UNUDULMAYAN ŞAHMALI KÜRDOĞLU

 

Sənət sirlərlə, möcüzələrlə doludur. Sənətkar ömrünü bitirir, amma onun yaratdığı sənət yaşayır. Dahi Üzeyir Hacıbəyovun, Azərbaycan musiqi sənətində izləri qalan, heç bir vaxt unudulmayan Cabbar Qaryağdı oğlu, Bülbül, Seyid Şuşinski, Keçəçi oğlu Məhəmməd, Xan Şuşinski, İslam Abdullayev, Zülfü Adıgözəlov, Yavər Kələntərli, Mütəllim Mütəllimov, Yaqub Məmmədov kimi sənətkarları yaşadan da onların sənətidir. Belə sənətkarlardan biri də Şahmalı Kürdoğlu idi. O, bizim muğam sənətində öz dəst-xətti olan, səsi ilə fələklərə meydan oxuyan misilsiz bir ifaçıydı. "Rast" muğamını demək olar ki, əksər xanəndələrimiz oxuyur, amma hələ də Şahmalının oxuduğu "Rast"ın təsiri duyğulardan silinməyib.

 

Mən Şahmalı Kürdoğlu ilə dost deyildim, amma onun vurğunuydum. Və günlərin birində (1991-ci ildə) bu gözəl sənətkarın dəvətilə Ağdamda, Qiyaslı kəndində onun qonağı oldum. Səhərə qədər yatmadıq, Şahmalının öz ömrü-günü, keçdiyi həyat və sənət yolu haqqında onun şirin söhbətinə qulaq kəsildim. Şahmalı Füzulini çox sevirdi, bu dahi şairin qəzəlləri onun dilindən düşmürdü. Elə səhəri o qəzəllərlə açdıq.

Şahmalı haqqında "Qobustan" curnalına bir yazı hazırladım. Amma yazı çap olunanda Şahmalı dünyada yox idi. Şəhid olmuşdu.

İstəyirdim ki, onun haqqında bir kitab yazım, bu bənzərsiz sənətkarı tanıdım. Amma yaza bilmədim. Hər dəfə o kitaba başlamaq istəyəndə "Rast" muğamını dinləyir, Şahmalının qəm dolu, qəhər dolu, həm də sanki bu dünyaya, fələyin gərdişinə üsyan dolu səsini eşidir, əlim-qolum boşalırdı.

İllər keçdi. İndi budur, Şahmalı haqqında bir kitab yazılıb. Onu Fazilə Qaraxanqızı yazıb. Ömründə Şahmalını görməyən, amma onun səsinin heyranlarından olan bir xanım. Ağdamın Pirzadlı-İsmayılbəyli kəndində, ziyalı ailəsində doğulan, bir müddət xanəndə kimi tanınan, amma indi şair-jurnalist kimi oxucuların diqqətini cəlb edən bir xanım.

"Şahmalı Kürdoğlu". Fazilə xanımın kitabına elə bu adı seçib. Kitabda üç əsas xətt görürəm: birincisi-Şahmalı Kürdoğlu sənəti haqqında müəllifin özünəməxsus düşüncələri, ikincisi onun keçdiyi məşəqqətli həyat yolu, üçüncüsü Şahmalını sevən sənət dostlarının onun haqqında xatirələri.

Müəllif Şahmalı haqqında nə bilirsə, nə eşidibsə, onların heç birindən yan keçmir. Ş.Kürdoğlu orta məktəbi Qiyaslıda bitirir, sonra Ağdamda pedoqoqçu texnikumu başa vurur, sonra da Türkmənistanda hərbi xidmət. Hərbi xidmətini başa çatdırır, amma orada universitetə daxil olur, hüquq fakültəsini bitirir. Qayıdandan sonra isə atası vaxtilə qaçaq olduğu üçün Şahmalıya iş vermirlər, o müəllimliklə məşğul olur. İş elə gətirir ki, Şahmalını Bakıya dəvət edirlər. Böyük bəstəkarımız Fikrət Əmirov Ağdama gəlir. Onun məqsədi Opera teatrına səsi olan, "Leyli və Məcnun"da oynaya bilən xanəndə tapmaq idi. Şahmalı və Bakir Haşımovu bu niyyətlə Bakıya dəvət edirlər. Ş.Kürdoğlu həm Opera teatrında, "Leyli və Məcnün" operasında çıxış edir, həm də filarmoniyada konsertlər verir. Beləliklə, məşhurluq başlayır. Az sonra o, "Rast" muğamını yazdırır və bir muğam ifaçısı kimi sənətsevərlərin rəğbətini qazanır.

