Mükəmməl varlıq olmağa bir addım

 

Sağlam yaşamağın sadə formulu

 

Yaşamaq. Fəlsəfi nöqteyi-nəzərdən yanaşsaq, bütöv bir dünyanın yaşamaq anlamına necə rahat sığışdığını görərik. Hər şey - olanlar və olacaqlar məhz bu sehrli sözə bağlı.

Olsun. Bununla hər şey bitdimi? Dünyəvi kitabları vərəqləyirik. Mütəfəkkirlərin zaman-zaman cavab axtardığı sual: necə yaşamaq? Hər beyin adamının axtarışlar nəticəsində qəbul etdiyi son qərar: sağlam yaşamaq.

Elm sağlam yaşamağın müxtəlif şərtlərini müəyyənləşdirib. Təbiətin insan həyatına təsiri isə bütün sivilizasiyalarda əsas götürülüb. Elmi-texniki tərəqqinin inkişafı artıq sağlam yaşamağın sərhədlərini dəqiq cızıb. Məlum formula belədi: insan təbiətin parçasıdı, təbiətə göstərilən münasibət bumeranq effekti yaradır. Ona sağlam düşüncəylə yanaşacaqsansa mükəmməl varlıq olacaqsan. Əksinə yol tutsan dilimizin əsas terminlərindən birinə çevrilən "Ekologiya"nın basqısı altında ömrünü xəstəliklər içində başa vuracaqsan.

 

Ekologiya nədir?

 

Ekologiyanın əsas tədqiqat obyekti orqanizm səviyyəsindən yüksək olan canlı sistemlərdir: populyasiya; biosenoz; biosfer. Üç sahəni əhatə edən bu elm orqanizmlərin əmələ gətirdiyi birliklərin öz aralarındakı və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqəsini öyrənir. "Ekologiya" sözünü ilk dəfə 1858-ci ildə Q.D.Toro işlədib. 1866-cı ildən sonra alman bioloqu E.Hekkel bu anlayışı geniş yayaraq inkişaf etdirib. Hekkel orqanizmi təbii sığınacaq yerində, yəni öz "evində" öyrənməyin ekologiya olduğunu elmi əsaslarla müəyyənləşdirib. Bir müddət ekologiya biologiya sözünün dar mənasında işlənsə də, hazırda dünyanı məşğul edən elm səviyyəsinə yüksəlib.

 

Fəlakətin göstəricisi

 

Müasir dövrdə ekoloji problemlər son dərəcə artıb. Əsas səbəb müxtəlif sahələrin daha sürətlə inkişafıdı. Antropogen fəaliyyətin təsirin mövcudluğu da vəziyyətin kritik həddə çatmasına sözün mənfi mənasında təkan verib. Antropogen fəaliyyətin nəticələri belə təzahür edilir: meşələrin məhv edilməsi, yaşıllıqların qırılması; atmosferdə parnik effekti yaradan toz qazların toplanması nəticəsində istilik balansının dəyişməsi; qlobal istiləşmənin yaranması; ozon təbəqəsinin ildən-ilə nazikləşməsi, ozon deşiklərinin yaranması; torpağın deqradasiyası (şorlaşma, eroziya, münbitliyin aşağı düşməsi); torpaqda, suda, havada zərərli maddələrin toplanması; okean səviyyəsinin qalxması; bitki heyvanların (flora fauna) məhv edilməsi; zərərli fiziki sahələrdə intensivliyin yüksəlməsi (elektromaqnit sahə, səs-küy çirklənməsi ); sadalananlara istinad edərək təbii fəlakətlərin sayının artması; həyatın keyfiyyətinin aşağı düşməsi (immun sistemi, genetik sistem).

 

Qanunlar, proqramlar

 

Dünyanı silkələyən ekoloji fəlakətə qarşı effektli tədbirlər həyata keçirmək 20 illik qısa zaman ərzində nüfuz sahibinə çevrilən Azərbaycan üçün də qaçılmaz hədəfdir. Məhz bu həqiqət 2010-cu ilin ölkəmizdə "Ekologiya ili" olmasını şərtləndirən amildir. Prosesə ictimaiyyətin cəlb olunması ilə ölkədə ətraf mühitin sağlamlaşdırılması sahəsində ciddi addımlar atılıb. Beynəlxalq konvensiyalar əsas götürülərək bir sıra sənədlər qəbul olunub. 1999-cu ildə "Ətraf Mühitin Mühafizəsi haqqında" Qanunun, 2003-cü ildə ölkə prezidenti tərəfindən təsdiq edilmiş "Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair" Milli Proqramın qəbulunu xüsusi ilə qeyd etmək vacibdi. Bu qanun və proqram ətraf mühitin mühafizəsi sahəsində qərar qəbul edilməsində ictimaiyyətin effektiv iştirakını təmin edir. Ölkənin paytaxtından tutmuş, qəsəbə və kəndlərində parkların salınması, yolların çəkilməsi, əhalinin içməli və suvarma suyu ilə təminatı, havaya zəhərli qazlar buraxan zavod və fabriklərin zərərsiz fəaliyyətinin tənzimlənməsi üçün müasir avadanlıqlara sahib olmaları ilə bağlı Azərbaycan prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri məhz ətraf mühitin mühafizəsinə xidmət sferasına aiddir.

