YUXU

 

Bir qayğılı addım atdım atama doğru,

Heç üzümə baxmadı da atam, ay Allah

Bir ürəksiz addım atdım atıma doğru

Heç sözümə baxmadı da atım, ay Allah.

 

Kənddə doğdum günəş kimi, kəndim olmadı,

Mənə çatan zəhər oldu, qəndim olmadı,

Atdan düşdüm, heç olmadı, mindim olmadı

Gərdişinə, vərdişinə matam, ay Allah.

 

Bir gözələ görə məndən incidi hamı,

Zəncir mənəm, zənci mənəm, incidi hamı

Akif Səməd dedi ki, incidi hamı

"Qiblə" dedi, bəs deyər adam, ay Allah.

 

 

***

 

Adamı Allah saxlayır,

Məni də Allah saxlayır.

Tövbəyə növbələrim var

Etdiyim günah saxlayır.

 

Şeyrimə ağ şam gətirir

Dərib ağacdan gətirir,

Sabahı axşam gətirir,

Axşamı sabah saxlayır.

 

Yox, əsir yel belə ki,

Şeytanım qurur tələ ki,

Nə deyim vallah, hələ ki.

Allaha pənah saxlayır.

 

Ədalətim şah əlində

Danışır Akif dilində

Qara sazdı, hər telində

Çəkilmiş min al saxlayır.

 

 

 

KÖHNƏ MAHNILAR

 

Qulağıma lap uzaqdan dəydi, tanıdığım,

Qanıq itlər, qaçan atlar - köhnə mahnılar

Dodaq büzdü gəraylıma, məni qınadı

Qara daşlar, yaşıl otlar - köhnə mahnılar.

 

"İrəvanda xal qalmadı" ya "Qaragilə"

"Sudan gələn sürməli qız" yol yarıngilə.

Sən gülə dön, çiçəyə dön, əğyarın külə

Qoç igidlər, xanım adlar - köhnə mahnılar.

 

Ay camaat, ay həzərat "təzə"lər yedi,

San, bülbülü Gülüstanda gürzələr yedi

Açıq sinə "ətcəbala" məzələr yedi,

Süfrəmizə doldu yadlar - köhnə mahnılar.

 

Cabbar əmi zilə qalxıb, yaram qan verir,

Elə səsi Tanrı verir, yaradan verir,

Xan səsinin kölgəsində şəhid can verir,

Akifin də bağrı çatlar - köhnə mahnılar.

 

 

***

 

Dərdimi deməyə bəs eləmədi,

Qələmin qarası, kağızın ağı

Mənim ürəyimcə səs eləmədi,

Qələmin qarası, kağızın ağı.

 

Aparıb salacaq təndirə mənim,

Ya dar ağacında kəndirə məni

Qorxsam bir də çətin dindirə məni,

Qələmin qarası, kağızın ağı.

 

Huşumdan çıxanlar huşuma gəlsin,

Qoşmanı sazlara qoşum ha gəlsin

Məni qınayanın xoşunə gəlsin

Qələmin qarası, kağızın ağı.

 

"Get" deyirəm, baxmır sözümə, durur

Baxıram, görürəm, sözüm qudurur

Yazıram, yazılmır üzümə durur

Qələmin qarası, kağızın ağı.

 

Bir ömrüm yüz yaşlı qarğadı mənə,

Qupquru qurumuş qarğıdı mənə

Görən, niyə, nədən qarğadı mənə

Qələmin qarası, kağızın ağı.

 

 

BİR DƏ ELƏ ÖLÜM

 

Təpərin olmadı, ya da görmədin,

Səni də yığvalın saydı bir dəfə

Sən niyə bilmədin, qəhrəman oğlan

Ölüm də adama paydı bir dəfə -

Şimşək çaxar sönər, bir daha çaxmaz.

Bir də elə ölüm qarşına çıxmaz

 

Məmurlar vətəni satdı, qurtardı,

İndi duyğulara çoxu darğadı

Bu torpaq elədi atdı, qurtardı

Qorqud babamızın ruhu qarğadı

Otların göyərməz, suların axmaz

Bir də elə ölüm qarşına çıxmaz

 

Qılınc yaraları qaysaqlar, gedər

Kimlər sağalıbdı söz yarasından?

