Dənizə beş sahilyanı ölkənin qayğı göstərməsi
zəruridir
Azərbaycan Respublikası
zəngin təbii sərvətlərə və
inkişaf etmiş sənaye sahələrinə
malik olan bir dövlət kimi geniş imkanlara malikdir. Lakin uzun illərdən
bəri yığılıb
qalmış ekoloji problemlər vaxtında öz həllini tapmadığı üçün
respublikanın ətraf
mühiti həddindən
artıq çirklənib.
Hazırda həllini təcili tələb edən bir sıra
ekoloji problemlər vardır.
Bakı və bir
sıra iri şəhərlərdə içməli suyun
çatışmazlığı, su hövzələrinin, o
cümlədən Xəzər dənizinin məişət və
sənaye sularının tullantıları ilə çirkləndirilməsi, Xəzər dənizinin
səviyyəsinin dəyişməsi ilə əlaqədar
vurulan ziyanlar, sənaye mərkəzində atmosfer havasına
zərərli qazların yol verilən normadan artıq
atılması, kənd təsərrüfatı
üçün yararlı torpaqların erroziyaya
uğraması və şoranlaşması, iri sənaye və yaşayış məntəqələrinin
məişət tullantılarının mütəmadi qaydada
yığışdırılmaması, tələb olunan
qaydada yerləşdirilməməsi, utilləşdirilməməsi
bu problemlərə aiddir. Zaman getdikcə bu problemlərin həll
edilməsi üçün təxirəsalınmaz tədbirlərin
həyata keçirilməsi daha da aktuallaşır.
Çünki vaxtında həll edilməyən problemlər
sonradan qlobal və qarşısıalınmaz fəlakətlərə
səbəb olur. Göründüyü kimi, problemlər
arasında Xəzər dənizinin ekologiyası da diqqət mərkəzindədir.
Unutmayaq ki, neft-qaz ehtiyatı potensialına görə, Xəzər
dənizi dünyanın ən iri karbohidrogen xammalı mərkəzlərindən
biridir. O, mühüm xalq təsərrüfatı əhəmiyyətinə
malik olub, coğrafi, bioloji və ekoloji cəhətdən
bütöv sistemdir. Lakin bu sistemi qoruyub
saxlamaq o qədər də asan deyil. Çünki
hər il
dünyada neft və qaza tələbatın
artması Xəzərdə
neft və qaz hasilatının artırılmasını gündəmə
gətirir. Azərbaycanın yataqlarının birgə istismarı ilə əlaqədar
"Əsrin müqaviləsi"(1994)
sazişinin imzalanması
da buna xidmət
edir. Dünyanın məşhur neft
korporasiyalarının qoşulduqları
saziş, Azərbaycanın
xam neftini dünya bazarına çıxarmaq məqsədi
güdür. Regiondakı digər
neft istehsalçıları
da eyni maraqdan
çıxış edirlər.
Qazaxıstan və Türkmənistanda
da Abşeronda olduğu kimi neft-qaz istehsalı mərkəzləri açılıb.
Burada çıxarılan neftin tərkibində merkaptanların
miqdarı çox, kükürdlü birləşmələr
daha artıqdır.
Xüsusilə kükürd tərkibli
neft çıxarılan
sahələr daha təhlükəlidir. Dənizdə aparılan qazma işləri zamanı təmizləyici qurğulardan
qazma məhsulları və çirkab suları çox vaxt dənizə axıdılır. Neft quyularının
yaxınlığında suyun
üzərində neft
ləkələrinin olması
adi haldı. Dalğalar isə onları sahilə gətirir və sahil zolağının
torpaq qatının çirklənməsinə
səbəb olur.
Bundan başqa, uzun illərdi
neft-qaz yataqlarının kəşfi, həmçinin
yataqların istifadəsi nəticəsində dənizdə
neft quyularının, eskadalarının tikintisi və boru kəmərlərinin
çəkilməsi həyata keçirilib. Artıq bu
qurğuların çox hissəsinin istifadə müddəti
başa çatıb. Köhnəlmiş texniki qurğular
korroziyaya uğruyaraq dənizi çirkləndirir. Dənizdə
fəaliyyət göstərən müəssisələrin
balansında olan özüllərin əksəriyyəti
istismara yararsız vəziyyətdə dəniz
akvatoriyasında atılaraq qalmaqdadır. Ekoloji tarazlığın
ən çox pozulma halları "Neft Daşları"
rayonunda, "Bibiheybətneft", "Abşeronneft",
"28 May", "Qum adası" NQÇI-lərin
istehsalat dairələrində qeydə alınıb. Dəniz
obyektlərində əsas problemlərdən biri də
aşağı təzyiqli səmt qazlarının atmosferə
atılmasıdır. Təkcə "28 May" NQÇI-dən
və Azəri-Çıraq-Ğünəşli
yataqlarından gün ərzində milyonlarla kub metr səmt
qazı atmosferə atılaraq həm iqtisadi, həm də
ekoloji ziyanla nəticələnir.
