Ə.Əsgərov: "Cəmiyyətə
hərtərəfli inkişaf etmiş insanlar
lazımdır"
Hələ neçə
il əvvəl, ilk tanışlığımızda necə
vardısa, eləcə də qalıb. Münasibətlərimiz
isə xeyli istiləşib, dərinləşib.
Çünki bir-birimizi daha yaxşı öyrənə
bilmişik. İllərin arxasında qalan çətinliklər,
dönəmlər, hadisələr baxışlarımızda
fərqli nüanslar yaratmayıb. Qəzetimizin daimi abunəçisi,
daimi izləyicisi olan bu şəxs - Ədalət müəllim
bəzən ərkyanalıqla: "Yazını oxudum, pis
deyildi. Ancaq nədənsə biz tərəflərdən
çox az yazırsan" deməsini də eyni səmimiyyətlə
qəbul edirəm. Yetərincə həmsöhbət ola bilməməyimizə
səbəb isə Ədalət müəllimin daim
iş-güclə bağlı vaxtının demək olar ki,
olmaması idi. Həmişə nəsə axtaran, nəsə
yazan, otaqdakıları dinləyə-dinləyə iki
daşın arasında telefon zənglərinə cavab verən
bu adamın bütün bunların öhdəsindən necə
gəldiyini dəfələrlə fikirləşmişəm.
2980 nəfər müəllim, 31 min nəfər şagird
kontigentinə rəhbərlik edən bu şəxsin bəlkə
də iş rejimi elə bu cür olmalıdır? Deyə bilmərəm,
ancaq bütün bunlara vaxt ayırmaq, reaksiya vermək, yoluna
qoymaq elə də asan deyil.
Lap bu yaxınlarda isə
"Vallah, heç 60-ı necə haqladığımı da
bilmədim. Evə getdim ki, balalarım məni gözləyir.
Süfrə də açıblar ki, yubilyar gəlsin. Əslində
elə belə daha yaxşıdır, təmtərağı
heç vaxt sevməmişəm. Elə buna görə də
Cəlilabad rəsmilərinə heç nə
xatırlatmadım. Bir də mən neyləmişəm ki,
üzərimə düşən işləri
görmüşəm də. Ancaq bütün işlərimdə
həmişə məsuliyyətdən qorxmuşam".
Demək, Cəlilabad
rayon Təhsil Şöbəsinin müdiri Ədalət
Paşa oğlu Əsgərovla
tanışlığımızdan 15 il keçir. Ancaq mənə
elə gəlir ki, bu lap dünəndir. Və bu söhbətdən
sonra ömrün 32 ilini Cəlilabad rayon təhsilinə həsr
etmiş, 19 ilini isə bu böyük kollektivin rəhbərliyinə
həsr edən Ədalət Əsgərov haqqında yazmamaq bəlkə
də insafsızlıq olardı.
Açığı,
bu söhbətdən sonra dəfələrlə bir az sakit
vaxtını axtarmışam ki, ondan məni maraqlandıran
sualların heç olmasa bir neçəsinə cavab alım.
Təəssüf ki, jurnalist marağına uyğun vaxt, şərait
tapmamışam. O an bəlkə də nə vaxtsa - bir aydan,
beş aydan sonra - olacaq. Ancaq bu il bu kişinin 60 yaşı
tamamdır axı.
Payız
gününün ömrü nədir ki? Günortadan sonra
görüşmək istədiyimi bilsə də
otaqdakıların sayı azalmır ki, azalmır. Nəhayət,
açıq qapıdan "Gəl, müəllim, gözləsək
ki, daha heç kim yoxdur, onda gərək gecəni burda
keçirək. Bilirəm, sən də qalan deyilsən".
İnsafən, bizə
imkan yaratmağa çalışırlar. İş
otağı yavaş-yavaş boşalır. Havalar mülayim
keçsə də, axşamlar cənub bölgəsində
soyuq olur.
- Ədalət müəllim, qış qapının
ağzındadır, məktəblərimizin tədarükü
varmı? Şagirdlərimiz soyuqdan əziyyət çəkməyəcək
ki?
- Hə, dekabr elə
qış ayıdır, ancaq rüzgar hələ pis
keçmir. Cəlilabadın ərazisi kifayət qədər
böyükdür, kəndlərimiz də xeylidir. Cəlilabadda
126 təhsil müəssisəsi var. Rayon mərkəzində
və mərkəzə yaxın kəndlərimizdə qaz
daimidir. Ancaq rayondan xeyli aralıda yerləşən dağ kəndlərimizdəki
məktəbləri odun sobaları ilə
qızdırırıq. Tədarükümüz var, ancaq səmimi
söhbət ediriksə deməliyəm ki, bu azlıq edir. Təhsilə
marağı olan imkanlı təşkilat və şəxslər,
məktəblərin bu məqsədlə özləri
yaratdıqları fond yanacaq qayğısına böyük dəstəkdir.
