QALİB OLAN MƏĞLUB...
Düşünürəm ki, Yer üzərinə fitri istedada malik insanlar gəlməsəydi,
həyat çox yeknəsək, rəngsiz olardı. Zövqlər inkişaf etməzdi, gözəlliklər müəyyən
mənada üzə çıxmazdı. Bəlkə
insan oğlu bu günkü təfəkkürə də
sahiblənməzdi... Bəs görəsən,
Tanrının xüsusi
qabiliyyətlə mükafatlandırdığı
bu insanların istedadı irsən də ötürülürmü?
Əslində bunun mütləq cavabını
vermək çox çətindi. Çünki
istedadın irsən ötürüldüyünü deyənlərlə bunun əksini sübut edənlərin mübahisəsi artıq çox uzun zamandır ki, sona yetməyib. Hər iki tərəf
müxtəlif dəlillərlə
çıxış etməsinə
baxmayaraq həqiqətən
də bu fikirlərin heç biri ilə birmənalı
razılaşmaq mümkün
deyil. Amma onu etiraf etmək
lazımdı ki, insan genlərinin nəsildən-nəslə ötürüldüyü
artıq mübahisə
mövzusu deyil. Və artıq eyni nəsldən çıxan
istedadların mövcudluğu
barədə çoxlu
sayda faktlar da var. Əslində
yazıya bu fikirlərlə başlamaqda
məqsədim heç
də insanların irsi xüsusiyyətlərindən,
genin irsən ötürülməsindən və
c. bəhs etmək deyil. Fikrim istedadlı bir musiqiçinin övladından, özü
də yaratdıqları
ilə adını bütün dünyaya tanıtdıran Frensis Ford Koppola haqqında
söz açmaqdır.
FRENSİS FORD KOPPOLA
Dünya kinosunun ən nəhəng,
ən tanınmış simalarından biri sayılan Frensis
Ford Koppola 1939-cu il aprelin 7-də Birləşmiş
Ştatların Detroyd şəhərində anadan olub. Onun
atası Karmine Koppola bəstəkar, həm də
fleytaçı, anası isə aktrisa idi. Ailə zəngin
olmasa da təminatlıydı. Lakin atasının sənəti
və işinin ucbatından Koppolalar ailəsi ölkənin
bir çox şəhərlərində yaşamalı
olmuş, uzun müddət bu "köçəri" həyatı
sürdürmüşlər. Ailənin tək övladı
olan Frensis elə yerdəyişmə ucbatından da 25 məktəbdə
oxumaq məcburiyyətində qalmışdır. Amma bununla belə, Frensis məktəb dram dərnəklərinə
mehrini salmışdı. Əgər onun sənətə gəlişinin
kiçik detallarını da nəzərə alsaq, Frensisin 16
yaşından dram dərnəklərində
işıqçılıqla məşğul olduğunu deyə
bilərik. Məhz elə bu həvəs yeniyetmənin gələcək
tale yolunu çiddi şəkildə kino sənətinə
yönəltdi.
Beləliklə o, Hofstra
Universitetində teatr sənəti üzrə təhsil
aldı, sonra bunun ardınca Los-Ancelesdəki Koliforniya
Universitetinin kino məktəbinə qəbul olundu. Kino sənətinə
aid hər bir şeyi öyrənməkdən yorulmayan Frensis
Fordun sonrakı yolu o dövrün ən çox qorxulu filmlərin
müəllifi kimi tanınan rejissoru Rocer Kormanın yanına
istiqamətləndi. Frensis Koppola Kormanın yanında ən
müxtəlif işlərdə çalışmalı oldu.
Burada o həm səs rejissoru, həm ssenariçi, həm də
prodüsser kimi fəaliyyət göstərdi. Vaxt
ötdükcə ona qısametrajlı filmlər çəkməyi
də həvalə edirdilər. Qorxulu filmlərin həvəskarları
onun 1965-ci ildə çəkdiyi qısametrajlı "Sərsəmlik
13"ü çox bəyəndilər. Halbuki, Frensis bu filmin
ssenarisini bir gecədə yazmış, çəkilişlər
(İrlandiyada) isə cəmi 9 gün sürmüşdü.
