"Yox ayrı dərmanım,
dözümdən ayrı"
Xalq şairi Məmməd Arazı anarkən
Onun özü də, başlığa
çıxardığım bu misra, bu sözlər də
yaddaşıma köçüb, yaddaşımda qalıb. Yəqin
ki, məni döyən, döyəcləyən sərt
küləklər də bu yanıqlı misranı
yaddaşımdan heç vaxt silə bilməyəcək.
Ömrü boyu şairin içində çırpınan
ahlar, haraylar və misraların dedikləri zaman-zaman
könlünün ağrı-acısından, haraylarından
qopan yaralı duyğulara qarışıb. Böyük sənətkarın
dərdli-ələmli düşüncələri,
ağlar-sızlar baxışları gözümün
qabağından getmir ki, getmir... Hərdən xəyalına
üz tuturam: "Ay Məmməd Araz, ruhuna qurban olum,
üzümə elə kövrək, incik baxma, - deyirəm. -
Bilirəm ki, dərdlər içində
çırpınanda belə, ürəyin həmişə
alovlu, ehtiraslı sözlər, misralar
pıçıldayıb. Yuxularda da "qadan alım,
Azərbaycan" - deyə haray qoparmısan. Sən həmişə
döyüş, vuruş şairi olmusan. Çox
imtahanlardan mərd-mərdanə adlamısan, sınaqlara
çəkilmisən. Özün də bilirsən ki, sən
bütün zamanların yanan, yandıran şairisən, nəğməkarısan!
Sən gəncliyindən bu yolun yolçusu
olmusan. Şeirlərin də, qələmindən
çıxan bütün yazılar da bu kök üstə
köklənib, bu istəklə gələcəyə üz
tutub".
Məmməd
Arazla tanışlığım onun "Yanın,
işıqlarım" şeiri ilə başlayıb. Yeddinci sinfi
bitirib, təhsilimi qonşu kənddə - Çay Rəsulluda
davam etdirdim. Son sinifləri isə Tovuz şəhər
A.S.Puşkin adına orta məktəbdə
başa vurmalı oldum.
"İnqilab
və mədəniyyət" (indiki "Azərbaycan")
jurnalının üzünü də ilk dəfə o vaxt
görmüşəm. Qonşu oğlandan bir axşamlığa
almışdım, ancaq səhərəcən ondan ayrıla
bilmədim. Jurnaldakı "Yanın,
işıqlarım" şeiri məni qanadlarına
almışdı... Jurnalla da, burada şeiri dərc
olunmuş tanımadığım şair Məmməd
İbrahimovla da doğmalaşdım. Sən
demə, "Yanın, işıqlarım" Məmməd
İbrahimovun mətbuatda işıq üzü görən
ilk şeiri imiş.
Bu, 1952-ci ildə
olmuşdu. Sonralar Məmməd Araz kimi tanınan, şöhrətlənən
qüdrətli şairimizlə universitetdə tələbə
yoldaşı da olduq. Yaşlı söz ustalarından
kimsə ona yarızarafat, yarıciddi demişdi: "Ay Məmməd,
özün də yaxşı bilirsən ki, sən gələcəyin
böyük şairisən, zülmlə ali
məktəb bitirmisən, diplom almısan. İndi isə get
şeirini yaz, yarat, ailə qur, ürəyin istəyən kimi
yaşa. Burada, bu fakültədə
vaxtını itirmə, axı sən hazırca söz
adamısan, jurnalistsən".
Böyük
dostunun sözləri onu çox düşüncələrə
daldırmışdı. Universitetin jurnalistika fakültəsində
ikinci ali təhsil ürəyincə olsa da, burada, bir vaxtlar
uzaqdan-uzağa tanıdığı, görmək arzusunda
olduğu Cəfər Xəndan, Mir Cəlal, Əli
Sultanlı, Muxtar Hüseynzadə, Məmməd Arif kimi
böyük ziyalılarla, ustad pedaqoqlarla ünsiyyət qursa
da, tələbkar oxucu auditoriyası qazansa da, iş dalınca
getmək istəyi duyğularının başında
dururdu...
"Azərbaycan
Yazıçıları" ensiklopedik məlumat
kitabından sətirlər: "Bir il doğma Nurs kəndində
coğrafiya müəllimi işlədikdən sonra Baş Mətbuat
İdarəsində çalışmış, Moskvada
Yazıçılar İttifaqının Ali Ədəbiyyat
Kurslarında təhsil almışdır. Bakıya
qayıdışı ilə əmək kitabçasına
yeni işlərin, çalışdığı vəzifələrin
adları yazılmışdır: "Maarif" nəşriyyatında
redaktor, "Azərnəşr"də bədii ədəbiyyat
redaksiyasının müdiri, "Ulduz" jurnalında məsul
katib, "Ədəbiyyat və incəsənət" qəzetində,
"Azərnəşr"də baş redaktorun
müavini".
