Yeni il və onun təzadlı tarixi

 

Ayrı-ayrı xalqların bayram adətləri və bu adətlərdəki türk izləri

 

Artıq dekabr ayının 10-cu günü olmasına və yeni il ərəfəsini yaşamağımıza baxmayaraq, etiraf edək ki, heç bir bayram əhval-ruhiyyəsindən söhbət gedə bilməz.

Düzdür, bu bayram bizim üçün milli hesab edilməsə də, ölkəmizdə də qeyd olunduğundan hansısa dəyişikliyin olması lazım. Əvvəlcədən deyim ki, yazı ölkəmizdəki yeni il ab-havasına həsr olunmayıb və daha çox bayramın tarixiylə bağlı araşdırma xarakteri daşıyır. Onu da qeyd edim ki, Yeni ilin xristianlara aid olmasıyla bağlı mənim də müəyyən fərziyyələrim var idi. Amma gedişat göstərdi ki, tarixi kifayət qədər təzadlı olmasına rəğmən, burda da qədim türk izi yox deyil.

 

Yeni ilin tarixi

 

Əvvəlcə başlayaq tarixdən. Bəzi fərziyyələrə görə, bu bayramı ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə isə germanların və romalıların adı hallanır. Üçüncü versiyada isə Mesopotamiyada yarandığını sübut etmək cəhdləri var.

Alimlərin fikrincə, ilk sivilizasiya eramızdan əvvəl IV minillikdə Nilin aşağı vadisində yaranıb və elə bayram da ilk dəfə üçüncü minillikdə burda qeyd edilib.

Buranın yerli camaatı torpaqla bağlı işlərə martın sonlarında başlayır və bundan əvvəl 12 gün ərzində maskarad və karnavallar təşkil edirdilər. Bu günlərdə məhkəmə qurmaq, cəzalandırmaq, işləmək qadağan edilirdi. Deyilənlərə inansaq, bu adət vavilonlulardan yəhudilərə, yəhudilərdən yunanlara keçib. Bununla da Qərbi Avropaya yayılıb və romalıların Avropanı işğalından sonra bayram yanvarın 1-nə keçirilib. Bayramda küknar ağacının bəzədilməsi isə qədim dövrlərə təsadüf edir.

 

Türk izi

 

Bir çox araşdırmaçılarımızın fikrincə, küknar ağacının bəzədilməsi adəti isə məhz türklərə məxsusdur və qədim türklərdə bu ağac müqəddəs hesab edilirmiş. Araşdırmaçı Lalə Mehralı isə bu qənaətdədir ki, küknar həmişəyaşıl olduğundan bolluq-bərəkət, yenilik rəmzi sayılır. Tarixi iki min il əvvələ gedən bu adətdən başqa bayram üçün albalı ağacı da yetişdirilirmiş. Ağacın yanında şamlar yandırılarmış. Qədimdə ağacların sehri və ovsununa çox böyük inam olub.

Həmişəyaşıl küknar isə xüsusi ilə daha üstün tutulurdu. O həyat və yeni doğuluşun rəmzi kimi müqəddəs, dünyəvi ağac hesab edilirdi. Qədim avropalılar isə küknarın yaşıl budaqlarına məhsuldarlıq, bərəkət simvolu, harmoniya və firavanlığın rəmzi kimi yumurta asırdılar. Belə bəzədilmiş küknarın şər qüvvələri qovduğu güman edilirdi. Küknar budaqlarını həm də evin qapısından asırdılar. Sonralar isə küknarı oyuncaqlarla bəzəməyə başlayırlar. Və tədricən almanlara məxsus olan bu ənənə mülklər və qəsrlərə gedib çıxır. Burada isə əcnəbilərlə nikah bağlayan şahzadələr yaşayırdı. Məhz Britaniya taxt-tacının varisinə ərə gedən gənc alman şahzadəsi XVII əsrin sonunda İngiltərədə ilk bəzəkli küknar ağacını qurur. Almaniyadan olan daha bir şahzadə bunu fransızlara da öyrədir. Rusiyada isə ilk küknar ağacları XIX əsrin 30-cu illərində bəzədilməyə başlayır. Evlərin küknar budaqları ilə bəzədilməsinə I Pyotrun dövründə rast gəlinsə də, bayramda küknar ağacını yalnız Peterburq almanlarının evlərində görmək olardı. Paytaxt küçələrində isə bəzəkli küknar yalnız 1852-ci ildə qurulur.

Qədim dövrlərdə küknar ağacını şər qüvvələrdən qorunmaq üçün bəzəyirdilərsə, indi heç kim bu barədə düşünmür.

Amma yeni ilin tarixi ilə bağlı fərziyələr təkcə bununla bitmir. Deyilənlərə görə, Yeni il ilk dəfə 4 min il əvvəl köhnə Babildə baharın gəldiyi zaman qeyd olunub. Misirlilər isə yeni ili Nil çayının daşdığı sentyabr ayında qeyd edirdilər. Miladdan əvvəl 46-cı ildə Roma imperiyasında Yuli Sezarın qəbul etdiyi və indi də istifadə olunan təqvimlə bərabər yeni il yanvar ayının birinci günü qeyd olunmağa başladı. Bu bayram hər ölkədə bir formada, fərqliliklərlə qeyd olunur.