Sonra isə ürəyinin sadəliyindən fitnə-felə uyur, yeddi il həbsdə yatır. (Çox təəssüf ki, Fazilə xanımın kitabında bu faktın üstündən keçilib, Şahmalının başına gələn bu əhvalat çoxlarına məlumdur və mən "Qobustan" jurnalındakı yazımda da bu barədə qısaca söz açmışam). Sonra Şahmalı Ağdama qayıdır, yenə müəllimliyini davam etdirir, universitetin filologiya fakültəsini də bitirir, Ağdamın musiqi dünyasına qovuşur, "Şur" ansamblınının yaradıcılarından, fəal üzvlərindən biri olur.

Əlbəttə, bu dediklərimin bir çoxu Fazilə xanımın kitabında çox geniş verilib. Bunlar bir insanın tərcümeyi-halında görünən cizgilərdir. Amma görünməyən, məlum olmayan cizgilər də çoxdur və Fazilə xanım bizi Şahmalı dünyasının o naməlum cizgilərini tanıdır.

Kitabın yaxşı cəhətlərindən biri budur ki, müəllim xanəndənin muğam haqqında fikirlərini də oxuculara çatdırır. Yəqin ki, xanəndənin dilindən söylənilən bu fikirlər yazılı şəkildə saxlanılıbmış. Şahmalı Kürdoğlu deyirdi: "Muğamın ayrıca bir fəlsəfəsi var, əruzun ayrıca fəlsəfəsi. Hər ikisində ümumi bir cəhət var ki, muğamat yeddi laddan və ayrı-ayrı şöbələrdən ibarətdir. Şeirin əruz vəzni də müxtəlif bəhrlərə və ayrı-ayrı növlərə, təfilələrə bölünür. Bu müqayisəni oxuculara izah eləmək yerinə düşər. Məsələn: əruzun "Rəcəz" bəhri muğamın "Çahargah" ruhuna uyğundur. Hər ikisində üsyankarlıq, döyüşkənlik ruhu var. "Həzə" bəhri "Şur" muğamı ruhundadır. Hər ikisi ürəkləri ehtizaza gətirir. Bu səbəbdən də "Şur" muğamının bir şöbəsinin adı "Dilkəş"dir. "Dilkəş" fars sözü olub,"ürəyi cəlb edən", "könül alan" mənasındadır. "Rəməl" dəvə və yaxud dəvə addımı-"Bayatı Şiraz" muğamının ruhuna uyğundur. "Bayatı-Şiraz" muğamı əsrlərdən üzü bəri gələn dəvə karvanını xatırladır. Bu muğamın ruhunda dərin düşüncə, kədər, həsrət, ümumiyyətlə, bir ağırlıq, bir ləngər var. İstər ustad oxusun, istərsə də yeniyetmə cavan, bu muğamın ruhundakı kədəri, zəhmi dərindən dərk edir, duyursan".

Hər bir sənətkar haqqında yazılan kitabda onun təkcə sənəti deyil, həm də bir insan kimi xarakteri də canlandırılır və bu mənada Fazilə xanımın kitabında biz Şahmalını özünəməxsus bir insan kimi də tanıyır və sevirik. Budur, Ş.Kürdoğlunun qızı Afət xanımın dedikləri: "Şikayət etməzdi atam. Tək-tənha, sevgidən-nəvazişdən çox uzaq sadə bir ömür yaşayırdı. Mən körpə olanda anamın daha atamla birləşməyəcəyini bilən, onunla ailə qurmaq arzusunda olan kəslərə verdiyi cavablar belə olmuşdu: "Hara getsəm, harda olsam-evdə də, məktəbdə də, yolda-izdə də, elə bilirəm ki, Şahmalı mənimlə birlikdədir, mənim üçün dağ da, daş-qaya da, ağac da, ətrafda məni əhatə edən nə varsa, hamısı Şahmalıdır". Atamın qürurlu bir insan olması hamıya məlumdur". Yeri gəlmişkən qeyd edim ki, kitabın araya-ərsəyə gəlməsində müəllifə dəstək olan, onunla bağlı bir çox bilgilərin əldə olunmasında Afət xanımın böyük rolu olmuşdur.

Təbii ki, Şahmalı Kürdoğlu sənəti , həm də onun insani keyfiyyətləri barədə ən səmimi sözü onun sənət dostları deyə bilər. Fəzilə Qvaraxanqızı bu niyyətlə Şahmalı ilə dostluq edən bir çox sənət adamlarına müraciət etmiş, onların fikirlərini də oxuculara çatdırmışdır. Bəzilərinə qısaca nəzər salaq.

