"QIRXINCI OTAQ"IN AURASI
Nağılla gerçəklik üz-üzə qalanda
Birnəfəsə oxuyub qurtardığım
kitabı masanın bir kənarına qoydum. Bir anlıq yerimdən
durmaq, hərəkət etmək istəyimi gerçəkləşdirə
bilmədim. Sanki kimsə çiyinlərimdən
sallaşıb məni yazı masasının
arxasındakı oturacağa
yapışdırmışdı. Nəhayət ki, yerimdən
qalxdım və nəşriyyatın 6-cı mərtəbəsindən
Yasamal qəbiristanlığı tərəfə boylanan pəncərənin
qarşısında dayandım. Qəbiristanlığın
yanından magistral yol da keçir. Maşınlar
şütüyür, adamlar gedib-gəlir və həmişə
bu qəbiristanlığa gəlib-gedənlərdən
çörək pulu qazanan adamlar da səkinin kənarındakı
daşların üstündə oturublar.
Baxıram və fikirləşirəm.
Fikirləşdikcə də təsirindən ayrıla bilmədiyim
romanın səhnələri bir-bir gözümün
önündə canlanır. Mənə elə gəlir ki,
"Qırxıncı otaq"ın qəhrəmanı,
qocaman hakim, hüquqşünas elə, Yasamal qəbiristanlığında
dəfn olunub. Elə Adil müəllim o qəbristanlıqda təkcə
mənə tərəf yox, həm də yaxınlıqda yerləşən
möhtəşəm məhkəmə binasına tərəf
də boylanır. Axı "Azərbaycan" nəşriyyatından
bir tin aşağıda məhkəmə binası var.
Adını indi dəqiq xatırlamadığım və həmişə
qarşısından bir az tələsik ötüb
keçdiyim məhkəmə binası. Bilmirəm nədənsə
o binanın qarşısından həmişə tələsik
keçmişəm. İndi isə Yasamal qəbiristanlığından
mənə tərəf boylanan məhkəmə sədri, mərhum
Adil Hüseynli özünəməxsus təmkinlə bu
romanda oxuduqlarımı və bütövlükdə öz həyatını
mənə baxışları ilə
pıçıldayır. Və mən də onları
yaddaşımdan kağıza köçürmək qərarına
gəldim. Axı eşitdiklərimi, bildiklərimi yazmaq gələcək
üçün müəyyən bir əhəmiyyət kəsb
edir. Deməli, yazmaq lazımdır.
Hüseynbala Mirələmovun
"Qırxıncı otaq" romanını oxumağa
başlayanda ilk anda tanış mənzərə ilə
üz-üzə gəldim. Bu tanış mənzərə mənə
Azərbaycan ədəbiyyatını, Azərbaycan yazı
manerasını dərhal göstərdi. Və mən oxuduqca
sovet dönəminin ən möhtəşəm roman və
povestlərinin, hekayələrinin, bir az da
publisistikasının nəfəsini əməlli-başlı
duydum. Əgər kitabın üzərində müəllifin
adı olmasaydı, mən istənilən şəxslə bu əsərin
Azərbaycan ədəbiyyatına aid olduğunu sona qədər
mübahisə edərdim. Görünür bu, biz nəslin
oxucu yaddaşı ilə yanaşı, həm də müəllifin
üzərində dayandığı ədəbi məktəbin
bünövrəsindən irəli gələn bir cəhətdir.
Başqalarını deyə
bilmərəm, şəxsən mən özünəməxsus
ədəbi mühiti, ədəbi məktəbi, milli mənsubluğu
qəbul edirəm və yüksək dəyərləndirirəm.
Düşünürəm ki, bu mənsubluq Azərbaycanı
öz ədəbiyyatında da göstərir, tanıdır və
Azərbaycan yazıçısının,
bütövlükdə yazarının əsəri, imzası
görünməyəndə də nəfəsi ilə,
üslubu ilə milli kimliyi ortaya qoya bilər. Bu öz yerində.
