Dünyanı böyük maraqlar idarə edir

 

Azərbaycan ərazisini həm təcavüzdən, həm də erməni köçündən xilas etməlidir

 

ATƏT-in Minsk qrupu həmsədrləri artıq 16 ildir ki, Dağlıq Qarabağ probleminin aradan qaldırılmaq üçün ciddi fəaliyyət göstərmir. Tez-tez dəyişən həmsədrlərin də bu məsələdə ciddi təsiri olmayıb. Amma uzanan illər səbrini daşırdığı Azərbaycandan müharibə çağırışları eşidən kimi nəinki həmsədrlər onları təmsil edən dövlətlərin rəsmiləri bülbül kimi cəh-cəh vururlar. Etiraz seriallının davamı olaraq ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filipp Qordon "Ağ Ev"in müharibə istəmədiyini bildirib. Onun sözlərinə görə rəsmi Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində iştirakdan kənarda qalmaq niyyətində deyil. Özü də ABŞ bu məsələdə son illər təşəbbüsü ələ keçirən Rusiya ilə sıx əlaqə saxlamağı planlaşdırır.

 

Sivilizasiyanın məkanını darmadağın edənlər müharibə istəmir?

 

Filipp Qordon "SNN"nin müsahibəsində Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aktiv rol oynadığını və Amerikanın bu aktivliyi alqışladığını bildirib: "Biz Moskva ilə bu məsələdə sıx əməkdaşlıq etməyə hazırıq". ABŞ-ın münaqişənin həlli prosesində yetərincə iştirak etmədiyi fikirləri ilə razılaşmayan diplomat Azərbaycan və Ermənistanla sıx əlaqə saxladıqlarını deyib: "Biz münaqişə tərəfləri və ATƏT-in Minsk qrupunun sədrlərilə sıx əlaqə saxlayırıq. ABŞ da Rusiya və Fransa kimi münaqişənin tənzimlənməsi istiqamətində nəticə əldə olunmasında maraqlıdır. Dövlət katibi Hillari Klinton bu ilin iyulunda Azərbaycan və Ermənistana səfər edib, situasiyanı izləyir, daim bu məsələ ilə bağlı məlumatlandırılır". Filipp Qordon bildirib ki, ATƏT-in Astana sammitində Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olub, ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyi ilə birgə bəyanat səsləndirib. O, ABŞ-ın təmas xəttində atəşkəsin pozulması hallarından da narahat olduqlarını dilə gətirib: "Biz ziddiyyətlərin əvvəlki kimi qalmasına görə təhlükənin artmasından, son dövrlər regionda baş verənlərdən narahatıq. Bu, təhlükəli vəziyyətdir və nəticə əldə olunması istiqamətində səylərimizin gücləndirilməsini zəruri edir".

Dağlıq Qarabağ torpağı olmadığı və əraziləri işğala məruz qalmadığı və daha dəqiqi regionda maraqları baxımdan Amerikanı başa düşmək olar. Amma okeanın o tayından çox-çox uzaqlarda maraqları baxımından müharibə aparan rəsmi Vaşinqtonun müharibədən ehtiyatlanması başa düşülən deyil. ABŞ diplomatlarının bu tipli fikirlərini şərh edən politoloqların qənaətincə, bu məlumatların arxasında Rusiya kəşfiyyatı dayanır. Çünki təcavüzkar Ermənistan Rusiya ilə əlaqələrini möhkəmləndirməkdən ötrü bütün vasitələrə əl atır. Siyasi müşahidəçilər hesab edir ki, xüsusilə Astana sammitindən sonra Dağlıq Qarabağdakı separatçı rejimin "müstəqilliyinin" Ermənistan parlamentində tanınması məsələsi aktuallaşır. Bu da onu deməyə əsas verir ki, Ermənistan Rusiyanın təlimatına uyğun addım atır. Filipp Qordonun müharibənin təhlükəli vəziyyət ala biləcəyini deməsi də bu amillərlə bağlıdır. Digər bir tərəfdən də ABŞ müharibənin ona görə əleyhinədir ki, bu, Rusiyanın xeyrinə ola bilən məsələdir. Müharibənin isə nə ilə nəticələnəcəyini heç kim əvvəlcədən deyə bilməz. İstənilən halda Rusiya bundan məharətlə yararlanar və növbəti dəfə işğalçılıq siyasətinə imza ata bilər. Eyni zamanda, rəsmi Vaşinqtonun Xəzər bölgəsində 50 milyard dollardan çox sərmayəsi var. Əgər müharibə baş verərsə, onun "Nabucco", "İpək yolu" və digər iri layihələrdən əli çıxa bilər. Ona görə də münaqişənin sülhlə həllinə çalışır. Xüsusilə də rəsmi Moskvanın təşəbbüslərinin dəstəklənməsi buna xidmət edir. Sirr deyil ki, "Ağ Ev" heç vaxt Rusiyanın yenidən bölgəyə nəzarətinə razı ola bilməz.