Yox, yanacaq sarıdan korluğumuz yoxdur.
- Belə başa düşdüm ki, rayon mərkəzindən
uzaqda xeyli kəndlərimiz var. Bu məktəblərin tədrisinə,
təlim-tərbiyəsinə nəzarət etmək elə də
asan olmamalıdır.
- Doğrudur, ancaq bu bizə
haqq vermir ki, onları nəzarətsiz qoyaq. Bax həmin o kəndlərdə
daim monitorinqlər keçiririk, intensiv əlaqə qururuq ki,
şagirdlər məktəbdən yayınmasın. Bir
qış günü qəfildən gedərik o kəndlərdən
birinə, özün görərsən. Cəlilabadın
İranla sərhəddi 99 kilometrdir. Sərhəddə
yaxın ərazidə 40-a yaxın məktəbimiz var. Buravar,
Əsədli, Ləkin, Şatırlı, Musalı,
Közbulaq, Xanəgah və digər kənd orta məktəbləri
isə lap sərhəddə yerləşir. Bu məktəblərdə
nəzarət, nizam-intizam, təhsil daha yaxşı
olmalıdır ki, sərhəddin o tayı ilə
bağlı bəzi problemlərə yer qalmasın. Eşitmişəm,
yay aylarında bəzi sərhəd kəndlərində
olmusan. Bax həmin kəndlərə daha həssaslıqla
yanaşmaq lazımdır.
- Bəli olmuşam, yeni tikilən məktəb
binalarını da görmüşəm.
- Lap yerinə
düşdü, indi mən onlar haqqında rəsmi rəqəmləri
deyim. "Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"na uyğun olaraq 2003-2009-cu illərdə Cəlilabad
rayonunda düz 18 məktəb binası inşa edilib. Zərifə
xanım Əliyeva adına şəhər 7 saylı orta məktəbdən
başqa bütün məktəb binaları kəndlərdə
tikilib. Alar, Komanlı, Günəşli, Xəlilabad,
Ağdaş kənd orta məktəb binaları digərlərindən
daha böyükdür. 340-dan 480-ə qədər şagirdi əhatə
edəcək bu məktəblərdə gözəl şəraitlə
bərabər maddi-texniki baza da xeyli zəngindir. 2007-ci ildə
inşa edilmiş Z.Əliyeva adına şəhər 7
saylı orta məktəb isə 1100 nəfər şagird
üçün nəzərdə tutulub. Yeni tikilən məktəblərlə
bağlı bütün rəqəmləri desəm xeyli vaxt
lazım olacaq. Ümumi desəm 2003-2009-cu ildə Cəlilabad
rayonunda tikilib istifadəyə verilmiş 18 məktəb
binasında 5392 nəfər şagird təhsil alır. Bu
müddət ərzində daha 8 məktəbimizdə 34 sinif
otağı inşa edilib ki, burda 680 nəfər şagirdimiz
elm öyrənir. Bu il tikib istifadəyə verdiyimiz Cəlilabad
şəhər mərkəzindəki şahmat məktəbi
haqqında da danışmaq artıqdır. "Top"
fiqurunda tikilmiş bu gözəl binadan elə bilirəm ki,
heç yerdə yoxdur.
- Ədalət müəllim, bu gün bütün
ölkəni bürüyən repetitor-müəllimlər
ordusu yaranmışdır. Çox istərdim Cəlilabad
rayon Təhsil Şöbəsinin müdiri kimi öz fikrinizi
bildirəsiniz: Repetitor-müəllimlər bu gün bizə
lazımdırmı?
- Bu sualı gözləyirdim,
çünki bu gün Azərbaycan təhsil sistemində
repetitor-müəllimlər özlərinə elə
genış şəbəkə yaradıb ki, daha nə deyim.
Mən bir müəllim, bir təhsil şöbəsi
müdiri kimi öz fikrimi deyəcəm. Ola bilsin mənimlə
razılaşmayanlar olacaq. Ancaq mən bu gün təhsilimizdə
tüğyan edən, artıq biznesə çevrilən - əgər
belə demək mümkünsə - repetitor-müəllimlərin
əleyhinəyəm. Niyə? Çünki həmin müəllimlərin
hazırladıqları şagirdlər ali məktəbə
daxil olmaqdan ötrü ancaq konkret fənn testlərinin
cavablarını öyrənirlər. Bütün fənn
müəllimləri heç vaxt bu şablondan
çıxmırlar, heç çıxmaq da istəmirlər.