Qayıdaq "Qırxıncı otaq"a.
Romanda baş verən
hadisələr, əsərin süjet xətti ilk
baxışda konkret üç insanın ətrafında cərəyan
edir. Bu insanlar məhkəmə hakimləri - Adil Hüseynli,
onun gənc həmkarı Şahin və bir də əsərin
əsas siması olan Cahan xanımdı. Amma bu ilk
baxışdan yaranan görüntünün arxasında
bütün bəlaların hüceyrəsi olan Qaraxanlı
dayanır ki, o da eyni zamanda Şahinin atasıdı. Bax, bu
bütün əsər boyu adları çəkilən qəhrəmanların
dili, davranışı, hətta dünyaya baxışları
da adamda belə bir təəssürat yaradır ki, bu qəhrəmanlarla
haradasa görüşüb, haradasa
qarşılaşıbdı. Çünki hadisələr də
həyatdandır, onun qəhrəmanları da həyatidir və
ən vacibi isə bütün proses bu gün Azərbaycanın
müxtəlif mətbu səhifələrində detalları əks
olunan kriminal hadisələrin az qala oxşarıdı. Bir az
da konkret desəm, respublikanın istənilən bölgəsində
baş verən kriminal hadisələrin müəyyən
detalları "Qırxıncı otaq"ın içərisində
var. Sadəcə müəllif peşəkarcasına,
ustalıqla həmin o xırda detalları bir kriminal insanın
fəaliyyəti üzərində naxış-naxış
hörüb, toxuyubdu. Nəticədə həmin o
Qaraxanlının və onun oğlu Şahinin və eləcə
də onların ətrafının cinayətləri
bütövləşib. Oxucu da o bütöv cinayətin bir
ucundan tutub çözə-çözə getdikcə həm
hadisələrin içərisinə daxil olub, həm də
hadisələrin həqiqət olduğuna onda şübhə
yeri qalmır.
Orta nəslin nümayəndələri
represiya illəri ilə bağlı kifayət qədər məlumatlıdır.
Bu barədə çoxlu bədii və sənədli əsərlər
də oxumuşuq, televiziya yayımlarına tamaşa
etmişik. İnsanlara hansı zülmlərin verildiyinin oxucu,
tamaşaçı kimi şahidləri olmuşuq. Bax, Adil
Hüseynli də represiya qurbanı olan bir ailənin
qurbanıdı. Həyatın bütün
ağrı-acısını uşaqlıq illərinin
danılmaz gerçəkliyi kimi canında-qanında çəkib,
yaşayıb. Və hətta atasını represiyadan xilas etmək
üçün öz uşaq düşüncəsi ilə
anasına üz tutub deyir:
- Ana, gərək mənim
adımı Sovet qoyaydınız. Onda atamı aparmazdılar.
Bu yanaşmanın
özü heç də yazıçı təxəyyülünün
məhsulu kimi qəbul oluna bilməz. Bu həm də
yazıçının həyatdan götürdüyü
gerçəkliyin bədii inikasıdı. Ona görə də
Adil Hüseynli əzab-əziyyətlərlə böyüyə-böyüyə
kamilləşir, kamilləşdikcə də onun
ayrı-ayrı fikirləri kəlamlara çevrilir. Məsələn,
"insanın özünü müdafiəsiz hiss etməsi dəhşətdir".
Və yaxud "indi çox şey dəyişib. Zaman öz
ağuşunu onun nəbzini tutanlara daha geniş
açır".
Nümunə kimi
xatırlatdığım bu iki cümlənin hər birində
müxtəlif məqamlar özünü təsdiq etməklə
yanaşı, həm də özünün zamana qarşı
durumunu da ortaya qoyur. Baxıb görürsən ki, müdafiəsiz
insanın faciəsi ilə yanaşı, zamanın yaltaqlara
açdığı qucaq bir-biri ilə necə
yol-yoldaşlığı edir. Bax, elə
insanlığın da böyük mənada həm
günahı, həm də faciəsi bu paralellikdədi.
