QARA LƏKƏ
Reket jurnalistlərin əlindən çoxları
boğaza yığılıb
Azərbaycan mətbuatının çox şərəfli
və tarixi bir keçmişi var. Yəni milli mətbuatımız
bugünkü günə elə də asanlıqla gəlib
çıxmayıb. Əsası Həsən bəy Zərdabi
tərəfindən qoyulan milli mətbuatımız "Əkinçi"
qəzeti ilə oxucularının görüşünə gələndə
ilk növbədə məramı bu olub ki, insanlar arasında
maarifçilik ideyaları yaysın, onları
savadlandırsın və oxuculara düz yol göstərsin. Elə
məhz bu yolu da "Əkinçi" uzun müddət
göstərib və sonradan böyük Mirzə Cəlilin
"Molla Nəsrəddin" jurnalı işıq üzü
görüb. Həmin jurnalda da dövrünün, zəmanənin
eybəcərlikləri, problemləri, din, xurafat adı ilə
meydan sulayan mollaların iç üzünün
açılması ön plana çəkilib. Yəni bu mətbu
orqanları fəaliyyət götərdiyi dövrdə başqa
sözlə demiş olsaq, millətin güzgüsü olub. O
güzgüyə baxanda, o güzgüyə diqqət yetirəndə
çoxları eybəcərliyini görüb, ya onu düzəldib,
düzəldə bilməyənlər isə
güzgünü qınayıblar, hətta onu sındırmaq
istəyiblər.
Bu gün də məmləkətimizdə
milli mətbuatımızın ənənələrini
yaşadan və daşıyan onlarla nüfuzlu mətbuat
orqanları var. Bu mətbuat orqanları həm maarifçilik
ideyaları ilə məşğul olur, həm də ictimai rəyə
təsir edir. Aydındır ki, oxucusu daha çox olan mətbu
orqan oxucular tərəfindən daim izlənilir. Yəni elə
adam var ki, hər gün səhər qəzet köşkünə
gedir və ürəyi istədiyi mətbu orqanı alır.
İnsanlar qəzet vasitəsi ilə çox informasiyalar
öyrənə bilirlər. Ən azından dünyada baş
verən siyasi-iqtisadi, mədəni proseslərdən hər
hansı qəzetə baxan oxucu o dəqiqə xəbər
tutur.
Amma elə qəzetlər
də var ki, ancaq onun adı qəzetdir. Fəaliyyəti isə başdan ayağa kriminal elementlərlə doludur. Bu gün məmləkətimizdə
5 minə yaxın qəzet qeydiyyatdan keçib. Ancaq ictimai rəyə təsir eləyən qəzet uzaqbaşı
50-dən çox ola bilməz. İndi görün, yerdə qalan 4500 qəzetin təsisçiləri və
redaktorları, eləcə
də əməkdaşları
camaatın başına
hansı oyunları açırlar. Əksər çıxmayan
qəzetlərin sahibləri
ancaq vəsiqə satmaqla və bir də qeyri-peşəkarları
ətrafına toplayıb
müxtəlif obyektlərin
canına salmaqla məşğuldurlar. Yəni bu
cür qeyri-peşəkarlar
qəzet çıxarmaq
haqqında yox, müxtəlif vəzifəli
şəxsləri şantaj
edib, hədə-qorxu gəlib pul qazanmaq haqqında fikirləşirlər.
Bir dəfə 10 il
bundan əvvəl Bərdə rayonuna ezamiyyətə
getmişdik. Rayon icra hakimiyyətində ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri çox savadlı və
ziyalı insan idi. O bizim vəsiqələri qeydiyyatdan
keçirəndən sonra dedi ki, sizin qəzet kimi
tanınmış mətbuat orqanının 20-25
işçisi var, amma heç vaxt işıq üzü
görməyən və bir nömrəsi çıxmayan qəzetin
nə qədər işçiləri olur. O günü bir qəzetin
əməkdaşı gəlmişdi, vəsiqəsinin
nömrəsinə baxıb gördüm ki, 1050-ci adamdır.
Təəccübümdən bilmədim nə edim.