 

Rusiyaya müharibə deyil, gərgin ocaqlar sərf edir

 

Ərazilərin işğaldan azad olunmasında müharibə variantının seçilməsini şərh edən MDB Dövlətləri İnstitutunun Qafqaz bölməsinin rəhbəri Feliks Stanevski isə deyib ki, müharibəni nəinki ABŞ, Rusiyanın özü də istəmir. Onun sözlərinə görə, Astana sammitindən sonra tərəflərə müharibənin sülhlə həlli üçün daha bir şans verilib: "Düzdür, rəsmi Bakı müharibə variantını istisna etmir. Amma bu nəinki tərəflərə, bütün bölgəyə təhlükə ola bilər. Mənə elə gəlir ki, rəsmi Vaşinqton Rusiyanın mövqeyini dəstəkləməklə düzgün mövqe nümayiş etdirir".

 

Torpaqlar azad olunur, erməni köçü altında?

 

Onu da deyək ki həmsədrlərin tərəflər arasında danışıqları davam etdirdiyi bir vaxtda Azərbaycanın işğal olunmuş ərazilərinin adları dəyişdirilir, köçürmə prosesi aparılır. Azərbaycanın işğal altında olan torpaqlarında ermənilərin məskunlaşma siyasəti bu günün mövzusu olmasa da, zaman-zaman gündəmə gətirilir. Xüsusilə xaricdən, ermənilərin daha çox nüfuz etdiyi dövlətlərdə yaşayan hayların Dağlıq Qarabağ ərazisinə köçürülmə faktı danılmazdır. Bir neçə gündür Suriya və Ermənistandan işğal olunmuş Zəngilan rayonuna erməni ailələrinin köçüylə bağlı məlumatlar yayılıb.

Baxmayaraq ki, dünya ictimaiyyəti, xüsusilə müharibənin sülhlə həllində maraqlı olan dövlətlər, bu kimi faktları ciddi qəbul etmirlər. Ona görə ki, bunların arxasında onların böyük maraqlarına zidd amillər mövcuddur. Dünyanın etirat etməməsinə rəğmən Ermənistan özü bu faktları gizlədə bilmir. Qeyd edək ki, hələ ötən il "Ermənistan - bizim evimiz" ictimai təşkilatının sədri Aida Yeremyan ermənilərin Dağlıq Qarabağ ərazisinə köçürülməsi üçün "Artsaxın dirçəlişi" adlı aksiya keçiriləcəyini, artıq 6 min erməninin bu aksiya çərçivəsində Azərbaycanın işğal altında olan ərazilərinə köçməyə hazır olduğunu demişdi. Özü də Dağlıq Qarabağ ərazisinə köçmək istəyən ermənilərin müvafiq sənədləri Dağlıq Qarabağdakı separatçılara verdikləri də bildirilirdi: "Azərbaycandan köçən ermənilər Dağlıq Qarabağda torpaqla təmin ediləcək və kənd təsərrüfatı ilə məşğul olacaqlar". Aida Yeremyan yeni ailə qurmuş ermənilərin işğal altında olan Azərbaycan torpaqlarına köçürülməsi prosesinin davam etdiyini, gələn ilin əvvəllərindən iki erməni ailəsinin Kəlbəcərə köçürüləcəyini bildirib.

