Elin şah qürurlu Şahlar oğlu
El məsəlidir, "bir mıx bir
nalı, bir nal bir atı,
bir at bir əri, bir ər
də bir eli qurtarar".
Belə ər oğullarımız bir deyil, beş
deyil, on deyil. Maşallah olsun, saymaqla qurtarası deyil. Eləcə də torpaqlarımızın
müdafiəsində şəhidlik
zirvəsinə yüksələn
oğullarımızın sayəsində
özümüzdə qalan
torpaqların qoynunda yetişən mərd-mərdanə
yeniyetmələrimiz.
Müharibənin
ağırlığı hər bir azərbaycanlı ailəsinə
dəhşətli izlər buraxmış və ağır zərbələr
vurmuşdur. Bu zərbələr, deyərdim ki, şəhidlik
zirvəsini uca tutaraq şəhid vermiş ailələri
çox da elə sarsıtmır. Əksinə, o ailələr
qürur hissi ilə yaşayır. Çünki
övladları vətən yolunda, torpaq yolunda, ana-bacı
yolunda canlarından keçiblər.
Hərdən
öz-özümə düşünürəm: görəsən,
bizim Şahlar, Hidayət, Amil, Allahverdi, Çingiz, Şirin
Mirzəyev və digərləri kimi qəhrəman oğullar,
eləcə də döyüş meydanında
ayağını, qolunu itirmiş döyüşçüləri
olan vətən niyə basıldı? Axı
onlar son nəfəsnədək, yarımcan
olanacan can qoydular!
"Bağbanı
olmayan bağı çəpər basar, çəpəri
olmayan bağı isə yağı basar". Bəli, Azərbaycanın
o vaxtkı hakimiyyəti başında olan məmurlar bax, bu
bağdan olan sanballı ağaclardan hazırlanmış
stullar üstündə gedən davaları ucbatından
ölkə dəyərli, qeyrətli oğullarını
itirdi. Belə oğullarımızdan biri də 17 may 1952-ci ildə
Kəlbəcər rayonunun Zülfüqarlı kəndində
anadan olan Şahlar Şükürovdur. O, 1972-ci ildə orta məktəbi
bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı
İnstitutuna daxil olub. Elə həmin il də həqiqi hərbi
xidmətə çağırılıb. Hərbi xidmətini
intizamla başa vuran Şahlar Şükürov çox
çəkmir ki, niyyətinin bir hissəsini də yerinə
yetirir. 1986-cı ildə Rostov Polis Akdemiyasını bitirir.
1987-ci ildə Zərdab rayon Daxili İşlər Şöbəsində
əməliyyat işləri üzrə rəis müavini təyin
edilir. Polis mayoru rütbəsinə qədər yüksələn
Ş.Şükürov bir çox məsul vəzifələrdə
çalışır. Döyüş meydanlarına
atılan Şükürov vətənpərvərlik
şücaəti göstərərək,
döyüşçü yoldaşlarına ürək-dirək
verir. Ağdam, Şuşa, Laçın, Kəlbəcər və
digər bölgələrdə gedən ağır
döyüşlər zamanı ordumuz onun səyi nəticəsində
itkisiz ötüşür.
Şahların hər dəfə
döyüş meydanlarına atılaraq cəsarətlə
hünər göstərməsi arxadan gələn əsgərlərimizə
yol açır. Kəlbəcərin dağlarında gedən
ağır döyüşlər zamanı
döyüşçü yoldaşlarını irəli
aparan Şahların öz canını qorumaq belə
yadına düşmür. Ayaq üstündə hücuma
keçən Şahlar qəfil yağı gülləsinə
tuş gəlir. Bu an səmaya göz gəzdirən igid
sarsılmır və əli ilə arxaya işarə edərək,
özlərini qorumağı əsgər yoldaşlarına
bildirir. Atəş bir an səngiyir. Əsgərlər
gözünü hələ yummayan Şahların
qucaqlarında son nəfəsindən gələn səsi
sükutla dinləməyə çalışırlar. "Dayanmayın,
irəli" sözü əsgərlərə qüvvət
versə də, itkinin ağırlıq hissi onları rahat
qoymurdu.
***
...Son döyüş.
İyun ayının 15-i. Kainat da elə bil
susmuşdu. Göyün
üzünü yayın
isti çağında
elə bir qara buludlar almışdı
ki! Bu ölüm
ruha çevrilib, göydə pərvaz vururdu, sanki ruhu külək təki əsgərləri
irəli atırdı.
Getdikcə göyün üzünü
qara buludlar almağa başladı.
Bu döyüş son döyüş oldu.
Elə bu döyüşdən sonra Kəlbəcərin yolu bağlandı.
Əgər Şahlar və
onun kimi qəhrəmanlarımız o vaxt düşmən
gülləsinə tuş gəlməsəydi,
torpaqlarımız azadlıqda olardı və bu gün biz
Şuşada, Xankəndində, Kəlbəcərdə,
Ağdamda, eləcə də işğal altında olan, əlimiz
yetməyən torpaqlarımızda rahat nəfəs
alardıq.
Şahların
ölümü ağır olsa da, itkisi ilə hər birimiz
barışmalıyıq. Bu şərəfli ad şəhidlik
zirvəsidir. Hər kəs bu zirvəyə çatmağa can
atır. Bu gün Şahlar və onun kimi qəhrəmanlarımızın
ailəsində böyüyən gənclərimiz, oğul və
qızlarımız bu adı özlərinə qürur mənbəyi
seçərək şərəfli yol sayırlar və bu da
Azərbaycana, gələcək tarixinə bir şərəfli
yol açılmasında irəliləyişdir. Qoy bu yolda
şəhidlik ruhu qarşısında təzim edən gənclərimiz
tariximizin salnaməsini, keçmişini bilsinlər.
Xatırladım ki, Azərbaycan
Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı
ilə polis mayoru Şükürov Şahlar Əvəz
oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Şahlar
Şükürov ailəli idi. İki övladı yadigar qalıb.
Zərdab rayonunda adına məktəb və küçə
var.
***
Allah bütün şəhidlərimizə rəhmət
eləsin! Və vətən yolunda əlini, ayağını
itirmiş əlillərimizə şəfa və can
sağlığı versin. Onların hər birinin əlillikdən
əziyyət çəkmələrinə baxmayaraq, istənilən
vaxt döyüş meydanına qayıtmağı özlərinə
borc bilirlər. Azərbaycan öz qəhrəmanları və
döyüşçüləri ilə daim fəxr edir.
Ruhiyyə SULTAN
Ədalət.- 2010.- 7 dekabr.- S. 6.