Həmin illərdə
"Sevgi nəğməsi", "Üç oğul
atası", "Araz axır", "Mən səni
taparam", "Anamdan yadigar nəğmələr",
"Ömür karvanı", "İllərdən bəri",
"Qanadlı qayalar" kitablarının sevincini
yaşayır, sənət aləmində adı daha ucadan,
hörmət və ehtiramla çəkilirdi. Azərbaycan
poeziyasının S.Rüstəm, S.Vurğun, M.Rahim, R.Rza,
B.Vahabzadə, H.Arif, N.Xəzri kimi söz ustalarından sonra gələn
ən istedadlı, parlaq simalarından sayılırdı.
Hərdən belə fikir səslənirdi: "Bir vaxt gələcək,
Məmməd İbrahim sənət göylərində
ucaldıqca ucalacaq, bir kəhkəşana çevriləcək.
Onun poeziyası ürəkləri
işıqlandıracaq".
Uzaq xatirəyə
çevrilmiş 1974-cü ilin payızı... Az
qala bir ay idi ki, evdən çıxmışdıq. Noyabrın 5-də, bayram ərəfəsində
Yuqoslaviyaya turist səfərimizi başa vurub,
axşamüstü Moskvaya qayıtmışdıq. İki gün "Leninqrad" mehmanxanasında
qaldıqdan sonra çətinliklə də olsa,
"Moskva" mehmanxanasına göndəriş almışdıq.
Şair Fikrət Qoca ilə sözləşmişdik ki, hələ
burada qalıb bir az dincələk, həm
də "Sovetski pisatel" nəşriyyatına təqdim
etdiyimiz kitablarımızın taleyindən xəbər tutaq.
Təzəcə
yerbəyer olmuşduq. Nəşriyyata getməyi qabağa
saldıq. Orada bizə "plana düşəcəksiniz",
- deyə müjdə verdilər. Daha bizi
heç bir qayğı gözləmirdi. Ona
görə də azad-asudə şəhəri gəzib-dolaşmaq,
dostlara baş çəkmək, yeni teatr tamaşalarına
baxmaq istəyirdik. Fikrət Qocaya dedim:
- Gəlsənə,
"Rossiya" mehmanxanasına sarı üz tutaq. Bizimkilər oranı çox sevirlər. Tanış-bilişə rast gəlsək, öyrənək
görək, Bakıda nə var, nə yox.
Bu, Fikrət
Qocanın da ürəyindən oldu. Günortaüstü
yola düzəldik. Bunu da deyim ki, hələ
də Yuqoslaviya səfərinin təəssüratından
ayrıla bilməmişdik. Danışdıqca-danışır,
ayrı-ayrı hadisələri, məqamları yada salır,
deyir, gülürdük.
Birdən Fikrət Qoca yerində
sancılıb qaldı:
- Bir ora bax, gör kimlər
gəlir. Gör ürəyimiz əmilərlə necə
yaxınıymış!
Fikrət Qoca
düz deyirdi.
Bizə sarı gələnlərin ikisi də qəlbimizə
çox yaxın dostlar idi. Fikrət də,
mən də onların xətirlərini çox istəyir,
uca tuturduq.
Bu gözlənilməz
görüş bizim üçün göydəndüşmə
oldu. Bizi ilk
görən Söhrab Tahir özünəməxsus
şirinliklə:
- Ay zalımlar, harada
rastlaşıb belə cüt olmusunuz, - dedi. -
Gözümüz dost həsrətində idi. Göydə
axtarırdıq, yerdə əlimizə
düşmüsünüz.
Qucaqlaşıb
öpüşdük. Onların bizə, bizim də onlara
sorğu-sualımız bitib-tükənmirdi. Mən
zarafata keçdim:
- Ay əmilər, heç
demədiniz ilin-günün bu vaxtında Moskva hara, siz hara? Yəqin ki, təhsil illəri yada düşüb.
Dostlara baş çəkəcək, sonra da qəzet,
jurnal redaksiyalarına, nəşriyyatlara dəyəcəksiniz,
elə deyilmi?
Söhrab Tahir:
- Nahid, sən lap ürəyimizi
oxudun ki? - deyə gülümsədi. -
Xeyli işlərimiz var. Biz də gəldik, görək nə
deyirlər.
Məmməd İbrahimin səsi
elə bil məni daladı:
- Söhrabın dedikləri
öz yerində bir balaca həkimlik
işimiz də var idi.
