"ÇIXIRAM QƏLBLƏRİN SƏYAHƏTİNƏ"

 

yaxud 30 il yol gələn kitab

 

Günlər keçəcək,

Şeirlərin gəzəcək

dodaq-dodaq sənsiz,

Məhəbbətin gəzəcək

Ürək-ürək sənsiz

 

Rəsul Rza

 

Neçə ilin söhbətidir. Qələm dostum, tədqiqatçı jurnalist, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dosenti Mahmud Mahmudov mənə dedi ki, qardaşı şair Zaminlə birlikdə Əliağa Kürçaylı haqqında kitab hazırlayır. Bu məqsədlə mərhum şairin dünyaya göz açdığı Salyanda, Kürqaraqaşlı kəndində dəfələrlə olublar, Kürçaylının həmyerliləri, yeniyetməlik, gənclik illərinin dostları, poeziyasının pərəstişkarları ilə görüşüb söhbət ediblər, maraqlı faktlar aşkara çıxarıblar. Mahmud müəllim mənə də həmyerlimiz barədə xatirə yazmağı təklif etdi.

Bənzərsiz şairimiz, xeyirxahlığını heç vaxt unutmadığım Əliağa Kürçaylı haqqında xatirələr məni uzaq, unudulmaz tələbəlik illərinə apardı. O vaxt qayğıkeş müəllimlərimin - görkəmli tədqiqatçı jurnalistlər Nurəddin Babayevin və Nəriman Zeynalovun köməyi, xeyir-duası ilə mətbuata təzə ayaq açırdım, ara-sıra qəzetlərdə yazılarım dərc olunur, efirdən səsim gəlirdi.

Bir dəfə qış imtahan sessiyasından sonra rayona gedəndə fürsətdən istifadə edib yazı hazırlamaqdan ötrü Salyan pambıqtəmizləmə zavodunda oldum. Sexləri gəzib qeydlərimi götürəndən sonra direktor Mikayıl Hüseynovla kabinetində görüşdüm. O, Salyanda sayılıb-seçilən, sanballı, xeyirxah bir insan, səriştəli təşkilatçı kimi böyük hörmət sahibi idi. Cəbhədə həlak olan atamın etibarlı dostu kimi təhsilimlə maraqlandı. Biləndə ki, əlaçı təqaüdü alıram, yazılarımın qonorarını da üstünə gələndə evdən ehtiyacım olmur, gözləri güldü. Nə fikirləşdisə:

- Sənə bir iş tapşıracağam, - dedi, - Yazıçılar İttiafaqına get, Əliağa Kürçaylı ilə görüş, tanış ol, həm də mənim salamımı ona yetir. Bax ha, yadından çıxmasın.

İki gündən sonra köhnə kişilərin dostluğunun, haqq-salamının nəyə qadir olduğunu gördüm. Onda bildim ki, Mikayıl kişi məni niyə məhz Əliağa Kürçaylının yanına göndərib. Böyük hörmət bəslədiyi dostunun adını eşidən şair məni sorğu-suala tutdu. Universitetin jurnalistika şöbəsində oxuduğumu, "yazıb-pozduğumu" söylədim. O, cəld ayağa qalxdı, bir qədər kənarda dayanan yazıçı dostları ilə tələm-tələsik sağollaşıb mənə sarı döndü: "Getdik!". "QAZ-24"ün sükanı arxasına keçib o vaxtkı Radio və Televiziya Komitəsinə sürdü. Sədrin müavini, şair dostu Ənvər Əlibəyli ilə çox səmimi görüşüb, məni ona tapşırdı. Ənvər müəllim daxili telefonla baş redaktor Hacı Hacıyevi çağırıb mənimlə tanış etdi. Çox keçmədi ki, Azərbaycan Radiosunun ştatdankənar müxbiri kimi vəsiqə aldım, efirdə reportajlarım, lent yazılarım səsləndi. Tale elə gətirdi ki, universiteti bitirib bir müddət rayon qəzetində çalışandan sonra Azərbaycan radiosunun ştatdankənar müxbiri olduğum redaksiyasında redaktor vəzifəsində işə başladım, oradan da televiziyanın "Gənclər" şöbəsinə müdir təyin edildim...

İllər keçdikcə müxtəlif ictimai işlərdə, məsul vəzifələrdə çalışsam da, hələ tələbə ikən qolumdan tutub mənə dayaq olan, xeyir-dua verən Əliağa Kürçaylının yaxşılığını unutmadım, onun xeyirxahlığa, insanpərvərliyə səsləyən, "Vətən övladını sorğu-suala tutan" poeziyası ömrüm boyu yol yoldaşım, sirdaşım oldu.

"O uzaq illərin xatirəsi"ni Mahmud müəllimə verdim. Kitabın nəşri isə xeyli ləngidi. Nəhayət, Zamin və Mahmud Mahmudovların "Çıxıram qəlblərin səyahətinə" kitabı nəfis şəkildə işıq üzü gördü.

