Parlament 92 il öncə
Ötən əsrin əvvəllərində
Azərbaycanın istiqlalına qovuşması ilə bir
sıra dövlət əhəmiyyətli qurumlar fəaliyyətə
başladı. Dünən 92-ci ilini qeyd etdiyimiz Azərbaycan
Parlamenti həmin görülən işlərdən biri və
bəlkə də ən əhəmiyyətlisi idi.
Çünki müstəqil bir dövlətin bərqərar
olmasında onun qanunverici orqanının fəaliyyət
göstərməsinin öz önəmi var. Azərbaycan Xalq
Cümhuriyyəti (AXC) o zaman nəinki müsəlman şərqində
qurulan ilk dövlət olmaqla tanınıb, həm də
istiqlalına qovuşmuş bir dövlət olaraq bütün
müsəlman şərqində dövrünün ən
demokratik prinsipləri əsasında
formalaşdırılmış ilk parlamentə də malik
olub. Bu elə bir parlament idi ki, onu fəxrlə dünyanın
ən inkişaf etmiş və neçə əsrlər
parlament təcrübəsinə malik olan Avropa dövlətlərinin
qanunverici orqanı ilə müqayisə etmək
mümkündür.
Xatırladaq ki, 1918-ci il
dekabrın 7-də saat 13.00-da Hacı Zeynalabdin Tağıyevin
inşa etdirdiyi qızlar məktəbinin binasında
(hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi
bina) Azərbaycan Parlamentinin təntənəli
açılışı olub.
Azərbaycan Xalq
Cümhuriyyəti yaşadığı 23 ay müddətində
parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi
çıxarılıb, onlardan 230-a yaxını qəbul
olunub.
Parlamentin
açılışında Azərbaycan Milli
Şurasının sədri Məmməd Əmin Rəsulzadə
geniş təbrik nitqi söyləyib. "Biz o zaman ki, bizim
üçün ən yaxşı məsələni -
"Azərbaycan muxtariyyəti"ni
müdafiə edirdik, biz onda sağ və sol tərəfdən
amansız tənqidə məruz qalmışdıq.
Sağdan bizə deyirdilər
ki, azərbaycanlılıq şüarı ilə siz müsəlmanları
parçalayırsınız, türkçülük
bayrağı qaldırmaqla - Allah yıxsın - siz
İslamın əsasını sarsıdırsınız.
Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan
muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni
yarırıq. "Müsavat" partiyası birinci olaraq Azərbaycanın
müstəqilliyi bayrağını yüksəyə
qaldırmışdır. Beləliklə, müsəlman
partiyaları arasında Azərbaycan ideyasında fikir
ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan
ideyası artıq möhkəmlənmişdir: "Bir dəfə
yüksələn bayraq bir daha enməz!"
İstiqlalın əldə
olunması istiqamətində uzun bir yol qət edənlər
qurduqları dövlətin strukturlarının başına gətirdikləri
də təkcə elmi səviyyələri
ilə deyil, həm də bu mücalidə sərf etdikləri
əməkləri ilə də tanınmışdılar.
Odur ki, fəaliyyətə başlayan orqanda təmsil olunan
"Müsavat" fraksiyasının təklifi ilə Əlimərdan
bəy Topçubaşov parlamentin sədri, Həsən bəy
Ağayev isə onun birinci müavini seçilib. Parlamentin ilk
iclasında Fətəli xan Xoyski hökumətinin istefası
qəbul edilib və yeni hökumətin təşkil olunması
qərara alınıb. Yeni hökumətin təşkili yenidən
F.Xoyskiyə tapşırılıb.
Fəaliyyət göstərdiyi
qısa zaman kəsiyində səmərəli işi ilə
tanınan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11
komissiyası olub və parlament qanunlarının
hazırlanması, müzakirəsi, təsdiq olunmasında 11
fraksiya və qrupa mənsub olan millət vəkilləri
iştirak ediblər.
Parlamentin fəaliyyəti
xüsusi olaraq bu məqsəd üçün
hazırlanmış nizamnamə - "Azərbaycan Parlamentinin
nakazı (təlimatı)" əsasında idarə olunub.
İstiqlal quruculardan
biri, daha dəqiq desək birincisi sayılan böyük öndər M.Ə.Rəsulzadə Azərbaycan
Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətini belə qiymətləndirirdi:
"Millət Məclisi məmləkətin bütün sinif
və millətlərini təmsil edib, dövlətin tamamən
taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz,
heç bir məsrəf yapılmaz, heç bir müharibə
başlamaz, heç bir barışıq imzalanmazdı.
Hökumət məclisin etimadını qazananda qalır, itirəndə
düşürdü. Ortada hakim olacaq vasitə - vəzifə
yox idi. Parlament hakimi-mütləq
idi".
Gültəkin
Ədalət.- 2010.- 8 dekabr.- S. 4.