- Həkim hara, siz hara,
maşallah ikiniz də sap-sağlamsınız ki!
Söhrab Tahir yavaşca
başını tərpətdi:
- Məmmədi
Kreml xəstəxanasının məşhur həkimi Omanova
göstərdik. Sağ olsun, diqqətlə müayinə elədi. Son
sözü belə oldu: "Şair, səndə bu xəstəlikdən
əsər-əlamət yoxdur".
- Daha nə istəyirsiniz, əfəndilər?!
- Fikrət Qoca gülə-gülə dedi. - Çoxdandır
bir-birimizi görmürük. Ya qayıdın
geri, özümüzü verək "Rossiya"
restoranına. Siz Bakıdan
danışın, biz də Belqraddan, Sarayevodan, Titoqraddan,
Albaniya sərhədindəki Ohrid gölündən. Əgər bu ürəyinizcə deyilsə, onda sizi
təntənəli surətdə öz odamıza -
"Moskva" mehmanxanasına dəvət edirik. Sonra görək başımıza nə gəlir.
Fikir bu oldu ki,
"Rossiya"ya üz tutaq. Fikrət Qoca irəli yeridi:
- Etiraz etməsəniz Məmməd
əmiylə mən qabağa düşərəm. Siz də söhbətə dəm verib arxamızca gələrsiniz.
Söhrab Tahir qolumdan tutdu:
- Ay Nahid, qoy böyük
şairlər qabağa düşsün.
Nigaranlığımı hiss edərək, - Biz çoxdan
Moskvadayıq, - dedi. - Beş-altı gün qabaq Kreml xəstəxanasının
çox məşhur həkimi var, o, Məmmədi də, məni
də inandırdı ki, ensefalit xəstəliyi şairin
yanından belə keçməyib.
- Bəs bu diaqnozu kim qoymuşdu?
- Məmmədə indiyəcən
çox həkim baxıb, - Söhrab Tahirin səsi
üşüyən kimi oldu. - Hərə də bir tərəfə
yozub, bir xəstəlik uydurub. - Dərindən ah çəkdi.
- Məmmədə Allah özü kömək eləsin... Mən o fikirdəyəm ki, Tanrı Məmmədi
qoruyub, istedadına qanad versə, əlini heç vədə
onun başından çəkməyəcək.
- Allah ağzından
eşitsin, - dedim.
Söhrab Tahir söhbətə
körpü saldı:
- "Azərnəşr"ə
Məmmədin iş yerinə getmişdim. Nahar
vaxtı idi. Şıdırğı nərd
oynayırdılar. "Otur sən də bax", - dedi.
Ürəyimdə
Məmmədin udmasını istəyirdim. Özümdən
asılı olmayaraq, onun hər bir hərəkətini izləyirdim,
zər atmasını, daşları xanalara düzməsini... Fikir verəndə gördüm ki, çox ehtiyatla tərpənir.
Açığı bunu onun ustalığı
ilə bağlayırdım. Sən demə, belə
deyilmiş, əli əməlli-başlı titrəyirmiş...
Hə, nə
başını ağrıdım. Oyun bitəndən sonra Məmmədlə
nərd oynayan yaşlı kişi saata
baxıb, tələsik qapıdan çıxdı. Mən
ehtiyatla:
- Ay əmi, - dedim, - bayaqdan sənə
fikir verirdim, çox əsəbi oynayırsan. Zər
atanda əllərin titrəyirdi. Səndən
xahişim budur ki, bir də əlinə zər almayasan. Belə əsəbilik nəyə lazımdır?
Məmməd fikirli-fikirli
üzümə baxdı:
- Ay Söhrab, qadan alım,
- Əsəb
olmayanda bəs nə olacaq ki? - çiynimi
çəkdim.
- Ay qardaş, nə gizlədim
səndən. Bu da bir bəladır tutub məni.
- Yaxşı, ağ eləmə görək. Sən lap həkim
kimi danışırsan ki.
- Neyləyim, xəstəlik
danışdırır məni, - ağır-ağır
başını tərpətdi. - Anamda da olub bu xəstəlik...
- Adı nədir?
- Əsəb-beyin pərdəsinin
iltihabı, - Məmməd bu sözləri elə dərdli-dərdli
dedi ki, ürəyimin başına od
düşdü. - Yazıq anamı da bu xəstəlik
apardı. Xroniki olanlar illər boyu əzab
içində çırpınırlar. O birilərini
isə ölüm tez yaxalayır. Heç bir həftə
çəkmir ki... İndi məni də
qara-qorxu götürüb ki, bu irsidir, mənə anamdan
keçib.
