ÖLÜMDƏN DƏ QORXMAYAN
LİDER...
Tanrı yer üzünə
sonuncu peyğəmbəri məhz onların arasından
seçib göndərmişdi. Onlar həm də dünya
tarixinə çox böyük elm, sənət dahiləri, məğlubedilməz
sərkərdələr, fatehlər bəxş etmişdi. Elə
insanlar bəxş etmişdi ki, onlar özləri tarix
yaratmış, bəşəriyyətin inkişafı
üçün əvəzsiz xidmətlər göstərə
bilmişdilər. Sonralar elə bil hər şey tərsinə
çevrilmiş, uzun əsrlər dünyaya belə hökm
edən ərəblər hadisələri yönləndirə
biləcək bir lider ərsəyə gətirə bilmədilər
və bu üzdən də çox çətin
sınaqlardan keçməli oldular. Əslində bunu indiki
dövrümüzə də aid etmək mümkündü.
Amma...
O, iyirminci əsrin ilk
yarısında ərəblərin liderinə çevrilə
bildi. Təkcə ona görə yox ki, vaxtı-zamanı
çatanda o, Misirin prezidenti kürsüsünə sahibləndi.
Xeyr. Əgər belə olsaydı Camal Əbdül Nasir
(müxtəlif mənbələrdə onun adı fərqli təqdim
olunur. Yəni Camal Əbdül Nasir, Camal Əbd-ən Nasir,
Gamal Abdel Nassir, Qamal Əbdül Nasir kimi. Bu mətndə biz
onu Camal Əbdül Nasir olaraq təqdim edəcəyik)
yalnız misirlilərin lideri hesab edilərdi. Amma o
bütün ərəblərin göz dikdiyi şəxsiyyət
oldu. Dünya istər-istəməz onun
böyüklüyünü qəbul etdi. Avropa gizli və
aşkar şəkildə Camal Əbdül Nasiri qınasa da
o, PanƏrəbizm ideyalarını yaymağa başladı. Təkcə
misirlilərin deyil, ümumiyyətlə bütövlükdə
ərəblərin irəli getməsi, inkişafı, Avropa ilə
rəqabət aparması üçün mübarizə
apardı. "Biz - ərəblərik"
məhz onun şüarı idi.
ƏBDÜL NASİR
Əbdül Nasir 1918-ci
il 15 yanvarda Misirin Əsyut vilayətində, Bəni Murda
kiçik poçt məmurunun ailəsində dünyaya
göz açmışdı. Yazılanlara görə, onun
uşaqlığı İskəndəriyyədə
keçmişdir. Orta məktəbi isə Qahirədə
bitirmişdir. Ağlına, bacarığına görə
yaşıdlarından seçilən Camal çox erkən
yaşlarından ətrafında baş verənlərin, həmin
dövrdə hökm sürən ingilis
ağalığının, xalqının
aşağılandığının fərqində idi. Və
bütün bunlarla barışa bilmirdi. Məhz bunların nəticəsi
idi ki, yeniyetməlik vaxtlarından heç nədən
qorxmadan siyasi aksiyalara qoşulmağa başladı. İlk dəfə
antibritaniya nümayişində iştirak edəndə onun cəmi
12 yaşı vardı. Amma illər irəlilədikcə
anladı ki, ürəyindəki amalları həyata
keçirmək üçün daha optimal yollardan istifadə
etməlidir.
HƏRBÇİ OLMAQ
İstəkləri onu
1936-cı ildə Qahirə hərbi uçilişinə gətirdi.
Amma o, imtahanlardan keçmədi. Sonra Qahirə Universitetinin
hüquq fakültəsinə də verdiyi imtahanlar qənaətbəxş
olmadı. Görünür həyat onun üçün
başqa bir yol seçmişdi. Hərbçi olmaq ideyası
bir anlıq da olsa onu tərk etməmişdi. Bu ideya onu
növbəti il də - 1937-ci ildə yenidən hərbi
uçilişə gətirdi. Bu dəfə daha
hazırlıqlı və inadkar olan Əbdül Nasir qəbul
olunaraq istəyinə çatdı. 1938-ci ilin sonlarında
kurs yoldaşları ilə birgə Sudanla sərhəddə
yerləşən Məkkəbad polkunda qulluq etməyə
başladı. Amma o yalnız hərbi biliklərə yiyələnməklə
işini bitmiş hesab etmirdi. Belə ki, o siyasətlə də
yaxından maraqlanırdı. Və Misirin bağımsız
olmaması, Avropa ölkələrindən asılı vəziyyətdə
yaşaması gənc Əbdül Nasiri çox incidirdi. O
özünü, xalqını təhqir olunmuş hesab edirdi.
