HEYDƏR ƏLİYEVİ SEVMƏYƏN TÜRK OLA BİLMƏZ!

 

Son dövrlər Azərbaycan və Türkiyə mətbuatında Turqut Ər adlı bir "yazar"ın, "siyasətçi"nin yazdıqları müzakirə olunur.

 

Turqut Ərin yazdıqları təsadüfi deyil, tam məqsədlidir. Onun yazdıqlarının köklü səbəbləri var. Turqut Ərin yazdıqları niyə bu gün çap olunur, niyə bu gün təbliğ olunur? Niyə vaxt, zaman bu gün seçilib? Yazılanları Turqut Ər yazıb, amma kimlər yazdırıb? Yazılanlar kimlərin maraqlarına uyğundur, kimlərə sərf edir? Bax bu suallara cavab tapsaq hər şey aydın olar.

Bu gün dünyada və regionumuzda gedən prosesləri izləsək, təhlil etsək yazılanların və deyilənlərin heç də təsadüfi olmadığını görəcəyik. Heç Turqut Ər də təsadüfən seçilməyib. Görən başqasını seçmək olardımı? Turqut Ərlər Azərbaycanda və Türkiyədə çoxdurmu? Çoxluq deyəcək ki, yox! Çünki çoxları Turqut Ər olmaq istəməz olmaz da.

Öncə Türkiyə ilə Ermənistan arasındakı sərhəddin açılmasını tələb etdilər bu kitabı yazdıranlar. Hətta Türkiyə hökumətinə təzyiqlər də etdilər. Hər iki ölkədə yaşayan türklərin təpkisi imkan vermədi sərhəd açıla. Sərhəddi aça bilməsələr də insanlar arasında bir-birinə qarşı etimadsızlıq yaratdılar. Bunun ardınca Mehmet Ali Birandın Azərbaycan haqqında "Hürriyyət" qəzetindəki yazısı gəldi. Hətta o, Ermənistana səfər etdi, erməni gənclərlə görüşdü. Görüşdə ermənilər Birandı türk, bizi isə azəri adlandırdılar (azəri sözü ilə azərbaycanlı sözü eyni məna ifadə etmir, gələcək yazımızda bu mövzuda yazacağıq) . Birandın da təpəri və qeyrəti çatmadı ki,- deyə siz azəri adlandırdığınız insanların neçə illərdi ki, torpağını türk torpağı deyə işğal etmisiniz, türk deyə qətl etmisiniz.

Yenə də Azərbaycanda və Türkiyədə yaşayan türklərin hissləri ilə oynanıldı. Yenə də alınmadı. Amma maraqlı tərəflər bu oyundan əl çəkmək istəmirlər. Öz maraqlarını həyata keçirmək üçün də əl çəkməyəcəklər. Onların əsas məqsədi Azərbaycan və Türkiyə dövlətlərini üz-üzə qoymaqdı. Axı tarixdə bir dəfə üz-üzə qoyublar, bu üsuldan istifadə ediblər. İki böyüyü döyüşdürüb iki balaca yaradıblar.

Mən Turqut Ərin yazdıqlarını təhlil və şərh etməyəcəm. Real siyasətdən, politologiyadan biraz başı çıxan adamlar bilir ki, siyasətdə danışılan sözlər həqiqəti ifadə etmir. Həqiqətlər deyilən sözlərdə deyil. Dünyanın bir hissəsi çox vaxt həqiqətləri gizlətmək üçün söz deyir, söyləyir. Danışılan sözlər həqiqətləri gizlətmək üçündür. Heç bir siyasətçi əsas məqsədi anlatmır, bəyan etmir. Siyasətçi əsas məqsədə çatmaq üçün təminedici məqsədlərdən və vasitələrdən istifadə edir. Böyük Heydər Əliyevin etdiyi, yaratdığı bu günki müstəqil Azərbaycandır. Bugünkü Azərbaycan böyük, güclü, bütöv, dünyaya günəş kimi doğacaq Azərbaycanın mənbəyidir. Turqut Ər və onu dəstəkləyənlərə böyük, güclü, bütöv Azərbaycan sərf etmir. Edə də bilməz, çünki onların bizim, türkün olmayan, bir neçə böyük dövlətləri var.