EVLİLİYİ VƏ İLK FİLMLƏRİ
Frensis Koppolanın ailə
qurması da necə deyərlər, sənətindən kənarda
baş vermədi. Rejissor İrlandiyada olarkən iş prosesində
geyimlər üzrə rəssam işləyən gənc
Elinor Nillə tanış olur. Biri-birlərini bəyənən
gənclər qərblilərə xas tərzdə uzun illər
sevgili kimi birlikdə olmadılar. Onlar bir müddətdən
sonra evləndilər. Ailə bağlarına hörmətlə
yanaşan Frensis amerikalılardan fərqli olaraq istəyirdi ki,
onun uşaqları olsun və o övladlarını istədiyi
kimi böyüdə bilsin. Sonralar bu istəkləri haqda
danışan Koppola demişdi: "...Axı mənim bir
yarım da italiyandı. Bu üzdən də genetik olaraq
övladlarıma bağlanmağı arzulamışam. Bundan
başqa, özümün uşaqlığım məndə
bəzi ağrılı izlər qoyduğu üçün
istəmişəm ki, övladlarımı xoşbəxt etməklə
özümün yaşadıqlarımı konpensasiya edim".
Evləndikləri ilin sonunda onların bir oğlu - Can-Karlo dünyaya gəldi. Çox sonradan onun iki övladı da doğuldu. Övladlarından daha çox
Boş vaxtlarını oğlu və arvadı ilə keçirən Frensis elə həmin illərdən başlayaraq biri-birinin ardınca tamaşaçıların
rəğbətini qazanan
filmlər çəkdi. Və filmdən
filmə onun şöhrəti artdı,
məşhurlaşdı. "Sən indi
böyük oğlansan"
kinokomediyası, "Finianın
göyqurşağı", "Yağış adamlar"
lentləri tamaşaçılar
tərəfindən alqışlarla
qarşılandı. Həqiqətən də artıq dünyanın kino aləmi Koppola adını tez-tez eşitməyə başlamışdı.
1970-ci illərdə
Frensis İkinci Dünya savaşının
generallarından olan Corc Pattonedən bəhs edən "Patton adlı" hərbi-bioqrafik
filminin ssenarisinə görə ilk "Oskar"ını
aldı. Amma həmin
illərdə çox
gənc olan Koppolaya bu şöhrət
"başgicəllənmə" gətirmədi. Sənətə son dərəcə ciddi münasibət bəsləyən
Frensis bu sahədə daha çox yaratmaq haqqında düşünürdü.
Bunun üçün yaradıcılıq
axtarışlarını davam
etdirən rejissor nəhayət ki, istədiyini tapdı.
Mario Pyuzonun Nyu-York
mafiyasından bəhs
edən ssenarisini ekranlaşdırmağa başladı.
O vaxt filmin uğur qazanacağına inananlar çox idi. Çünki Koppola öz
istedadı ilə hər kəsi buna inandırmışdı.
Amma heç kim gözləmirdi
ki, o, "Xaç atası" filmi ilə 20-ci əsrin film-şedevrini yaradacaq. Həqiqətən də o bu şedevri yaratdı.
Koppola
"Xaç atası"
ilə nəinki öz ölkəsində,
habelə bütün
dünyada məşhur
bir adama çevrildi.
Filmdəki hadisələri
ustalıqla biri-biri ilə əlaqələndirən rejissor
dövrün bütün koloritini, insanların
psixologiyasını, düşüncə tərzini, fəlsəfəsini
məharətlə tamaşaçıya çatdıra
bildiyi üçün əsər adi qanqster filmlərindən
kəskin şəkildə fərqlənir. Kinonu seyr edənlər
yalnız kəskin süjetə görə deyil, həm də
həyatın bir parçasının şahidinə
çevrildiklərinə görə "Xaç
atası"na valeh olurdular. Koppola məharətlə
tamaşaçını tamaşa salonundan alıb hadisələrin
passiv iştirakçısına çevirirdi. Koppolanın
aktyor seçimi də demək olar ki, qüsursuz idi. O bu məsələdə
hər şeyi zərgər dəqiqliyi ilə
ölçüb-biçmişdi. Al Paçino, Marlon Brando,
Ceyms Kaan... Qeyd edim ki, çəkilişlər zamanı don
Karleona roluna bir sıra çox məhşur aktyorlar
iddialı idilər. Lorens Olivye, Corc S. Skott, hətta prodüsser Karlo Ponti... Rol uğrunda amansız rəqabət gedirdi.
Koppolo məhz Marlon Brandonun namizədliyi üzərində
dayandı. Baxmayaraq ki,
prodüsserlər Brandonun
çəkilməsinə etirazlarını
bildirmişdilər. Marlon Brandonun özü bu rolu almaq
üçün adına və şöhrətinə uyuşmayan
kinoprobalara da razılıq vermişdi.
Film çəkildi və
Frensis Koppola çəkdiyi zəhmətin
mükafatını aldı:
möhtəşəm tamaşaçı
məhəbbəti və
"Oskar".
