Hər şey adiləşir hamıda bir gün

 

Rəngini, tamını dəyişir qar da,

Günaha, qarğışa bürünüb düşür.

Göydən üç alma da düşmür nə vaxtdı,

Bir alma üç yerə bölünüb düşür.

 

Nə sirr var, əllərin yumulu saxlar,

Nə qonub körpənin ovcuna elə?..

O qədər kiçilir bu dünya bəzən,

Sığışır qələmin ucuna elə.

 

Nəfəs də ömürdə zaman boydadır,

Zaman da tükənir nəfəs sonunda.

Hər şey adiləşir hamıda bir gün,

Hamıya bənzəyir hər kəs sonunda.

Alıb-satdım

ömrü qoz tək

 

Dərd yaladı, yedi duz tək,

Barmaq çəkib baxdı toz tək.

Alıb-satdım ömrü qoz tək –

Mənə qaldı tıqqıltısı.

 

Kim başıma kül ələdi,

Kim tutdu, kim güllələdi?!

Şah budağım "şaq" elədi,

Şahə qalxdı şaqqıltısı.

 

Budur ömrün sürüntüsü,

Ha bax, yox ki, görüntüsü,

Ürəyimdə döyüntüsü,

Saatımda çıqqıltısı.

 

 

Xoşbəxtlik əlimdə sabun kimiymiş

 

Yüzün davamıymış yüzbirim demə,

Ümidim qalmayıb sonrasına da.

Bu bəxt ilan kimi məni çalırsa –

Lənət ağına da, qarasına da.

 

Bir dəfə güzəştə getmədin, dünya,

Neçə günahımı gizlədim səndən.

Hər dəfə bir sillə yeyib öyrəşdim,

Hər dəfə bir sillə gözlədim səndən.

 

Bir dəfə bir qismət gəldi qapıma,

O da ayaqüstü görüşdü çıxdı.

Xoşbəxtlik əlimdə sabun kimiymiş,

Mən bərk-bərk sıxanda sürüşdü çıxdı.

 

 

Səni də özümə oxşatdım, qadın

 

Sənə unutdurdum qadınlığını,

Mən sənə, axı, nə yaşatdım, qadın.

Səni də özümə öyrədən gündən

Səni də özümə oxşatdım, qadın.

 

Məndən gəlib keçdin ələyin kimi,

Kim qaldı, bəs sonra ələyim kimi?

Yanında olanda ürəyim kimi

Bütün bədənimi boşaltdım, qadın.

 

Gedib gözlərindən itəndə itdim,

Gözündə göz yaşı bitəndə bitdim,

Bilirsən, mən sənə yetəndə yetdim,

Yetə bilməyəndə daş atdım, qadın.

 

 

Dərd köynəyim uzun gələr

 

Kimə nə var, olanım bu,

Bir az da ayıb geyərəm.

Bu gün yırtdığım kəfəni

Bir gün yamayıb geyərəm.

 

Sən gedərsən, tozun gələr,

Üzün yoxsa, üzün gələr,

Dərd köynəyim uzun gələr –

Qolun çırmayıb geyərəm.

 

Yarpağı düşər budağın,

Yolu aşılar bu dağın,

Öpüb, qoxlayıb... torpağın

Yaxasın açıb geyərəm.

 

 

Rahil Tahirli

 

Ədalət.- 2010.- 4 dekabr.- S. 20.