Turqut Ərin yazdıqlarında əhatə olunan hadisələr ən yaxın tarixdi. Turqut Ər və havadarları unudurlar ki, o tarixdə yaşayanların çoxları hələ də sağdır. Onlar yazılanlara, deyilənlərə yox, gördüklərinə və yaşadıqlarına inanırlar. Çünki hadisə ona xas olan konteksin işığında məna kəsb edir. Yeni konteksdə hadisə başqa məna alır. İnsanların şəxsi, siyasi maraqları, milli mənsubiyyəti, dünyagörüşü və biliyinin səviyyəsi baş verən hadisəni düzgün, olduğu kimi dərk etməyə, çatdırmağa imkan vermir. Çox vaxt baş verən hadisə təhrif olunur. Buna da çox vaxt milli dövlət maraqları, qrup maraqları və şəxsi maraqlar mane olur. Necə ki, Turqut Ər hadisələrə başqa dövlət maraqlarından, qrup maraqlarından və şəxsi maraqlarından baxaraq baş verən hadisələri təhrif edib. Turqut Ər on beş il öncə baş verən hadisələri indi niyə yazıb? Əgər onun yazdıqları həqiqətdirsə, onları niyə vaxtında, zamanında söyləmədi, yazmadı? Turqut Ər bədii, fəlsəfi əsər yazmırdı ki, yazdıqlarına bu qədər zaman - onbeş il sərf etsin. Məgər "yazar"a, "siyasətçi"yə baş verənləri, gördüklərini, bildiklərini yazmaq üçün bu qədər zaman lazım olur? Əlbəttə, yox.

Uydurma, böhtan, şər yazmaq üçün bu qədər zaman gözləyib Turqut Ər. Belələrinə fürsətçilər deyərlər. Belələri fürsət gözləyərlər arxadan vurmaq üçün.

Turqut Ərdə kitabı yazmamışdan öncə hadisələrə şəxsi və sifarişli mövqe mövcud olub. Ona görə də o, hadisələrə düzgün qiymət verə bilməz. Həm də yazdığına görə o bəzi baş verən hadisələrin iştirakçısıdır. Axı yuxarıda söylədik, baş verən hadisəni hər kəs eyni dərk etmir, anlamır, eyni şərh və təhlil etmir. Hər kəs öz biliyinə, dünyagörüşünə, şəxsi, qrup və siyasi maraqlarına uyğun olaraq hadisələri təhlil edir, şərh və yorum verir. Məsələn: Yeddinci əsrdə baş vermiş Kərbəla hadisəsini şiyə alimi, tarixçisi bir cür, sünni alimi, tarixçisi başqa cür dəyərləndirir, şərh edir və yaxud yozum verir. Çünki hər iki alimdə, tarixçidə öncədən mövqe mövcuddur. Biri təriqət baxımından şiyə, biri isə sünnidir. Biri hadisəyə öncədən şiyə, birisə sünni kimi yanaşır. Belə halda hadisəyə necə düzgün yanaşmaq və yaxud da necə düzgün qiymət vermək olar?

Turqut Ər də baş vermiş hadisələri şərh və təhlil etməyib, yozum verib. Xalqımız arasında belə bir deyim var, yozmaq. Yəni olanı olduğu kimi demək yox, başqa səmtə yozmaq. Yozanlar, yuxu yozanlara bənzəyirlər. Necə ki, biri yuxu görür gedir yuxu yozanın yanına ki, mənim yuxumu yoz, yuxu yozan da biliyinə, dünyagörüşünə, şəxsi maraqlarına və yuxu görənin halına uyğun olaraq yuxunu yozur. Yəni yuxu yozmağın qayda-qanunu yoxdur, amma şərhin və təhlilin qayda-qanunu var. Qayda-qanun, şərh və təhlil isə Turqut Ərlik deyil.

