ŞƏRƏFLİ ÖMÜR
YOLU
ƏJDƏR QİYASLI- 75
Əsgərov Əjdər Xanlar oğlu (Əjdər
Qiyaslı) 1935-ci il dekabrın 13-də Qarabağın
axar-baxarlı, dilbər güşələrindən birində
- Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Orta məktəbi
bitirdikdən sonra Azərbaycan Dövlət Xalq Təsərrüfatı
İnstitutunda təhsil alıb.
Orada təhsilini
uğurla-yüksək qiymətlərlə başa
çatdırıb. 1960-cı ildə Azərbaycan Elmi-Tədqiqat
Kənd Təsərrüfatının İqtisadiyyatı və
Təşkili İnstitutunda elmi işçi vəzifəsində
işləməyə başlayıb. Həmin institutda aspiranturaya
daxil olub, dissertasiya müdafiə edərək iqtisad elmləri
namizədi, alimlik dərəcəsi alıb. 1967-ci ilin
sentyabrından indiki Azərbaycan Dövlət İqtisad
Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində
işləmiş və işləyir. İndi orada 44 ilə
yaxındır ki, "İqtisadi nəzəriyyə" fənnindən
dərs deyir.
Əjdər Qiyaslı
50 ildən çoxdur ki elmi-pedaqoji və ədəbi sahədə
çalışır. Onun iqtisadiyyatın aktual problemlərinə
dair 8 kitabı, 85-dən çox elmi əsəri, 150-dən
artıq elmi-publisist məqalələri çap olunmuşdur.
Hələ müdafiə etməmişdən əvvəl
"Azərbaycan gəncləri"qəzetində
"İqtisadi bilik bolluğun açarıdır"
başlığı altında çap olunan çoxsaylı
seriya məqalələri iqtisadçılarda və cəmiyyətdə
dərin maraq doğurmuşdur.
Əjdər Qiyaslı
50 çap vərəqi həcmində "İqtisadi nəzəriyyə"
və 26 çap vərəqi həcmində "İqtisadi təlimlər
tarixi"dərsliklərinin müəlliflərindən
biridir. O, "Nizami Gəncəvinin iqtisadi görüşləri"
mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.
Onun M.F.Axundovun, C.Cabbarlının və S.Vurğunun iqtisadi
fikir dünyasına dair yazdığı və
"İqtisadiyyat" qəzetində çap etdirdiyi elmi məqalələri
iqtisadi irsimizi tədqiq etmək baxımından çox dəyərlidir.
Əjdər
Qiyaslının yaradıcılığı qoşa
qanadlıdır. O, yalnız kamıl iqtisadçı
alim-pedaqoq deyil, həm də istedadlı şair kimi
tanınır. Onun hələ 1954-cü ildə orta məktəbdə
oxuyanda "Vətənimdir" adlı ilk şeiri mətbuatda
işıq üzü görmüşdür. İndi
iqtisadçı alim-şairin "Doğma torpaq",
"İnsanlara inanıram", "Günəşli nəğmələr",
"Yaxşı adam görəndə", "Ömür
karvanı", "Ömrün qoşa qanadı", "Mənim
dünyam", "Yaşanan günlər", "Səmalardan
gələn səda", "Yaradan yaşayır, yaranan
qalır", "Dünyanı yaşadan Günəş"
və "İqtisad elminin kəhkəşanında"
adlı 12 şeirlər kitabı, qəzet və jurnallarda
350-dən çox şeiri çap olunmuşdur. Şairin
şeirlərinə S.Ələsgərov, R.Mirişli, M.Əhmədova,
C.Musayev, C.Quliyev kimi görkəmli bəstəkarlar
çoxsaylı populyar mahnılar bəstələmişlər.
Onun şeirləri Türkiyədə, Təbrizdə, Moskvada,
Daşkənddə... çap olunmuşdur.
Əjdər Qiyaslı
ilk dəfə olaraq "Dünyanın himni"ni yazmış,
onu 3 dildə - Azərbaycan, rus və ingilis dillərində
çap etdirmişdir; himnin sözlərinə
tanınmış bəstəkar C.Quliyev mahnı bəstələmişdir.
Əjdər Qiyaslı
yüksək ixtisaslı iqtisadçı kadrların
hazırlanmasına uzun müddət səmərəli
elmi-pedaqoji fəaliyyətinə görə və Universitetin
75 illik yubileyi münasibətilə Azərbaycan Respublikası
Təhsil Nazirliyi Kollegiyasının Fəxri Fərmanı ilə
təltif edilmişdir. O, həm də "Araz" Ali Ədəbi
mükafatı və "Qızıl Qələm"
mükafatı laureatıdır. Şair Azərbaycan
Yazıçılar Birliyinin fəal üzvüdür. O,
2002-ci və 2004-cü illərdə Məşhəd ziyarətində
olmuşdur.
Belə şərəfli ömür yolu keçən
tanınmış iqtisadçı alim-şair Əjdər
Qiyaslı bu gün də gənclik eşqilə
yazıb-yaradır.
Ədalət .- 2010.- 14 dekabr.- S .6.