Çıxmayan qəzetin də 1050 əməkdaşı
olarmı? Sonradan həmin ziyalı insan bizimlə söhbət
edəndə dedi ki, belə qəzetlər qəzetçiliklə
deyil, qapı-qapı gəzib kimlərisə incidib, ondan nəsə
bir şey qoparırlar. Bir şey də qopara bilməyəndə
ayda, ildə bir dəfə çıxan nömrəsində
şantaj və hədə-qorxu dolu, savadsız yazılar dərc
edirlər. Bir dəfə həmin qəzetlərin birində
balaca bir yazını oxuyanda 60-a qədər orfoqrafik və
üslubi səhv üzə çıxardım.
Göründüyü
kimi, bir çox ziyalı insanlar reket jurnalistikasının əlindən
boğaza yığılıblar. Çox qəribədir,
peşəkar jurnalisti hər hansı məktəbdə kimsə
müəllim kimi işə götürmür, amma türmədən
çıxan, ağır cinayətlər törədən,
heç yerdə işləməyən, ərindən
boşanan qadınlar və cəmiyyət içində
heç bir nüfuzu olmayan təsadüfi adamlar bu gün qəzet
təsisçisi və baş redaktordurlar. Adını və
tərcümeyi-halını düzgün yaza bilməyən
adamdan necə baş redaktor ola bilər? Baş redaktor olmaq
üçün böyük bir zaman kəsiyi lazımdır.
Təəssüf ki, bugünkü mətbuatımız belə
bir dərin burulğana düşüb. Təbii ki, hər bir
mətbu orqanın özünün məramnaməsi,
ideyası və fəaliyyət çərçivəsi
olmalıdır. Əfsuslar olsun ki, bizdə ildə bir dəfə
çıxan mətbu orqanların heç bir fəaliyyəti
hiss olunmur, onlar yalnız və yalnız müxtəlif şəxsləri
ləkələmək, şantaj etməklə məşğuldurlar.
Nə yaxşı ki,
son vaxtlar Mətbuat Şurası reket jurnalistikasına
qarşı fəaliyyətini daha da gücləndirib.
Artıq ölkənin 100-ə yaxın qəzetinin adı Mətbuat
Şurasının tərtib etdiyi "qara siyahıya"
düşüb. Düzdür, bəzi mətbuat orqanları
"qara siyahı"ya düşəndən sonra fəaliyyətlərində
dönüş yaradıblar. Amma yenə adları "qara
siyahı"da olan əksər qəzetlər öz
çirkin əməllərini davam elətdirir, heç bir
fakta və sübuta əsaslanmadan insanların əsəbləri
ilə oynayır, onların şərəf və ləyaqətini
təhqir etməkdən belə çəkinmirlər. Azərbaycan
mətbuatında bir qrup dələduz peyda olub. 5-10 reket qəzetin
sahibləri ölkənin tanınmış adamları
haqqında eyni vaxtda şantaj dolu yazılar dərc etdirir,
ayrı-ayrı vəzifəli şəxslərin mobil telefon
nömrələrini öyrənib onlara tez-tez zəng edir və
qəzetlərinə pul köçürmələrini istəyirlər.
Həmin pulu da verməyəndə reket qəzetlərdə vəzifəli
şəxslər haqqında şər və böhtan dolu
yazılar dərc olunur. Hətta onlara bildirirlər ki, sənin
evinin, maşınının və oturub-durduğun
xanımın şəkilini də çəkmişik. Bu
cür iyrənc hərəkətlərlə ayrı-ayrı
adamları boğaza yığan, təngə gətirən
dırnaqarası qəzet sahibləri görəsən nə
vaxta qədər öz çirkin əməllərini davam
etdirib insanların əsəbləri ilə oynayacaqlar?
Bir neçə gün
bundan əvvəl yaxın tanışlardan biri dedi ki, reket qəzetlərin
əlindən lap boğaza yığılmışam.