Bu il fevralın 13-də isə Qarabağ separatçılarının lideri Bako Saakyan Rusiyanın Stavropol və Krasnodar vilayətlərinə səfər etmişdi. Səfərin məqsədi əslən Qarabağdan olan ermənilərlə münasibətləri möhkəmləndirmək və onları geri qayıtmağa təşviq etməkdən ibarət idi. Saakyan ilk görüşünü Pyatiqorskda erməni icmalarının rəhbərləri və Stavropol işgüzar dairələrinin nümayəndələri ilə keçirmişdi. İkinci görüş fevralın 14-də yenə Pyatiqorskda Rusiyanın cənubundakı erməni icmalarının liderləri ilə olmuşdu. Saakyan qarabağlıları Dağlıq Qarabağın iqtisadiyyatına fəal şəkildə sərmayə qoymağa çağırıb və onlara müharibə olmayacağına "zəmanət" verib.

 

Ruhlandırma tədbirləri

 

Separatçı rejim hətta Qarabağda məskunlaşan yeni ailələrə müəyyən vergi güzəştləri tətbiq edir, onlara maddi kompensasiyalar verir. Bu vaxta qədər sözügedən istiqamətdə həyata keçirilən siyasət nəticəsində ermənilər müəyyən sayda ailəni Qarabağa köçürə bilib. Bundan başqa, dünyanın müxtəlif qaynar bölgələrində yaşayan ermənilərin də işğal altında olan Azərbaycan ərazilərinə köçürülməsi həmişə İrəvanın, eləcə də erməni diasporunun diqqət yetirdiyi əsas məsələlərdən biri olub. Hələ 2006-cı ildə İsrailin Livana qarşı hərbi əməliyyatlara başlamasından və nəticədə yüz minlərlə livanlının qaçqın düşməsindən sonra burada yaşayan ermənilərin Qarabağa köçürülməsi daha da intensivləşdi. Həmin vaxt sabiq xarici işlər naziri Vardan Oskanyan özü də erməni qaçqınların bir neçə təyyarə reysilə Ermənistana evakuasiya olunmasını təsdiqlədi. Sonradan isə məlum oldu ki, bu ermənilərin əksəriyyəti yaşamaq üçün məhz Qarabağa göndərilir. İraqdan da müəyyən miqdarda erməni Qarabağa köçürülüb. "Azadlıq" radiosu erməni redaksiyasının məlumatına görə, ABŞ Konqresinin Demokratlar partiyasından olan üzvləri Tim Ualz və Betti Makkolum Ermənistanın və erməni diasporunun müraciəti əsasında İraqda yaşayan ermənilərin Ermənistana köçürülməsilə bağlı dövlət katibi Hillari Klintona məktub göndəriblər. Bildirilir ki, konqresmenlər Hillari Klintona İraqda yaşayan ermənilərin Ermənistana köçürülməsi üçün fond yaratmağı təklif edirlər. Onların qənaətincə, İraq erməniləri məhz xristian olduqları üçün bu ölkədə təzyiqlərə məruz qalır. ABŞ konqresmenlərinin Hillari Klintona müraciətində isə bildirilir ki, İrəvan erməni "qaçqınlar"ının məskunlaşdırılması üçün bütün mümkün addımları atmağa hazır olduğunu bəyanlayıb. ABŞ dövlət katibinə ünvanlanan müraciəti 5 konqresmen imzalayıb. Respublikaçı konqresmen Kolin Piterson müraciəti imzalamasa da, təşəbbüsün tərafdarı olduğunu bildirib.

 

Dilənçilik köçü

 

Konqresmenlərin müraciətində deyilir: "Biz Obama administrasiyasını Suriya və İordaniyada məskunlaşmış xristian ermənilərin Ermənistana köçürülməsi üçün BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığının fondundan vəsait ayırmağa çağırırıq. ABŞ 2011-ci ilin sonunadək öz qoşunlarını İraqdan çıxarmağı planlaşdırır. Amma bununla yanaşı, İraq qaçqınlarına beynəlxalq yardımlar da getdikcə azaldılır, İraq xristianlarına qarşı zorakılıq halları isə artmaqda davam edir. İraq qaçqınlarının vəziyyəti istər ölkənin sərhədləri çərçivəsində, istərsə də ondan kənarda gündən-günə ağırlaşır".