Məhz bu cür ideyalar idi ki, gənc zabitlər, onun kurs
yoldaşları günlərin birində Cəbəl-Şərif
dağına gedərək biri-birlərinə söz verib and
içdilər ki, həyatlarının ilk məqsədi
Böyük Britaniyanın hərbi hissələrini ölkədən
çıxarmaq, orduda islahatlar keçirərək ərəblərin
müdafiəsini təşkil edə biləcək ordu yaratmaq
olacaq. Və bu gələcək hərəkat
üçün ilk rüşeyim oldu.
Lakin bütün bu
ideyaların özündə müəyyən tələskənlik,
təzadlar mövcud idi. Onun hərəkat dostlarından bəzilərinin
britaniyalılara olan qəzəbi müəyyən yanlışlığa qədər gətirib
çıxardı. Belə ki, həmin hərəkatçılar
bir Qərb dövlətinin hegemonluğundan qurtulmaq
üçün digəri ilə ittifaq halına gəlməyə
cəhd etdi. Onun yaxın silahdaşlarından biri olan Ənvər
Sadat alman hərbi kəşfiyyatı ilə əlaqəyə
girdi və çox çəkmədi ki, onu həbs etdilər.
Bu İkinci Dünya Savaşı ərəfəsində idi.
Amma Əbdül Nasir başqa cür düşünür, fərqli
hərəkət etməyi bacarırdı. O, ordudakı orta
rütbəli zabitləri, həm də ortabab kəndli ailəsindən
çıxmış şəxsləri ətrafına
toplayaraq onlar arasında ortaq bir bağ yaratmağa nail oldu, təşkilatı
gücləndirdi.
HƏRBİ QULLUQDA
Əbdül Na sir artıq 1942-ci ildə baş qərargahın
hərbi kollecində təlimatçı vəzifəsinə
gətirilmişdi. Bir neçə ildən sonra onun ölkəsinin
yenidən İsrail ilə münasibətləri kəskinləşmişdi.
Nəhayət, 1947-49-cu illər müharibəsi
başladı. Və Misirin müharibədən çox itgilərlə
çıxması bu gənc hərbçilərin daha da səfərbər
olması üçün bir təkana çevrildi. Nasir və
onun hərəkat dostları belə hesab edirdilər ki, kral
Birinci Faruk Qərbin təsiri altında olduğu
üçün ölkəni idarə edə bilmir. Və bu
ideya ilə "Azad zabitlər" təşkilatı
yaradaraq vətənin, ərəblərin xilası
üçün hərəkətə keçdilər. Və
beləliklə 1952-ci ildə "İyul inqilabı" ilə
monarxiyanı devirdilər və ölkədə İnqilabi
Komandanlıq Şurası yaratdılar, Əbdül Nasir bu
şuranın sədr müavini vəzifəsinə
seçildi. (Sədri isə Naqib Məhəmməd idi).
Respublika elan edildi. Amma Əbdül Nasirin ideyaları tamam
başqa idi. O yalnız bunlarla kifayətlənmək istəmirdi.
Onun məqsədi inqilabi proseslərin digər ərəb
ölkələrində də davam etdirmək, ərəblərin
birliyinə nail olmaq idi. Əbdül Nasir Panərəbizminin
qızğın tərəfdarlarından idi.
HAKİMİYYƏTİN BAŞLANĞICI VƏ...
Yeni quruluşun elə
ilk dövrlərində Nasirlə Naqibin arasında fikir ayrılığı yarandı. Belə
ki, Əbdül Nasir mövcud parlamentin fəaliyyətinə
qarşı idi, sədr isə bunun əksini
istəyirdi. Amma Əbdül Nasir bu inqilabı
hərəkata hər şeyi ölçüb-biçib
başlamışdı. Çox çəkmədi ki, Nasir və
onun tərəfdarları Naqibi vəzifədən
uzaqlaşdırdılar və 36 yaşlı gənc Əbdül
Nasir Misirin lideri oldu, eyni zamanda rəsmi olaraq baş nazir vəzifəsində
də qaldı. Bundan sonra Camal Əbdül Nasirin britaniya hərbi
hissələrinin ölkədən çıxarılması
uğrunda fəaliyyəti başladı. Təbii ki, Qərb
bunu əks reaksiya ilə qarşılamalıydı. Elə
belə də oldu. Amma gənc həbçi və dövlət
rəhbəri öz prinsipindən geri durmadı və iki il
çəkmədi ki, ingilis qoşunlarının
bütün Misir ərazisindən, xüsusilə də
Süveyş kanalından çıxarılmasına nail oldu.
Amma problemlər bununla bitmədi. Əksinə, gənc
respublika Qərbin daha böyük təzyiqlərinin
açıq hədəfinə çevrildi.