Xəzər dənizinin
çirklənməsində neft
emalı müəssisələrində
və quruda fəaliyyət göstərən NQÇİ-lərdə
neftlə çirklənmiş
suların tam təmizlənmədən dənizə
axıdılması da rol oynayır.
Xəzər isə
qapalı ekosistem olduğu üçün onun neft
tullantıları vasitəsilə çirklənməsi kifayətdir
ki, "canını tapşırsın" -
"ölsün".
Xəzər
gölünün çirklənməsindən danışarkən
məncə aşağıdakı xüsusiyyətlər nəzərə
alınmalıdır: birincisi, çirkabın qeyri- bərabər
paylanması dənizin ayrı-ayrı sahələrinin ciddi
şəkildə çirklənməsinə gətirib
çıxarır. İkincisi, sahilboyu yaranan çirklənməni
bir zonadan başqasına aparır və oranı da çirkləndirir.
Nəzərə alsaq ki, tullantılar əsasən suyun üzərində
- üst qatında toplaşaraq "su-atmosfer" zonası
yaradır, onda məhz burada yığılmış
çirkablar hesabına daha çox dənizin bioloji əhəmiyyətli
sahələrinin çirkləndiyini qeyd etmək lazım gəlir.
Su mühitinin Xəzərsahili
ölkələrin neft hasilatını artırması nəticəsində
ifrat çirklənməsi balıq sənayesinə ciddi ziyan
vurur. Xəzər dənizi üçün ən təhlükəli
çirklənmə tərkibində zərərli kimyəvi
maddələr olan tullantılarla çirklənmədir.
Bunlardan neft karbohidrogenlərini, karbonukleidləri, xlor üzvi
birləşmələri və ağır metalları
göstərmək olar. Kimyəvi maddələr suyun və
qruntun tərkibini dəyişdirir. Bu da öz növbəsində
Xəzər dənizinin flora və faunasına
öldürücü təsir göstərir. Zəhərli
maddələr balıqlar üçün yem
ehtiyyatını tükədir, oksigen aclığı
yaradır. Bunlar genlərdə dəyişikliklərə səbəb
olur ki, onlar da rüşeymləri məhv edir, irsiyyət və
nəsil artma kimi bioloji funksiyaların pozulmasına şərait
yaradır. Xəzər dənizin neftlə çirklənməsi
ilə yanaşı çayların da gətirdiyi çirkab
sularını da nəzərə alsaq vəziyyətin ürəkaçıcı
olmaması ortaya çıxar. Problemin əmələ gəlməsində
bioloji çirklənmənin də payı var. Söhbət
Volqa-Don kanalı vasitəsilə Azov-Qara dəniz hövzəsindən
gələn yad orqanizmlərdən gedir. Belə ki, bu
yaxınlarda Türkmənistana aid sektorda meduzalar (aurella aurita,
mneniopsis leudyi) aşkar edilmişdir. Bu meduzalar Xəzərdə
çoxalaraq vətəgə əhəmiyyətli iri
balıqların qidasını yeyib tükəndirir. Məsələn,
bu meduzalar kilkə ilə qidalanırlar. Kilkənin azalması
paralel olaraq onlarla qidalanan müxtəlif su heyvanlarının
sayca azalmasıyla nəticələnir.
Unutmayaq ki, Xəzər
yeganə dənizdir ki, nərə balıqlarının
böyük ehtiyatı (təxminən 95%) burada cəmləşib.
Məlumdur ki, nərə balığı dünya
bazarında çox qiymətli sayılan qara
kürünün "istehsalçısıdır". Əgər
70-ci illərin ortalarında Xəzərdə 27 min ton nərə
balığı ovlanırdısa, son illərdə nərə
balıq ovu 1.2 min tonu keçmir. İş o yerə gəlib
ki, Rusiya, Qazaxıstan və Azərbaycan bəzi şirkətlərə
nərə balığı ovunu qadağan edib. Məsələn,
Rusiyada 10 il müddətinə kürü istehsalına
qadağa qoyulub. Yalnız körpə balıq yetişdirmək
və onların sayını artırmaqla məşğul
olan şirkətlər müəyyən kvotaya uyğun ova
icazə verilir.
Hesablamalara əsasən,
neft və çayların gətirdiyi çirkab suları nəticəsində
Xəzərdə nərə balığı təsərrüfatına
dəyən zərər 6 milyard, kürü biznesinə dəyən
ziyan isə 10 milyard dollar təşkil edir. Xəzərin
çirklənməsi nəticəsində yalnız nərə
balıqlarının sayı azalmır, eyni zamanda digər
qiymətli balıqlar da azalır. Problemin həlli
üçün ilk növbədə nərəkimilərin
ehtiyyatlarının qorunması və artırılması
mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar
bu sahədə beynəlxalq əməkdaşlığın
xüsusi əhəmiyyəti vardır.. Belə əməkdaşlığın
yeni səviyyədə inkişafı
həm balıq ehtiyatlarının qorunmasına, həm də
balıq ekosistemlərinin
yaxşılaşdırılmasına təkan verərdi. Hər
il Xəzər dənizində yüzlərlə suitinin
ölməsi də dənizin ekoloji durumunun
ağırlığından xəbər verir.