Beş bölmədən ibarət 530 səhifəlik zövqlə tərtib edilən kitabı böyük maraq və həyəcanla oxudum. Hiss etdim ki, ibrətamiz həyat və yaradıcılıq yolu keçmiş müqtədir şairimiz Əliağa Kürçaylı, onun qüdrətli poeziyası, dramaturgiyası, bədii publisistikası barəsində kitabın redaktoru Nazilə xanım Rafiqin təbirincə desək, təsəvvürüm, bildiklərim yetərincə deyilmiş, bilmədiklərim, öyrənilməsi zəruri olanlar isə çox imiş.

Mənim qənaətim belədir və hesab edirəm ki, Sevda Əliyevanın "Ə.Kürçaylının poetik dünyası", Əmirxan Xəlilovun "Kürçaylı", Sadıq Murtuzayevin "Əliağa Kürçaylının zarafat dünyası"ndan sonra işıq üzü görən "Çıxıram qəlblərin səyahətinə" kitabı böyük şairin xatirəsini əziz tutan söz-sənət adamlarına, çoxsaylı oxuculara layiqli töhfədir. Bununla bağlı öz təəssüratımı Mahmud müəllimə bildirəndə onun cavabı qısa oldu: "Bu kitab 30 ildir yol gəlir".

Uzun müddət gərgin zəhmətin, Kürçaylı yaradıcılığına və şəxsiyyətinə böyük məhəbbətin bəhrəsi olan kitabı təkrar-təkrar vərəqləyib oxuyuram. Cəmi 52 il ömür sürən, yaradıcılığının ən kamil və məhsuldar dövründə bütün varlığı ilə sevdiyi, vəsf etdiyi həyata vida edən Azərbaycanın şair oğlunun bənzərsiz obrazı bütün əzəmətilə gözlərim önündə canlanır. Onun mübariz, insana qürur hissi aşılayan poeziyası qulaqlarımda səslənir:

 

Bu eşqi, sevinci, səmimiyyəti

Gətirən anamın öz əli idi.

O əllər düzlüyün, işin, zəhmətin

Qüdrətdən yaranmış heykəli idi.

 

Əliağa Kürçaylının yeniyetməlik, mənim və yaşıdlarım olan kitab müəlliflərinin uşaqlıq çağları çörəyin qəhətə çıxdığı, aclığın qənim kəsildiyi, cəbhədə vuruşan atalarımızı əvəz edən analarımızın övladlarını yaşatmaq naminə kişi qeyrəti ilə çalışdıqları müharibə illərinə təsadüf edib. Şairin ustalıqla yaratdığı Ana obrazı - onun doğma anasının həyatı, ərini cəbhəyə yola salan, müharibənin qurtarmasına üç ay qalmış "qara kağızı"nı alan, ehtiyacın zillətinə qatlaşan, zamanın sərt sınağının sındıra bilmədiyi mənim anamın, bu ağır illərdəki bütün anaların "Qüdrətdən yaranmış heykəli"dir.

Əliağa 9-cu sinfi bitirəndən sonra 10-cu sinfə yox, işə getdi, Salyan dəmir yolu stansiyasında fəhlə işlədi. Ailənin güzəranı ağır idi, ana çatdıra bilmirdi.

Bir gün axşamüstü işdən qayıdanda o, qapı ağzında tanış poçtalyonla rastlaşır. Poçtalyon ona Bakıdan, redaksiyadan göndərilən pulu - şeirinin müəllif haqqını verir. "Deməli, şeir dərc olunanda pul da verirlər",- ilk dəfə qonorar alan Əliağa düşünür. Ertəsi gün onu raykomun birinci katibi öz kabinetində qəbul edib deyir:

- Səni Bakıya çağırırlar, Yazıçılar İttifaqına. Bilirsən kimi çağırır? Səməd Vurğun!

O, "Azərbaycan Sovet Yazıçıları İttifaqı" yazılmış şax kağızı Əliağaya uzadır. Burada yazılmışdı: "Gənc şair Əliağa Kürçaylını bir həftəlik çörək kartoçkası ilə təmin edib, 1947-ci il iyun ayının 16-da Yazıçılar İttifaqında keçiriləcək gənc yazıçıların birinci respublika müşavirəsinə göndərməyinizi xahiş edirik.

Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri Səməd Vurğun".

Yazıçıların Natəvan klubunda oxuduğu şeirlər Səməd Vurğunun xoşuna gəlir. Müşavirədən sonra onu kabinetində qəbul edən böyük şair müdrik qərar qəbul edir. Əliağanı Bakıda saxlatdırır, Yazıçılar İttifaqının maddi köməyilə fəhlə-gənclər məktəbinin 10-cu sinfində oxumasına imkan yaradır. Əliağa məktəbi bitirib universitetin filologiya fakültəsinə daxil olur. Nəhayət, Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda ali təhsilini başa vurur.

