zəmanədən incikliklə həyatdan zövq
almaq istəyi qoşa gəlir. Görürsən ki, sinəsini
səhər mehinə açan şair əl-üzünü
sübhün şehində yumaq istəyir, saflıq eşqinə
bürünərək uca zirvələrə uçmaq istəyir.
Amma bir də görürsən ki, bu şair dünyanın
taleyindən narahat olduğunu söyləyir:
Dünya fırlanırdı
öz axarında,
Səmtini, yönünü
dəyişdirdilər.
Körpə quzuları
canavar ilə,
Qoyunu qoç ilə
döyüşdürdülər,
Dünyanın taleyi
qorxudur məni.
Selə-suya dönüb
axan göz yaşı,
Hədələr gətirən
min cür silah var.
Savaşa çağırır
qardaş-qardaşı,
Didir bir-birini
dinazavrlar,
Dünyanın taleyi
qorxudur məni.
Mən Kamal
Alışoğlunun şeirlərini köhnə, ənənəvi
qayda ilə, mövzulara bölüb fikir söyləmək
istəmirəm. O, gənclik duyğularından da söz
açır, qocalığının gəlişindən də,
təbiətdən, onun gözəlliklərindən də
söz açır, bir gilə göz yaşından da, adi
bir təsadüfün doğurduğu hissdən də, nənəsinin
laylalarından da...Yəni mövzu qıtlığı
yoxdur. Sevgi şeirlərində təbiiliyini, səmimiyyətini
ifadə edə bilir. Hiss edir ki, bunlar qurama, saxta,
yaşanılmamış hisslər deyil, yaşanılan,
duyulan və ürəkdə əbədi yaşayan
duyğulardır. Sevgi şeirlərində MƏN və SƏN
qütbləri bir-birinə uzaq da ola bilər, yaxın da.
Uzaqlıq hicrandır. Yaxınlıq Mənin Səndə yox
olması, əriməsidir. Bu, dahi Füzuli şeirindən gələn
dusturdur ki, şairlərimiz zaman-zaman onu min çalarlarla ifadə
ediblər.
Sən adlı ünvana
Üz tuturam mən.
Bu dünya mənimçün
Əsli düyməsi,
Sirri bir olsa da,
aça bilmərəm.
Sən adlı o ünvan
bir neyin səsi,
Sən adlı
ünvandan
qaça bilmərəm.
Nədir sevgi? Kamal
Alışoğlu bu suala cavab vermir, yəni konkret olaraq
qarşısına belə bir sual da qoymur. Amma onun şeirlərini
oxuyanda, məhəbbətin iztirabları və sevincləri sənin
də duyğularına yol tapır. Deyirsən, elə budu
sevgi: ELƏ BİR QƏHRƏMAN
GÖSTƏRİN MƏNƏ, GÖZƏLLİK ÖNÜNDƏ
O ƏYİLMƏSİN!
Əlbəttə,
Kamalın şeirləri arasında ən yaxşı
şeirləri ilə müqayisədə boynubüküklər
də var. Bəzi şeirlərində azca da olsa, şeir
leksikonuna uyğunlaşmayan sözlər və ifadələrə
də rast gəlirsən. Təbiidir bunlar. Get-gedə sayı
azalacaq bunların.
Həmyaşıdıma
uğurlar arzulayıram. "Sən adlı ünvan"a
üzümü tutub deyirəm ki, gec gəldin, amma yaxşı
gəldin!
VAQİF YUSİFLİ
Ədalət.- 2010.- 4 dekabr.- S. 19.