Ermənistanın miqrasiya xidmətinin rəhbəri Qaqik Yeqanyan "Azadlıq" radiosunun erməni dilində redaksiyasına açıqlamasında ölkəyə İraqdan min nəfərdən artıq erməninin köçürüldüyü barədə məlumatı təsdiqləyib. İraq ermənilərinin milli idarəetmə mərkəzinin sədri Paruyr Akopyan "Azadlıq" radiosuna açıqlamasında bildirib ki, ermənilər Ermənistana deyil, ABŞ-a köçmək istəyirlər və onların sayı 2 min nəfərdən çoxdur. Amma elə erməni mənbələrinin yaydığı məlumata görə, rəsmi İrəvan erməni lobbisinin yardımı ilə İraq ermənilərinin bir hissəsini Qarabağa köçürməyə çalışır.

Amma bir fakt da danılmazdır ki, rəsmi İrəvan müxtəlif aldadıcı vədlər verərək bura köçürdükləri erməni ailələr sonradan Azərbaycan torpaqlarını tərk etmək məcburiyyətində qalıblar. Bakının hərbi əməliyyatları bərpa etmək hədələrindən sonra Qarabağdan ermənilərin köçməsi güclənib. İlk növbədə imkanlı şəxslər və ya Rusiyada qohumu olanlar Qarabağı tərk ediblər və ya tərk etməyə çalışırlar. Onlar rayonların azad olunması məsələsinin praktiki olaraq həll edildiyini, lakin bu ideyanın həyata keçirilməsinin hərbçilərin narazılığına səbəb olacağını və onların nəzarətdən çıxara biləcəyini deyirlər.

 

Terrorçuların əməkdaşlığı

 

Maraqlıdır, işğal altında qalan Azərbaycan ərazilərinə ərəb ölkələrindən ermənilərin köçürülməsi ilə bağlı məlumatlar həmişə üstünlük təşkil edir. Niyə məhz ərəb ölkələri erməniləri sualının cavabı çox asandır. Ona görə ki, erməni terror təşkilatı ASALA-nın digər terror təşkilatları ilə sıx əlaqəsi var. İşğal olunmuş ərazilərimizdə mülki əhalidənsə daha çox terrorçuların məskunlaşması rəsmi İrəvanın marağındadır. Məsələn, ASALA qatı ərəb terrorçularından olan Əbu Nidalla, "Hizbullah"la sıx əməkdaşlıq edir. PKK-nin hər üç döyüşçüsündən biri erməni mənşəlidir. PKK-nin bazarında erməni terrorçuları hazırlayan ASALA hər bir erməni terrorçunun təlim keçməsi müqabilində 5000 dollar ödəyir.

İki il əvvəl Moskvada məskunlaşan PKK emissarlarının işğal altındakı Qarabağa gəlişi də dediklərimizi təsdiqləyir. PKK-nın Rusiya üzrə koordinatoru Merabi Şamoyevin rəhbərlik etdiyi qrupa MDB kürdləri İttifaqının liderlərindən olan Əhməd Yunus, "Kürdistan raport" jurnalının baş redaktoru Rüstəm Broi və Həjar Kürdəsgər daxildir. Emissarların Xankəndiyə səfərində məqsəd isə Türkiyə və İraqdan qovulmuş PKK yönümlü ailələrin Qarabağa köçürülməsi barədə separatçı rejimin rəhbərliyilə məsləhətləşmələr aparmaq idi. Bu məlumatlardan görə bilərik ki, terrorçu PKK-nın işğal altındakı Dağlıq Qarabağ ərazisini seçməsi təsadüf deyil. Burada əsasən terrorçular hazırlanır və onlar xaricdəki siyasi dairələrin maliyyə və ideoloji dəstəyi ilə hərəkət edir.

Soyuq müharibə bitəndən sonra Yaxın Şərqdəki bir sıra terrorçu təşkilatlar kimi PKK da özünə "patron" axtarışına çıxdı. Bu ərəfədə PKK ilə analoji maraqlara sahib olan erməni diasporası həmin quruma ciddi maliyyə dəstəyi ayırmaq qərarı verdi.

Onu da qeyd edək ki, ABŞ-da fəaliyyət göstərən "Amerika-Kürd İnformasiya Şəbəkəsi"nin internet saytı şəbəkənin xəttiylə bir qrup terrorçunun Dağlıq Qarabağ ərazisinə göndərilməsi barədə xəbər yaymışdı. Xəbərdə o da deyilirdi ki, səfər "Manukyan Simon" fondunun maliyyə dəstəyilə həyata keçirilib. Bunun nəticəsidir ki, son bir ildə Dağlıq Qarabağa 270 yezidi kürd ailəsi köçürülüb. Bundan başqa, Suriya, İraq, Livan, Rusiya və başqa ölkələrdən 120 erməni ailəsi köç edib.

