Ramiz Mehdiyevdən daha bir kitab

 

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin "İnkişafın Azərbaycan modeli" adlı kitabının təqdimat mərasimi keçirilib.

 

Azərbaycan Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə təqdimat mərasimində çıxışı zamanı bildirib ki, "İnkişafın Azərbaycan modeli" kitabı ölkəmizlə maraqlanan dövlətləri düşündürəcək: "Azərbaycan müstəqillik əldə etdikdən sonra çətinliklərlə üzləşib - bir iqtisadi sistemdən digərinə keçib. Çox az ölkələr belə keçiddə öz iqtisadi müstəqilliyini saxlaya bilib. Azərbaycan öz iqtisadi müstəqilliyini saxlayan azsaylı ölkələrdən biridir".

Azərbaycan iqtisadiyyatının inkişaf modelinin elmi-nəzəri əsaslarının işlənib hazırlanması, bu istiqamətdə geniş tədqiqat işlərinin aparılması günün vacib tələblərindən biridir. İdeya və ön sözün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyev olan "İnkişafın Azərbaycan modeli" kitabı bu istiqamətdə atılan ilk addımlardan biri kimi səciyyələndirilməlidir. Kitabın redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, buraxılışa məsul "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, Əməkdar jurnalist Bəxtiyar Sadıqovdur.

Kitab ön söz və üç fəsildən ibarətdir. Burada son 17 ildə Azərbaycanda elmi əsaslarla hazırlanıb həyata keçirilən sosial-iqtisadi siyasət, reallaşdırılan islahatlar milli inkişaf modelini səciyyələndirən məsələlər kimi önə çəkilir. 1994-2009-cu illərdə iqtisadi sahədə keçid dövrünü təmin edən əsas sosial-iqtisadi hadisələrə, ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən verilən sərəncam və fərmanlara, təsdiq olunan dövlət proqramlarına, digər qanunvericilik aktlarına nəzər salınır, əldə olunan nailiyyətlərin xronologiyasına diqqət yetirilir. İqtisadi keçid dövrünü başa vuran Azərbaycanda əvvəlki sosial-iqtisadi münasibətlərin, institutların bazar iqtisadiyyatına uyğun olaraq transformasiyası, islah olunması, yenilərinin formalaşması prosesinə nəzər salınır.

Z.Səmədzadənin sözlərinə görə, kitabın ərsəyə gəlməsi Azərbaycanın dayanıqlı inkişafından xəbər verir. Bu kitabın müxtəlif dillərə tərcümə olunması Azərbaycanın inkişaf modelinin dünyada daha yaxşı tanınmasına xidmət edir.

Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, deputat Əli Əhmədov öz çıxışında qeyd edib ki, akademik Ramiz Mehdiyev və yaradıcı qrupun Azərbaycan iqtisadi inkişafının təhlilini aparması və ictimaiyyətə təqdim etməsi təşəbbüsü Azərbaycan xalqı üçün mühüm töhfədir. Əhmədov çıxışında Azərbaycan iqtisadiyyatının inkişafının təməlində duran əsas prinsiplərdən söz açıb: "Azərbaycan iqtisadi inkişaf modelinin bazasında Azərbaycandakı sabitlik dayanır. Ölkədə Heydər Əliyev tərəfindən təmin olunmuş sabitlik inkişafın platforması rolunda çıxış edir. İnkişafın əsasında duran digər amillər isə əsası Heydər Əliyev tərəfindən qoyulan, bu gün də uğurla davam etdirilən neft strategiyası və iqtisadi islahatlardır. Digər amillər isə iqtisadi inteqrasiya, tranzit, modernləşmə və sosial bazar prinsipləridir".

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev çıxışında deyib ki, model anlayışı mücərrəd anlayış deyil: "Hər bir ölkənin özünəməxsus inkişaf xüsusiyyətləri, həm resurs, həm də aparılan siyasət xüsusiyyətləri var. Model o ölkələrə aid olunur ki, o ölkədə inkişaf anoloqu olmamaqla fərqlənir və aparılan siyasət fərqliliyi ilə xarakterizə olunur".

Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov kitabın təşəbbüskarı Ramiz Mehdiyevə və kitabın hazırlanmasında iştirak edən digər şəxslərə təşəkkürünü bildirib. Həsənov qeyd edib ki, kitabın yazılmasında başlıca məqsəd Azərbaycanın inkişaf modeli haqqında ictimai müzakirələrə zəmin yaratmaqdır: "Əsas məqsəd ondan ibarətdir ki, Heydər Əliyev tərəfindən yaradılan, bu gün İlham Əliyev tərəfindən davam etdirilən modelin fərqli xüsusiyyətləri təhlil olunsun, onun dayanıqlılığı müzakirə edilsin və onun çatışmayan tərəfləri barədə təhlillər aparılsın, müvafiq dövlət qurumlarına tövsiyələr edilsin".

  

  

Anar

 

Ədalət.- 2010.- 10 dekabr.- S. 3.