- Yaxşı, ay Məmməd,
özünə xəstəlik uydurub, nağıl
danışma.
- Əmi, onu
bilirəm ki, başımın üstə qara buludlar
oynaşır, qorxunc şimşək səslərini də
tez-tez eşidirəm.
Onu qucaqlayıb sinəmə
sıxdım:
- Məmməd, ürəyin
buz kimi olsun deyə, səni Moskvada ən yaxşı həkimlərə
göstərmək bu əminin boynuna.
Məmməd elə bil
acı burulğandan çıxıb özünə gələn
kimi oldu:
- Əmi, belə bir iş eləsək,
qiyamət olar ki, - sevincək dedi. - Bax, indi o vədi yerinə
yetirib, bir az yüngülləşən
kimi olmuşuq. Omanovun qəbuluna düşmək
üçün düz iki həftə Moskvada günləri
saymışıq. O vaxtacan da çox yollardan
keçmişik. Yazıçılar
poliklinikasının rəyindən tutmuş, sədrin
xahiş məktubunacan cibimizdə çox kağızlar var
idi. Belə bir söhbətimiz olmuşdu
ki, əgər ensefolit diaqnozu düz çıxmasa, Məmməd
də bizə restoranda gur bir qonaqlıq verəcək. Həkimi də dəvət edəcəyik ora.
Məmməd də gülə-gülə demişdi: "Ay əmi,
kaş sən deyən olsun. Qonaqlıq da verərik,
hələ lap o yana da keçərik".
Hə, sözün
qısası, həkim çoxlu suallar verdi,
rəyləri, konsiliumların nəticələrini dönə-dönə
oxudu. Axır sözü də bu oldu: "Hörmətli
şair, sevinirəm ki, sorağı ilə gəldiyiniz bu xəstəlikdən
sizdə əsər-əlamət yoxdur".
Məmməd tələsik
soruşdu:
- Həkim, bəs onda mənim
xəstəliyim nədir?
Həkim də belə cavab verdi:
- Siz mənim yanıma
ensefolit xəstəliyindən şübhələnib gəlmişdiniz.
Mən də bu sahənin inanılmış həkimi, mütəxəssisi
kimi təkrar-təkrar deyirəm: Sizdə bu xəstəliyin əlaməti
belə yoxdur. Başqa xəstəlik barədə
isə heç nə deyə bilmərəm. Desəm, sizi aldatmış olaram. İnsan gərək bildiyini,
inandığını dilə gətirsin. Mən öz
sahəmdə ixtisasımdan yarım addım da o yana keçə bilmərəm.
Biz həkimə
dönə-dönə təşəkkürümüzü
bildirib, onu axşam "Praqa" restoranına dəvət elədik. Həkim isə çox səmimiyyətlə:
- Siz Azərbaycan şairlərinin
"sağ ol"u mənim üçün ən gözəl
qonaqlıqdır, - dedi. - Sizə yaxşı yol,
çalışın xəstələnməyin.
Kreml
poliklinikası Moskvanın qərbində yerləşir. Mehmanxanaya
xeyli yolumuz var idi. Taksi saxlatdırıb,
"Rossiya"ya üz tutduq. Sevincdən
quş kimi uçurduq. Yolda Məmmədlə
razılaşdıq ki, restorandan vaz keçib, mərtəbəmizdəki
bufetlərdən birində oturaq. Belə də
etdik. Məclisimizə Moskvada yaşayan azərbaycanlı
qələm sahiblərindən Fəthi Xoşginabini, Faiq Cəmcəmlini,
İlham Bədəlbəylini, Qorki adına
Ədəbiyyat İnstitutunda təhsil alan həmyerlilərimizi
də dəvət edib gözəl bir gün yaşadıq. Sağlıqların başında isə Məmməd
ilə bağlı ürək sözləri, xoş arzular
dururdu.
O qarlı, sazaqlı
axşamda vaxtın necə keçdiyini hiss etmirdik... Məmməd ürəyimizi yerindən oynadan, hisslərimizi,
duyğularımızı tarıma çəkən bir-birindən
gözəl şeirlər oxusa da, qəm köynəyindən
çıxa bilmirdi. Onun bir gözü ağlayır,
bir gözü gülürdü...
Biz o zaman nə biləydik
ki, şairi qarşıda necə ağrı-acılar, məşəqqətli
günlər, sərt sınaqlar gözləyir...