 

Tələblər, icralar

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ölkədə ekoloji tarazılığın bərpasına yönələn əməli tədbirlər daha intensiv şəkil alıb. Heydər Əliyev Fondunun "Hərəyə bir ağac əkək!" devizi altında başlatdığı kampaniya son bir ildə on minlərlə ağacın əkilməsi ilə nəticələnib. Alimlərin qənaətinə görə, ətraf mühitin mühafizəsində ən effektiv üsul məhz yeni meşələrin salınmasıdır. Ölkəmizin kənd və qəsəbələrində bu məqsədlə 5 il öncə əkilən şam ağacları artıq qol budaq atıb.

Təmiz məkanda yaşamaq hər kəsin arzusudu. Yaşıllıqlar isə təmizliyin, sağlamlığın simvoludu. Hər bir vətəndaşın vəzifəsi yeni salınan yaşıllıqları qorumaq, havanın zəhərli qazlarla çirklənməsinin qarşısını almaqdır. Düşünməliyik ki, fərdin sağlamlığı cəmiyyətin sağlamlığıdı. Belə cəmiyyətlərdə dövlətçilik əbədi olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hazırladığı bukletlərdə ətraf mühitin tənzimlənməsi yönündə vətəndaşın üzərinə götürdüyü öhdəliklər aydın şəkildə təsvir olunub. Yaddaş kitabçaları, bütün orta ümumtəhsil məktəblərinə paylanıb. Heydər Əliyev Fondu başda olmaqla Qeyri Hökumət Təşkilatlarının həyata keçirdiyi layihələr sağlam ölkə qurulmasında danılmaz rola malikdir.

 

Miqyassız ziyana "dayan!" əmri

 

2010-cu ilin "Ekologiya ili" olması bütün dövlət orqanlarının diqqətini bu sahəyə yönəltdi. Dövlət Statistika Komitəsi əhali arasında apardığı maarifləndirmə işi ilə aydın şəkildə izah edir ki, ətraf mühitin mühafizəsi həyatın keyfiyyətinə, yaşayış şəraitinə və insanın səhhətinə təsir edən komponentlərin məcmusudur. Atmosfer havası, su, torpaq, yerin təki, heyvanat və bitki aləmi ətraf mühitin komponentləridir. Bərk, maye və qazaoxşar tullantıların atmosferə, hidrosferə, torpağa atılması nəticəsində mühitin fiziki-kimyəvi dəyişikliklərə uğraması səs-küy, istilik, radiasiya, ionlaşdırıcı şüalanma, ultrasəs dalğaları, titrəmə və sair kimi xoşagəlməz fiziki amillərin meydana gəlməsinə səbəbdi.

Olduqca gərəkli xatırlatmadı. Kiçik abzası oxumaqla insanın təbiətə münasibətindən dolayı özünə vurduğu ziyanın miqyassız ölçüsünü dərk etmək mümkündür. Fəlakətdən qurtulmağın isə olduqca sadə yolu var: ətraf mühiti çirkləndirmə.

 

Bir yol üç istiqamət

 

Necə? Ekoloji siyasət istiqamətində getməklə. Müasir dövrdə yaranmış ekoloji durumu və sosial-iqtisadi vəziyyəti nəzərə alaraq ekoloji siyasətin üç əsas istiqaməti müəyyənləşib:

1. Ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə davamlı inkişaf prinsipləri üzrə mütərəqqi üsulları tətbiq etmək;

2. İndiki və gələcək nəsillərin tələbatını ödəmək üçün təbii sərvətlərdən səmərəli istifadə etmək, alternativ, qeyri-ənənəvi metodlar vasitəsilə tükənməyən enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq;

3. Qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatları qiymətləndirmək, həlli yollarını müyyənləşdirmək, beynəlxalq təşkilatlarla əlaqələri genişləndirmək, eləcə də milli potensial imkanlardan istifadə etməklə həyata keçirilməsini təmin etmək.

Ekoloji siyasətin əsas istiqamətləri üzrə qarşıya qoyulmuş məqsədə çatmaq üçün aşağıdakı vəzifə və prinsiplər əsas götürülməlidir.

- Ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması üçün iqtisadi və insan potensialının idarə edilməsinin müasir üsullarından istifadə edilməsi;

- İndiki və gələcək nəsillərin rifahının yaxşılaşdırılmasını təmin edən, stimullaşdıran iqtisadi modellərin, texnologiyaların yaradılması və istifadəsi;

- Eyni və müxtəlif nəsillərin nümayəndələri arasında təminatın ədalətlilik prinsipləri əsasında həyata keçirilməsi;

- İnsanın həyat fəaliyyətini təmin edə biləcək ekosistemlər və biomüxtəliflikdə təbii mühitin olduğu kimi qorunub saxlanılması.

