63 yaşlı
"Qarabağ bülbülü"
Murad Rzayev bu gün də yaradıcılıq
eşqiylə yaşayır
Murad Rzayev-yəqin ki, bu ad musiqisevərlərə
çox şey deyir. Təqdimata o qədər ehtiyacı
olmasa da, təkcə "Qarabağ Bülbülləri"nin
adını çəkmək yetər ki, onun kim olduğunu
anlayasan. "Ədalət" qəzeti olaraq bu gün 63
yaşı tamam olan tanınmış musiqiçi və
pedaqoqun həyatından maraqlı məqamları,
yaradıcılıq kitabının bəzi səhifələrini
onun sevənlərin, musiqi qədri bilən
insanlarımızın diqqətinə
çatdırmağı özümüzə borc bildik.
Rzayev Murad Yunis oğlu
1947-ci ilin dekabr ayının 7-də Ağdam şəhərində
ziyalı ailəsində anadan olub. 1954-cü ildə Ağdam
şəhər 3 nömrəli orta məktəbin birinci sinfinə
daxil olan gələcək musiqiçi-pedaqoq 1964-cü ildə
həmin məktəbi bitirib.
Hələ məktəbdə
oxuyarkən rayonun Güllücə kəndində kino
qurğusunda motorçu yəni fəhlə işləyən
səbəbkar kiçik yaşlarından rayonun Xalq
Teatrında bir çox tamaşalarda rollar oynayır, Respublika
Teatr Cəmiyyətinin fəxri fərmanına, diplomlarına
layiq görülür.
1964-cü ildə
Üzeyir Hacıbəyov adına Ağdam Musiqi Texnikumunun
Xor-dirijorluq fakültəsinə daxil olan gənc Murad Rzayev
68-ci ildə oranı bitirir və həmin il hərbi
qulluğa çağırılır. 1970-71-ci illərdə
rayon mədəniyyət evinin bədii rəhbəri kimi
çalışır və bu illərdə Rayon Komsomol Komitəsinin
bürosunun qərarına əsasən Pioner və Məktəblilər
evinə (Hazırda Ağdam Uşaq Yaradıcılıq Mərkəzi)
müdir təyin olunur.
24 yaşındaykən
çiyinlərini belə məsul vəzifənin
ağırlığına verən M.Rzayev rayonda ilk dəfə
müəllim və şagirdlərdən ibarət xor qrupu və
estrada orkestri yaradır, eyni zamanda adı dillər əzbəri
olacaq "Qarabağ Bülbülləri"nin təməlini
qoyur. Respublika Komsomol Komitəsinin təqdimatına əsasən
1977-ci ildə Zaqafqaziya Komsomol məktəbinə qiyabi daxil
olaraq 1979-cu ildə oranı əla qiymətlərlə
bitirir. Həmin ildə Mədəniyyət və İncəsənət
Universitetinin mədəni maarif fakültəsinə daxil olan
M.Rzayev 1984-cü ildə mədəni maarif işçisi
fakültəsini bitirir.
Bu müddətdə isə
bədii rəhbəri olduğu "Qarabağ bülbülləri"
ansamblı ölkəmizi dünyanın bir çox ölkələrindən
uğurla təmsil edir, 40 qızıl medal, 100-dən çox
diplomlar, fəxri fərmanlar alaraq, 12 sənədli və bədii
filmlərə çəkilərək Zaqafqaziya Ümumittifaq
və Beynəlxalq Festivallar Laureatı adına layiq
görülür.
Həmin illərdə
qabaqcıl iş təcrübəsi və mədəniyyət
və incəsənət sahəsində
istedadlı şagirdlər yetişdirdiyinə görə ona
1976-cı ildə "Qabaqcıl maarif xadimi", 1985-ci ildə
"SSSR-nin maarif əlaçısı" kimi fəxri adlar
verilir.
İşlədiyi
müddətdə rəhbərlik etdiyi "Qarabağ
bülbülləri" qazandığı uğurlara görə
həmçinin Sovet İttifaqının Mərkəzi Komitəsinin
"SSRİ Xalq Təsərrüfatı Nailiyyətlər sərgisinin,
Ağdam rayon partiya komitəsinin, Ümumittifaq pioner təşkilatının
döş nişanını, Təhsil Nazirliyinin fəxri
diplomunu, Mədəniyyət və Təhsil Nazirliyinin,
Qaçqınların və Məcburi köçkünlərin
işi üzrə Dövlət Komitəsinin və bir sıra
qurumların diplomuna layiq görülüb.
Həmçinin YAP Ağdam rayon təşkilatı tərəfindən
mükafatlandırılıb və Milli muğam sənətinin
təbliği və inkişafındakı xidmətlərinə
görə "Milli Muğam Oskar Mükafatı" alıb.
Müəllifi olduğu onlarla mahnılar Mirzə Babayev, Oqtay
Ağayev, Flora Kərimova kimi əvəzolunmaz sənətkarlar
tərəfindən ifa olunan "Qarabağ
bülbülü"nun bəstələrinə Lalə
Dadaşova, Teymur Əmrah kimi nisbətən gənc
ifaçılar onun bəstələrinə həyat verməyə
çalışıblar. Ağdam Dövlət
Teatrının tamaşalarına da musiqi yazan M.Rzayevin bəstələri
indi də aktuallığını itirmir. Sənətkar deyir
ki, bu gün də ölkəmizin musiqi sənətinə
layiqli, istedadlı ifaçılar yetişdirməkdə davam
edir və davam edəcək. Biz də "Ədalət" qəzeti
olaraq Murad Rzayevi 63 yaşının tamam olması münasibətiylə
ürəkdən təbrik edir, hər zaman şux, gümrah
olmasını arzu edirik.
İntiqam VALEHOĞLU
Ədalət.- 2010.- 7 dekabr.- S. 6.