"Qırxıncı
otaq"ın baş qəhrəmanı olan Cahan xanım bulaq
suyu qədər dupduru əqidəsi, amalı, günəş
işığı qədər gözəl çöhrəsi
və dəniz dalğaları kimi göz oxşayan
hörüklərin sahibi olan bir azərbaycanlı
qızıdır. Arzularla, xəyallarla yaşayır,
böyüyür və o, həyatda yeganə güvənci
olan nənəsinin nağıllarının qoynunda elə
dünyanı nağıl kimi də təsvir edir. Ona elə gəlir
ki, bu dünyada hər şey nağıllardakı kimidi. Və
ən maraqlısı da odur ki, o atdığı bütün
addımlarda nənəsinin hikmətli sözləri ilə
dolu səsini eşidir. Qulaqlarında səslənən o hikmətlər
onu müəyyən döngələrdə qorusa da, amma zamanla
münasibətdə bəzən havadan asılı qalır. Çünki
nənənin hikmət dolu sözləri, nağılları
bu günün insanlarına bəzən gülməli gəlir.
Hətta bir çoxlarını ironiya ilə bu hikmətlərə
qarşı kökləyir. Amma bütün bunlara baxmayaraq,
xalqın soy-kökündən, mənəvi zənginliklərindən
bəhrələnən həmin o nağıllar, o hikmətlər
sonda yenə haqqın qələbəsinə,
işığın zülmətə qalib gəlməsinə
gətirib çıxarır.
"Qırxıncı
otaq"ı oxuduqca bütün vücudu ancaq pisliklərlə,
kriminallarla dolu olan Qaraxanlının elm aləminə necə
daxil olmasını və necə karyera qurmasını sətir-sətir,
səhifə-səhifə izləyirik. Və hər hadisədən
sonra bir oxucu kimi Qaraxanlıya, onun əməllərinə,
onun düşüncələrinə içimizdə nifrət
baş qaldırır. Görürük ki, bu yalançı
elm fədaisi məqsədinə çatmaq üçün
heç nədən çəkinmir, yaltaqlıqdan tutmuş
şərəfsizliyin digər bütün hallarına qədər
hər bir işə imza atır. Qazandığı
pulların hesabına gənc elm adamlarını
sıxışdırıb sıradan çıxarır.
Aspirant qızları yatağına çəkməyə
müvəffəq olur. Çünki onun bir amalı var: hər
şeyin yaxşısı onun olmalıdır. Bax, bu əqidənin
sahibi olan Qaraxanlı həyat yoldaşını Qarabağ
müharibəsində itirmiş Cahanın gözəlliyinin
qarşısında donub qalsa da, amma nəfsindən, istəyindən
də geri çəkilmir. Necə olursa-olsun, onu da
özünə tabe etmək barəsində yollar axtarır,
müxtəlif təzyiq vasitələri fikirləşir. Və
hətta onun oğlu Şahin də sanki atasının
düşündüklərini açıq etiraf edir. Və bəyan
edir ki, "puldan imtina edən adam arxivlikdi, ələlxüsus
da indiki zamanda".
Məntiq aydındı.
Deməli, bu adamlar üçün hər şey puldu, hətta
sevgi də. Doğrudu, müəllif Qaraxanlının dili ilə
onun Cahana vurğunluğunu, onu necə dəlicəsinə
sevməsini oxucuya çatdırır. Amma mən bir oxucu kimi
burda sevgidən daha çox özünəvurğunluğu qəbul
edirəm. Mənə görə Hüseynbala Mirələmovun
qəhrəmanı bir kişi vurğunluğu ilə əlindəki
imkanlardan istifadə edib bütün gözəl və cavan
qadınları yatağına çəkmək istəyir. Onun
sevgisi yataqdı və bir də məqsədə
çatmaq!!!
