MÜASİR NAĞILLAR
Nağıl şifahi xalq ədəbiyyatının-folklorun
ən qədim janrlarından biridir və
bu barədə söhbət açmağa elə bilirəm,
ehtiyac duyulmur. Biz hamımız uşaqlıqdan
nağılları sevmişik, onların qanadında
dünyanı gəzib-dolanmışıq. Biz
nağıllarda qara qüvvələrlə
çarpışan qəhrəmanların
ağlına, igidliyinə heyran qalmışıq,
özümüzü onlara bənzətmək istəmişik.
Div, Zümrüd quşu, Xızır peyğəmbər,
uçan xalça, qurd, ilan, əfsanəvi quşlar uşaqlıq illərində
anamızdan, nənəmizdən eşitdiyimiz nağıl tipləri
olub.
Nağılları kimlər
yaradıb? Bu barədə elm birmənalı şəkildə
"Xalq" ifadəsini işlədir. Amma hər halda hər
hansı bir folklor nümunəsinin ilk yaradıcısı
olub, sadəcə olaraq, yazı meydana
çıxmadığından bu nümunələr
ağızdan-ağıza dolaşaraq kollektivin malına
çevrilmişdir.
XX əsrdə (elə
indinin özündə də) ayrı-ayrı müəlliflər
özləri nağıllar yazmağa başladılar. Təbii
ki, bu nağıllar öz kökündən, ənənəsindən
ayrıla bilməzdi. Amma yeni və müasir nağıllarda
çağdaş dövrümüzün təfəkkürü,
günümüzün reallıqları da öz əksini
tapır.
Gülzar İbrahimova da
belə müəlliflərdən biridir. O, "Gülzar nənə"
təxəllüsü ilə uşaqların sevimlisinə
çevrilməkdədir. Onun uşaq ədəbiyyatının
təbliğatçısı kimi fəaliyyəti bizdə,
geniş oxucu kütləsində ancaq fərəh hissi
doğurur. Gülzar xanım "Bala dili" adlı jurnal nəşr
edir, hələ məktəb yaşı çatmamış
uşaqlar üçün "Elli boya" silsiləvi rəngli
kiablarla onları sevindirir. Həm də bütün bunlarla
kifayətlənməyib özü də nağıllar,
tapmacalar, kiçik həcmli hekayələr qələmə
alır.
Təbii ki, bütün
bunları qiymətləndirmək, dəyərləndirmək
lazımdır və bizim məqsədimiz də budur ki, bu fədakar
xanımın müasir uşaq ədəbiyyatı naminə
gördüyü işlərə münasibət bildirməkdir.
Uşaqlar
üçün yazmaq böyüklər, yaşlılar
üçün yazmaqdan çox çətindir-deyirlər.
Bu fikirdə müəyyən həqiqət vardır.
Uşaqlıq dövrünü çoxdan keçirmiş
yaşlı bir sənətkar üçün öz
mühitindən, yaşıdlarından, onların həyat tərzindən
yazmaq çətin deyil. Amma bu yaşlı sənətkar
uşaq dünyasından yazanda təbii ki, müəyyən
çətinliklərlə qarşılaşacaq. O gərək
uşaqların, balacaların dünyasına yol tapa, onları
maraqlandıran suallara onların öz diliylə cavab verə,
körpələrin psixologiyasını yaxşı bilə.
Dahi rus tənqidçisi V.Q.Belinski yazırdı ki:
"Uşaq şairi olmaq yox, doğulmaq lazımdır".
Gülzar
İbrahimovanın nağıllarını və hekayələrini
oxuyanda da hiss edirik ki, o, balacaların dünyasına
yaxşı bələddir, onlarla öz dillərində
söhbət etməyi bacarır, uşaqları
maraqlandıran suallara cavab tapa bilir və ən
başlıcası, kiçik yaşlıların istəyi,
arzusu ona yaxşı tanışdır. Gülzar xanımın
"Mən uşaq deyiləm" kitabına toplanan
nağıllar və hekayələr də dediklərimizə
sübut ola bilər.
Onun adını çəkdiyimiz
bu kitabında toplanan yazılar ilk növbədə, öz
dilinin sadəliyi ilə seçilir. Gülzar xanım mürəkkəb
cümlə qurmağı sevmir, belə olan hallarda da mürəkkəb
cümlələrin nisbətən sadəsini seçir.
Çünki yaxşı bilir ki, uşaqlar onlarla sadə dildə
danışan həmsöhbətini sevirlər.