 

Şaxta babanın neçə yaşı var və ya Nikolay kim olub?

 

Şaxt babanın yaşına gəlincə, bu barədə versiyalar istənilən qədərdir. Bəzi ölkələrdə bu personajın əcdadını yerli cırtdanlarla bağlayırlar. Digərlərində isə orta əsrlərdə miladla bağlı mahnılar oxuyan səyahətçi janqlyorlar və ya uşaq oyuncaqları satan saqqallı satıcılar hesab edilir. Bəzənsə bildirilir ki, Şaxta babanın qohumları arasında şərqi slavyanların soyuq ruhi Treskun da var. Deyilənlərə görə, IV əsrdə türklərin yaşadığı Mira şəhərində Nikolay adlı arxiyepiskop var imiş. (Türkiyənin cənub-qərbindəki Patara şəhərində zəngin bir xristian ailəsində doğulubmuş). Nikolay müxtəlif adlarla da tanınır: Santa Claus, Saint Nicholas, Saint Nick, Father Christmas, Kris Kringle, Santy və ya Santa. Çox mehriban olduğu deyilən Nikolay imkansızlara kömək edər, kasıb ailələrin qızlarına cehiz alarmış. Xeyirxahlığına görə onu müqəddəs adlandırıblar. Bu yerdə Nikolaya Allahdan rəhmət diləyib keçək XI əsrə. Bu əsrdə onun dəfn edildiyi kilsəni İtaliyalı quldurlar qarət edirlər. Onlar müqəddəsin qalıqlarını oğurlayaraq vətənlərinə aparırlar. Bu hadisə böyük qalmaqala səbəb olur və Nikolay xaçpərəstlərin sitayiş obyektinə çevrilir. Orta əsrlərdə isə dekabrın 19-da - Nikolay günü uşaqlara hədiyyə paylanması adəti yaranır. Yeni təqvim gəldikdən sonra müqəddəs ata uşaqların yanına Milad bayramında, daha sonra isə Yeni ildə gəlməyə başlayır. Dünyanın müxtəlif yerlərində bu mehriban qocanı müxtəlif cür çağırırlar. İspaniyada - Meksikada Papa Noel, Fransada Le Pere Noel, Rumıniyada Moş Carile, Türkiyədə Noel Baba, Hollandiyada Sinte-Klaas, İngiltərə və Amerikada Santa-Klaus, Rusiyada Ded Moroz, bizdə isə şaxta baba.

 

Şaxta babanın geyimi necə yaranıb?

 

Şaxta babanın geyimi də birdən-birə yaranmayıb. Əvvəlcə onu plaşda təsvir edirdilər. XIX əsrin əvvəllərində hollandlar onu hündürboy, qəlyan çəkən və uşaqlara bacadan hədiyyələr atan şəkildə təsvir edirdilər. Elə həmin əsrin sonunda ona xəzlə haşiyələnmiş qırmızı kürk geyindirirlər. 1860-cı ildə amerikalı rəssam Tomas Nayt Şaxta babanı saqqalla bəzəyir, tezliklə isə ingilis Tenniel yumşaqqəlbli gombul obrazını yaradır.

Şaxta babanın nəvəsi Qar qız Rusiyada yaranıb. Qar qızın peyda olması qədim rus folklor ənənələrinə gedib çıxır. İvan Kupala bayramında ocağın üstündən tullanaraq əriyən Qar qız qış və yayın əvəzlənməsinin rəmzidir. N.A.Rimski-Korsakovun "Snequroçka" operasından sonra isə bu nağıl personajı daha geniş şöhrət tapır.

Amma rus Ded Morozunun taleyi həmişə asan olmayıb. Oktyabr inqilabından sonra - 1920-ci illərdə Ded Moroz və küknar ağacı ideoloji baxımdan "zərərli personaj" kimi qiymətləndirilərək təqiblərə məruz qalır. İttihamlara yalnız 1935-ci ildə son qoyulur və ssenaristlər kütləvi yeni il şənliklərinin proqramlarını hazırlayırlar. Burada aparıcı qəhrəmanlar Ded Moroz və onun nəvəsi Snequroçka olur. Bundan sonra onların şöhrəti bütün postsovet məkanına yayılır. Şaxta baba və Qar qızın evə gəlmə ənənəsi isə ötən əsrin 70-ci illərində dəbə minir.