Azərbaycanı sevməyənlər uğursuzluqdan onbeş il yatıb yuxu görüblər, sonra durub gözlərini ovuşdura-ovuşdura yuxularını Turqut Ərə yozdurublar. Turqut Ərin bu hərəkəti günahı olan uşağın döyülərkən aman diləyib, bir daha qələt eləməyəcəyinə and içib, bağışlanan cocuğun vəziyyətinə bənzəyir. Bağışlanandan sonra qaçıb, aralanıb, kənardan durub söyüş söyən cocuğa...

Turqut Ərin yazdıqları iki qardaşa atılan tək, amma sonuncu olmayan güllədir. Nə Türkiyə, nə də Azərbaycan düşmənə pas verməyəcək. Qardaşlar, gəlin yenə də bir olaq, bir olmaq milyonlar olmaq deməkdir. Düşmən bizə bir olmağı, bir yerdə olmağı bağışlamır. Düşmənlər, bizi ayıra bilməyəcəksiniz! Torpaqda ayırsanız da biz göydə birik, elə Allahın yanında da!

Dünya güclərinə görə tək onların haqqı var, başqalarının haqqı yoxdur.

Nə düşmən, nə dost heç vaxt dəyişmir. Nə düşməni, nə də dostu başqa yerdə axtarmayaq. Düşmən də, dost da içimizdədir. Gəlin içimizdəki dostla düşməni ayırd edək. İçimizdəki düşməni tapaq, içimizdəki düşməni məhv edək: Düşmənin içimizə qoyduğu düşməni. Onda hamı türkün arxasınca gedəcək! Yolu yenə türk göstərəcək!

Hər kəsin hərəkətini, danışığını, fəaliyyətini, məqsədini onun qəbul etdiyi dəyərlər müəyyənləşdirir. Bizim də (Türklərin) münasibətlərimizi dəyərlər müəyyənləşdirir. Bizim dəyərlərimiz vətən, millət, dövlət və Öndərlərimiz Heydər Əliyev və Mustafa Kamal Atatürkdür. Kimlər bu dəyərlərə qarşı çıxsa, qarşısında bizləri görəcək, bizimlə üz-üzə gələcək, bizimlə üz-üzə gələnlər həmişə məğlub olub. Ona görə də bizi həmişə arxadan vurublar. Bu dəfə iki qardaş kürəyini bir-birinə dayayıb, arxa, kürək boş deyil!..

Türkiyənin ürəyi Azərbaycanda döyünür! Azərbaycanın nəbzi Türkiyədə vurur! Bizim əlimiz ürəyimizdə qardaşlar, siz də əlinizi nəbzinizə qoyun, öz ürəyinizin səsini eşidəcəksiniz!

Ən yaxın zamanda baş verən hadisələri nə şər, nə böhtan, nə təhqir, nə də tərif və yaltaqlıqla yazmaq lazım deyil. Baş verənləri olduğu kimi yazmaq lazımdır. Onda kimin kim olduğu bilinəcək. Kimin kim olduğu müəyyənləşəcək və artıq müəyyənləşib. Artıq hər kəs bu məmləkətdə adı ilə çağırılır, hakimiyyətdə və müxalifətdə olmağından asılı olmayaraq. Artıq çoxları adını qazanıb, alıb, yazıb, elə BÖYÜK HEYDƏR ƏLİYEV də.

 

Heydər Əliyev milyonların içində tək, tək olanda da milyonların arzularını, istəklərini, məqsədlərini qəlbində, şüurunda, ruhunda daşıdı! Sovet imperiyası Heydər Əliyevin bədənini həbs etdi, geyimini dəyişdi! Onun düşüncələrini, məqsədlərini, şüurunu, ruhunu həbs edə bilmədi, dəyişə bilmədi! O, bütün fəaliyyəti boyu millətinə bağlılığını, yoluna inamını, vətəninə sevgisini ifadə etdi və sonda ümummilli liderə çevrildi!

  

  

Rza Rzayev

 

Ədalət.- 2010.- 23 dekabr.- S. 4.