ONLARIN DÜNƏNİ:
TÜRKİYƏ və TÜRKİYƏLİLƏR - 6
3500 KİLOMETR YOL BOYUNCA MƏNİM GÖRDÜYÜM
TÜRKİYƏ
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq
olmaz ki, bizim bu günümüz DÜNƏNdən
başlayıb. Dünənimizdə Kimlər və Haralar var.
Bu Kimlər oralarda nələr yaşayırdılar? Görmədiyimiz
o yerlər və o yerlərin insanları necəydi? Yeni nəsl
üçün ibratamiz və bir qədər də kədərli
olan O DÜNƏN və O DÜNƏNİN ölkələrinin
yaşam tərzi, keçdiyi yol, bu gün üçün
son dərəcə gərəkli və daha qabarıq
görünməkdədi.
Proektimizin davamı olaraq Türkiyə haqqında
yazılarımıza başlayırıq. Əslində bu mənim
gördüyüm Türkiyədir. Bir qədər sadəlövh,
tərtəmiz düşüncəylə görünən və
yazılan Türkiyə. Eynən bu rubrikada daha nələr
olacaq. İzləməyə dəyər.
Bax, indi oxuyuram, gör nədi:
Hər soyuqda evində müsafir edər səni,
Kömür, talaşla davamlı bəslər səni.
Qış mövsümü boyunca baş üstündə
tutarlar,
Yaz gəldimi unutub, bir quyuya atarlar.
- Nədir bu, əfəndim?
- Vallah, bilmədim, əfəndim.
- Sobadı bu
Bir pəncərədir sanki,
kirli donuq aynadan
Xəbər verir, göstərir
hər gün bütün dünyadan.
Hər saniyə ayrı rəng,
ayrı şəkil, ayrı səs
Bil ki, ona hayrandı, onu dinləyən
hər kəs.
- Nədir bu?
- Televizyon.
Sətirləri
hörülmüş Vatan və yazı ilə,
Ayrı-ayrı sözləri
sırayədir iziylə
Parayla alsan belə hədiyyə
saymalısan,
Ömrün boyunca ona
arkadaş olmalısan.
- Nədir bu?
- Kitab.
İndi sizə bir şeir də
oxuyum. Mən bunu oğlum Okula (məktəbə) gedərkən
yazdım:
Ey gənc öyrənci,
sənin üçün elm nədir?
Dağlarda orman nə isə,
Sənin üçün elm odur.
Kipçiyə harman nə isə,
sənin üçün elm odur.
Torpağa toxum nə isə,
Dənizlərə qum nə isə,
Qaranlığa mum nə isə,
Sənin üçün elm odur.
Sultana ordu nə isə,
Kişiyə yurdu nə isə,
Həyat üçün su nə isə,
Sənin üçün elm odur.
Çaşıq üçün yol nə isə,
Çolaq üçün qol nə isə,
Arı üçün bal nə isə,
Sənin üçün elm odur.
Göz üstünə qaş nə isə,
Dağ üstünə daş nə isə,
Acıqmışa aş nə isə,
Sənin üçün elm odur.
Yigid üçün şan nə isə,
Damar üçün qan nə isə,
Bədən üçün can nə isə,
Sənin üçün elm odur.
Bu fikir anladı, coşdu,
Qırx yıl arxasından qoşdu.
Tutub sıx-sıxı yapışdı,
Murad üçün elm odur.
- Əfəndim, mənim sizdən
bir xahişim var, adınızı, isminizi bir də təkrar
eləyin, mən bunu bizim dərgilərdə çap etdirə
bilsəm sizə də göndərim.
- İsmim Murad Qafaroğlu. Səkə
qəzasının Yeni Hisar qəsəbəsi.
- Deməli, məktub yazsaq bu
ünvana yaza bilərik. Çox sağ olun, əfəndim.
Xoş günlər.
Əlbəttə, Murad
Qafaroğlunun bu şeiri və bilməcələri heç
şübhəsiz istər muasir türk poeziyasının, istərsə
də lap elə qədim türk yazılarının
yanında, müqayisəsində seçilən sətirlər
deyil. Ancaq yazı yazıdı. Və xüsusiylə də
uzaq Səkə qəzasında heç kəs durub bir sənət
naminə uzun-uzadı danışan deyil və mənim də
bu şeir nümunələrini oxuculara çatdırmaqda
heç də məqsədim o olmayıb ki, elə bu şeir
parçalarının nümunələriylə razıyam. Hər
halda bu istiqanlı adamın mehribanlığı
qarşısında mənim bu cəhdim təbii görünməlidi.