Orta məktəblərdə formalaşan bu gəncləri
yalnız ali məktəb tələbələri eləmək
düzgün deyil axı. Bu tələbələr sabahın
ziyalısı, mütəxəssisi, ixtiraçısı, nəhayət
böyük hərflərlə yazılan İNSANI
olmalıdır. Orta məktəbin son siniflərində oxuyan
şagirdlər repetitor-müəllimlər tərəfindən
elə yüklənir ki, bir də ayılırlar ki, 3-4 fəndən
başqa heç nə bilmirlər. Belə
dünyagörüşü ilə hara və nə qədər
getmək olar? Mən onunla razıyam ki, Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasında gələcək məzunlar
üçün qoyulmuş suallara cavab çox vaxt orta məktəb
proqramında olmur. Yadımdan çıxmamış deyim ki,
artıq bu anlaşılmazlıq, bu ziddiyyət aradan
götürülmək üzrədir. Ali məktəbə
daxil olmaq istəyən şagird də buna görə harasa
üz tutmaq məcburiyyətində qalır. Yaxşı
olmazmı ki, elə bunu rəsmi şəkildə öz məktəblərimizdə
təşkil edək? "Araz" kurslarında təhsil alan
şagirdlərdə bunlar öz əksini tapmışdır.
Onlar bu kursda gələcək məzunların hərtərəfli
bilik qazanmasında əhəmiyətli rol oynayırlar. Ayda bir
dəfə sınaq imtahanlarının nəticəsi
bütün kollektivdə müzakirə olunaraq müvafiq qərarlar
çıxarılır. Repetitor-müəllim isə
şagirdlərdən ancaq öz fənnini əhatə edən
quru test suallarına cavab istəyirlər. Respublikamızda hər
il sayı artan məktəb-liseylərin fəaliyyət
proqramı da bu günkü şagirdlərə daha əhatəli
bilik verməklə dünyagörüşünün
formalaşmasında müstəsna rol oynayır. Belə məktəb-liseydən
Cəlilabad rayonunda ikisi fəaliyyət göstərir.
Qayıdaq əvvələ, lap bu yaxınlara qədər
müəllimlər, yaxud heç müəllim olmayan
savadlı adamlar seçilən, fəal şagirdlərə
vaxt ayırırdı, kömək edirdi ki, onlar ali təhsil
alıb inkişaf etsinlər. Indi repetitorluq çıxıb
ortaya, daha orta məktəb müəllimi sinifdə şagirdə
nəsə öyrətməyə maraqlı deyil. Çünki,
sinfin seçilən şagirdləri onsuz da onun yanına
"hazırlığa" gələcək. Əvvəldə
dediyim kimi bu da elə biznesin bir növüdür.
- Ədalət müəllim, Cəlilabad rayon Təhsil
Şöbəsində öyünməli pedaqoji kadrlar
varmı?
- Müəllimlərimdən
narazı deyiləm. Əksəriyyəti kənd yerlərində
yaşayan müəllim bu gün nəyi bacarırsa onu da
edir. "İlin müəllimi" müsabiqəsinin qalibi
Tahir Tahirzadə, respublikanın Əməkdar müəllimləri
Ayaz Həsənov, İltifat Bağırov təhsilimizin
ağsaqqallarıdır. 8 saylı şəhər orta məktəbinin
müəllimləri Elxan Ağayev, Əlağa Mirzəyev
kimi müəllimlərin sayının daha çox
olmasını istəyərdim.
...Dəhlizdəki ayaq səsləri
lap çoxalır, qapı da arabir
açılıb-örtülür, yəni gözləyirik
axı. Ədalət müəllim üzrxahlıq edirmiş
kimi "Bir küçədə məni görəsən,
orda da məndən əl çəkmirlər. Açığı
bu məni sevindirir, sözü o adama deyirlər ki, onun nəticəsi
olsun. Mən də Cəlilabaddan hara gedəsiyəm ki?"
Açığı, məni maraqlandıran
bütün suallara cavab ala bilmədiyim üçün heyfslənsəm
də şəraitlə razılaşmalı oldum. Bu həmişə
belə olub, yəqin belə də olacaq: Ədalət müəllim
həm nəsə yazacaq, nəsə qeyd edəcək,
otaqdakılara qulaq asıb lazımı cavab, məsləhət
də verəcək, həm də telefonları cavabsız
qoymayacaq. Əslində bu elə onun yaşam tərzidir.
Səxavət Məmmədli
Ədalət.- 2010.- 17 dekabr.- S. 6.