FÖVQƏLADƏ HALLAR
NAZİRLİYİ - 5 İLDƏ ONİLLİKLƏRİN ƏZƏMƏTİ
Suveren respublikamızı inamla və sürətlə
zəngin və işıqlı gələcəyə aparan,
uğurlu siyasi və iqtisadi islahatları, xalqa verdiyi
bütün vədləri əməli işi ilə tam
doğruldaraq vətənpərvərliyi, milli təəssübkeşliyi,
səmimiliyi, eyni zamanda müdrik dövlət
başçısına xas keyfiyyətləri ilə
xalqın inam və sevgisini qazanmış Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
prezidentlik fəaliyyətinin prioritet istiqamətlərindən
biri də xalqın təhlükəsiz yaşamasına təminat
verməsi olmuşdur.
Hələ prezidentlik fəaliyyətinin
ilk illərində dövlət başçımız
İlham Əliyev respublika hökumətinin strukturunu dərindən
təhlil etmiş, bəzi sahələrdə idarəetmə
işinin səviyyəsi müasir dövrün tələblərinə
uyğun gəlmədiyindən idarəetmə
orqanlarını təkmilləşdirmiş, yeni dövlət
qurumları yaratmışdır. Dövrün tələblərinə
uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli sərəncamı
ilə bilavasitə xalqın təhlükəsiz
yaşamasını, işləməsini, istirahət etməsini
daha etibarlı təmin etmək üçün Fövqəladə
Hallar Nazirliyinin yaradılması da çox əhəmiyyətli
və vaxtında həyata keçirilmiş islahatlardan biri
idi.
Fövqəladə
Hallar Nazirliyinin yaradılması haqqında Prezident İlham Əliyev
tərəfindən sərəncam imzalanması bir daha
göstərdi ki, dövlət başçımız hər
bir addımında ümummilli liderimiz Heydər Əliyevin
ideyalarının gerçəkləşməsi naminə
dövrün tələblərinə uyğun və yeni
çalarlarla məsuliyyətli, xalq üçün gərəkli
qərarlar qəbul edir. Bu cür qərarlar isə bir daha
sübut etdi ki, "Mən bütün Azərbaycan
xalqının, hər bir Azərbaycan vətəndaşının
prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir
vətəndaş inkişafa, yaxşılığa doğru
irəliləyişi görsün və onu hiss eləsin"
deyən Prezident İlham Əliyev bütün vədlərini
əməli fəaliyyəti ilə gerçəkləşdirir.
Etiraf olunmalıdır
ki, bu yeni qurumun yaradılması müvafiq sahələrdə
hökumətin fəaliyyətinin səmərəsini
artırmaqla yanaşı, bütövlükdə onun
strukturunu nəzərəçarpacaq dərəcədə zənginləşdirmiş,
ona zamanın tələbinə müvafiq yeni keyfiyyət məzmunu
kəsb etdirmişdir. Təbii fəlakətlərin aradan
qaldırılmasını, belə hallarda xilasetmə və bərpa
işləri üzrə müvafiq orqanların fəaliyyətinin
vahid mərkəzdən idarə olunmasını, ölkədə
mülki müdafiə, yanğın təhlükəsizliyi
işinin təşkilini və həyata keçirilməsini təmin
etmək məqsədilə müvafiq dövlət
qurumlarını yeni yaradılmış Fövqəladə
Hallar Nazirliyində cəmləşdirməklə Prezident
İlham Əliyev əhalinin təhlükəsiz
yaşamasının qarantı kimi məqsədyönlü və
uğurlu addım atmışdır. Prezident İlham Əliyevin
hökumət strukturundakı bu islahatı - Fövqəladə
Hallar Nazirliyinin yaradılması təbii fəlakətlər
və texnogen qəzalar təhlükəsi, onların
dağıdıcı nəticələrinin miqyasının
artdığı, əhalinin mühafizəsi ilə
bağlı məsələlərin xüsusi əhəmiyyət
kəsb etdiyi bir vaxtda xalqın təhlükəsiz
yaşamasına göstərdiyi qayğının təzahürü
idi.
