İqlim dəyişikliyinin hüquqi və etik aspektləri

 

Artıq bir neçə ildir prezidentin müvafiq sərəncamı ilə 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. Azərbaycan dünyada öz Milli İnsan Hüquqları gününü qeyd edən yeganə ölkədir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək ölkədə İnsan hüquqları aylığı keçirilib və Bakıda, habelə respublikamızın bütün regionlarında silsilə tədbirlər təşkil olunub.

 

Ölkə Prezidentinin tövsiyəsi ilə respublikamızda qeyd olunan "Ekologiya ili" və İnsan Hüquqları Günü münasibətilə Müvəkkil tərəfindən keçirilən, 17-19 iyun 2010-cu il tarixlərində keçirilən və "İnsan hüquqları və ətraf mühit: iqlim dəyişikliyinin hüquqi və etik aspektləri" mövzusuna həsr edilmiş Ombudsmanların VIII Bakı Beynəlxalq konfransı insan hüquqları üzrə mühüm yekun tədbiri olub.

Bu mötəbər toplantıda Kanada, Tailand, Sloveniya, Rusiya Federasiyası (RF) və subyektlərinin, Ukrayna, Belarus və Moldovanın ombudsmanları və ya bu ölkələrin milli insan hüquqları təsisatlarının nümayəndələri, həmçinin insan hüquqları sahəsində tanınmış beynəlxalq ekspertlər iştirak ediblər. Tədbirə həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatları, dövlət qurumlarının, QHT-lərin, vətəndaş cəmiyyətinin, nümayəndələri, Rusiya Federasiyası, Türkiyə, Norveç və Polşanın ölkəmizdəki səfirləri, habelə KİV təmsilçiləri qatılıblar.

Konfransın açılış mərasimində Ombudsman Elmira Süleymanova, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov, YUNESKO-nun Moskva Bürosunun sosial və humanitar elmlər üzrə mütəxəssisi Alla Ampar çıxış edərək, beynəlxalq tədbirin məqsəd və məramını açıqlayıblar.

İlk plenar iclastraf mühit və insan hüquqları: əsas beynəlxalq-hüquqi aktlar və milli qanunvericilik" mövzusuna həsr olunub. E.Süleymanova "Beynəlxalq hüquqi aktlarda və milli qanunvericilikdə təsbit olunmuş ekoloji hüquqların müdafiəsi sahəsində Ombudsmanın fəaliyyəti" mövzusunda məruzə edib. O, hər il Azərbaycanda Ombudsmanların konfransını təşkil etdiyini, indiyə kimi keçirilən beynəlxalq tədbirlərdə 50-dək ölkənin insan hüquqları üzrə müvəkkilinin iştirak etdiyini, belə mötəbər toplantılar vasitəsilə həm də təcrübə mübadiləsi aparıldığını bildirib. O, iqlim dəyişikliyinin hüquqi və etik aspektlərinə dair konfransın ilk dəfə olaraq Azərbaycan Ombudsman İnstitutu tərəfindən keçirildiyini vurğulayıb, ekoloji hüquqların müdafiəsinin böyük əhəmiyyət daşıdığını qeyd edib.

E.Süleymanova hazırda bir sıra dünya ölkələrdə baş verən və getdikcə artmaqda olan ciddi ekoloji fəlakətlər, kəskin iqlim dəyişiklikləri, yağıntılar, daşqınlar, meşə yanğınları, torpaq sürüşmələri, vulkan püskürmələri, zəlzələlərlə üzləşdiyini, bu problemlərin həlli yollarının axtarıldığını vurğulayıb. Ekoloji hüquqların digər insan hüquqları ilə sıx bağlı olduğunu vurğulayan Müvəkkil iqlim dəyişikliklərinin insanları ciddi maddi itkilərlə yanaşı, psixoloji stresslərə məruz qoyduğunu, etik normaların pozulmasına səbəb olduğunu söyləyib. O, bu qəbildən olan insanların uzun müddət psixoloji reabilitasiyaya ehtiyaclarını nəzərə alaraq səriştəli psixoloqların hazırlanmasının, ixtisaslaşmış QHT-lərin, krizis mərkəzlərinin yaradılmasının zəruriliyini, eyni zamanda yeni texniki vasitələrə, texnologiyalara, müvafiq avadanlığa ehtiyac yarandığını qeyd edib.

Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinin hər bir vətəndaşın sağlam ətraf mühitdə yaşamaq hüququnu təsbit etdiyi, hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ olduğu diqqətə çatdırılıb.

Dövlətimizin ətraf mühitin sistemli şəkildə mühafizəsinin təşkili və təminində maraqlı olduğu bildirilmiş, bu sahədə müvafiq normativ-hüquqi aktların qəbul edildiyi, həmin sənədlərin ekoloji hüquqların təmini, əhalinin ekoloji düşüncə tərzinin və mədəniyyətinin formalaşmasında əhəmiyyətli rol oynadığı vurğulanıb.

"A" statuslu milli insan hüquqları təsisatı kimi Azərbaycan Ombudsmanının fəaliyyətində digər hüquqlarla yanaşı, ekoloji hüquqların müdafiəsinin də mühüm yer tutduğu, "Ekologiya ili" çərçivəsində bu istiqamətdə fəaliyyətin daha da genişləndirildiyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə silsilə tədbirlərin keçirildiyi bildirilib.

Son vaxtlar yağan aramsız yağışlar nəticəsində respublikamızın bir sıra rayonlarında sel və daşqınların baş verdiyi, ərazilərin su altında qaldığı, yaşayış evlərinin qəzalı vəziyyətə düşdüyü, çoxsaylı infrastrukturun və sosial obyektlərin sıradan çıxdığı, əhaliyə ziyan dəydiyi, yerli əhalinin mənəvi və psixoloji stresslərə məruz qaldığı diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycan Ombudsmanı ötən illərdə olduğu kimi, bu dəfə də fəlakət zonalarına səfər edərək, nəticələrin aradan qaldırılması, mövcud problemin nəzarətdə saxlanılması məqsədilə yaradılmış mərkəzi qərargahda olub, əhali ilə görüşüb, onların vəziyyətini öyrənib, problemlərinin həlli yollarını müvafiq dövlət qurumlarının rəhbərləri ilə müzakirə edib. Ombudsmanın Kür çayının daşması ilə əlaqədar su basmış ərazilərdən köçürülmüş və məktəblərdə məskunlaşmış kənd sakinləri, habelə çadırlarda yerləşdirilmiş ailələrə də baş çəkdiyi vurğulanıb. Həyata keçirilmiş çevik tədbirlər nəticəsində daha ciddi itkilərin qarşısı alınıb.

Müvəkkil ekoloji hüquqların səmərəli müdafiəsi və təmini baxımından bir sıra təkliflərlə çıxış edib. Təbii fəlakətlər, insan fəaliyyəti nəticəsində yaranan texnogen hadisələr, hərbi münaqişələr və müharibələr nəticəsində yaranan fövqəladə hallarda daha ağır fəsadların aradan qaldırılması üçün preventiv tədbirlərin görülməsi, pozulmuş insan hüquqlarının bərpası məqsədilə müvafiq qurumların dinamik, operativ şəbəkə şəklində fəaliyyət göstərməsi, hadisə baş verdikdən sonra fəlakətin nəticələrinin tez bir zamanda aradan qaldırılması, əhali arasında müvafiq hüquqi maarifləndirmə tədbirlərinin keçirilməsi, hüquq mədəniyyətinin təbliği ilə bağlı təkliflər bu sıradandır.

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ombudsmanın insan hüquqları, o cümlədən qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi sahəsində fəaliyyətini yüksək qiymətləndirib. O, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, bir milyon soydaşımızın qaçqına və məcburi köçkünə çevrildiyini söyləyib, onların problemlərinin həlli istiqamətində görülən işlər barədə məlumat verib.

Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Ombudsmanla ekoloji hüquqlar sahəsində sıx əməkdaşlıq etdiyini, "Ekologiya ili" çərçivəsində birgə tədbirlər keçirildiyini vurğulayıb.

YUNESKO-nun Moskva Bürosunun nümayəndəsi Alla Ampar təmsil etdiyi qurumun Azərbaycan Ombudsman təsisatı ilə səmərəli əlaqələri barədə danışıb, konfransın çox vacib mövzuya həsr edildiyini, YUNESKO üçün ekoloji məsələlərin də prioritet təşkil etdiyini vurğulayıb.