Elə oradaca qərarlaşdıq
ki, nə qədər ki, buradayıq, hər gün
görüşək. Gündüzlər Fikrətlə mən
aşağı, "Rossiya"ya enək, axşamlar da
Söhrab Tahirlə Məmməd Araz bizim yanımıza,
"Moskva" mehmanxanasına qalxsınlar. Elə nömrədə süfrə açıb
şam eləyək. Sözü-sözə, söhbəti-söhbətə
qoşaq, gecə keçincəyə qədər oturaq,
şeirdən, dalğalı söhbətlərdən
ayrılmayaq...
***
Yada
saldığım bu epizod 1992-ci ilin yazı ilə
bağlıdır. Çətin günlər idi. Respublika çalxalanırdı. Xalq
Cəbhəsi təzəcə hakimiyyətə gəlmişdi.
Hər yerdə vəzifə bölgüsü
gedirdi. Suallar suallara calanırdı:
Mən əzablı,
xiffətli aylardan sonra təzəcə televiziyaya
qayıtmışdım. Sədr müavini idim.
Keçmiş sədrimiz Elşad Quliyevlə
baş-başa verib, işləri sahmanlayırdıq ki, onu
yenidən Azteleradiodan araladılar. Tezliklə o, artıq
tanınmış iş adamı Mahmud Məmmədovun təsis
etdiyi BM-Tİ televiziya kanalına prezident təyin olundu. Texniki imkanları geniş olmasa da, kanal
bacarıqlı, səriştəli əməkdaşlar
hesabına günbəgün təzə verilişlər
açır, öz auditoriyasını sevindirir, genişləndirirdi.
Elşad Quliyev
mənə zəng elədi ki, vətənpərvərlik
mövzusunda mahnı və şeirlərdən ibarət
müsabiqə keçirmək istəyirlər. Bəstəkar
Tofiq Quliyevin rəhbərliyi ilə çox mötəbər
münsiflər heyəti olacaq. Üzvləri isə bəstəkar
Vasif Adıgözəlov, müğənni Gülağa Məmmədov,
"Günay" qəzetinin redaktoru, şair Xəlil Rza,
iş adamı Mahmud Məmmədov, bir də biz ikimiz. İstəyirik çox yüksək səviyyəli
bir müsabiqə olsun, kimsə bizə ağız büzməsin.
O əlavə etdi:
- Onu bil ki, sən tərkibə
elə-belə düşməmisən. Mahmud
müəllimin də, mənim də fikrimiz bu olub ki, var
qüvvənlə bizə yardımçı olacaqsan. Çünki şairləri də, bəstəkarları
da biz yaxşı tanıyırıq. Ona
görə də gərək ürəkdən bu işə
qoşulasan.
- Ay Elşad müəllim, məni
müsabiqədə nə qiyafədə
görürsünüz ki? - deyə ürəkdən
güldüm.
- İstəyirik Nahid
Hacıyev qolunu çırmalayıb mahnı mətni
yazsın
- Axı, mən indiyəcən
belə bir iddiada olmamışam. Yazsaydım, bəlkə də
indi çox mahnılarım olardı.-
Neçə illərdir ki, Azteleradioda Bədii Şuranın
üzvüsən, bütün mətnlər əlindən
keçir. Sənin imzan olmasa bəstəkar
sözə yaxın durmur.
- Bunlar düzdür, ancaq mən
bu işə girişsəm şairlər nə deyər?
- Bu onların öz
işidir, - Elşad Quliyev səsinin ahəngini dəyişdi.
- Əsas budur ki, yaxşı mahnı
yaransın. İndiyəcən çox
mahnıların sözünü düzəltmisən. Eləsi də var ki, onu təzədən
yazmısan. İndi də istəyirik
öz mahnın olsun. Bəstəkarlardan
hazır musiqilə yanına gələn də olacaq, səni
tutsa, qələm götür.
Söhbətdən
təxminən saat keçmişdi ki, bəstəkar Eldar
Mansurov qapıda göründü. O, diktofonda müsabiqəyə təqdim
etmək istədiyi mahnının musiqisini səsləndirdi. Çarəm nə idi, qulaq asdım. Düzü, xoşum gəldi. Sonra bir də,
bir də...
Ürəyimdə misralar
titrədi:
Günəşimiz saralıbdı,
Göylərimiz qaralıbdı,
Qarabağı sar alıbdı.
Dərd bürüyüb, solu, sağı
Tanrı, qurtar bu sınağı!
Qalx, qalx, ulu torpaq.
Qalx, qalx ulu bayraq,
Qalx, qalx, sən ey mərd xalq,
Yer titrəsin məhvərindən!
Yazdıqlarımı
bəstəkara oxudum. Eldar Mansurov vəcdlə:
- Qardaş, sən arxasını yaz, - dedi. - Bir-iki saata gəlib
mətni götürəcəyəm. Səsyazma
evində yer götürmüşük. Mahnının
qaralamasını sabah günorta
yazacağıq.