Bütün bu proseslərin
nəticəsi kimi 1956-cı ildə o dövr
üçün gurultulu "Süveyş böhranı"
başladı. Məlumat üçün bildirim ki,
Süveyş kanalı dünyada yüklərin dəniz vasitəsi
ilə daşınmasının 1/6-ni, Böyük Britaniya
xarici ticarətinin isə 1/4 təşkil edirdi. ABŞ-ın,
Fransanın böyük həcmdə neft məhsullarının
daşınması məhz bu kanal vasitəsi ilə həyata
keçirilirdi. Əbdül Nasirin Süveyş kanalı ilə
bağlı tətbiq etdiyi yeni qaydalar nə qədər ərəblərin
mənafeyinə xidmət edirdisə, bir o qədər də Qərbin
ziyanına idi. Bu üzdən də ABŞ bəyan etdi ki,
Asuan Bəndinin tikintisi üçün kreditlərin verilməsinə
qadağa qoyur. 1956-cı ilin iyun ayında prezident postuna
keçən Əbdül Nasir Qərbin bu təzyiqlərinin
qarşılığı olaraq Süveyş kanalının
milliləşdirilməsi üçün qanun qəbul etdi və
bununla da hamını şok vəziyyətinə saldı.
Xristian dünyası inanmaq, barışmaq istəmirdi ki, son
dövrlərədək faktiki Böyük Britaniyanın
müstəmləkəsi olan Misir bu cür cəsarətli
addımları necə ata bilir. Amma Əbdül Nasir artıq
ölkəsinin müdafiəsində idi. O vaxt bir çox
şərhçilər yazırdılar ki, belə addımla
Misir özünün iflas sənədlərinə qol çəkib.
Amma Nasir sübut etdi ki, onlar hələ ərəbləri
yaxşı tanımırlar.
Lakin 1956-cı ilin
oktyabrında İngiltərə, Fransa və İsrail
qoşunları gənc ərəb liderini yerində oturtmaq
üçün Misirə qarşı hərbi əməliyyatlara
başladılar. Birləşmiş qoşunların təyyarələri
bir sıra Misir obyektlərini bombalamağa başladı. Amma
o vaxtadək keçmiş SSRİ ilə sıx əlaqələr
quran Əbdül Nasir tək qalmadı. Moskvanın prosesə
müdaxiləsi nəticəsində Misir üzərinə
başlayan hərbi hücum dayandırıldı.
İSLAHATLAR
Bundan başqa Əbdül
Nasir ölkədə yoxsulların vəziyyətini
yaxşılaşdırmaq üçün xüsusi torpaq sahiblərinin
özbaşınalığına son qoydu, artıq olan torpaq
hissələrini dövlət tərəfindən müsadirə
edərək az torpaq payı olan, ümumiyyətlə, torpaq
sahəsindən məhrum kəndlilər arasında
bölüşdürdü. Şəhərlərdə sənayenin
inkişaf etməsi üçün islahatlar apardı. Misrin
yeni konstitusiyasını yaratdı. Amma bunlar ərəblərin
inkişafına düşmən kəsilən güclərin
siyasətinə uyğun deyildi. Hələ hakimiyyətə gəldiyi
elə ilk dövrlərdə - 1954-cü ildə mitinqlərin
birində ona qarşı sui-qəsd törədildi. Tribunda Əbdül
Nasirə atəş açıldı, onun
yanındakılardan ikisi həlak oldu, digərləri isə
qorxudan tribundan tullanıb qaçaraq canlarını
qurtardılar. Təkcə Əbdül Nasir cəsarətlə
durduğu yerdən tərpənmədi və məşhur
sözlərini bəyan etdi: "Qoy onlar Nasiri
öldürsünlər! O, yalnız minlərdən biridir.
Ölsə də, sağ qalsa da hərəkat davam edəcək".
Və bununla da o sübut etdi ki,
ölümlə də Nasiri qorxutmaq olmaz.
Artıq ərəblər,
xüsusi ilə də misirlilər gözləri önündə
böyük bir lider görürdülər. Onun nüfuzu,
şöhrəti elə bir həddə
çatmışdı ki, hər kəs Nasiri milli qəhrəman
kimi qəbul edirdi. 1958-ci ildə Əbdül Nasir Birləşmiş
Ərəb Respublikalarının (BƏR) Misirlə Suriya
federasiyasının prezidenti oldu. Qeyd
edək ki, ərəb birliyinin bünövrəsi olan bu proses
sonralar nəinki dayandı, hətta ləğv edildi. Belə
ki, Suriyanın 1961-ci ildə BƏR-in tərkibindən
çıxması həm ərəb birliyi ideyasının,
eləcə də Əbdül Nasirin nüfuzuna bir zərbə
oldu.
1962-ci ilin mayında Əbdül
Nasir ölkənin siyasi, iqtisadi və sosial inkişafı
üçün proqramını xalqa bəyan etdi. O,
ağıllı və uzaq görən lider idi.
