Aktyorlarımıza Ankara səhnəsində baxdılar

 

Lənkəran Dövlət Dram Teatrı Türkiyədə keçirilən beynəlxalq festivalda iştirak edib

 

Son illər tez-tez xarici ölkələrə dəvət alan Lənkəran Dövlət Dram Teatrının kollektivi bu dəfə Ankara səhnəsində görünüb. Lənkəranlı sənətçilər Türkiyənin paytaxtında keçirilən 15-ci Uluslararası Teatr Festivalında iştirak ediblər.

 

Nüfuzlu festivala...

 

Ankarada düzənlənən Uluslararası Teatr Festivalı TAKSAV- Araşdırmalar Kültür və Sanat İçin Vakfının təşkilatçılığı ilə keçirilir. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin də dəstək verdiyi sənət yarışmasında qardaş ölkənin dövlət və özəl teatr kollektivlərilə yanaşı müxtəlif xarici ölkələrdən gələn kollektivlər də iştirak edir.

Lənkəran Dövlət Dram Teatrının direktoru İslam Həsənovun sözlərinə görə, sayca 15-ci dəfə keçirilən festivala bu dəfə Rusiyadan, İrandan, Şimali Kirdən, Kosovadan, Xorvatiyadan dəvət edilən teatrlar öz maraqlı tamaşaları ilə qatılıb: "Azərbaycanı isə bu nüfuzlu festivalda iki kollektiv - Abdulla Şaiq adına Dövlət Kukla Teatrı və Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı təmsil edirdi. Ankara Uluslararası Teatr Festivalının təşkilatçılığı yüksək səviyyədə idi. Qardaş ölkənin tanınmış teatr xadimlərinin təmsil olunduğu festival komitəsi öz işini peşəkarcasına qurmuşdu. 10 gün ərzində festival iştirakçıları Ankaranın müxtəlif teatr və konsert salonlarında tamaşalarını təqdim edirdilər. Bilkənd Universitetinin Teatr Salonu Lənkəran Dövlət Dram Teatrının ixtiyarına verilmişdi. Biz festivala apardığımız tamaşanı həmin səhnədə teatrsevərlərə təqdim etdik".

 

Maraqlı tamaşa ilə

 

Repertuarına klassik və müasir dramaturqların əsərlərini daxil edən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı 15-ci Ankara Uluslararası Teatr Festivalına tanınmış macar dramaturqu Mikloş Xubainin "Şeytanın oyunları və ya Neron oynayır" tamaşası ilə qatılıb. Onu da vurğulayaq ki, bu tamaşa kollektivin Gürcüstan teatr xadimlərilə müştərək beynəlxalq layihəsidi. "Şeytanın oyunları və ya Neron oynayır" tamaşasına İslam Həsənovla Gürcüstanın tanınmış rejissoru, Kutaisi Teatrının direktoru və bədii rəhbəri Zurab Pxakadze birgə quruluş veriblər. Quruluşçu rəssam Davit Qoderidze, musiqi tərtibatçısı isə Laşa Zalkolianidi.

Roma imperatoru Neron özünü Tanrı hesab edir. Zalım imperator haqqın, ədalətin tərəfdarlarını qılıncdan keçirməyi özünə əyləncə seçir, onlara əzab verməkdən zövq alır. Özünü dünyanın ən istedadlı aktyoru sayan Neron sonda...

Türkiyə tamaşaçıları xalq artisti Qabil Quliyevin (Povel), Adil Zeynalovun (Neron), Qızılgül Quliyevanın (Aqrippina), Eynəli Nurullayevin (Pyotr), Aynur Əhmədovanın (Pompeya), Miraslan Ağayevin (Pollada), Əlibala Əsgərovun (Kahin), Əbülfəz Axundovun (Kor heykəltəraş) və başqalarının ifasını maraqla qarşılayıblar.

Teatrın direktoru İslam Həsənovun sözlərinə görə, Lənkəran Dövlət Dram Teatrı festivalda uğurlu çıxışına görə təşkilat komitəsinin xüsusi mükafatına layiq görülüb: "Həm tamaşaçılar, həm də Festival Komitəsi teatrımızın işini yüksək qiymətləndirdilər".

İslam Həsənov kollektivin Türkiyəyə səfərini təşkil etdiyinə görə Əbülfəs Qarayev başda olmaqla Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə minnətdarlıq etməyi də unutmadı: "Tamaşamızı Türkiyə tamaşaçılarına təqdim etməklə yanaşı festivala gələn müxtəlif teatrların kollektivləri ilə tanış olduq, teatr sahəsində baş verən prosesləri izləmək şansı qazandıq. Bütün bunlar yaradıcı kollektivimizin inkişafı üçün mühüm amillərdəndi. Bizə bu imkanı yaratdığına görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkürümüzü bildiririk".

 

Sonda onu da vurğulayaq ki, Lənkəran Dövlət Dram Teatrı növbəti xarici qastrollara hazırlaşır. Direktorun sözlərinə görə, kollektiv Türkiyənin Dənizli və Gürcüstanın Batumi şəhərindən dəvətlər alıb.

  

    

Turan İSMAYILZADƏ

 

Ədalət.- 2010.- 15 dekabr.- S. 7.