Qabaqda ölümdən qocaqlar gedər

Köçərsən dünyadan üz qarasınnan –

Torpaq da "gəl" deyib, üzünə baxmaz

Bir də elə ölüm qarşına çıxmaz.

 

 

***

 

Gecənə qaravul çəkirəm, çiçək,

Qoy gedən səhərə salamat çıxsın

Ulduzun itməsin, Ayın axmasın,

Gedənlər səfərə salamat çıxsın..

 

Səcdəyə duranlar yarla öpüşsün,

Gözlərim budaqda narla öpüşsün

Dağların buludla, qarla öpüşsün,

Bağların bəhərə salamat çıxsın.

 

Küləyin əlində quru qovudam,

Qoşmadı, təcnisdi məni ovudan

Bədnəzər gözlərdən, gecə xofundan

Mən baxan pəncərə salamat çıxsın.

 

 

***

 

Yerə yapışıb qalmışdım,

Dar ağacı göyə çəkdi

Padşahın canı sağ olsun –

Nağaradan neyə çəkdi.

 

Axan qanımı qurtardım,

Qulam, xanımı qurtardım,

Öldüm, canımı qurtardım,

Qalar olsam, döyəcəkdi.

 

Qoşmamda Ələsgər sətri

Hörmətdə soyumun xətri

Bir qoma yovşanın ətri

Mən köylünü köyə çəkdi.

 

Akifəm bir ömür bişdim,

Bilmirəm biriydim, beşdim

Ağsaqqal qabağa düşdüm,

Mən söyməsəm söyəcəkdi.

 

 

***

 

Yarəb, adamam adıma –

Canıma yazığın gəlsin.

Bu dünya xandı, mən qulu

Xanına yazığın gəlsin.

 

Bir ulu, bir qədim səsdim,

Bilmirəm niyə tələsdim,

Qılıncam qınımı kəsdim

Qınıma yazığın gəlsin

 

Ay qarannıqdı, qar işıq,

Gecə-gündüzə yaraşıq

Qanım qannara qarışır.

Qanıma yazığın gəlsin.

 

Nə oxuyur bu saz, bu tar,

Canımda qoymadı tutar,

Canımdan canımı qurtar

Canıma yazığın gəlsin.

 

 

ŞUŞAYA GEDƏ BİLMİRƏM

 

Bu halal yolnan yoldaşnan

Şuşaya gedə bilmirəm.

Bir belə qohum-qardaşnan

Şuşaya gedə bilmirəm.

 

Qazağıq, özbəyik, türkük,

Tarixdə çoxuna görkük,

Həsrətdə, dözümdə bərkik

Şuşaya gedə bilmirəm.

 

Ulduzuq nədə bilirəm,

Bilirəm, dədə, bilirəm,

Evimə gedə bilirəm.

Şuşaya gedə bilmirəm.

 

Şuşasız evim evdimi?

Dözən mənəmmi, devdimi,

Kimə söyləyim dərdimi

Şuşaya gedə bilmirəm.

 

Şuşada güllər gülürmü?

Dağına duman gəlirmi?

Xudu müəllim bilirmi –

Şuşaya gedə bilmirəm.

 

Türk olmaq günahmı oldu?

Günahkar Segahmı oldu

Təbrizdən uzaqmı oldu

Şuşaya gedə bilmirəm.

 

 

"KƏLBƏCƏR QAYITSIN" DEYƏN DOSTLARA

 

Kəlbəcər hara qayıtsın,

Kəlbəcərə biz qayıdaq.

Salam verək, salam alaq

Olsun bizdə üz, qayıdaq.

 

Ruhumuz ordan enməsin,

Qula, köləyə dönməsin,

Yanaq, odumuz sönməsin

Köksümüzdə köz qayıdaq.

 

Ölü qaçdıq, diri qaçdıq,

Orda qoyduq piri, qaçdıq

Kəlbəcərdən əyri qaçdıq

Qayıdanda düz qayıdaq.

 

Hanı köylük, hanı güllük,

Şoranda ağladıq, güldük.

Qaraçıya dönə billik

Nə bacarsaq, tez qayıdaq.

 

 

Akif SƏMƏD

 

Ədalət.- 2010.- 18 dekabr.- S. 20.