Yazıların ikinci bir məziyyəti yığcam süjetə malik
olmasıdır. Əlbəttə, Azərbaycan
nağıllarının əksəriyyəti mürəkkəb
süjet quruluşuna malikdir. Amma unutmayaq ki, Gülzar
xanımın təqdim etdiyi nağıllar azyaşlı
oxucular üçün qələmə alınıb.
Üçüncü bir məziyyəti də qeyd etmək
istəyirəm. Bu da ondan ibarətdir ki, Gülzar
xanımın hər bir nağılı, mövzusundan
asılı olmayaraq bir və ya bir neçə xarakterik
obrazla yadda qalır. Nəhayət, ən vacib olan bir məziyyət
də nağılların və hekayələrin mövzusu ilə
bağlıdır. Müəllif öz qəhrəmanlarını
bir neçə məkanda təsvir edir: ailədə,
uşaqlar aləmində və təbiətlə, quşlar,
heyvanlar aləmi ilə ünsiyyətdə. Ona görə də
mövzular tanışdır: uşaqların bir-birilə
dostluğu, valideynə, xüsusən, nənəyə, babaya
ehtiram, onları maraqlandıran nə varsa, bu barədə
bilgi əldə etmək səyi, quşlara, heyvanlara
qayğı və s. Bunlar kiçik hekayələrin əsas
mövzularıdır. Yəni belə demək mümkünsə,
sırf azyaşlıların aləmi. Təbii ki, bu hekayələrdə
qoyulan qayə uşaq tərbiyəsinin müxtəlif
komponentlərini də əhatə edir.
Budur, ərköyün
bir qız "Biri vardı, biri yoxdu, Şamaxı şəhərinin
Sulut kəndində Nisə adlı qəşəng bir qız
vardı. Hamı bu qıvrım saçlı dəcəl
qızı əzizləyir, sevirdi. Dəcəl qız da
hamının sevgisini hiss etdikcə daha da ərköyünləşirdi.
Artıq Nisə elə ərköyünləşmişdi ki,
hətta onu sevib-əzizləyənə, öpənə əl
qaldırır, sillə vururdu".
Buna inanırıq. Ailələrdə
belə ərköyün balalar az deyil. Bu ərköyün
bala o qədər şıltaqdı ki, heyvanları,
quşları, hətta böcəkləri də incidir. Və
günlərin bir günü həyətlərinə
uçub gələn bir alabəzək kəpənəyin
ardınca qaçıb onu tutmaq istəyir, tərsliyindən əl
çəkməyib onu axıracan qovur və meşədə
azır. Ata-anası, bütün kənd onu axtarmağa
başlayır. Və gəlib görürlər ki, bir ayı Nisənin həndəvərində
dolanır, heç kəsə ona yaxınlaşmağa imkan
vermir ki, qıza yaxın dursun. Bəs necə olub ki, Nisə
ayıya rast gəlib? "Nisə meşədə azanda
qaranlığa düşdü, nə qədər
axtardısa, evlərinin yolunu
tapmadı ki, tapmadı. Axırda əlacı kəsildi,
yorulub bir ağacın altında oturdu. Elə orada da yuxuya
getdi. Ayılanda isə balaca qız dəhşətli bir hadisənin
şahidi oldu. Üç qara canavar onun üstünə gəlmək
istəyir, ayı isə onları qovur, yaxına qoymurdu".
Nəhayət, ayı
canavarları qovur, Nisə isə ayı ilə
dostlaşır, onunla bir gəzir, giləmeyvə yeyir,
bulaqlardan su içirdi. Ovçular gəlib ayını vurmaq
istəyəndə Nisə qışqırır ki , o mənim
dostumdur, ona toxunmayın, məni canavarların əlindən
xilas etdi. Və hekayənin sonluğu belə bitir ki, bundan
sonra Nisə daha heç vaxt heyvanları, böcəkləri
incitmədi, ərköyünlük eləmədi.
Bu balaca hekayə həm
tərbiyəvi-didektik əhəmiyyətinə, həm də
bədii təsir qüvvəsinə görə əsl
uşaq hekayəsidir.