Ertəsi gün başqa bir
mətn də yazdım: "Qürbətlərdə qalan
dağlar". Bunu da bəstəkar Cavanşir
Quliyev götürdü. İki gün sonra seçim edəndə
gördük ki, tutarlı mahnılar, şeirlər o qədər
də çox deyil...
Xəlil Rza ilə
şeirləri gözdən keçirəndə aydın oldu
ki, müsabiqəyə şeir verən müəlliflərin
çoxu hələ heç yerdə çap olunmayıb,
tanınmır.
Az-çox
tanınan şairlərdən biri yeni kitabının əlyazmasını
Xəlil Rzaya verib xahiş etmişdi ki, ona kömək eləsin. Bunu X.Rza
özü ürəkaçıqlığı ilə mənə
etiraf elədi. O, nüfuzundan istifadə edib, müəllifə
birinci mükafat vermək istəyirdi. Mən deyəndə
ki, ay şair, axı belə bir müsabiqədə ürəyiyumşaqlıq
eləmək olmaz. O sözümü göydə tutdu.
Üzrxahlıq eləyirmiş kimi:
- Bəy, mən də bilirəm
ki, bu şeirlər sən deyən səviyyədə deyil. -
Fikirli-fikirli - Bəs onda neyləyək? - deyə
soruşdu.
- Bir az da
fikirləşək.
- Axı, müsabiqənin
vaxtı qurtarır. - Sınayıcı nəzərlərlə
üzümə baxdı. - Mahmud müəllim də, Elşad
müəllim də bizdən cavab gözləyirlər. Özün də görürsən ki,
baxdıqlarımızın içində ürək tərpədəni
yoxdur.
Ucadan dedim:
- Yoxdur, onda özün yaz.
- Bəy, özün də
görürsən ki, ürəyimdə çox təbəddülatlar,
sarsıntılar var. Kökdən düşmüşəm, əlimə
qələm ala bilmirəm.
- Qardaş, mən indi elə
bir şairin adını çəkəcəyəm ki, sənin
ürəyindən xəbər verəcək, - deyə
yavaşca çiyninə vurdum.
Onu maraq götürdü:
- De görüm o, kimdir?
- Böyük şairimiz Məmməd
Araz!
- Axı o, müsabiqəyə
şeir göndərməyib, - məyus-məyus üzümə
baxdı.
- Onun
şeirlərini müsabiqəyə radiolar, televiziyalar, uca-uca
kürsülər təqdim edib, bütün xalq verib. Şair, "Ayağa dur, Azərbaycan!"
şeirini yadına sal. Hamımızın
ürəyinin səsidir.
Xəlil Rza öz şeirini
deyirmiş kimi qələm dostu Məmməd Arazın bu
misralarını ilhamla ucadan söylədi:
Səninləyəm, haqq-ədalət, səninləyəm,
Milli qurur, milli qeyrət, səninləyəm!
Səpil quma, göyər yerdə, bit qayada,
Gizli nifrət, açıq nifrət, səninləyəm,
Oyat bizi, ey yaradan, səninləyəm!
Ya bilmərrə yatırt bizi,
Ya yenidən yarat bizi,
Ey yaradan, səninləyəm,
Səninləyəm, yatmış vulkan,
Səninləyəm!
Ayağa dur, Azərbaycan,
Səninləyəm!
Xəlil Rzanın gözləri
birdən-birə parıl-parıl parıldadı:
- Qiyamətdir! - deyə şair coşğunluğu ilə əlini
əlinə vurdu. - Eşq olsun Məmməd Araza! Bu şeirin bir ordu qədər gücü var.
- Qardaş, düz deyirsən.
Mənim də ürəyimi oxudun. Bunu da
bir şair kimi səndən soruşuram: İndiyəcən
"Ayağa dur, Azərbaycan!" kimi silsilə yazan olub?
Gözünü
gözümdən çəkmədən:
- Boynumuza alaq ki, yox bəy,
ondan başqa kim yaza bilərdi bu silsiləni?
Məmməd Araz bu şeirlərlə Azərbaycana
məhəbbət abidəsi ucaltdı və tarixə
düşdü. - Sonra da sevincək-sevincək, - Nahid, sənə
də təşəkkür edirəm ki, Məmməd
Arazın qarşısında mənim də
günahımı yudun, - dedi. - Bu mükafat ona gözlənilməz
bir fərəh bağışlayacaq.
Məmməd
Araza birinci mükafat verilməsi hamının ürəyincə
oldu. Əslində
isə bu onun halal haqqı idi!