Sonradan studiyanın
düşdüyü maliyyə sıxıntıları məcbur
etdi ki, Koppola 1974-cü ildə yenidən mafiya mövzusuna
qayıtsın və beləliklə "Xaç atası -
2" filminin çəkilişlərinə
başladı. Bu film də böyük uğur qazandı və
demək olar ki, elə birinci lent kimi bütün dünya
ölkələrinin ekranlarında dönə-dönə
nümayiş olundu, studiyaya böyük məbləğdə
qazanc gətirdi. Məhz bu möhtəşəm müvəffəqiyyətə
görə idi ki, bu film rejissor işinə, ssenarisinə,
aktyor oyununa, musiqisinə görə "Oskar"
mükafatına layiq görüldü. Və yeri gəlmişkən
onu da qeyd edim ki, filmin musiqisini Nino Rotla birgə yazan Frensisin
atası Karmine Koppola da "Oskar" aldı. Kino tənqidçilərinin
verdiyi qiymətə görə, "Xaç atası"
dünya kinosunun inciləri sırasına daxildir.
ÇƏTİN SINAQLAR, SARSINTILAR DÖVRÜ
1979-cu ildə Koppolo
"Apokalipsis bu gün" adı filmi üzərində
dörd illik işini tamamladı. Amma bu onların
hamısı üçün, xüsusilə də studiya
üçün böyük məhrumiyyətlər gətirdi.
Filmdə çəkilən kinoulduz Marlon Brando ilə problemlər
yaşandı. Baş rolun ifaçısı Martin Şin
infarkt keçirdi. Çəkilişlər Filippində
getdiyi üçün orada qurulan milyon dollarlıq dekorasiyalar
baş vermiş tufan nəticəsində yerlə-yeksan oldu.
Bütün bunlar azmış kimi işlərin ən
qızğın vaxtında çəkilişlər
bir neçə ay dayandı. Çünki Koppola filmin
sonluğu üçün münasib süjet fikirləşib
tapa bilmirdi. Bununla yanaşı filmin xərcləri durmadan
artdığı üçün rejissor öz
kompaniyasının varidatını ortalığa qoydu... Bir
sözlə, son dərəcə əzici bir vəziyyət
yaranmışdı. Daha çox gərginlik keçirən
Koppola çıxış yolu arayırdı...
Bəlkə də son
işinin gərginliyi idi, ya uzun illərin
üst-üstə qalaqlanmış mənəvi və fiziki
yükü idi Frensis səhhəti ilə bağlı ciddi
naratçılıq keçirirdi. Yaxın ətrafı
tez-tez onu depressiv vəziyyətə
düşdüyünün şahidi olurdular. Sanki məşhur
Koppola hərəkətlərinə
nəzarət edə bilmirdi. Hətta bir dəfə çəkiliş
meydanında Frensis arvadı ilə mübahisəyə
girişdi. Əsəbi gərginlik o həddə qədər
yüksəldi ki, o, Elinorla dalaşdı,
qışqırmağa başladı, hətta həyatında
ilk dəfə olaraq arvadını itələyərək təhqir
etdi. Bu mübahisə boşanmaya qədər gəlib
çatdı. Bu hadisələrdən sonra Frensisin səhhətində
psixoloji problemlər daha da dərinləşdi, onda kəskin
depressiv tutmalar başladı. Artıq çox ciddi həkim
müdaxiləsiz mümkün deyildi. Koppola uzun müddət
müalicə alsa da həkimlər onu evə buraxarkən xəbərdarlıq
etdilər: "Depressiv tutmalar ara-sıra təkrarlana bilər.
Amma özünüzü güllələməyin". Amma
bütün bunların fonunda onu qeyd edim ki, onun ərsəyə
gətirdiyi "Apokalipsis bu gün" filmi hamını
heyran etdi. Film həqiqətən də gözəl idi. Film
üç "Oskar"a və "Qızıl palma
budağı" mükafatına layiq görüldü.
BÖYÜK UĞURLAR VƏ DƏRDLƏR ONU MÜŞAİYƏT EDİRDİ...
Amma böyük
uğurları kimi böyük dərdlər də
Koppolanı müşaiyət edirdi.
Ona əzab verən xəstəlikdən tam özünə gəlməmiş
daha bir sarsıdıcı zərbə aldı. 1986-cı ildə
növbəti filmin çəkilişləri zamanı
rejissora dəhşətli bir xəbər verdilər. 22
yaşlı oğlu Can-Karlo motorlu qayıq gəzintisi
zamanı faciəli surətdə həlak olmuşdu. Bu faciə
Koppola kimi bir adam üçün hətta
öldürücü də ola bilərdi... Frensis sonradan
özü də xatırlaya bilmədi ki, həmin anları
necə adlada bilib. Amma sonradan Koppola yazmışdı: "Bu
hadisə baş verən zaman mən qəfildən anladım
ki, mənim bütün işlərimin necə nəticələnəcəyindən
asılı olmayaraq mən artıq məğlub olmuşam.