Ekoloji şəraitə
dəniz səviyyəsinin tərəddüdləri də təsir
göstərir. Dənizin səviyyəsi aşağı
düşdüyü zaman şorluğu artır,
balıqların sahil zonalarında qidalanma bölgələrinin
məhsuldarlığı və sahəsi azalır. Dənizin
səviyyəsi qalxdıqca isə suların, xüsusilə
böyük çayların delta bölgələrinə
yanaşan sahələrdə şorluğu azalır, yem
ehtiyatı artır. Maraqlıdır ki, dənizin səviyyəsinin
qalxma və enmə prosesi isə son vaxtlarda intensiv hal alıb.
Ekologiya və Təbii
Ehtiyatlar nazirliyinin məlumatına görə, Xəzər dənizinin
səviyyəsi 1996-2000-ci illərdə 35 sm enib. Lakin 2001-ci ildən
suyun səviyyəsi yenidən qalxmağa başlayıb. Belə
ki, dənizin səviyyəsi 2001-2005-ci illərdə 30 sm-ə
qədər yüksəlib. 2006-cı ildə isə səviyyənin
əvvəlki illə müqayisədə 3-5 sm enməsi
müşahidə edilib.
Xəzər dənizi səviyyəsinin
bir illik proqnozu metodikasına görə, Xəzərin səviyyəsinin
keçən illə müqayisədə cari ilin sonuna qədər
1 - 3 sm artacağı. 2015-2020-ci illərədək Xəzər
dənizi səviyyəsinin 70-80 sm-ə qədər artması
ehtimal edilir. Göründüyü kimi qarşıdakı illərdə
dənizin səviyyəsinin
qalxması gözlənilir. Bu isə geniş sahil ərazilərin,
o cümlədən neftlə çirklənmiş ərazilərin
sualtında qalması ilə nəticələnir. Həmin ərazilərdə
suyun tərkibində radiaktiv maddələrlə,
yanaşı canlı orqanizm üçün təhlükəli
kimyavi maddələr dəniz suyuna keçir. Quruda isə kifayət
qədər neftlə çirklənmiş sahələr var.
Müəssisələrin istehsalat dairələrində neft tərkibli
şlamların uzun illərdən bəri üst-üstə
yığılaraq qalması, yüzlərlə süni
çirkab gölməçələrin və çox
saylı kiçik həcmli zibilxanaların ləğv edilməsi
istiqamətində əməli tədbirlərin həyata
keçirilməməsi vəziyyəti daha da
ağırlaşdırır.
Bu işdə yerli və
xarici neft şirkətləri müstəsna rol oynayır.
Dəfələrlə
"BP", "Salyanoyl" və "Şirvanoyl" neft
şirkətlərinə xəbərdarlıq edilib ki, ekoloji
probleminin yaradılmasını azaltsınlar.
Sənaye və energetika
nazirliyindən verilən məlumata görə, indi
Abşeronda 33 min hektardan çox ərazi neftlə çirklənib.
Bunu Ekologiya və Təbii Ehtiyatlar
Naziri Hüseyn Bağırov da təsdiqləyir. Onun sözlərinə
görə. Abşeron yarımadasında antropogen təsirlər
nəticəsində çirklənmiş ərazilərin
ümumi sahəsi 33,3 min hektardır ki, bunun da 10,6 min
hektarı neft və neft məhsulları ilə çirklənməyə
məruz qalmışdır. Bundan başqa, yarımadada 3325
hektar ərazini əhatə edən tullantı və lay
suları ilə çirklənmiş 200-ə qədər
göl və gölməçələr mövcuddur.
Ən kəskin vəziyyət Balaxanı, Bibiheybət,
Suraxanı və Binəqədi qəsəbələrindədir.
İndi isə neftlə çirklənmiş ərazilərin
təmizlənməsi üçün böyük məbləğə
ehtiyac var. Xəzərə yalnız bir ölkənin yox, 5
sahilyanı ölkənin qayğı göstərməsi
vacibdir. Beləliklə, neft sənayesinin inkişafı Xəzərin
ekoloji tarazlığını
pozmaqla yanaşı, minlərlə hektar torpaq sahəsini
yararsız hala salıb. Vaxtilə ABŞ prezidenti olmuş Con
Kennedinin dediyi "Coğrafiya bizi qonşu, tarix bizi dost, iqtisadiyyat
bizi tərəfdaş, zərurət isə müttəfiq
etdi" fikirləri bu gün nə qədər real və zəruri
səslənir. Belə ki, ekoloji böhran nəticəsində
keçmişdə dünyada ən məhsuldar su hövzələri
arasında duran Xəzər dənizi son onilliklərdə
öz öncül mövqeyini tamam itirmişdir. İndi onu diriltmək
olduqca zəruridir.
Pünhan
Ədalət.- 2010.- 9 dekabr.- S .7.