Fövqəladə
Hallar Nazirliyinin yaranmasından 5 il keçsə də, bu
nazirlik sözün həqiqi mənasında qısa zaman kəsiyində
özünün xilaskarlıq missiyası ilə xalqın
ümid yerinə çevrilmişdir. Ötən beş il ərzində
Moskvanın Basman bazarındakı faciə ilə əlaqədar
operativ tədbirlərdə, quş qripi ilə mübarizədə
səhiyyə orqanlarına köməklik göstərilməsində,
çoxmərtəbəli binaların tikintisində
bütün normativ tələblərə əməl olunmasına
ciddi nəzarət olunmasında, sularda xilasetmə işlərinin
gücləndirilməsində, çimərliklərin nəzarətə
götürülməsində, Kür çayı sahillərində
subasma ilə mübarizə və əvvəlki illərdən
köklü şəkildə fərqli olaraq qabaqlayıcı
tədbirlərin həyata keçirilməsində, İranda
baş vermiş zəlzələ zamanı qonşu ölkəyə
yardımlar edilməsində, Bakının Yasamal rayonunda
çoxmərtəbəli binanın çökməsi ilə
bağlı yaranan fəsadların nəticələrinin
aradan qaldırılmasında, Müdafiə Nazirliyinin qəzaya
uğramış təyyarəsinin qalıqlarının, həlak
olanların cəsədlərinin tapılmasında, bir
sıra yanğın hadisələrində insanların həyatının
və əmlakının yanğın kimi dəhşətli
fəlakətdən xilas edilməsində və s. fövqəladə
hadisələrdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının
təqdirəlayiq xidmətləri olmuşdur. Elə yubiley
ilində - 2010-cu ildə də Fövqəladə Hallar
Nazirliyi özünün xilaskarlıq missiyasını şərəflə
yerinə yetirmiş, hətta öz qüdrətini xarici
ölkələrdə nümayiş etdirmişdir. 2010-cu ilin
yayında Rusiyada meşə yanğınları zamanı Azərbaycan
Prezidenti İlham Əliyevin tapşırığı ilə
yanğınsöndürmə əməliyyatlarında
iştirak etmək üçün heyətlə "KA-32
A" və "Mİ-17 -1 V" yanğınsöndürən
helikopterlərini göndərmiş, Azərbaycana məxsus
iki helikopter Rusiyada yanğından ən çox əziyyət
çəkən vilayətlərdən biri- Ryazanda
yanğının söndürülməsində iştirak
etmişdir. Daha sonra Fövqəladə Hallar Nazirliyi
özünün 5 illik yubiley tədbirləri ərəfəsində
İsraildə baş vermiş iri miqyaslı
yanğınların söndürülməsi
üçün bu ölkəyə iki helikopter göndərmiş,
xilasedicilərimiz bu ölkədə də təmsil etdikləri
nazirliyin adını şərəflə ucaltmışlar. Bütün
bunlar bir daha sübut edir ki, dövlət
başçımızın Fövqəladə Hallar
Nazirliyinin yaranması üçün atdığı
addımlar vaxtında görülmüş dövlət tədbiri
idi.
Dövlət
başçımızın FHN-nə qayğısı nəticəsində
onun qurumlarının maddi-texniki bazasının xeyli möhkəmlənməsi,
əməkdaşlarının təminatının və
maddi rifahının yaxşılaşması bir daha təsdiqləyir
ki, möhtərəm prezidentimiz əhalinin təhlükəsiz
yaşamasının qayğıkeşi və etibarlı təminatçısıdır.
