ÖMRÜN SAHİLİNDƏ
Ömrün sahilində
Günəş bir başqadır
Bir başqadır
gözlərimdəki sənin ömrümdəki əksi
Ömrün sahilində
qumlara uzanmış keçmişim
Gələcəyin gəlməyəcəyi
uzaqlıqdasan
Ömrün sahilində
mənim üçün dayanmış
taxtaları
çürüməkdə olan qayıq
Mən sənsizlikdən
sərxoşkən
mənə yol göstərər
önümdəki dəniz
fənəri-adı ayrılıq
Ömrün sahilində
üfüqlər yem
gözləyər
ac balıq kimi
Darıxmayın akulalar,
balinalar
Min illərlə yesəniz
də qurtarmaz
sizə verəcəyim
sevgimi.
Ömrün sahilində
alnım ovcumda
baxışlarım
ünvansız,
gözlərim
yorğun,
Ömrün sahilində
Günəşimin istisi yoxdu,
dənizin mavisi
solğun.
Ömrün sahilində
ayaqlarıma sarılar dalğalar,
sol əlimdə
qulaqları hələ
deşilməmiş
qızım
üçün aldığım
gümüşü
sırğalar.
Ömrün sahilində
arzular bitər,
dünyalar bitər-
bir ömür
bitər,
Və sən bitirdiyin
bir ömrü
geri qaytarmaq
üçün gəldiyin sahildə
görərsən ki,
üfüqlərdə
bir qaraltı gözdən
itər.
28-10-2010,
Naxçıvan
NƏFƏSİNİ HİSS EDƏNDƏ...
Sən mənə
yaxınlaşdıqca
Mən səndən
uzaqlaşdım.
Sən olmaq da istəmədim,
Tamam, tamam
başqalaşdım.
Sən mənim
üçün gecələrin
Zil qaranlıq
anlarında
Pəncərəmə
qonan ulduz,
Bir gün, bir gün
axmağından qorxuram.
Sən mənimçün
Ölüm qədər
çox sevdiyim,
Aprel səhərlərinin
Şehli yasəmən
çiçəyi,
Hər an
qoparılmağından qorxuram.
Mənə yaxın gəlmə,
məndən uzaq dur,
Nəfəsini hiss edəndə
təngənəfəs oluram.
Baxışların
gözlərimə yük olur.
Gözlərinə baxan
kimi söz oluram, səs oluram.
Bax, o səsdə, sənə
demək istədiyim
Milyonlarla mənaları
gizlətmişəm.
Bəli, bəli, səs
olmuşam, bax o səsdə,
Hər musiqi alətinin
avazıyla
Ürəyimin tellərini
inlətmişəm.
Sənə demək istədiyim,
Sənlə
bağlı hiss etdiyim
nəyim varsa,
Sözə dönüb
vərəqlərdə yaşayır,
Səsə dönüb
diləklərdə yaşayır.
Amma onlar yaşadıqca
mən ölürəm,
Ölə-ölə,
bax beləcə, mən oluram.
Bilirəm ki, əlim sənə
dəyən kimi
İkimizin arasında
adsız qalan bu əlaqə
yox olacaq.
Ən müqəddəs
məbədimiz
Gözümüzün
önündəcə yıxılacaq.
Ən yaxşısı
bu deyilmi,
Hər gün, hər an
görəm səni,
Gündüzləri
Günəş kimi,
Gecələri ulduz kimi,
Ay kimi.
Balaca bir körpə təkin
ümidləri aldadılan,
Yuxularda təsəllitək
şirin-şirin dadılan,
Mənim olan, amma mənə
verilməyən pay kimi.
Yenə təkrar eləyirəm,
Təkrar-təkrar
söyləyirəm,
Baxışların
gözlərimə yük olur,
Gözlərinə baxan
kimi söz oluram, səs oluram.
Bir də mənə
yaxın gəlmə, məndən uzaq dur,
Nəfəsini hiss edəndə
təngənəfəs oluram.
20.10-2010,
Naxçıvan
ELXAN YURDOĞLU
Ədalət.- 2010.- 4 dekabr.- S. 20.