Qafqaz Siyasi Araşdırmalar Mərkəzinin analitiki Zurab Todua bildirib ki, Dağlıq Qarabağ və Azərbaycanın erməni işğalında olan digər ərazilərinə PKK-çıların gəlməsi prosesi hələ 2001-ci ildə başlanıb. Helsinki Vətəndaş Assambleyasının Ermənistan Milli Komitəsinin mənsublarının dediklərinə görə, Ermənistanın hakimiyyət dairələri və işğal altındakı Dağlıq Qarabağdakı separatçı rejim kürd ailələrinə bol vədlər versələr də, sözlərinə əməl etmirlər: "Kürd ailələri Dağlıq Qarabağa və ətraf rayonlara köçürülməzdən əvvəl onların istisnasız olaraq hamısına 15 min dollar məbləğində birdəfəlik yardım, 1 hektar əkin sahəsi, 0,25 hektar həyətyanı sahə, 1 ton taxıl və 1 ton kartof veriləcəyi bildirilib. Amma kürd ailələri bildirirlər ki, onlar yardımlarla vəd edilmiş torpaq sahələrini ala bilmirlər". Görünür, separatçı rejimin Livanın paytaxtı Beyrutda əyləşdirdiyi Yaxın Şərq üzrə nümayəndəsi Karapet Kababcan ərəb ölkələrindən terrorçuları Qarabağ ərazisinə köçünün təşkilində fəallıq göstərib.

Bütün bunları nəzərdən keçirdikdən sonra Azərbaycanın təşəbbüsü ilə BMT-nin faktaraşırıcı missıyasının işğal olunmuş ərazilərimizlə bağlı obyektiv sənəd ortaya çıxarmaqda özündü güc tapa biləcəyi sualı yaranır. Ermənilərin işğal altındakı torpaqlarımızda məskunlaşdırılması prosesinin yeni olmadığını vurğulayan siyasi müşahidəçilər deyirlər ki, bu faktlar hətta beynəlxalq mətbuatda da yer alıb. Həmçinin rəsmi Bakı bunu dünya ictimaiyyətinə çatdırıb ki, onun nəticəsi olaraq iki dəfə işğal olunmuş ərazilərdə Minsk qrupunun qiymətləndirmə missiyası monitorinq keçirib. İkinci monitorinqin nəticələri hələ bəlli deyil və bütün hallarda Azərbaycan onların nəticələrini gözləyir.

 

Görünür erməni ictimai rəyində belə bir fikir var ki, nə qədər ki, işğal olunan əraziləri geri qaytarılmayıb orada sürətlə məskunlaşdırma prosesi həyata keçirmək lazımdır. Bunu şübhəsiz vasitəçi dövlətlər də bilirlər. Amma bütün hallarda ermənilərin ərazilərimizdə daimi məskunlaşması mümkün deyil. Ona görə ki, rəsmi İrəvanın mövqeyindən asılı olmayaraq oraya göndərilən ermənilər işğal olunmuş torpaqların gec-tez Azərbaycana qaytarılacağını düşünürlər və məskunlaşmaya maraqlı deyillər. Amma o da istisna deyil ki, həmin ərazilərə xaricdən hansısa qruplar gətirilir. Bu da müvəqqəti xarakter daşıyır və hər bir ailə özünün təhlükəsizliyinə təminat istəyir. Qarabağ isə elə bir yerdir ki, orada təhlükəsizlikdən danışmaq mümkünsüzdür. İşğal olunmuş ərazilərimizə xarici investisiyaların cəlbinə gəlincə, aydındır ki, investisiya o ünvanlara yatırılır ki, orada sabitlik höküm sürür. Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərimizə gələn xarici investorların isə daimi əməkdaşlığından deyil, qısa müddətdə zəngin sərvətlərin talan etməsindən söhbət açıla bilər.

  

 

Gültəkin

 

Ədalət.- 2010.- 10 dekabr.- S. 4.