 

AKADEMİK VASİM MƏMMƏDƏLİYEV: "Şahmalı Kürdoğlunda iki ümdə xüsusiyyət var idi. Birincisi, muğamı gözəl bilirdi. O, nəhəng sənətkarımız Seyid Şuşinskidən muğamat dərsi almış, muğamın bütün incəliklərinə dərindən yiyələnmişdi. İkincisi odur ki, Bakı Dövlət Universitetinin filologiya fakültəsində Əli Fəhmidən dərs almış, əruzu yaxşı mənimsəmişdi.

..İnsan yaşadıqca kamilliyə can atır. Ömrün kamillik dövrünü yaşayan Şahmalı Kürdoğlu muğamla bərabər söz yaradanı ilə baş-başa qalaraq, Allahı zikr eyləyərək daim ilahi varlığa-öz yaradanına qovuşmağa can atırdı"

 

XALQ ARTİSTİ ƏLİBABA MƏMMƏDOV: "Şahmalı mənən də, cismən də çox güclü insan idi. Yüksək ifaçılıq qabiliyyətinə və böyük daxili mədəniyyətə malik idi. Onun ifasında lentə alınan "Rast", "Zabul Segah" dəstgahları Şahmalının ortabab ifasıdır. Mən onun məclislərdə daha yüksək səviyyəli ifalarının şahidi olmuşam. O, daim Füzulidən oxuyardı. Paytaxtdan uzaqlaşmağı onun ifasında muğam dəstgahlarının lentə yazılmasına mane oldu. Özünün bəstələri vardı. Mən eşitmişdim. Füzulinin bir neçə qəzəlinə təsnif bəstələmişdi".

 

ŞAİR MƏMMƏD ASLAN: "Unutqan əsrimizdə sanki Füzulinin ruhu doğmuşdu onu-o könüllər sultanını unutmağa qoymamaq üçün, odlu nəfəsinin möcüzəsi olan sözlərinə göy qurşağı rənglərini birə-beş qat artırmaq üçün".

 

ALİM-TƏDQİQATÇI, XANƏNDƏ VƏLİ MƏMMƏDOV: "Dörd il müddətində bir yerdə təhsil alarkən Şahmalını yaxından tanıdım. O, yüksək mədəniyyətə malik, sadə və səmimi insan idi. Özünə də, başqalarına da tələbkar idi. Bəzən düşüncələrə, xəyallara qapılırdı. Ona xoş münasibəti olan adamdan heç vaxt inciməzdi.

..Satqın ermənilərin öz havadarları ilə torpaqlarımıza hücumu hamı kimi Şahmalını çox qəzəbləndirdi. Qarabağın, el-obanın Məcnunu olan Şahmalı doğma kəndini tərk etməmək qərarına gəldi. Oğlanları nə qədər təkid etsələr də, o, od-ocağından ayrılmadı".

 

XALQ ARTİSTİ CANƏLİ ƏKBƏROV: "Rəhmətlik Xan əminin səsinin heyranıyam. Şahmalının səsi onun səsinə çox bənzəyirdi".

 

 GÖRKƏMLİ XANƏNDƏ SÜLEYMAN ABDULLAYEV: "Şahmalı çox gözəl oğlan idi. Allah ona elə boy-buxun, elə qədd-qamət vermişdi ki: gur qara saçları, yaraşığı, səsi. Konsertə gələnlər həm onun səsinə, həm də zahiri gözəlliyinə heyran qalırdılar".

Kitabda xalq artisti İslam Rzayevin, tarzən Rafiq Rüstəmovun, yazıçı Mustafa Çəmənlinin, həmçinin bu sətirlərin müəllifinin-Vaqif Yusiflinin Şahmalı haqqında ürək sözləri və xatirələri də öz əksini tapır.

 

Əlbəttə, müəllif daha başqa, görkəmli sənətkarlarla da görüşə, onların Şahmalı Kürdoğlu şəxsiyyəti və sənəti ilə bağlı düşüncələrini təqdim edə bilərdi. Amma elə bunlar da kifayətdir. Əsas odur ki, bu kitabda bənzərsiz sənətkar olan Şahmalı Kürdoğlu yada salınır, xatırlanır və bizdə də belə bir qənaət oyanır ki, əsl sənətkar heç bir vaxt unudulmur.

  

  

VAQİF YUSİFLİ

 

Ədalət.- 2010.- 10 dekabr.- S. 7.