Möhtərəm
Prezidentimizin əhalinin təhlükəsiz yaşamasına əməli
qayğısı sayəsində FHN ən müasir
avadanlıq və texnikalar ilə təchiz olunmuşdur. Bu
gün nazirliyin ən müasir elektron avadanlıqlarla təchiz
olunduğu Böhran Vəziyyətində İdarəetmə
Mərkəzinin "Əməliyyat otağı"ında
24 saat ərzində "112 zəng mərkəzi"ndən,
hüquq mühafizə orqanlarının əməliyyat
növbətçilərindən, müxtəlif orqanların
növbətçi-dispetçer xidmətlərindən
fövqəladə hadisələrlə bağlı məlumatları
qəbul edərək operativ şəkildə müvafiq qərarlar
qəbul olunur. Hadisə yerinə ən yaxın qüvvə və
vasitələr müəyyən edildikdən sonra onların
hadisə rayonuna göndərilməsi təmin edilir. Nazirliyin
qəza-xilasetmə birləşmələrinin qüvvə və
vasitələrinin mərkəzləşdirilmiş qaydada idarə
edilməsi də buradan həyata keçirilir. Nazirliyin
Böhran Vəziyyətində İdarəetmə Mərkəzinin
"Əməliyyat otağı"ndakı elektron xəritə
ilə Azərbaycanın bütün yaşayış məntəqələrinin,
avtomobil yollarının, su anbarlarının,
çayların, kanalların, regional mərkəzlərin ərazisindəki
qüvvə və vasitələrin, həmin regionda olan məktəb,
xəstəxana binalarının yerlərini müəyyən
etmək mümkündür. Burada həm də ilk dəfə
olaraq yanğın-xəbərdarlıq sisteminin
siqnallarının qəbuluna da
başlanılmışdır. Bu sistem ABŞ-ın
"AES-İntelliNet" şirkətinin məhsuludur və
dünyada "Meş" texnologiyaya əsaslanan yeganə təhlükəsizlik
sistemidir. Nazirlikdə fəaliyyət göstərən
"Böhran vəziyyətlərində idarəetmə
zalı"nda hadisə rayonunun interaktiv və vizual
görüntülərini izləmək məqsədilə
zalda 5,3 metr diaqonallı ekran
quraşdırılmışdır. Böyük
Britaniyanın "İndiqovijin" şirkətinin
istehsalı olan kameralarla istənilən obyekti 36 dəfə
optik, 12 dəfə isə rəqəmsal
yaxınlaşdırmaq və 360 dərəcə üfüqi
vəziyyətdə müşahidə etmək
mümkündür. "Böhran vəziyyətlərində
idarəetmə zalı" irimiqyaslı təbii və
texnogen fövqəladə halların qarşısının
alınması və onların nəticələrinin aradan
qaldırılmasına cəlb edilən qüvvələrin səmərəli
idarə olunması üçün bütün zəruri
avadanlıqlarla təchiz olunmuşdur. Nazirlikdə
yaradılmış multi-media mərkəzi əhalinin maarifləndirilməsinə
xidmət edir. Multi-media mərkəzində fövqəladə
hadisələr zamanı mülki əhalinin vəziyyətdən
çıxmaq üçün necə hərəkət etməsi,
davranış qaydaları ilə əlaqədar hazırlanan
xüsusi videomaterialların təhsil və sənaye müəssisələrində
nümayiş etdirilməsi nəzərdə tutulur.
Məhz dövlət
başçımızın - möhtərəm Prezidentimiz
İlham Əliyevin göstərdiyi diqqət və
qayğının nəticəsində FHN-nin
qurumlarının maddi-texniki bazası möhkəmləndirilmiş,
yanğın avtomobilləri parkı ən müasir texnika ilə
yeniləşdirilmişdir. Çox qısa bir müddət ərzində
Avropanın ən müasir yanğın avtomobilləri -
"MAN" və "İVEKO" markalı müxtəlif
təyinatlı avtomobillər Azərbaycana gətirilmişdir.
İndi nəinki Bakıda, həmçinin
respublikamızın digər şəhər və
rayonlarında Azərbaycan yanğınsöndürənləri
"MAN" və "İVEKO" markalı müxtəlif
təyinatlı avtomobillərlə, Avropa standartlarına cavab
verən ən müasir döyüş paltarı və sair zəruri
avadanlıqlarla əhalinin yanğın təhlükəsizliyini
təmin edirlər. Bütün bunlarla yanaşı dövlət
başçımızın qayğısı sayəsində
xilasetmə işlərinin aparılması üçün
bir sıra müxtəlif təyinatlı xüsusi texnikalar,
BMW markalı motosikletlər, mobil hospitallar, təcili tibbi
yardım və sanitar maşınlar, "Hammer" markalı
radio-sistemli xüsusi təyinatlı avtomobillər, qəza-xilasetmə
avtomobilləri, xilasetmə məntəqələri
üçün səyyar vaqonlar, dənizdə xilasetmə əməliyyatları
üçün yüksək sürətli və
çoxfunksiyalı katerlər, sularda xilasetmə işlərini
həyata keçirmək üçün müxtəlif
ölçülü katerlər, aviasiya xidmətinin təşkili
üçün "Mi-17-1V" tipli vertolyotlar, tikintilərin
mövcud texniki təhlükəsizlik normaları və
qaydalarına uyğun aparılmasına nəzarəti həyata
keçirmək üçün səyyar laboratoriyalar, sularda
xilasedicilər üçün geyim dəstləri və
müxtəlif adda digər xüsusi texnikalar əhalinin təhlükəsizliyinin
təmin olunmasına səfərbər edilmişdir.