Və bir də ona görə təbii görünməlidi
ki, onlar bizim demək olar ki, bu günlərimiz
üçün, bu sətirləri yazdığım günlərin
narahatlığı üçün yanan və
düşünən adamlardı. Bizim birimizdi.
Yazımın müəyyən
hissəsində mən qeyd eləmişdim ki, bütün
uluslardakı, şəhərlərdəki abidələr və
görüşlər haqqında yazmaq
qeyri-mümkündür. Təkcə onu qeyd eləyim ki, mən
bütün yazılı məlumatlardan savayı
dörd-beş kasetlik yazı və sorğular gətirmişdim
özümlə, bütün bunlar haçansa istifadə
olunacaq. Ona görə də gəzintimizin, səfərimizin bəzi
detalların ixtisar etməyə məcbur oluram.
Və elə bu sıradan Dənizli
ilə Quşadası şəhərləri arasında olan
tarixi abidələr və uluslar barədə söhbətlər
də bura daxildir. Qədim Didim, Miletus, Piriyen şəhərlərindəki
tarixi abidələrin qalıqları və nişanələri
barədə söhbətlər də elə bu
sıradandır.
Dənizli və
Quşadası şəhərləri arasında yerləşən
neçə-neçə tarixi abidədən mən ancaq biri
haqqında - Türkiyənin Anadolu hissəsindəki Miletus
şəhərində yerləşən qədim bir
teatrın qalıqları haqqında kiçik bir məlumat
vermək istəyirəm. Bu teatrın binasının
yaşı yüz illiklərlə ölçülür. Əslində
tarixdə yunan teatrı adıyla tanınır, ona görə
ki, buranı inşa eləyənlər də məhz yunanlar
olmuşlar. Bu binamı deyək, yoxsa tikintimi deyək, çətindi
buranın memarlıq quruluşunu ayırd eləmək, ona
görə ki, bura açıq havadadır, üstü
örtülü deyil, bir növ indiki stadionları
xatırladır. Ancaq dəqiq deyək ki, bura stadion deyil, əsl
teatr və tamaşa üçün nəzərdə
tutulmuş bir məkandı. Ona görə ki, onun səhnəsi
çıxış eləmək üçün nəzərdə
tutulmuş və səhnənin arxasında bir neçə
giriş qapıları var. Əvvəllər bu teatr beş
min adam tuturmuşsa, bərpa olunandan sonra iyirmi beş min nəfərlik
olmuşdur. Olmuşdur deyirəm, ona görə ki,
bütün tarixi nişanələr saxlanmaqla, dəhşətli
dərəcədə akustikası, səsyayma tutumu olan bu
tikilidən indi də istifadə eləyirlər.
Teatrda üç
ayrı-ayrı bölmələr var ki, buraya daxil olanlar
öz təbəqələrindən, tutduqları mövqedən
asılı olaraq keçirmişlər. Bu üç hissədən
birindən indi heç bir əsər-əlamət
qalmayıb. Bu hissənin dağılmasının da qəribə
bir tarixi var. Hələ Vizantiya hakimiyyəti dövründə,
teatrın yuxarı tərəfində tikilən bir binanın
daşlarını məhz bu teatrdan götürmüşlər,
daha aydın desək, onun bir hissəsini,
(üçüncü hissəsini) söküb, həmin
binanı inşa eləmişlər. Bu teatrın
binasının da özünəməxsus, seçilən
lojaları - yarusları var. Bir maraqlı faktı qeyd eləyim
ki, teatrın binası tikilən zaman nəyinsə
ucbatından işçilər tətil eləmişlər və
o maraqlıdı ki, həmin teatrın binasının
divarlarında tətili ifadə eləyən rəsmlər
var.
Sonra teatrın daxilində
neçə-neçə barelyeflər qoyulmuşdur ki, əlbəttə,
bütün bunlar teatrda əsl ab-havanı yaratmağa xidmət
eləyən detallardı. Binanın başqa bir xüsusiyyəti
də ondadı ki, burada təkcə tamaşalar göstərilmir,
həm də qladiatorla heyvanların vuruşu nümayiş
etdirilmişdir. Bütün bunlar Roma imperiyası
dövrünə aiddir.
Sual: - Əfşan xanım,
bu teatrlarda səhnənin hansı səmtə tikilməsinin əhəmiyyəti
olubmu?