Kitabın birinci bölməsində "Ürək dolmasa qələm "boşalmaz"" sərlövhəli çox əhatəli, dərin məzmunlu məqaləsində Mahmud müəllim yazır: "İstedadın qüdrəti təkcə yaradıcılıq sahəsində özünü büruzə vermir, təbiətinin böyüklüyündə, adi insani münasibətlərdə də üzə çıxır. Bu cəhətdən Səməd Vurğun alicənablığı bizə həmişə həyat dərsliyi, məktəb təsiri bağışlayır. Şair ilk tanışlıqdan ta ömrünün sonuna kimi Əliağa Kürçaylının yaradıcılığını diqqətlə izləmiş, qiymətli məsləhət və tövsiyələrini gənc həmkarından əsirgəməmişdi".

Əliağa Kürçaylı "Səməd Vurğun taleyimizdə" və "Üfüq genişliyi" publisistik məqalələrində öz xeyirxahı haqqında ürək dolusu söhbət açır, qürurla deyir ki, yalnız məsləhətlər, tövsiyələrlə kifayətlənməyən Səməd Vurğun uzun illər ona ustad dərsləri verib, böyük inam bəsləyib: "Bu cavanın böyük gələcəyi var. Mən onun əsərlərini oxuyanda öz gənclik illərimi xatırlayıram".

Akademik Bəkir Nəbiyevin çox haqlı olaraq yazdığı kimi, "böyük şairin vaxtilə öz gənc həmkarı haqqında məhz Səməd Vurğuna məxsus geniş ürəklə dediyi sözlər əsil xeyir-dua kimi səslənmiş və müstəcəb olmuşdur. Əliağa Kürçaylı şeir, sənət aləmində ustadının layiqli davamçısı kimi şöhrət qazanmış, öz sələfinin adına layiq gözəl əsərlər yazıb-yaratmış, poeziyada olduğu kimi dramaturgiya, nəsr, tənqid, bədii publisistika və tərcümə sahəsində də diqqətəlayiq uğurlara imza atmışdır".

Mahmud müəllim yazır: "Təsadüfi deyil ki, Səməd Vurğunu orijinal əsərləri kimi həm də "Yevgeni Onegin"in, Əliağa Kürçaylını isə "İlahi komediya"nın böyük ustalıq və məharətlə tərcüməsi oxucuları ürəkdən sevindirib. Böyük ustadı S.Vurğun kimi Ə.Kürçaylı da "alnının inci tərini" tərcümə sahəsində çox axıdıb". Müəllif öz fikrinin sübutu üçün "Əgər belə olmasaydı görkəmli rus şairi Sergey Yesenindən tərcümələri kitab şəklində dəfələrlə işıq üzü görərdimi?" - deyə oxucuya müraciət edir və göstərir ki, Əliağa Kürçaylının əsərləri dünyanın bir çox xalqlarının dillərinə, o cümlədən rus, ingilis, fransız, ispan, bolqar dillərinə tərcümə olunub.

 

 

***

Xeyirxahlıq mücəssəməsi olan Səməd Vurğunun layiqli varisi Əliağa Kürçaylı da belə bir şəxsiyyət idi. O, gözəl insani keyfiyyətləri müdrik sələfindən estafet kimi qəbul etmişdi. Bu gün bir çox qələm sahibinin onu böyük minnətdarlıqla, iftixarla yad etməsi təsadüfi deyil. Onlar Əliağa Kürçaylının ürək genişliyindən, xeyirxahlığından söz açırlar. Bu barədə müəlliflər kitabda çox maraqlı, geniş oxucu kütləsinə məlum olmayan faktlar açıqlayırlar.

İstedadlı şair, kitabın həmmüəllifi Zamin Mahmudov "Əliağa Kürçaylı - yaxşılıq etmək üçün yaranmış insan" sərlövhəli xatirəsində yazmışdır: "Mən Əliağa Kürçaylını tanıyandan sonra "Poeziya nədir?" sualına özlüyümdə belə cavab vermişəm: "Poeziya yaxşılıq deməkdir, özü də təmənnasız yaxşılıq. "Əliağa Kürçaylı kimdir?" sualına qısa və qəti cavabım belədir: "Əliağa Kürçaylı - yaxşılıq etmək üçün yaranmış insan" Xeyirxahlıqdan, humanizmdən söz düşəndə gözümün önünə ilk dəfə Əliağa Kürçaylı gəlir. Onun yaradıcılığını uca bir zirvəyə bənzətmək olar. Başqa bir zirvə isə şairin bənzərsiz, möcüzəli şəxsiyyətidir. Tanıyanlar yaxşı bilir ki, polad kimi əyilməz olan bu insanın səxavəti, xeyirxahlığı sərhəd bilməzdi. Onu xatırlayanda günəşə boylanan palıd ağacı düşür yadıma. Xəyalımda şairi həmişə belə bir ağaca bənzətmiş, onu nəzərdə tutaraq "Palıd" şeirini yazmışam:

 

Qarşımda bir palıd var,

Üfüq cah-cəlalıdı.

Arxası uca dağlar,

Buludlar xəyalıdı".

 

(ardı gələn şənbə sayımızda)

 

 

Əlövsət Bəşirli

 

Ədalət.- 2010.- 18 dekabr.- S. 13.