TÜRK DASTAN GƏLƏNƏYİ YIĞINCAĞI

 

25-26 noyabr günləri arasında gözəl paytaxtımız Bakıda "Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə" adlı ənənəvi simpozium keçirildi. Simpoziumun bu ilki mövzusu Türk Dastan Gələnəyi idi.

 

"Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə" adlı simpozium 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun rəhbəri Prof. Dr. Hüseyn İsmailovun səyləri ilə qədəm götürdü və döngəsi ildən başlayaraq ənənəvi hala gətirildi. Hüseyn bəyin xəstələnməsi səbəbiylə simpoziumlar 2008 və 2009-cu illərdə keçirilə bilmədi. Tanrının yardımıyla sağalan bu folklorşünas alimimiz, dayanmış simpoziumlar seriyasını təkrarən başlatdı.

Bu il keçirilən simpoziumun daha bir özgə xüsusiyyəti vardı. Qüzey Qıbrıs Türk Cümhuriyyəti Doğu Ağdəniz Universiteti ilə AMEA Folklor İnstitutu bu ilki tədbiri birlikdə reallaşdırdılar və gələn ilki simpoziumun Doğu Ağdəniz Universitetində, yəni Qıbrısda keçirilməsi qərarına yetişdilər. Bu hadisə həm mədəniyyətimizə dövlətlər səviyyəsində sahib çıxılması, həm də Qüzey Qıbrıs Türk Cümhuriyyəti yönündən həddən artıq böyük önəm daşıyır. Bu cür bir qərara yetişmələri səbəbiylə hər iki elm ocağının rəhbərlərini, idarəçilərini və bu işdə əməyi olanları mədəniyyətimiz adına təbrik edir və öz şəxsi minnətdarlığımı təqdim edirəm.

Folklorumuz, xalqımızın yaratdığı ən gözəl sənət abidələridir. Mərhum dövlət adamımız Atatürk, "Sənəti olmayan millətlərin həyat damarlarından biri kəsilmiş deməkdir" sözünü nahaq yerə deməyib.

Folklor İnstitutu indiyə kimi böyük işlər görüb. Yüz cildlik Azərbaycan folklor külliyatı layihəsi çərçivəsində indiyə kimi 20 bölgəyə məxsus samballı kitablarla birlikdə beş yüz əsər buraxılıb. Görülən bu işlər azımsana bilməz.

İnstitutun rəhbəri Hüseyn İsmailov barədə bir neçə söz deməyi mədəniyyətimiz adına qədirbilənlik kimi dəyərləndirirəm və bu mənim bir Türk olaraq borcumdur deyə fikirləşirəm. Hüseyn bəy, həddən artıq gözəl işlər görüb, görür və başda qaldığı müddətdə də görəcəkdir. Bu görkəmli alimimiz, tariximizin iki böyük dövlət adamı olan Atatürkün və Heydər Əliyevin, Anadolu və Azərbaycan Türklüyü barəsində vəsiyyət qəbilindən dediklərini heç kəsdən bir işarə gözləmədən həyata keçirən bir şəxsdir. Simpoziumun açıq elan edildiyi yığıncaqda dilə gətirdiyi, "Müstəqilliyimizi itirdiyimiz vaxtlarda əvvəlcə Çar Rusiyası, sonra da Sovet İmperializmi bizi kökümüzdən uzaqlaşdırdı. Böyük dəyərlərlə silahlanmış ulu babalarımızın böyük mənəvi dünyasından bizi uzaq saldılar. Mənəvi səfalət başını alıb getdi. Çar Rusiyası bizi yavaş-yavaş keçmişimizdən qopartmağa başladı. Ancaq xalq öz keçmişinə duyduğu sevgisini folklorunda qoruyub saxladı.

Ulu babalarımızın yaratdığı mənəvi dəyərlər, böyük türk əxlaqı, mənəviyyatı və folkloru bizi qorudu".

Bu bir neçə cümlə belə Hüseyn İsmailovun nə cür bir ürək və şüura malik olduğunu aşkar şəkildə göstərir. Bu cür aydınlara malik olan Türk Dünyası günü-gündən böyüyəcək və inkişaf edəcəkdir. Qardaş Azərbaycanın beləsi görkəmli dəyərlərə malik olması qürur bəxş edicidir. Nizami, Əxi Əvran, Nəsrəddin Tusi, Hüseynzadə Əli Bəy, Hüseyn Cavid, Məmməd əmin Rəsulzadə, Elçibəy, Heydər Əliyev kimi div şəxsiyyətləri yetirən Azərbaycan, Türk Dünyasına bu cür əvəzsiz dəyərlər ərməğan edən ulu və müqəddəs bir diyardır. Yaşa, min yaşa qardaş Azərbaycanımız.

