Şər və böhtan yolu tutanlar
1994-2000-ci illərdə Türkiyənin Azərbaycandakı
səfirliyinin mətbuat katibi vəzifəsində işləmiş
Turqut Ərin Türkiyədə "Azadlıqdan
tiranlığa" adlı cızmaqarası kitab şəklində
çap olunan kimi düşmən dəyirmanına su tökən
"Azadlıq" qəzeti də həmin "kitab"dan
müəyyən parçaları dərc edib. Məqsədi
Türkiyə-Azərbaycan münasibətlərinə zərər
vurmaq olan Turqut Ər Türkiyə səfirliyinin
cızmaqaraçısı kimi öz fəaliyyətində
vaxtı ilə ciddi nöqsanlara görə işdən
uzaqlaşdırılmışdı. Məhz elə buna
görə də içində olan dərin nifrəti, qəzəbi
vulkan kimi püskürmüş, qərəzli fikirlərini əsrlər
boyu dost, qardaş kimi yaşayan Türkiyə - Azərbaycan
dostluğuna yönəltmişdir.
Ötən əsrin
90-cı illərində Azərbaycan Respublikasının
üzləşdiyi çətinliklər,
sıxıntılar hər bir insana gün kimi aydındır.
Həmin dövrdə yenicə müstəqillik
qazanmış gənc respublikanı bəlalar girdabından
ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliyi,
müdrik zəkası, güclü dövlətçilik
siyasəti, təcrübəsi xilas etdi. Təəssüflər
olsun ki, Turqut Ər kimi yarımçıq diplomatlara Heydər
Əliyev uzaqgörənliyi, təmkini, müdrikliyi əl verməyib.
Ona görə də Azərbaycanda baş verən hadisələrə
heç nəyə yaramayan dayaz ağlı ilə qiymət
verməyə çalışan Turqut Ər türk
övladı kimi deyil, daşnak ermənilərə xas olan azğınlıqla
Azərbaycana böhtanlar, iftiralar yağdırmaq yolunu
tutmuşdur.
Turqut Ər xəstə
təxəyyülün məhsulu olan "əsəri" ilə
ancaq özü kimi savadsız, əqidəsiz, naşı
insanların dünyagörüşünə təsir
göstərə bilər. O, özü yaxşı bilir ki,
müdrik, ağıllı, ağı qaradan seçməyi
bacaran insanlar onun sərsəm fikirləri ilə heç vaxt
razılaşmazlar.
Turqut Ərin Azərbaycanda
"fəaliyyətə" başladığı illər
xalqımızın böyük fəlakətlərlə
üz - üzə dayandığı, müstəqilliyini
qoruyub saxlamaq üçün ölüm - dürüm
mübarizəsinə qalxdığı illər idi. Türkiyəli
"diplomat" ağılda olan "dövlət rəhbərlərinin"
səriştəsizliyi ucbatından 20 faiz torpaqlarımız
işğal olunmuş, bir milyondan artıq
soydaşımız qaçqına, köçkünə
dönmüşdü. "Sapı özümüzdən
olan baltalar" isə Azəbaycanı vətəndaş
müharibəsinə sürükləyərək xalqın
övladlarını üz- üzə qoymuşdu.
1994-cü ilin may
ayında Heydər Əliyev Ermənistanla atəşkəs
barədə saziş imzalamasaydı həmin dövrdə Azərbaycan
uçuruma yuvarlanmış olardı. Turqut Ər də Azərbaycan
müxalifətinin yalançı hay - küyünə
cır səsini qataraq bunu Azərbaycanın məğlubiyyəti
hesab edir. Görəsən yalançı "diplomat" Azərbaycanın
1994-cü ildəki vəziyyətini aydın dərk edə
bilirmi? Burnundan uzağı görə bilməyən bu
başabəla "diplomat" bir dəfə
papağını qarşısına qoyub böyük siyasi
xadim Heydər Əliyevin bu siyasi addımını
düzgün qiymətləndirə bilərdimi? Yox! Ona görə
ki, Turqut Ərin öz düşüncəsi, öz fikri
yoxdur. O, bir tutuquşu kimi həmişə özgələrin
fikrini təkrarlayıb.