Romanın bütün
detallarını xırdalamaq, təsvir etmək fikrim yoxdu. Bununla
oxucunu da yora bilərəm. Ancaq mənim üçün
maraqlı olan cəhətlərdən biri bütün baş
verən hadisələrə müəllifin öz münasibətini
ortaya qoymamasıdı. Yəni yazıçı baş verənləri
personajların özləri tərəfindən
çözümünə şərait yaradır, onları
meydanda qarşı-qarşıya gətirir. İmkan verir ki,
onlar özləri öz problemlərini açıq müstəvidə
həll etsinlər. Oxucu da bu hadisələrin
çözümündə həm müşahidəçi
olur, həm də iştirakçı. Çünki hər
şey göz önündədi. Elə bilirsən ki,
qarşılaşmış insanların söhbətini kənarda
dayanıb eşidirsən. Hətta Cahan son qərarını
verib Qaraxanlıya özünü tabe etdirmək
üçün onun villasına gələndə də
yolboyu yaşadıqlarını, 20 il səbrlə Cahana
sarılacağı günü gözləyən
Qaraxanlının keçirdiyi hissləri də
özünün dediyi kimi, o boyda var-dövlətin,
ad-sanın sahibi olan bir alimin elmlər namizədi Cahanın
lüt bədəni qarşısında necə ayağa
düşdüyünü oxumaq ən yaxşı halda
hansısa bir bədii filmi seyr edərkən yaşanan
duyğular qədər inandırıcıdı. Elə Cahan
da öz gözəlliyindən, şəhid ərindən
sonra ilk dəfə kişi qarşısında, özü də
yad kişi qarşısında göstərdiyi bədəninin
imkanlarından istifadə edib özünün və
özü kimi günahsızların qisasını ala bilir.
Romanın qəhrəmanı
bütün baş verənləri öz kitabında təsvir
etdiyi üçün təqaüdə çıxdıqdan
sonra Qaraxanlının oğlu tərəfindən qətlə
yetirilir. Adil Hüseynli ağzından güllə ilə
vurulur. Amma onun ədaləti, onun əsl
ziyalılığı və müdrikliyi
çoxlarının şərdən, böhtandan qorunmaqda
yardımçısı olduğundan bu qətl hadisəsi
unudulmur, əksinə o, digər qətllərin
qarşısının alınmasına sipər çəkir.
Məhz Adil Hüseynlinin köməkliyi ilə qadın həbsxanasında
çəkdiyi zülmlərdən vaxtından əvvəl
azad edilən Cahan bəraət almaqla yanaşı, həm də
Adil Hüseynlinin romanına redaktorluq edir. Onun kitabı
işıq üzü görür. Ən vacibi isə Cahan
Adil Hüseynlinin qatilinin, bu qətlin sifarişçisinin
kimliyinin müəyyənləşməsinə köməklik
edir, ədalət zəfər çalır. Bu, təkcə
Cahanın axtardığı ədalət deyil, bu
hamımızın ehtiyac duyduğumuz ƏDALƏTDİR.
Bəli, mən "Qırxıncı otaq"ı,
eləcə də bu kitabdakı digər əsərləri də
maraqla oxuyub başa çıxdım. Və mənə bu
kitabın bir neçə məqamı xüsusilə
maraqlı gəldi. Onlardan birincisi, hadisələrin
reallığa çox yaxınlığı, ikincisi,
yazı üslubu, üçüncüsü isə folklorla,
böyük ədəbi məktəblə
bağlılıq. Bütün bunlar mənim
düşüncəmə görə kitabın, o cümlədən
də "Qırxıncı otaq"ın oxunaqlı
alınmasının əsas səbəbləridir. Hər
halda, mən belə düşünürəm.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2010.- 18 dekabr.- S. 8.