Təmiz su - sağlam həyat

 

2001-ci ildə Bonnda şirin su ilə bağlı problemlər üzrə keçirilən Beynəlxalq konfransda 118 dövlətin, 47 Beynəlxalq təşkilatın 73 müxtəlif ictimai təşkilatın nümayəndələri görüşmüşlər. Azərbaycanın da nümayəndə heyətinin iştirak etdiyi bu konfransda su ilə təminat su axımı probleminin həlli üçün konkret yollar tapıldı, suyun sabit istifadəsi ədalətli bölgüsü üzrə əməli addımlar atıldı. Demoqraflar 2025-ci ilə qədər Yer kürəsi əhalisinin 8 mlrd.-a qədər artacağını proqnozlaşdırırlar ki, bunların da 5 mlrd. nəfəri içməli su qıtlığından əziyyət çəkən sahələrdə yaşayacaqdır. BMT-nin fəaliyyətinin 60 istiqamətindən biri təhlükəsiz içməli suyun təmin edilməsidir.

 

Beynəlxalq İçməli Su İli elan edilən 2003-cü ildə bu qiymətli resursu mühafizə etməyin vacibliyi haqqında geniş məlumatlandırma kampaniyası aparıldı. 2-ci beynəlxalq su onilliyində (2005-2015) qarşıya təhlükəsiz su mənbəyindən istifadə imkanı olmayan əhalinin say nisbətini iki dəfə azaltmaq məqsədi qoyulmuşdur. Eləcə də bizim respublikamızda keçirilən sosioloji sorğu nəticəsində müəyyən edilmişdir ki, respondentlərin 90%-dən çoxu yalnız bulaq suyunu təmiz su sayırlar. Əhalinin məişətdə istifadə etdiyi su çox zaman quyulardan, bəzən çaylardan əldə edilir və ya digər ərazilərdən gətirilir. Bu su xüsusi sanitar nəzarətdən keçmir.

Azərbaycanın şəhərlərində əhalinin su ilə təminat problemi nisbətən nikbin görünür. Şəhər əhalisinin 95,2%-dən çoxu su kəmərindən istifadə edir. Lakin suyun sanitar qiymətləndirilməsinin səviyyəsi, artıq qeyd etdiyimiz kimi, heç də həmişə beynəlxalq standartlara uyğun gəlmir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən (1-ci fəsil. Ümumi müddəalar. Maddə 9. Uşağın həyatı və sağlamlığının mühafizəsi hüququ) hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüququ vardır. Dövlət uşaqların həyatının mühafizəsi və sağlam inkişafını təmin edir, ekoloji təhlükəsizliyini təmin edən şərait yaradır, onların keyfiyyətli yeməklə, içməli təmiz su ilə təchizi üçün müvafiq tədbirlər görür. Ölkə prezidenti cənab İ.Əliyevin də qeyd etdiyi kimi, "...ekologiya məsələləri hər bir ölkə üçün, hər bir vətəndaş üçün vacib olmalıdır. Bu, insanların sağlamlığıdır. Sağlam ekoloji mühit, sağlam hava, təmiz su - bütün bunlar insanın həyatı üçün ən əhəmiyyətli məsələdir..."

"Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidenti 20 noyabr 2008-ci il tarixli sərəncam imzalamışdır. Azərbaycan Kür və Araz çaylarının qonşu ölkələr (Gürcüstan və Ermənistan) tərəfindən çirkləndirilməsinin qarşısını almaq üçün beynəlxalq təşkilatlara müraciət edib. Ekologiya sahəsində bu gün görülən işlərin nəticələrini gələcək nəsillər görəcəklər. Elə bu səbəbdən də gələcəyimiz olan uşaqlar arasında həyatımızın bir hissəsi suyun, həm də təmiz suyun əldə olunması, dəyərləndirilməsi ilə bağlı maarifləndirmə işinə ehtiyac var, həm də uşaqlar arasında.

Bütün bu faktorları nəzərə alaraq Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin təşkilatçılığı ilə "Uşaqlara təmiz su - sağlam həyat" layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində Yevlax və Mingəçevir şəhərlərində yaşayan uşaqlar arasında maarifləndirmə işi aparılacaqdır. Artıq bu məqsədlə bölgələrə ilkin səfərlər olmuş və hazırlıq işləri başa çatmaq üzrədir. Layihənin əsas məqsədi insan həyatı və sağlamlığı, öncəliklə də uşaqların həyatının və sağlamlığının mühafizəsi üçün ən əhəmiyyətli məsələlərdən biri olan təmiz su və onun istifadəsi ilə bağlı problemləri uşaqlar arasında müzakirə mövzsuna çevirmək və maarifləndirmə işini təşkil etməkdir.

 

 

Ədalət.- 2010.- 14 dekabr.- S. 7.