Bir neçə gün sonra
"Moskva" mehmanxanasının həyətində,
açıq havada mükafatların təqdimat mərasimi
keçiriləndə Məmməd Arazı stol
arxasında gördüm. O, ağrılarla əlbəyaxa olsa
da, məni görəndə ayağa qalxmaq istədi, tezcə
özümü ona yetirdim. Deyəsən, mükafata layiq
görülməsi şairi bir az həyəcanlandırmış,
həm də sevindirmişdi. Əl verib görüşəndə:
- Ay Nahid, eşitdim ki, mənim
silsiləmi sən yada salmısan. Əzizim, çox sağ
ol. Mükafata görə təşəkkürüm ilk
növbədə sənə düşür, - dedi.
Məmməd
Araz təbiətən çox ürəyiyumşaq,
qılıqlı, insanlara xoş münasibət bəsləyən
söz adamı idi. Ona görə də xətrini çox
istəyirdilər. Dostları arasında
sadə fəhlə də var idi, kolxozçu da,
sürücü də, müəllim də, şeiri, sənəti
duyan, qiymətləndirən tanınmış ziyalılar da,
müxtəlif pillələrdə vəzifə tutan dövlət
adamları da.
Şairi bir dəfə
görənlər xoş duyğularla həmişə
anır, "kaş onu bir də görəydim" arzusunu dilə
gətirirdilər.
Gənc qələm
sahibləri isə ona "əmi" deyirdilər. Bu sözdə
bir hörmət, ehtiram və ustad sözünə çox
yaxın çalar var idi.
Hər dəfə
eşidəndə xoşlanırdı. Kimsə ona
"Ay Məmməd əmi" deyə müraciət eləyəndə
sevinir, şahrızlanır, qürrələnirdi.
O, sözə taleyi kimi
baxırdı. Bütün sevinclərini, istəklərini
sözdən, şeirdən ayrı təsəvvür eləmirdi.
Sözün bütün mənalarında
şair idi. Dünyaya şair kimi gəlmişdi.
Ünsiyyəti
sevən, qiymətləndirən insan idi. Çoxları şairin
"dostluq xatirəsi"nin üfüqlərini
göz önünə gətirəndə heyrətlənirdilər.
Bir axşam
işdən təzə qayıtmışdım. Telefonumuz zəng
çaldı. Danışan Bərdə
rayonundakı məşhur "Moskva" kolxozunun sədri
Hüseyn Ağayev idi. Onu "Azərbaycan"
kolxozunun sədri olduğu vaxtlardan tanıyırdım. Mən radionun "Kənd həyatı"
şöbəsinin müdiri işləyəndə "Azərbaycan"
kolxozu Şağayım düzündə yerləşirdi.
Bu, "Şaqayem" rus sözünün təhrif
olunmuş, azərbaycanlılaşdırılmış
variantı idi. Hüseyn Ağayevin
atası bu kolxozun təməlini qoymuşdu. Sonralar "Azərbaycan" kolxozu varlı bir təsərrüfata
çevrilmiş, yaxınlarda, uzaqlarda geniş şöhrət
qazanmışdı.
Hal-əhvaldan sonra Hüseyn
Ağayev gözləmədiyim halda soruşdu:
- Əmi ilə
aranız necədir?
- Lap əla! - deyə
güldüm. Tezcə də əlavə etdim.
- Qağa, bizdə iki əmi var, biri Söhrab Tahirdir, biri də
Məmməd İbrahim. İkisi də dostumdur.
İndi siz hansını soruşursunuz?
- Əslində Məmməd
İbrahimi, - dedi. - Söhrab Tahir də
olsaydı, qiyamət bir gecə keçirərdik. Mən respublika müşavirəsinə gəlmişəm,
özüm də "Bakı" mehmanxanasında qalıram.
İndi aşağı düşürəm, Məmməd
İbrahimi qarşılamağa. Beş-on
dəqiqəyə taksiylə gələcək. Xahiş edirəm, siz də bir taksiyə oturun,
mehmanxananın qabağında sizi gözləyəcəyik.
- Bəlkə məni ixtisara
salasınız.
- Qadası, mümkün
deyil. Məmməd müəllimlə
sözümüz belə olub ki, siz də gələsiniz.
Bayaqdan evinizə neçə dəfə zəng
vurmuşam. Hər dəfə də "Hələ
gəlməyib" deyiblər. İndi isə
əlimizə güclə düşmüsünüz, buraxan
deyilik. Söhrab Tahirə də mütləq
zəng eləyin. Deyin ki, üçümüz də
onu gözləyirik...