 

Prinsiplər:

 

- Qısa müddətli və uzunmüddətli iqtisadi, ekoloji və sosial nəticələr, ehtimal edilən fəsadlar nəzərə alınmaqla qərarların qəbul edilmə prosesinin həyata keçirilməsi və bu prosesdə alternativ variantların nəzərə alınması;

- Ətraf mühitin mühafizəsi sahəsində qərarlar hazırlanarkən ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin cəlb edilməsinin genişləndirilməsi;

- Ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması;

- Ətraf mühitin mühafizəsinin təmin edilməsi üçün aztullantılı, güclü və çoxşaxəli iqtisadi inkişafın təmin edilməsi;

- Beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi;

- Əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi

 

Cavabı özündə olan sual

 

İlk baxışdan belə təəssürat yarana bilər ki, sadalanan prinsiplərə əməl etmək məhz dövlətin vəzifə borcudur. Əslində belədir. Sadəcə, unutmaq olmaz ki, dövlət hər bir vətəndaşın çiyinləri üzərində qurulur. Sübut kimi, dördüncü prinsipi götürək: "Ətraf mühitin mühafizəsinin təmin edilməsi üçün aztullantılı, güclü və çoxşaxəli iqtisadi inkişafın təmin edilməsi". Buyurun, məgər siz vaxtı keçmiş ərzaq məhsulunu küçənin ortasına tullamaya bilmərsiz? Cavabı özündə olan sual.

 

Nazirliklər səviyyəsində əməkdaşlıq

 

Hökumət öhdəsinə düşən işi görür. Ətraf mühitin mühafizəsinə bir başa cavabdeh qurum - Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirdiyi layihələrlə yanaşı başqa dövlət qurumları qarşısında vəziyyətin nəzarətdən çıxmaması üçün dəfələrlə təkliflərlə çıxış edib. Qurumun eco.gov.az saytından oxuyuruq ki, nazir cənab Hüseyn Bağırov əhali arasında ekoloji təbliğatın gücləndirilməsi, orta ümumtəhsil məktəblərində ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı tədris saatlarının artırılmasının mühüm məsələ olduğunu gündəmə gətirib.

 

Beynəlxalq iş birliyi

 

Nazirliyin BMT-nin İnkişaf, Ətraf Mühit, Sənayenin İnkişafı proqramları, NATO, ATƏT, Qlobal Ekoloji Fond, Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı, İqtisadi Əməkdaşlıq təşkilatı, Dünya Bankı, Asiya Bankı, Ümumdünya Vəhşi Təbiət Fondu kimi təşkilatlarla da əməkdaşlığı davam etdirir. Ekoloji tarazlığı təmin etmək həm yerli, həm də beynəlxalq ictimaiyyətlə tarazlaşdırılmış şəkildə əməkdaşlıq etməkdən keçir.

 

Həm Konstitusiya, həm Quran

 

Sağlam ölkədə yaşamaq hər kəsin Konstitusiya ilə təsbit olunmuş haqqıdı. Ana qanunumuz bu haqqı tanımazdan öncə vacibdir ki, fərd sağlam yaşamın onun öz əlində olduğunu dərk etsin. İslamın ən müqəddəs kitabı Quranı-Kərim ətraf mühitin tənzimlənməsində bitkilərin nə qədər önəmli olduğunu Ənam 99. Surəsində aydınlığı ilə göstərir: "Ağac" sözü ilə Quranda 26 dəfə qarşılaşırıq. Bağ və bağça mənasındakı cənnət sözü isə 146 dəfə işlənir. Oxuyuruq: "Sizə göydən su göndərən Odur. Hər növ bitki bitirdik Biz bu su ilə. Hər bitkidən bir yaşıl çıxardıq, hər yaşıldan bir-birinin üstünə minmiş dənələr. Bir-birinə bənzəyən və bənzəməyən meyvələri - xurma ağaclarının düyümlərindən sallanan salxımlar, üzüm bağları, zeytun və nar yetişdirdik. Bar verib yetişən zaman nəzər salın hər birinin meyvəsinə. Bunlarda, şübhəsiz iman gətirənlər üçün çoxlu-çoxlu dəlil var".

 

Alqış: ətrafımız gül-çiçək olsun

 

Kimdən soruşsan ki, ətrafının gül-çiçək olmasını istəyirmi birmənalı cavabla qarşılaşacaqsan: "Bəli". Ətraf mühitin tənzimlənməsi məhz bu təsdiqdən keçir. Hökumətin gördüyü işlərə hərə bacardığı qədər dəstək versə, əksər ölkələrin kabus bildiyi ekoloji problemə sərf olunan enerji və vəsait daha başqa sahələrin sürətli inkişafı istiqamətində xərclənər.

Və biz daha firəvan ölkədə yaşayarıq.

  

  

Ceyhun Musaoğlu

 

Ədalət.- 2010.- 18 dekabr.- S. 18.