Uşaqlar
üçün yazanda ilk növbədə, müasirlik amili
ön planda olmalıdır. Yəni o yazı həm müasir
həyatdan alınmalıdır, həm də bir yazı
etibarilə müasir olmalıdır. Sadə həqiqətlər
müasir bədii biçimdə uşaqlara
çatdırılmalıdır. Məsələn, balaca, hələ
məktəbə getməmiş, öz oyuncaqlarından
ayrılmayan bir uşaq Qarabağ hadisələrindən tam
anlamaz. Çünki o, bu müharibəni görməyib, sadəcə
eşidib, amma mahiyyətini hələ anlamır. Gülzar
İbrahimova "Evin kişisi" hekayəsində bu həqiqəti
sadə bir dillə balaca dinləyicilərinə başa
salır. Budur, Xocalıya hücum zamanı: "Mən lap
balaca olanda, qarla oynayanda əllərim donardı. Tez
qaçıb əllərimi sobada qızdırardım. Ya da
anam onları nəfəsiylə qızdırardı. Amma indi
yandırırdı ayaqlarımı qar. Bir də baxdım,
ayaqlarımın altından qan gəlir, qorxdum. Anama dedim. Anam
başındakı yaylığını götürüb
iki yerə böldü". Sonra illər keçir. "Atam
ermənilərlə döyüşdə qəhrəman kimi
həlak olandan sonra anam həmişə deyirdi ki, mən evin
kişisiyəm. Bir az da böyüsəm, məktəbə
gedəcəyəm". Nəhayət, bu uşaq başa
düşür ki, Xocalıya hücum zamanı onun
bacısını öldürüblər. Bu
uşağın isə xəstəxanada ayaqlarını dizə
qədər kəsirlər. Amma o ağlamır, çünki
evin kişisidir.
Doğrudan da, qısaca
məzmununu danışdığımız bu hekayə təsirlidir.
Vətənpərvərlik ruhu ilə yazılmışdır.
Hekayə ilə tanış olan balaca dinləyici və ya
oxucu istər-istəməz müharibə haqqında,
Xocalı barədə sual verəcək, bunları öyrənəndən
sonra bir daha həmin hekayədə təsvir olunan uşağa
rəğbəti artacaq, özü də onun kimi
dözümlü olmağa çalışacaq.
Ədəbi təcrübədən
bilirik ki, uşaq yazıçılarının öz sevdikləri
qəhrəmanlar olur və onlar əksər yazılarında
bu balaca qəhrəmanların müxtəlif sərgüzəştlərindən,
başlarına gələn əhvalatlardan söz
açırlar. Gülzar İbrahimovanın da Lalə və Rəşad
adlı sevimli qəhrəmanları var. Müəllif
onları bu günün həssas, hər şeyi öyrənməyə
can atan, hər bir hadisənin mahiyyətinə varmaq istəyən
və yeri gəldikdə, öz hərəkətləri ilə
balaca həmyaşıdlarına nümunə
olan uşaqlar kimi təsvir edir.
Bir gün Lalə
görür ki, Seymur üzgüçülük hovuzuna girdi,
amma ordan çıxmadı. Tez Rəşadı
çağırır və Rəşad Seymuru xilas edir. Onlar
bu barədə heç kimə heç nə demirlər, bu fədakarlıq
gizli qalır ("Qəhrəmanlar").
Rəşad və Lalə
hər yay tətilində kəndə gedirdilər. Kənddə
onların günləri çox maraqlı keçirdi. Bir
gün uşaqlar meşəyə, moruq yığmağa
getdilər, özləri ilə itləri Qumralı da
götürdülər. Gəzinti zamanı Qumralın həyəcanlı
hürüşməsini eşidirlər. Yaxınlaşanda
Qumralın bir maral balasının başı üstündə
dayandığını görürlər. Bu körpə
maral anasını itirib, yazıq səslə zarıyır.
Onlar maralı götürüb anasını axtarırlar. Ana
maralın ayağı zədələndiyindən hərəkət
edə bilmir. Lalə tez yaylığını ana maralın
yarasının üstünə qoyur, yaranı sarıyır.
Ana və körpə maral qovuşurlar. Uşaqların
sevincinin həddi-hüdudu olmur ("Boş səbət").
Hər iki hekayədə
müəllif uşaqlara xeyirxahlıq, acizə, gücsüzə
qayğı göstərməyi, humanist olmağı
aşılayır.
Gülzar
İbrahimovanın uşaqlar üçün
yazdığı hekayələri maraqlıdır,
oxunaqlıdır və bu səbəbdən də, balacalar səbrlə-təmkinlə
onlara qulaq asacaqlar. Ancaq bir arzumu da
bildirmək istəyirəm. Müəllifin mövzuları hələlik
rəngarəngliyi ilə seçilmir. Unutmayaq ki, biz elmin,
texnikanın, sivilizasiyanın zirvəsində
yaşayırıq. Müasir uşaq həyatda onu
maraqlandıran çoxlu suallarla qarşılaşır. Eyni
zamanda, bu uşağın kökdən, ənənədən,
ana laylasından, nənə nağılından
uzaqlaşmamağı gərəkdir. Güman ki, Gülzar
xanım gələcək hekayələrində bütün
bunları nəzərə alacaq.
