39 YAŞLI XATİRƏ

 

"Əbədiyə qəh-qəh çəkən əbədi dünyadan" cismən köçüb əbədiyyətə qovuşan, gözəl şairimiz Məmməd Araz mənən bizimlədir, narahat ürəyinin döyüntülərini-əvəzsiz misralarını əmanət qoyub getmişdir. Hələ sağlığında onun şeirlərini oxuyanda həmişə nakam şairimiz Mikayıl Müşfiqin yaradıcılığını xatırlayırdım. Hər iki şairin şeirlərində doğma dilimizin şirini-şəhdi vardı, hər ikisi söz oynatmaqda təkrarsızdı, sözdən korluq çəkmirdi, şeirlərin ruhu da bir-biriylə səsləşirdi. Bəzən mənə elə gəlirdi ki, Tanrı öz əliylə yazdığı yazıya təəssüflənmiş, Müşfiqin yarımçıq ömrünün davamı kimi Məmməd Arazı dünyaya gətirmişdi - Müşfiq yenidən doğulmuşdu.

 

Mən Məmməd Arazla 1969-cu ildə "Ulduz" jurnalının redaksiyasında, ilk şeirlərim çapa gedərkən tanış olmuşdum. O zaman Məmməd İbrahim kimi tanıdığımız və biz gənclərin sevimli şairi olan Məmməd müəllim jurnalın məsul katibi idi.

İndi qarşımda bir şəkil var. 39 yaşlı bu şəkilə baxdıqca, onunla keçirdiyimiz bir neçə saatı bugünki kimi xatırlayıram. 1971-ci il idi. Mən M.F.Axundov adına Rus-dili və Ədəbiyyatı İnstitutunda (indiki Slavyan Universiteti) oxuyur və Dərnəgüldəki yataqxanada qalırdım. O zaman artıq məni bir şeir yazan, mərkəzi mətbuatda çap olunan tələbə kimi institutda az-çox tanıyırdılar. Yataqxanada isə Tələbə Şurasının üzvü idim. O vaxtlar yazıçılarla, şairlərlə müəssisələrdə, təhsil ocaqlarında görüşlər keçirilərdi. Biz də yataqxana Tələbə Şurasının sədri Xurşid İsayev, institutda çıxan "Bilik" qəzetinin müxbiri və şuranın sədr müavini Məhəmməd Teymurov, bir də mən məsləhətləşdik ki, görüşə Məmməd Arazı çağıraq. Mən ikinci, Xurşidlə, Məhəmməd isə sonuncu kurs tələbələri idilər. (Xurşid İsayev sonradan institutda saxlanmış, müdafiə etmiş, elmlər namizədi alimlik dərəcəsi almışdır. Aldığım məlumata görə, hazırda Türkiyə universitetlərinin birində işləyir. Məhəmməd Teymurlu Azərbaycan Dövlət Dillər Universiteti, fəlsəfə kafedrasının professorudur. O, uzun illər jurnalist kimi də fəaliyyət göstərmiş, cəbhə bölgələrində olmuşdur).

Məmməd Araz görüşə Xarici Dillər kafedrasının dosenti Qəzənfər Paşayevlə (hazırda həmin kafedranın professorudur, tədqiqatçı alimdir, xüsusilə İraq ədəbiyyatı və Kərgük folkloru üzrə görkəmli mütəxəssisdir) birgə gəlmişdi. Yataqxananın iclas otağı darısqal idi. Tələbələr dəhlizə, çöl tərəfdə pəncərənin qarşısına toplaşıb, qulaq kəsilmişdilər.

Şairin yaradıcılığı haqqında, o zaman tələbə təfəkkürümlə yazdığım məruzə ilə mən çıxış etdim. Məmməd müəllim diqqətlə qulaq asırdı. İndi anlayıram ki, bir alimin sığallı çıxışındansa təcrübəsiz bir gəncin sözü ona daha xoş təəssürat bağışlayırmış.

Sonra Qəzənfər müəllim şairin yaradıcılığı barədə çox səmimi, ürəyəyatımlı bir tərzdə - əsl müəllim kimi danışdı. Tələbələr oğlanlı-qızlı şairin şeirlərindən nümunələr söylədilər.

Söz şairə verildi. Məmməd müəllim tələbələrin şeirə-sənətə münasibətindən məmnun olduğunu bildirdi, onlara uğurlar arzuladı. Sonra isə yeni yazdığı şeirləri oxudu. Qara saçlı, qara gözlü, qarayanız, bir az da Müşfiqə oxşayan Məmməd müəllimin şeirləri hamımızı ovsunlamışdı. Şairin hələ çap olunmamış "Oxuyan Təbriz" şeirini də ilk dəfə onun öz dilindən eşitdim. Şair bu şeiri xüsusi bir yanğı ilə oxuyurdu. O səs indi də qulağımdadır.

İllər keçdi. Onunla "Ədəbiyyat və İncəsənət" qəzetində görüşdüm. Bir neçə şeirim də onun vaxtında həmin qəzetdə çap olunmuşdu. Şair "Azərbaycan təbiəti" jurnalının baş redaktoru işləyəndə artıq xəstə idi. İndiki kimi xatirimdədir. Bir dəfə "Azərbaycan" nəşriyyatının pilləkənlərindən düşürdü. Aqil Abbasla Əlirza Sayılov ("Vaxt" qəzetinin baş redaktoru) onun qoluna girmişdilər. Salam verdim, əllərini sıxdım, şübhəsiz məni tanımadı. Mən gördüyüm Məmməd müəllimdən heç nə qalmamışdı, təkcə gözlərindən başqa. Arxasınca xeyli baxdım, fikir məni apardı:

 

Deyirlər Tanrı ən çox sevdiyi bəndəsini sınağa çəkir - hərəni bir cür. Nə deyim, bəlkə də elədir?! Bəlkə də heç kəs onu mənim kimi duymaz. Ağlın kəsəndən fəaliyyətdə olasan, dinclik bilməyəsən və bir gün namərd xəstəlik qəflətən yaxandan yapışa və əl çəkməyə. 2003-cü ildə ayağım məni çarpayı dustağına çevirdi. Dəfələrlə əməliyyat olundum - öldüm, dirildim. Mənəvi əzabı bir cür çəkirsən, dözürsən, çünki sağlamsan, ayaq üstəsən. Dözülməz fiziki ağrını yalnız çəkənlər bilir. Mən hələ də çəkirəm. Dərd ondadır ki, Məmməd Araz kimi bir şairin mənəvi ağrıları (dörd divar arasında bu daha dəhşətli olur) bir yana, fiziki ağrılarının səngiməsinə dərmanın gücü çatmaya. Bu yaşamaq deyil, misqal-misqal ərimədir. Qəribə taledir - harın özü boyda nadan, "qarnının gözüylə dünyaya baxan"lar tor kimi, dünyanın dərdini çəkənlər isə sağlam cana möhtac!!!

  

 

Etibar Etibarlı

 

Ədalət.- 2010.- 18 dekabr.- S.12.