Ümummilli liderimiz Heydər
Əliyev atəşkəsdən təxminən beş ay sonra
bütün dünyanı heyrətdə qoyan "Əsrin
müqaviləsini" imzaladı. Bakı - Tbilisi - Ceyhan neft kəməri
Azərbaycanın işıqlı sabahlarına, parlaq gələcəyinə
açılan nurlu, işıqlı qapı idi. Xalqın gələcək
xoşbəxtliyi bu kəmərin reallaşmasından
asılı idi. Müdrik Heydər Əliyev bu kəmərin
başa çatması üçün on il vaxt müəyyən
etdi. 2004-cü ildə xalqımız ulu öndərin bu
uzaqgörən arzusunun reallaşdığının
şahidi oldu.
Turqut Ər və onun
kimi əqidəsiz insanlar özlərinə hər cür
soyadlar qoşa bilərlər. Ancaq ərlik, mərdlik, cəsurluq,
türkçülük, millətsevərlik insanın
qanında olmalıdır. Əfsus ki, Turqut Ərlər bu
düşüncədən uzaqdırlar. Xalqa xəyanət
yolunu tutanların nəsibi isə el qınağı, el nifrətidir.
Əgər doğrudan
da Turqut Ərin uzaqgörən düşüncəsi olsa idi
atəşkəs sazişinin imzalandığı həmin ildən
bu günə kimi Azərbaycan əsgərinin gücündən,
Azərbaycanın müdafiə qüdrətindən də
söz açardı.
Turqut Ər yazır:
"Başda dövlət televiziyası və radiosu olmaqla
bütün qəzetlər prezident sarayından idarə
olunurdu." Burada da yalançı "diplomat" şər,
böhtan yolunu tutub. Azərbaycan mətbuatına az- çox bələd
olan ayıq oxucu bu ağ yalanla heç vaxt barışmaz. Bu
gün Azərbaycanda 600- dən artıq qəzet və jurnal fəaliyyət
göstərir. Bu qəzetlərdə ölkə
başçısının ünvanına yönələn
yazılar belə çap olunurdu. Mətbuat işçiləri
ilə bağlı görüşlərin birində
ümummilli lider Heydər Əliyev gülə-gülə dedi
ki, "mənim də haqqımda qəzetlər çox
şey yazır". Amma buna baxmayaraq ulu öndər Heydər
Əliyev o qəzetlərin bağlanmasına yox, nəşrini
dayandırmamasına maliyyə köməkliyi göstərdi,
qəzetlərin, xüsusən də müxalifət qəzetlərinin
"Azərbaycan " nəşriyyatına olan
borclarını ləğv etdi. Bəlkə Turqut Ər bu
yaxşılıqları, bu diqqəti unudub. "Ölkədə
dəhşətli senzura var idi" deyən yalançı
diplomat görəsən yadına salırmı ki, elə
1998-ci ildə prezidentin sərəncamı ilə Azərbaycanda
senzura ləğv olundu, "Kütləvi informasiya vasitələri
haqqında" Qanun qəbul olundu.
Turqut Ərin qərəzli,
cəfəngiyyatla dolu "kitabı" özünə bəraət
qazandırmaq istəyindən başqa bir şey deyil. O,
vaxtı ilə Azərbaycandan "arzuolunmaz şəxs"kimi
çıxarılmışdır. Belə olan məqamda
özünü Azərbaycana "canıyanan" bir adam kimi
göstərmək istəyən Turqut Ər özü də
yaxşı bilir ki, onun boş və sabun köpüyünə
bənzəyən fikirlərinə ölkəmizdə
özü ağılda olan züy tutanlarından savayı
heç kəs inanmaz.