Nazirliyin istifadəsində
olan ən müasir rabitə sistemləri ilə təchiz
olunmuş mobil qərargah - avtobus fövqəladə hallar
zamanı hadisə yerində böhranları idarə etmək
üçün nəzərdə tutulmuşdur. Müvafiq
avadanlıq, rəqəmsal radiostansiyaların
quraşdırıldığı mobil qərargahda nazirliyin
müvafiq qurumları ilə "video-konfrans" əlaqəsi
yaratmaq mümkündür.
Dövlət
başçımızın yanğın təhlükəsizliyinin
təmin olunmasına göstərdiyi xüsusi diqqət və
qayğı nəticəsində dünyada 5 ədəd
"Be-200ÇS" çoxfunksiyalı amfibiya - təyyarədən
1-i Azərbaycana gətirilərək döyüş
hesabına qoyulması təmin edilmişdir. "Be-200ÇS"
amfibiya təyyarəsi yanğınların
söndürülməsi, axtarış xilasetmə işlərinin
yerinə yetirilməsi, dəniz akvatoriyalarında keşik
çəkməsi, ekoloji monitorinq, eləcə də
yük-sərnişin daşımaları üçün
texniki-uçuş xüsusiyyətlərinə malik olan
yanğınsöndürmə vasitələri,
yanğınsöndürmə dəstələri və
avadanlığının əlçatmaz regionlara
daşınmasında da əvəzsiz rol oynayır. Bununla
yanaşı təyyarənin yük yerində qoyulmuş 1,2
kubmetrlik baklarda saxlanılan kimyəvi retardantlar su ilə
qarışaraq yanğının söndürülməsi təsirini
xeyli artırır.
Bu gün nazirliyin istifadəsində
olan "Qaz-3302" markalı 9 xüsusi texnika, Yaponiyadan
"Yamaha" tipli qayıqlar bina və qurğuların
texniki müayinəsi üçün 1 dəst mobil diaqnostik
kompleks, nazirliyin inzibati binasında telekommunikasiya sisteminin
genişləndirilməsi üçün xüsusi
avadanlıq, yanğınsöndürənlər
üçün Birləşmiş Ərəb Əmirliklərindən
xüsusi təyinatlı geyimlər və onlara aid
avadanlıqlar, Mülki Müdafiə Qoşunları
üçün xüsusi təyinatlı geyimlər,
Xüsusi Riskli Xilasetmə Xidməti üçün müxtəlif
adda xüsusi texniki vasitələr fövqəladə
halların xəbərdar olunması və onun nəticələrinin
aradan qaldırılması işində xüsusi rol
oynayır. FHN-nin Xəzər Hövzə Qəza-Xilasetmə
Xidmətinin xüsusi "ARKTUR" kateri isə
dağılmış neftin suyun üzərindən
yığılmasına xidmət edir.
Dövlət
başçımızın uğurlu xarici siyasəti FHN
üçün milli kadrların hazırlanması işinə
də öz töhfəsini vermişdir. Hər il nazirliyin
onlarla əməkdaşı dövlət vəsaiti
hesabına fövqəladə hallar barədə xəbərdarlıq,
onların qarşısının alınması və nəticələrinin
aradan qaldırılmasının mühüm istiqamətləri
üzrə Rusiya, Ukrayna və Belarusun müvafiq ali tədris
müəssisələrində təhsil almağa göndərilir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2 iyun 2008-ci il
tarixli sərəncamı ilə Fövqəladə Hallar
Nazirliyi üçün xüsusi ixtisaslı ali təhsilli
kadrların hazırlanmasını, əməkdaşların
ixtisaslarının artırılmasını və fövqəladə
hallar sahəsində elmi- tədqiqat işlərinin
aparılmasını təmin etmək məqsədi ilə
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının
yaradılması da bilavasitə xilaskarlıq
missiyasının daşıyıcısı olan qurumlar
üçün milli kadrların hazırlanmasına xidmət
edir.