Anlayırdı ki, İsrailin mütəmadi müharibə
variantlarını önləmək, Misirin dünyada
nüfuzlu söz sahibi olmasını təmin etmək
üçün mütləq ölkənin iqtisadi cəhətdən
çox inkişaf etməsi şərtdir. Və bu yoldada əlindən
gələni etdi. Əbdül Nasir elmin, təhsilin tərəqqisi,
ərəb uşaqlarının
yüksək səviyyədə oxuması üçün təhsil
ocaqlarına diqqəti artırdı. Təkcə onu demək
kifayətdir ki, Əbdül Nasirin hakimiyyəti dövründə
tikilən məktəblərin, həm də xəstəxanaların
sayı Misirin bütün tarixi boyu tikilən məktəb və
xəstəxanalarından çox idi. Açılan müəssisələr
ölkədəki işsizliyin sayını çox sürətlə
minumuma endirdi. 1967-ci ildə Qərbin dəstəyi ilə
İsrail yenidən Misirə qarşı hərbi əməliyyatlara
başladı. Bu müharibədə Misir ordusu ağır məğlubiyyətə
uğradı. Bundan sonra Əbdül Nasir postundan istefa verdi.
Amma bu yalnız bir gün çəkdi. Belə ki, on minlərlə
misirli küçələrə axışaraq onun yenidən
öz vəzifəsinə qayıtmasını tələb
etdi. Və Əbdül Nasir yenidən hakimiyyətini davam
etdirməyə başladı.
O, müharibədəki
bu məğlubiyyəti həzm edə bilməsə də
düşünülməmiş addımların, vaxtsız
müharibənin Misir üçün fəlakətə səbəb
olacağını bilirdi. Bu səbəbdən də ordunun
yenidən qurulması, yeni silahların alınması, xarici dəstəyin
qazanılması üçün çox ciddi şəkildə
işə başladı. Qısa müddət ərzində
çox böyük irəliləyişlər əldə
edildi. Və yeni müharibə də başladı. Amma bu dəfə
Əbdül Nasirsiz. Ərəblərin çox sevdikləri,
qəhrəman bildikləri lideri
Camal Əbdül Nasir 1970-ci ilində 28 sentyabrında ürək
tutmasından dünyasını dəyişdi. Xalqın
sevgisini, hörmətini aydın təsəvvür etmək
üçün onun dəfninə milyonlarla insanın
qatılmasını, sadə ərəblərin prezidentlərindən
ötrü keçirdikləri üzüntünü,
göz yaşlarını görmək kifayət idi. Dünyanın
bir çox dövlət və hökumət
başçıları, məşhur siyasi və ictimai xadimlər
Qahirəyə axın etdilər. Onun tabutu sevənlərinin
çiyinlərində son məzara daşındı və
böyük məqbərədə dəfn edildi. Misirlilər
indi də Camal Əbdül Nasiri hörmətlə
xatırlayırlar, xatirəsini əziz tuturlar. Çünki
onun ərəblər üçün nələr etdiklərini
və nələr etmək istədiyini insanlar bilirdilər.
AİLƏSİ VƏ ŞƏXSİ HƏYATI
Camal Əbdül Nasir
evli idi və ailə münasibətlərinə də ciddi
yanaşan, önəm verən şəxs olub. Beş
övladı vardı, hər biri yüksək təhsil
görmüşdülər. Onu yaxından tanıyanlar
bilirdilər ki, Nasir sutka ərzində 18 saat işləyərdi.
Ən çox xoşladığı məşğuliyyəti
də elə siyasət idi. Əbdül Nasirin özəlliklərindən
biri də onun zənginliyə, var-dövlətə biganə
olmasıydı. Belə demək olar ki, Camal Əbdül Nasir
varlı adam olmayıb. Hətta asketik həddə sadə həyat
tərzi keçirib. Hətta çoxları uzun müddət
inanmırdı ki, ərəblərin bu şöhrətli
oğlu, Misirin prezidenti belə bir sadə həyat tərzi
sürüb. Elə bir faktı bildirmək kifayətdi ki, onun
dünya malına olan münasibətini öyrənəsən.
O çox uzun illər 1952-ci ilədək sahib olduğu mənzildəcə
yaşamışdı. Təm-təraqlı saraylara üz
tutmamışdı. Şahidlərin söylədiklərinə
görə, həyatının son günlərində Əbdül
Nasir tez-tez: - "Mənim ərəbləri böyük
günə nə qədər yaxınlaşdıra bildiyimi
yalnız tarix qiymətləndirəcək" - fikrini təkrarlayırmış.
Tarix də ona öz qiymətini vermişdi...
BABƏK YUSİFOĞLU
Ədalət.- 2010.- 7 dekabr.- S. 5.