QARABAĞ İLİ

 

Türk dünyası 2011-ci ili belə adlandırdı

 

Bu il də başa çatmaq üzrədir. Artıq sayılı günlər qalıb. Necə deyərlər, bizim ciddi cəhdlərimizə baxmayaraq, zaman öz bildiyini etməkdədir. Nə günləri saxlamaq mümkündür, nə də ötənləri geri qaytarmaq. Yəni artıq 2010-un da qatarı son mənzilə yaxınlaşmaqdadır. Hətta uzaqdan o mənzil görünür də.

 

Bax belə bir məqamda, yəni ilin son ayının birinci ongünlüyündə "XXI yüz ildə Türk Dünyası" adlı beynəlxalq simpozium keçirildi. Həmin simpoziumda Avroasiya İqtisadi Münasibətlər Dərnəyi və Şimali Kipr Türk Cümhuriyyətinin Avropa Universitetinin təşkilatçılığı ilə Türk Dünyasının bir çox qeyri-hökumət təşkilatlarını, sayılıb-seçilən isimlərini, mötəbər şəxslərini bir araya gətirdi.

Həmin tədbirdə ölkəmizi millət vəkili Qənirə Paşayeva da təmsil edirdi. Daha doğrusu, onun səsi-sorağı bu tədbirə daha çox diqqəti çəkirdi. Çünki keçirilən simpoziumda məhz Qənirə xanımın çıxışı, onun səsləndirdiyi təkliflər xüsusi ilə böyük marağa və dəstəyə səbəb olmuşdur.

Həmin simpoziumda Azərbaycanı təmsil edən Dünya Gənc Yazarlar Birliyinin başqanı, şair Əkbər Qoşalı, Azərbaycan və digər Türkdilli xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədrinin müavini Mübariz Quliyev və Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Elnar Məmmədlinin dilə gətirdikləri fikirlər böyük maraqla qarşılanıb. Çünki bütün çıxışlarda əsas məqsəd diqqəti Dağlıq Qarabağ məsələsinə yönəltmək, işğal olunmuş torpaqlarımızın taleyini gündəmdə saxlamaq və 1 milyondan artıq qaçqın soydaşımızın həyat şəraitini, güzəranını, eləcə də onların yurd həsrətini iştirakçıların yaddaşına hopdurmaq idi. Təbii ki, bu beynəlxalq simpoziuma qatılanlar Azərbaycan gerçəkliklərindən müəyyən qədər xəbərdar idilər. Lakin Azərbaycan nümayəndə heyətinin fəallığı, özləri ilə gətirib iştirakçılara təqdim etdikləri müxtəlif kitablar və digər informasiya materialları burada böyük maraq və həssaslıqla qəbul edilirdi.

Beynəlxalq tədbirin iştirakçısı olan Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti, eləcə də Əfqanıstan, Makedoniya, Kosova və digər bölgələrdə yaşayan türk toplumlarının təmsilçiləri olan ictimai xadimlər, siyasi fiqurlar, millət vəkilləri, elm adamları bir araya gəlməklə bu tədbiri xüsusi ilə əhəmiyyətli etmiş, onun məqsəd və məramının zəruriliyini hər kəsin nəzərinə çatdırmışdı. Elə beynəlxalq simpoziumla bağlı dünya mətbuatında, xüsusi ilə Türk dünyasına aid olan informasiya agentliklərində, qəzet və televiziya materiallarında verilən bilgilər də məhz tədbirin necə böyük əhəmiyyətə malik olduğunun bir nümunəsidir.

Mətbuatda gedən informasiyalardan bəlli olur ki, həmin tədbirin ən önəmli bir məqamı da simpozium iştirakçılarının 12 maddədən ibarət olan yekun bəyannaməsinin qəbul edilməsidir. Həmin bəyannamələrdə xüsusi olaraq Azərbaycanla bağlı, onun işğal altında olan torpaqlarının taleyi ilə bağlı, yurd-yuvasından didərgin düşmüş insanların bu günü, sabahı ilə əlaqəli xüsusi qeydlər edilmiş, üstəlik də bəyanatın 7-ci bəndində Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi ilə bağlı müraciət və fikirlər öz əksini tapmışdı. Bu maddədə qeyd edilmişdir ki, Azərbaycan torpaqlarını işğal edən, Xocalı şəhərini yer üzündən silən, günahsız insanları qətlə yetirən cinayətkarlar mütləq cəzalandırılmalıdır. Onların cəzalandırılması, Xocalı qətliamının dünya tərəfindən qəbul edilməsi üçün Türk dünyasının bir araya gəlməsi, Azərbaycanın yanında olması həmin bəyanatda xüsusi yer almışdır.

Böyük maraq və işgüzar şəraitdə keçən həmin tədbirdə bir məqam da xüsusi diqqəti çəkib. Bu da 2011-ci ilin Türk dünyasında Qarabağ ili kimi elan edilmək təklifidir. Təklif demək olar ki, bütün iştirakçılar tərəfindən dəstəklənməklə yanaşı, həm də təqdir edilmişdir. İştirakçılar birmənalı olaraq bildirmişdilər ki, hər bir türkün əsas vəzifələrindən biri məhz Qarabağ həqiqətlərini dünyaya çatdırmaq, Azərbaycanın haqq işinə dəstək verməkdir.

Bəli, artıq dünya xüsusi ilə onun böyük bir parçası olan Türk dünyası deyəsən yavaş-yavaş ağı-qaradan seçməyə və özündən başqa dostu olmadığına inanmağa başlayır. Gec də olsa böyük Türk dünyasının bütövlüyünü, varlığını qorumaq, bir-birinə dayaq durmaq, bir-birinin haqqını müdafiə etmək, ən vacibi isə böyük məkirlərə, hiylələrə qarşı bir səngərdə dayanmaq bu gün zamanın tələbidi. Çünki zaman heç də həmişə Türk dünyasının xeyrinə işləmir, əksinə axan bulanıq sular Türkün böyüklüyünə, onun əbədi və əzəli haqqına bəzən çıxıb yaxmağa, ləkələməyə cəhd edir. Bunun qarşısını isə yalnız bir olmaqla, birlikdə olmaqla almaq mümkündür.

Zamanın bütün diqtələrinə, bütün ziddiyyətlərinə baxmayaraq, 2011-ci ilin türk dünyasının Qarabağ ili elan edilməsi özü-özlüyündə böyük hadisə olmaqla yanaşı, həm də böyük ümidlərə yol açır. Adam inanmaq istəyir ki, 2011-ci il də Qarabağ həqiqətləri öz haqqını almaqla yanaşı, həmin ildə də Qarabağ düyünü çözüləcəkdir. Hər halda bu böyük bir ümiddir. Elə bu ümidi yaratdıqlarına görə, "XXI yüz ildə Türk Dünyası" simpoziumunun təşkilatçılarına təşəkkürlər düşür.

  

  

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2010.- 8 dekabr.- S. 4.