Sonra Rusiya Federasiyası (RF) Tatarıstan Respublikasının Ombudsmanı Raşit Vagizovtraf mühit və insan hüquqları: beynəlxalq-hüquqi və milli aspektlər", Milli Məclisin deputatı Elton Məmmədov "Azərbaycan Respublikasında ətraf mühit: qanunvericiliyin əsas aspektləri", Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovtraf mühit və əqli mülkiyyət hüququ", BDU-nun professoru Əmir Əliyev "Sağlam ətraf mühitdə yaşamaq hüququ: beynəlxalq standartlar və Azərbaycan Respublikasının qanunvericiliyi", Müstəqil Hüquq Mərkəzinin prezidenti, Milli QHT Forumu İdarə heyətinin sədri Aydın Kərimov "Ekologiya və insan hüquqları: vətəndaş cəmiyyətinin rolu" mövzularında məruzələr ediblər.

Ətraf mühit və insan hüquqlarının səmərəli təmini probleminə həsr edilmiş ikinci plenar iclasda Kanada Ombudsmanının müavini, beynəlxalq ekspert D.Lenqtray, FHN-in sektor müdiri Asgəndərov, Moldova Respublikasının Parlament vəkili A.Qriqoriu, Sloveniya Ombudsmanı Zebaşek-Travnik, RF Saratov vilayətinin İnsan Hüquqları üzrə Müvəkkili N.Lukaşova, Ukrayna Ali Radasının Ombudsman Aparatının şöbə müdiri A.Donkoqlov məruzələr edibər.

Konfransın ikinci iş günü qlobal iqlim dəyişikliyinin hüquqi və etik aspektlərinə həsr olunmuş III plenar iclasda Minsk Beynəlxalq Ekoloji Universitetinin professoru, beynəlxalq ekspert T.Mişatkina və Kazan Dövlət Universitetinin professoru R.Valeyevin məruzələri dinlənilib.

Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi üzvlərinin "Uşaqlar ekstremal şəraitdə" adlı təqdimatı, onların uşaq və ekoloji hüquqlar sahəsində gördüyü işlər, həmçinin adı çəkilən şəbəkənin nəzdində Liderlik Məktəbi yetirmələrinin ekoloji hüquqlar mövzusunda rəsmləri iştirakçılarda böyük maraq doğurub.

Konfrans iştirakçıları həmin gün Milli Məclisdə olmuş, parlament sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşüblər.

Ombudsmanların VIII Bakı Beynəlxalq konfransının üçüncü iş günü İnsan Hüquqları üzrə Müvəkkilin Aparatında davam etdirilib. Tədbir iştirakçıları müzakirələrə yekun vurmuş və tövsiyələr irəli sürüblər. Qonaqlar Ombudsman təsisatının fəaliyyət istiqamətləri və struktur bölmələri ilə yaxından tanış olub, Müvəkkilin innovativ ideyalarını və tədbirlərini maraq və razılıq hissi ilə qarşılayıb.

Konfransın sonunda Azərbaycan Ombudsmanının çoxsaylı təkliflərinin də yer aldığı Bakı Bəyannaməsi yekdilliklə qəbul olunmuşdur. Bəyannamədə ekoloji məsələlərlə bağlı insan hüquqlarının daha səmərəli müdafiəsi məqsədi ilə parlamentlə, müvafiq dövlət qurumları, habelə QHT-lərlə əməkdaşlığın inkişaf etdirilməsi, universal və regional beynəlxalq təşkilatlarla, həmçinin milli insan hüquqları təsisatları ilə birgə layihələrin həyata keçirilməsi və s. əks olunmuşdur. Bu sənəddə ekoloji hüquqlara hörmətin təmin edilməsinin insan hüquqlarına dair beynəlxalq hüquqi aktlarda öz əksini tapmış etik norma və standartların təbliğinin zəruriliyi qeyd edilib.

 

Kanada Ombudsmanının müavini, Tailandın Baş Ombudsmanı, RF İnsan Hüquqları üzrə Müvəkkili Aparatı rəhbərinin müavini, RF Samara vilayəti və Dağıstan Respublikasının ombudsmanları və digər iştirakçılar "A" statuslu milli insan hüquqları təsisatı kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüslərini yüksək dəyərləndirib, konfransın yüksək səviyyədə təşkili və keçirilməsinə görə ona minnətdarlıqlarını bildirib, qarşılıqlı əməkdaşlığın gələcəkdə də davamlı olacağına ümidlərini ifadə ediblər.

 

 

Zemfira MƏHƏRRƏMLİ

 

Ədalət.- 2010.- 14 dekabr.- S. 7.