Ancaq bu gün Azərbaycanda
hər bir sadə vətəndaşı, ziyalını dərindən
düşündürən bir sual ortaya çıxır. Türkiyə
- Azərbaycan münasibətlərinə soyuqluq gətirmək
istəyən yalançı cızmaqaraçının
kitabından parçaları "Azadlıq" qəzetinin səhifələrinə
çıxaranlar hansı əqidəyə qulluq edirlər? Axı,
Turqut Ər kimi insanların Azərbaycana ürəyi
yanmır. Əksinə, belə insanlar Azərbaycanın
sürətli inkişafını görəndə həsəd
və paxıllıqdan yanıb-yaxılırlar. Çünki
Turqut Ər kimi bayquşlara 90-cı illərin
dağılmış, viranə qoyulmuş Azərbaycanı gərək
idi. Turqut Ər xarabalıq sevən bayquşdur. Müasir Azərbaycanın
Türkiyə ilə dostluğu, qardaşlığı onun
gözünə ox kimi sancılır. Turqut Ər və onun
kimilər unutmasınlar ki, onların gördükləri Azərbaycan
ulu öndər Heydər Əliyevin inkişaf, tərəqqi
strategiyası ilə daima inkişafdadır. "Bir millət,
iki dövlət" prinsipi ilə yaşayan Azərbaycanla
Türkiyə arasında ticarət dövriyyəsi bu gün
iki milyard dollara çatmışdır. Bu isə
özlüyündə onu göstərir ki, dili, dini, tarixi bir
olan Türkiyə ilə Azərbaycanı - bu qan
qardaşlarını, can qardaşlarını heç bir
qüvvə bir - birindən ayrı sala bilməz.
Türkiyənin Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Hulusu
Kılıc jurnalistlərə verdiyi açıqlamada Turqut Ərin
cəfəngiyyatla dolu "kitabçası" barədə
demişdir: "Ölkəmizdə 73 milyon insan var, o da həmin
insanlardan biridir. Turqut Ərin fikir, söz
azadlığından faydalanaraq yazdığı kitab
heç bir formada 73 milyon insanın mövqeyini, həmçinin,
Türkiyə dövlətinin mövqeyini ifadə edə bilməz.
Türkiyə ictimaiyyəti yaxşını pisdən
ayırmağı bacarır. Ölkəmizdə hər kəs
ulu öndərin müstəqil Azərbaycan dövlətinin
yüksəlişi naminə gördüyü əvəzsiz
işlərdən xəbərdardır. Onun Azərbaycan -
Türkiyə münasibətlərinin inkişafında
göstərdiyi xidmətləri də heç kim
unutmayıb."
Eldə gözəl bir
məsəl var "Yel qayadan nə aparar". Həqiqətən
də Turqut Ərin boş, mənasız kitabı əslində
heç nəyə yaramır. "Milçək özü
bir şey deyil, amma könül bulandırır" -
müdrik kəlamı sanki Turqut Ər kimi insanlara deyilib. Belə
insanlar könül bulandırmağı özlərinin
amalına, məqsədinə çeviriblər.
Təəssüf ki, belə
insanlar öz çirkin əməllərini türk
dünyasında daha böyük məna kəsb edən ƏR
adı altında həyata keçirmək istəyirlər. Ər
sözü isə hər kişiyə yaraşmaz. Vətən,
millət təəssübü çəkməyən
insanlara isə heç yaraşmaz. Turqut Ərə
yaraşmadığı kimi...
Turqut Ər
yazdıqlarının yalan və böhtan olduğunu
özü də çox gözəl anlayır. Şər və
böhtan yolu tutanlar unutmasınlar ki, şər, böhtan,
yalan heç vaxt ayaq tutub yeriyə bilməz.
Tarixin sınaqlarından şərəflə
çıxmış Türkiyə - Azərbaycan
dostluğunu isə heç bir qüvvə sarsıda bilməz.
Asim Yadigar,
Vaqif Məmmədov,
Elbəyi Maqsudov,
Həsənəli Eyvazlı
Ədalət. - 2010.- 10 dekabr.- S. 7.