Əfşan xanımın məlumatı:
- Çox vaxt bu nəzərə
alınmayıb. Əsasən o nəzərdə tutulub ki, bu səhnə
şəhəri əhatə eləməliydi. Bir çox
dövlətlərdə teatr binasından başqa məqsədlərlə
də istifadə olunduğu halda, Roma imperiyasının ən
üstün cəhəti odur ki, binadan ancaq tamaşalar
üçün istifadə olunub.
Özünün yerləşdiyi
coğrafi relyefi, adı və həqiqətən də
gözəlləyi ilə diqqəti çəkən
Quşadası şəhəri Egey dənizinin sahilində
yerləşir və ən qəribəsi budu ki, bu yerlərdən
baxanda sanki Egey dənizinin o üzünü görürsən,
elə bil ki, bir neçə saatdan sonra Yunanıstana
çatmaq olar. Bu bəlkə də dəniz genişliyinin
insanda yaratdığı bir ovqatdı. Amma necə olursa-olsun,
göz işlətdikcə uzanan Egey dənizi o qədər
nağılvaridi, deyəsən, heç bizim Xəzərə
onun qətiyyən oxşarlığı yoxdur. Bəlkə
Bakıdan baxanda belə görünür. Axı dənizi nə
nədər "cilovlamaq", nə qədər pis günə
salmaq olar. Əgər bir dənizdə şəhər tikilirsə,
bəlkə də onun dənizliyinə bir qədər
toxunulur da. Nə isə, bu mənim şəxsi fikrimdi, bəlkə
də başqasında bu əhval-ruhiyyə yoxdu, elə Xəzər
də hardasa Egey boyda, Egey genişliyində bir dənizdi. Necə
olur-olsun bu Egey dənizinin sahilində yerləşən
Quşadasındakı otel elə ilk baxışdan adamın
diqqətini çəkir. Dəniz ayağının
altındadır. Sanki otel dənizin içində. Bəzən
adama elə gəlir ki, bu dəqiqə elə öz
otağından birbaşa onun sahilsiz sularına atıla bilərsən.
Quşadası şəhəri iki gözəl körfəzlə
əhatə olunub. Şəhərin
yaşıllığı çoxdu. Biz hələ Bursaya
getməmişik. Ona görə də gəzdiyimiz şəhərlər
arasında ən yaşlı şəhər kimi
Quşadası diqqəti çəkir. Su başının
altındadır. Hər tərəf turist
alaçıqları ilə doludu. Və ümumiyyətlə,
Əfşan xanımın məlumatına görə
Quşadası son illərdə daha genişlənmiş və
şöhrət tapmışdır. Yay aylarında burada otel
tapmaq çətindi, baxmayaraq ki, burada otellər də
çoxdu.
Quşadasında iki gün
qalırıq və sonra yolumuz Bursaya olacaq. Bursag hələ Bursaya
var.
Taleyin işinə bax. Tərsliyə
bax. Turist dəstəmiz Quşadasında yerləşən
kimi müsafirlər dincəlmədən özlərini Egey dənizinin
qoynuna atdılar. Çoxlarını qınamaq olmaz. Çimərliyi
olmayan o qədər xalq, millət var kig Məsələ bunda
deyil. Bir pribaltikalı dostum Bronius heç yüz metrlik də
olmayan çimərlikdə çimib otelə
qayıtdıqdan sonra gecə saat 3-də bildi ki, bəs pul
qabı cibindən düşüb sahildə qalıb
Sahildə adam çox.
Çimərlik böyük. Kim kimədi.
Broniusa dedim, səhər tezdən
gedək çimdiyimiz yerə. O naümid razılıq verdi.
Getdik. Pul qabı necə düşmüşdüsə, eləcə
də yerindəydi.
Moskvada məlumat verən
qadının səsi beynimi döyəcləyirdi:
"Türkiyədə oğurluq ola bilər.
Çamadanlarınızı qoruyun".
Hələ biz qədim Efesus
şəhərinə gedəcəyik, orada tarixi abidələrə
baxacağıq. Müqəddəs Mariyanın evinə təşrif
buyuracağıq, Bülbüllü dağa
çıxacağıq.
Bütün bunlar olacaq.
Bütün bunlar olur
Bursa, Bursa İlahi, bu ad necə
də doğmadı. Bəlkə asan dilə yatır. Bəlkə
Kappodaki, Efesus, Gieropolis sözlərinin deyimi adamda
narahatlıq yaradır. Bəlkə belədi. Bəlkə
yox.
Tofiq Abdin
Ədalət.- 2010.- 18 dekabr. – S. 15.