2007-ci il dekabr
ayının 17-də Fövqəladə Hallar Nazirliyinin
yaradılmasının ildönümü ilə əlaqədar
Bakıda - Azadlıq meydanında FHN üçün
alınmış və fövqəladə hallar zamanı
çevik istifadə ediləcək yeni, müasir standartlara
cavab verən texniki avadanlıq və qurğuların, o
cümlədən yanğınsöndürmə
texnikasının təqdimat mərasimində, 2008-ci ilin
sonunda Fövqəladə Hallar Nazirliyinin yeni istifadəyə
verilmiş inzibati binasının
açılışında Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin
iştirak etməsi və xüsusi texnikanın,
avadanlığın, cihazların, qurğuların
taktiki-texniki xüsusiyyətləri ilə yaxından
tanış olması, yanğın texnikalarının
geniş texniki imkanlarını və
yanğınsöndürmə üzrə müvafiq
döyüş hərəkətlərinin xüsusi texnologiya
əsasında xilasetmə prosesini izləməsi və
regionlardakı qarnizonların texnika ilə tam təmin
olunması, müasir texnika və avadanlığın
alınması, operativliyin təmin edilməsi, əmlakın və
əhalinin daha etibarlı qorunması barədə öz
tövsiyə və tapşırıqlarını verməsi
bir daha sübut etdi ki, əhalinin təhlükəsiz
yaşaması, fövqəladə hallar zamanı onların
xilas edilməsi məsələləri dövlət
başçısı kimi onun fəaliyyətinin prioritet
istiqamətlərindəndir. Əhalinin fövqəladə
hallardan etibarlı qorunmasının təmin olunması
üçün hüquqi bazasının təkmilləşdirilməsində
də dövlət başçımız təqdirəlayiq
xidmətləri ilə əhalinin fövqəladə hallardan
qorunması mexanizminin hüquqi bazasının yaranması kimi
bir vacib sahəyə də öz töhfələrini
vermişdir. Belə ki, əhalinin mülki müdafiəsinin,
yanğın təhlükəsizliyinin, su hövzələrində
insanların təhlükəsizliyinin, xilasetmə işlərinin
təşkili, dövlət material ehtiyatları
fondlarının idarə olunması, ölkə ərazisində
radioaktiv tullantıların zərərsizləşdirilməsi,
sənayedə və dağ-mədən işlərində
texniki təhlükəsizliyə və tikintidə təhlükəsizliyə
nəzarət, taxıl tədarükü kimi mühüm vəzifələrin
yerinə yetirilməsi üçün Azərbaycan
Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev
bir sıra fərman və sərəncamlar
imzalamışdır.
Xalqımız qarşısında bu cür
çoxsaylı təqdirəlayiq xidmətləri ilə
özünün 5 illik yubileyini qeyd edən Fövqəladə
Hallar Nazirliyi sözün həqiqi mənasında ümummilli
liderimiz Heydər Əliyevin işıqlı ideyalarını
gerçəkləşdirərək əhalinin təhlükəsiz
yaşamasının etibarlı təminatçısına
çevrilmiş və bu beş ildə həyata keçirilməsi
onilliklər tələb edən təqdirəlayiq işlər
həyata keçirilmişdir. Elə təsadüfi deyildir ki,
nazirliyin fəaliyyətinə yüksək qiymət verərək
möhtərəm prezidentimiz İlham Əliyev demişdir:
"Fövqəladə Hallar Nazirliyi yaranandan sonra qısa
müddət ərzində Azərbaycanda təhlükəsizliyin
təmin olunmasında, xilasetmə işlərinin
düzgün qurulmasında çox böyük işlər
görülmüşdür".
Hikmət Xudiyev
Ədalət.- 2010.- 15 dekabr.- S. 2.