Bir qədər də ayrı-ayrı xalqların bu bayramı necə qeyd etmələri barədə. Yenə də əvvəlcədən bildirim ki, bəzi maraqlı adətlərə replikavari yanaşmalar heç də həmin xalqlara olan mənfi münasibətdən irəli gəlmir. Yazılanlar sadəcə, bayramöncəsi əhval-ruhiyyənin yüksəlməsinə yardımçı ola bilərsə, çox sevinərəm. Başlayaq çinlilərdən. Onlar qədim adətlərinə əsaslanaraq yeni ili bahar bayramı adlandırırlar. Onlar ruhları qovmaq üçün ətrafı tüstüyə bürüyür, təmizlik işləriylə məşğul olurlar.

Uşaqlar böyük bacı-qardaşlarına, böyüklərə sayğıyla yanaşır, onlarsa müqabilində qırmızı zərflərdə bayram ərməğanlarını kiçiklərə çatdırırlar. İspaniyada 31 dekabr gecəsi saat 12-ni göstərəndə 12 ədəd üzüm yeyilir hər dənənin ilin bir ayı olaraq şans gətirəcəyi güman edilir.

İngiltərənin cənubunda yerləşən Brightonda qədim adətlərə hörmət olaraq insanlar buz kimi dənizə girir və dalğalara müqavimət göstərirər. Həmçinin bayram günü gecə yarısı evə gələn insanın şans gətirildiyinə inanılır.

Almaniyada isə kəndlilər qədim paltarlarını geyinməklə yeni ili qarşılayırlar.

Kəndlilər heyvan libası geyinərək vücudlarına sarıldıqları otlarla küçələrdə gəzirlər. Hərçənd ki, bunun praktiki mümkünlüyü müəyyən suallar doğurur. Həmçinin, əridilmiş gülləni soyuq havaya ataraq güllənin şəklindən gələcəyi təxmin etməyə çalışırlar.

ABŞ-ın Luizana əyalətində isə Yeni il Novruz bayramının adətlərinə yaxın bir tərzdə qeyd edilir. Belə ki, uşaqlar ocaq yandırır və onun ətrafında otururlar.

İtaliyada isə bayram belə desək, italyansayağı qeyd olunur. Məsələn, Urbaniya kəndində hər yeni il zamanı təşkil olunmuş Bafana adlı şənlikdə böyüklər cadugər paltarı geyinərək uşaqlara hədiyyə paylayırlar. Amma bu hədiyyə uşaqları qorxutmadan edilsəydi, daha yaxşı olardı. Necə deyərlər, italyan ki, italyan.

Yaponlar yeni ili qarşılayarkən pis ruhların qovulması, xoşbəxtliyin, şansın gəlməsi üçün qapılarının önünə ip asırlar. Saatlar gecə yarısını göstərəndə isə qəhqəhə çəkməyə başlayırlar. Yəqin ki, saatlar 12-ni göstərəndə ölkədəki vəziyyəti təsəvvür edirsiniz-hamı gülür. Səbəb isə şən və şanslı bir il keçirməkdir. Ölkənin Kyoto kəndində yeni il üçün Şaxta baba marafonu düzəldilir. Həmçinin 31 dekabr gecəsi 108 dəfə qapının zəngini çalırlar. Məncə bunun üçün bayramöncəsi qapının zəngini də təzələməyə ehtiyac var. Hər halda köhnə qapı zəngi bu cür təzyiqə davam gətirməz.

Yazıq Kubalılar isə bir yerə yığışır və alov yandırmaqla əylənirlər.

Avstraliyanın Sidney şəhərində yeni ili qarşılayan xalq dənizə getməklə, qumun və günəşin dadını çıxarırlar.

Rumıniyada isə bayram günü heyvanlar əsas atribut sayılır. Belə ki, yeni ilin başladığı gün heyvanları dinləyərək onların danışmağa başlayıb başlamadığını yoxlamaq adətləri var.

Vyetnamda isə Tanrılarla yaşadıqlarına inandıqları üçün ilin sonunda cənnətə geri qayıdacaq olan Tanrılara yaxşı davranaraq onlara təsir göstərməyə çalışırlar..

Belçikada heyvandarlıqla məşğul olanlar heyvanların yeni ilini qeyd edirlər. Hər halda bu da bir adətdir. Məncə onların Elza Seyidcahan kimi bir sənətçiləri olsa, bayramı daha maraqlı qeyd etmək olardı.

Hollandiyada həm bir il əvvəlki ilin ruhlarını göndərmək, həm də yeni ili qarşılamaq üçün küçələrdə yandırılan ocaqlarda yeni il ağacları atəşə verilir.

İsveçrədə insanlar yaxşı və pis ruhları işarələyən kostyumlar və şapkalar geyinirlər.

Danimarkalılar isə köhnə qablarını yeni il gecəsi üçün saxlayır və gecə yarısından əvvəl ən sevdikləri yoldaşlarının qarşısında qıraraq həm onu sevdiklərini göstərir, həm də pis şansın getməsini təmin edirlər.

Avstraliya Cənub yarımkürədə olduğundan yeni il yaya təsadüf edir. Ona görə də sadəcə, gəzinti edilərək dənizə gedilir.

  

 

İNTİQAM VALEHOĞLU

 

Ədalət.- 2010.- 10 dekabr.- S. 5.