Bəzən "biz tarixi yaratdıq ancaq yazmadıq" deyirik. Əslində biz tarixi həm yaratmış, həm də yazmış bir millətik. Əgər biz yaratdığımız tariximizi yazmamışıqsa və yazmırıqsa, millət olaraq etdiklərimizi Tanrının çiynimizə yüklədiyi bir missiya gözündə görür və onu dilə gətirərək öyünməyi özümüz üçün əskiklik, ayıb sayırıq, ona görə yazmırıq. Bəli, tariximizi biz yazmırıq, ancaq bizim yerimizə şilləmizi yeyənlər və böyüklüyümüzün sərhəddinə idrakları çatmayanlar onu özlərinin dar çərçivəli dünyalarında başa düşdükləri qədəri, yəni yaratdığımızın cüzi bir hissəsini yazırlar. Bizim üçün kiçik olan işlərimizi div güzgüsündə böyüdüb onu görüb dəhşətə gələn yazıqlar böyüklüyümüzə baxıb az qala hülqumlarını udaraq ağıllarına nə gəlirsə onu yazırlar. Böyüklük bizim genimizdə olduğundan, onu bizə tanrı bağışladığından onlar bunun fərqinə vara bilmirlər. Çanaqqala döyüşlərində 276 kiloluq top gülləsini tək başına çiyinləyib xəzinəyə yerləşdirən və bütün yoldaşlarının şəhid düşməsinin şahidi olan, nişançı olmadığı halda tanrının Türkə verdiyi özəl duyğuyla fəhm eləyərək Fransızların qürur duyduqları zirehli gəmisini Çanaqqalanın sərin sularına qərq edən Seyid Çavuşun; tək başına mina döşənmiş bölgəni cücüləri belə yuxusundan oyandırmadan keçərək özlərinin dediyinə görə 182 erməni anasını ağladan Mübariz İsmailovun həyata keçirdikləri, bizim tariximizi yazan yadların idraklarının dar çərçivəsinə sığışa bilmir və sığa bilməz.

Sovetlər Birliyinin dağılmasından sonra onun missiyasını davam etdirən Rusiya Federasiyası, öz müstəqilliyini əldə etmiş Azərbaycan və Orta Asiyadakı Türk cümhuriyətlərini necə deyəllər sanki dal həyəti gözündə görməyə davam edir. Rusların, Gürcüstana qarşı Qüzey Osetiya hadisəsində həyata keçirdiyi təcavüz həm uluslar arası hüquq, həm insan hüquqları, həm də bəşəriyyət adına qəbul edilməzdir. Ruslar, imperialist bir siyasət izlədiyindən və bundan əsla əl çəkmək niyyətində olmadıqlarından Azərbaycan və digər Türk cümhuriyyətlərinə kindar hisslərlə yanaşır. 20 Yanvar qırğını, işğal edilən Azərbaycan torpaqları və Xocalı Soyqırımını Rus idarəçiləri, Rus xalqının alnına qara bir ləkə kimi yaxmışdır və bu ləkə məşhərə kimi də əsla silinməyəcəkdir. Tarix, bu cür haqsızlıqları əsla unutmaz, unutmayıb və unutmayacaqdır.

"Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə" adlı simpoziumun başlanış mərhələsində edilən çıxışlar və Azərbaycan xalqının, xüsusilə də gənc aydınlarının bu tədbirə göstərdiyi əlaqə hər cürə mədhə layiqdi.

Bu simpoziumun bir digər önəmli yönü də Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş alimlərin bir-biriylə tanışması, aralarında gözəl ünsiyyətin yaranmasını təmin etməsiydi. Bu cür tədbirlər Türk dünyasının ziyalıları və xalqları arasında katalizator vəzifəsini yerinə yetirir. Münasibətiylə bu cür yığıncaqların dəyərini itirmədən davam etməsini təmin etmək də Türk dövlət adamlarının ən ümdə vəzifələri arasındadır.

  

  

Seyfəddin Altaylı

 

Ədalət.- 2010.- 4 dekabr.- S. 13.