Heç vaxt məni ölkənin tanınmış qəzetlərinin
əməkdaşları narahat etməyiblər və həmişə
də məəttəl qalmışam ki, necə olur ki,
gündə çıxan və ictimai rəyə təsir edən
qəzetin müxbirini illərlə görmürəm, amma
heç vaxt işıq üzü görməyən və bəzən
də ildə 3-4 nömrəsi çıxan mətbu
orqanın gündə 10-15 nümayəndəsi qapının
ağzını kəsdirir. Məgər bunların
işi-gücü yoxdur? Heç qəzet çıxaran adam
da onun-bunun qapsını kəsdirib, hədə-qorxu və
şantajla çörək qazanarmı? Mənim mətbuata həmişə
böyük hörmətim olub. Ölkənin
tanınmış qəzetlərində çalışan
jurnalist, yazıçı, şair dostlarım var. Mən
onlarla həmişə qürur duymuşam. Yanıma gələnlər
isə çox savadsız, səviyyəsiz və mətbuatdan
xəbəri olmayan naşı adamlardır. Onlardan birindən
soruşdum ki, Azərbaycan mətbuatının əsasını
kim qoyub, durub gözünü döydü? Sonra da dedim ki,
get onu öyrən, sonra gəl. O da getdi və
sonra gəlmədi. Görünür, heç
olmasa bir az da olsa qanacağı varmış.
Həqiqətən də
bu gün sarı mətbuat ölkənin nüfuzlu mətbuat
orqanlarına və onun yazarlarına qara ləkə gətirir.
Çünki sayılıb-seçilən və imzaları
ilə ölkədə məşhur olan yazarların
çoxu bu sarı mətbuatın yaratdığı mənfi
fikrə görə çox vaxt özlərini jurnalist kimi təqdim
etməkdən utanırlar. Çünki küçə
alverçisində, "Kamaz" markalı maşının
sürücüsündə, türmədən çıxan
cinayətkarın cibindən hər hansı qəzetin vəsiqəsi
çıxırsa, belə olan halda peşəkar jurnalist təbii
ki, sənətin hörmətdən düşdüyü yerdə
özünü çox narahat hiss edəcək. Elə bu
narahatlığa görə uzun müddət Azərbaycan mətbuatında
saçını, saqqalını ağardan, vicdanlı və
namuslu qələm sahibləri öz abırlarını
qoruyaraq mətbuatdan uzaqlaşıblar. Onlar mətbuatdan
uzaqlaşdı qeyri-peşəkarlar, dələduzlar, yüz
oyundan və hoqqadan çıxanlar gəlib doluşdular
müxtəlif qəzetlərə.
Qeyri-rəsmi məlmuata
görə bu gün ölkədə 90 min adamda jurnalist vəsiqəsi
var. İnanın, heç onların 5 mini jurnalist olmaz. Demək
qalan 85 mini qeyri-peşəkarlar, dələduzlar, kimdənsə
pul qoparmaq istəyən adamlardır. İstedadlı qələm
dostum Məzahir Əhmədoğlu bu mövzu ilə
bağlı dəfələrlə gözəl yazılar
yazıb. Onun yazdığı hər bir yazı da ictimaiyyət
və oxucular tərəfindən yüksək qiymətləndirilib.
Həmin yazılardan sonra bizə zəng edən onlarla oxucu
deyirdi ki, görəsən, bizim canımız bu rekert
jurnalistlərdən nə vaxt qurtaracaq? Məzahir müəllimin
yazdığı yazıda belə bir epizod var idi ki, Göyçayda
kollecin direktoru eyni vaxtda məktəbə gələn 5-10
jurnalistə imla yazdırıb. Həmin imladansa
dırnaqarası jurnalistlərin hamısı "2"
alıb. Səhv eləmirəmsə, Məzahir müəllimin
qələmə aldığı yazının sərlövhəsi
belə idi: "İmla qonaqlığı". Adi imlanı
yaza bilməyən və yazanda da 50-60 orfoqrafik səhv buraxan
bu dırnaqarası qeyri-peşəkarlara necə jurnalist demək
olar?
Bir sözlə, bu gün cəmiyyət reket, dələduz,
şantajçı və böhtançı
cızma-qaraçıların əlindən təngə gəlib.
Həmişə də bizdən soruşurlar ki, qardaş, siz
təcrübəli adamlarsınız, niyə bu cür
özbaşınalıqlara qarşı mübarizə
aparmırsınız? Amma ölkədə bu gün reket
jurnalistikasına, dələduzlara və
şantajçılara qarşı Mətbuat Şurası yetərincə
mübarizə aparır. Gərək bu işdə cəmiyyət
də və ayrı-ayrı insanlar da onlara kömək edə.
Biz hamımız bir olsaq, mətbuatımızı belə
sağalmaz xəstəlikdən xilas eləyə bilərik.
Faiq QİSMƏTOĞLU
Ədalət.- 2010.- 10 dekabr.- S. 5.