O ki qaldı onun nağıllarına
burada müəllifin bədii
fantaziyasının, təxəyyülünün
balacaların maraq dairəsinə hesablandığını
görürük. Müəllif Azərbaycan
nağıllarına, xüsusilə, heyvanlar haqqında
nağıllara yaxşı bələddir. O
nağıllardakı obrazların cizgiləri, xarakter
xüsusiyyətləri onun nağıllarında da bariz nəzərə
çarpır. Amma məlum nağılları təkrar etmədən
yeni nağıllar yaratmaq o qədər də asan deyil.
Gülzar xanım isə buna müvəffəq olur. Hətta
elələrini yaradır ki, bunlar təzədir. Məsələn,
"İpəkqurdu ilə Hörümçəyin
nağılı"nı götürək. "Biri
vardı, biri yoxdu, meşənin sıx yerində iki qonşu
var idi-İpəkqurdu və Hörümçək.
Qonşulardan biri tənbəl,
paxıl və eybəcər, o birisi isə işlək və
gözəl idi.
Meşədəki
heyvanların Hörümçəkdən zəhlələri
gedərdi. O, bütün günü veyillənər,
ağacdan-ağaca ip sallayıb yellənərdi.
İpəkqurdunu isə
hamı sevərdi. İpəkqurdu səhərdən axşama
qədər işləyərdi. O, gözəl saplar toxuyar,
toxuduğu sapları yan-yana düzər, ondan ipək
parça düzəldərdi".
Nağıl beləcə
başlanır və biz əsl Azərbaycan
nağıllarına xas olan təhkiyə şirinliyini, hadisələrin
yüyrəkliyini, Xeyrin Şər üzərində qələbəsini
görürük. Uşaq da inanır ki, bu,
nağıldır.
Müasir nağıl
yaratmaq mədəniyyətini biz Gülzar xanımın "Dəniz
balası" və "İlham və Fərizənin
nağılı" yazılarında da görürük.
Birincisini hətta miniatür nağıl-povest də
adlandırmaq olar. Bu nağılda təsvir olunan hadisələr,
təqdim edilən obrazlar, çoxşaxəli süjet onu
göstərir ki, müəllif janra, onun prinsiplərinə
yaxşı bələddir. Nağıl içində
nağıl yaratmaq, sonra bunları məntiqi şəkildə
bir-birilə əlaqələndirmək bacarığı
"Dəniz balası"nda aydın nəzərə
çarpır.
"İlham və Fərizənin
nağılı"nda isə Gülzar xanım qədim
nağıl prinsipləri ilə müasir nağıl mədəniyyətini
bir araya gətirir. Nağılın qəhrəmanları həm
keçmişin, həm də bu günün qəhrəmanlarıdır.
Müəllif onların sevgisini, qısa müddətli
şirin ailə həyatını təsvir edərkən
boyalarını əsirgəmir. Onların ölümü də
təsirli səhnələrlə təqdim edilir.
Nağılda İlham dəmirçidir, qılınc, nizə
düzəldir. Öz sənətilə fəxr edir. Amma bir
gün ruslar və ermənilər obaya hücum çəkirlər,
rastlarına keçəni qılıncdan keçirirlər,
mahalı çapıb-talayır, evlərə od vururlar.
İlhama "sən mənim qardaşımsan" deyən
rus dostu Stepan və erməni dostu Valod onun düzəltdiyi
qılıncı qəfil qaldırıb başına endirirlər.
Fərizə isə bu dərdə dözməyib intihar edir.
Göründüyü kimi, hadisələr keçmişdə
baş verir. Bəlkə bunun da simvolik bir mənası var. Yəni
müəllif demək istəyir ki, İlhamlar, Fərizələr
ötən əsrdə də olub. Qardaş və dost dediyimiz
xain qonşularımızın başımıza
açdığı fəlakətlər əsrlər boyu
davam edib. Buna görə də AYILMALIYIQ,
BÜTÜN BUNLAR BİZƏ DƏRS OLMALIDIR!
Bu məqamda mən də Gülzar İbrahimovanın
hekayələri və nağılları ilə bağlı
qeydlərimi bitirir, müasir uşaq ədəbiyyatının
inkişafında müəyyən rolu olan bu xanıma yeni
yaradıcılıq uğurları arzulayıram.
VAQİF YUSİFLİ
Ədalət.- 2010.- 18 dekabr.- S. 19.