Bundan sonra mənimlə nələrin baş verəcəyinin
heç bir əhəmiyyəti yox idi. Mən daha hec cür məmnunluq
hissini duymayacağam". Amma Tanrı onlara rəhm də
etmişdi. Belə ki, sarsıntı içərisində olan
Frensisi və Elinoru oğlanlarının ölümündən
altı ay sonra dünyaya gələn övladı - qız nəvəsi
Cia xilas etdi. Koppola və Elinor nəvə ilə təskinlik
tapdılar.
Həmin dövrlər
onların maliyyə cəhətdən də müəyyən
problemləri yaranmışdı. Məhz elə
o vaxtlar "Paramaunt"un sahibi Frenk Mankuzo rejissora
sərfəli bir təklif etdi. Koppola "Xaç atası"nın üçüncü hissəsi
çəkilsin. Koppola ssenari
üçün 1 milyon,
rejissorluğa görə
3 milyon dollar almalıydı.
Əslində bunlar da heç hamısı deyildi. Filmin sonradan gətirdiyi
gəlirin 15 faizi də Frensisə çatacaqdı. Bu həqiqətən də həmin dövr üçün çox əla razılaşma idi. İşə
start verildi. Öncə
ssenari... Amma ssenarini o tək
deyil, Mario Pyuzo ilə yazdı. Çəkilişlər başladı. Və film yenidən bütün dünyaya səs salacaq bir səviyyədə
hazırlandı. Burada
ən maraqlı cəhətlərdən biri
də bu idi ki, ayrı-ayrı
vaxtlarda çəkilmiş
"Xaç atası"nın heç bir hissəsində ümumi ideyaya, məzmuna, dinamikaya, ardıcıllığa, hadisələrin
inkişafına... hətta
keyfiyyətinə belə
xələl gətirilmədi.
Amma Frensis Koppolanın uğurları heç də bununla bitmədi. Rejissor "Nyu-York tarixçəsi"
"Drakula", "Cek",
"Xeyriyyəçi", "Gəncliksiz gənclik"...
kimi filmlərə öz möhürünü
vurdu. Ümumiyyətlə, Frensis bir rejissor kimi 30-dan çox film çəkib.
O həm də ssenarilər müəllifi
kimi də tanınır. Hazırda Koppolanın şəxsi
kinofirması da var. Özünü yaradıcılıqdan
kənar saxlamağı
bacarmayan bu istedadlı rejissor ssenaristlərin və yazıçıların özlərini
göstərməsi üçün
"Zoetrope All Story" adlı jurnal da nəşr
etdirir. Bundan başqa, o, Hollivud
kinokompaniyalarıyla əlaqələrini
kəsməyib. Hətta o ən
yaxın dostu Mario Pyuzo ilə yeni bir layihə
üzərində də
işləyirdi - "Xaç
atası" filminin
4-cü hissəsinin ssenarisini
hazırlayırdı. Amma 1999-cu ildə Pyuzonun ölmü Frensisi bu layihəni
yarımçıq qoymağa
vadar etdi...
Dünya
ekranlarını fəth edən bu nəhəng rejissor
artıq yaşlaşıb, vaxtını daha çox
ömür-gün yoldaşı ilə keçirməkdədir.
Hətta şəhər həyatından uzaqlaşaraq
özünün Napa vadisindəki gözəl malikanəsində şəxsi təsərrüfatı
ilə məşğul olur. Bəlkə də çoxları
inanmaz ki, sənətdə əvəzsiz uğurlara imza
atmış Koppola burada da öz sözünü deməyi
bacarıb. Belə ki, şərabçılıq
işi ilə məşğul olan Frensis yeni üzüm sortu
"Rubikon"u yaradaraq həmin adda bir restoran da
açıb. Yalnız tək yox, dostu
Robert De Niro və
Robin Uilyamsla birgə. Və həyatının sakit, gurultusuz, parıltısız
dövrünü yaşayır.
Hərdən ona müraciət
edən jurnalistlərə
təvazökarcasına cavab
verir.
Bundan sonra o yenə
hamını ekranlara kilitləyən bir əsər
yaradacaqmı, yaratmayacaqmı, bunu kimsə bilmir. Bəlkə
də heç özü də. Zamansa keçir... Amma bundan
sonra nələrin baş verəcəyində asılı
olmayaraq Frensis Koppola adını artıq insanların
yaddaşına böyük hərflərlə yaza bilib...
BABƏK YUSİFOĞLU
Ədalət.- 2010.- 14 dekabr.- S. 5.