Mən taksidən
düşəndə gördüm ki, onlar mehmanxananın
qabağında gəzişirlər. Məmməd İbrahim məni
görən kimi tezcə soruşdu:
- Nahid, əmini tapa bildinmi?
- Yox, xanımı dedi ki,
toya gedib.
Astaca başını buladı:
- Onda üçümüz
olacağıq ki...
Liftə minib
restorana qalxdıq. Hüseyn Ağayev sifariş verib
getmişdi. Biz içəri girən kimi
ofisiant başımızın üstünü aldı. Yemək gəlincə oradan-buradan söhbət
başladı.
- Nahid müəllim,
heç soruşmursunuz ki, şairlə dostluğunuz necə
başlayıb? - deyə Hüseyn
Ağayev mənə sarı döndü.
- Necə başlayıbsa o
yerə də, o günə də eşq olsun!
Məmməd İbrahim
ürəkdən gələn səslə dedi:
- Bizi Kəlbəcər,
"İstisu" sanatoriyası
- Doğma ailə kimi
olmuşduq, - Hüseyn Ağayev gülümsədi.
-Bir-birimizi görməyəndə
darıxırdıq. Şairlə də bizim
söhbətimiz yaxşı tuturdu. Bir də
görürdün ki, Məmməd müəllimin
danışdığı əhvalatlara başımız o qədər
qarışıb ki, sanatoriyadan xeyli aralanmışıq.
Doymurdum bu söhbətlərdən...
- Çox gözəl
günlər idi, - Məmməd Arazın gözləri yol
çəkdi. - Bir də ələ düşməz o
günlər.
- Çox sağ olsun ki, Məmməd
İbrahim bizi unutmadı, - Hüseyn Ağayev söhbətə
yenidən körpü saldı. - Bir gün bizim "Azərbaycan"
kolxozunun da qonağı oldu. Obaları,
tarlaları gəzdik. Gəzdikcə gəzmək
istəyirdi. Görürdüm ki, cib dəftərçəsinə
də nəsə qeydlər edir. Sən demə,
ürəyindən "Azərbaycan" kolxozu haqqında
yazmaq keçirmiş.
- Gördüklərim, eşitdiklərim məni bərk
tutmuşdu, - dedi Məmməd Araz.
- Bu nəslin zəhmətkeşliyi,
halallığı, el-obada qazandığı hörmət
ürəyimi yerindən oynatmışdı. Çox
təsirlənmişdim. Hüseyn
Ağayevin atası da məşhur təsərrüfatçı
olub, ad-san qazanıb. Bizim bu Hüseyn də,
qardaşı da atalarının yolunu tutub. İndi Hüseyn Ağayev "Moskva" kolxozunun,
qardaşı isə "Azərbaycan" kolxozunun sədridir.
Bərdənin pambıq planının əsas
yükü bu iki milyoner kolxozun boynunadır. Qardaşların ikisi də əmək qəhrəmanıdır.
Bunlar hamısı qəlbimi tərpətdi.
Mən də günlərin birində qələm
götürdüm.
Hüseyn Ağayev tələsik
onun sözünə söz yetirdi:
- Yaxın bir adam
"Ulduz" jurnalının təzə nömrəsini rayon
mərkəzindəki köşkdən alıb, sevinə-sevinə
üstümə qaçmışdı ki, Ay Hüseyn
qağa, ala bax, gör, şair burada sizdən nələr
yazıb. Atanı, səni, qardaşını
dağlar başına qaldırıb.
"Yer
üzünün Qarabağ düzü" adlı oçerki
görəndə gözlərimə inanmadım. Böyük şairi Allah
saxlasın, göz yetirəndə gördüm ki, sözləri
seçə-seçə elə yazıb ki, ürəyimin dərinliyində
bəlkə də min dəfə "sağ ol" dedim ona.
- Doğrusu, mövzu məni
silkələmişdi, - şair məmnunluqla başını
tərpətdi. - Mən başqa cür də yaza bilməzdim.
- Məmməd müəllim,
bir vaxtlar bizi yalnız Bərdə rayonunda
tanıyırdılar. Sizin sayənizdə məşhuri-cahan
olmuşuq, - deyə Hüseyn Ağayev barmaqlarını
bir-birinə daraqladı. - Desəm ki, bu yazı bizim nəsil
üçün söz abidəsidir, yanılmaram, - stəkanlara
"Badamlı" süzdü. - Hə, söhbət öz
yerində, yemək də lazımdır. Nə
qədər yaxşı söz desəm də ürəyimdən
tikan çıxmaz.
- Əsas budur ki, yazı xoşa gəlib. Oxucular da, qələm
yoldaşlarım da "Yer üzünün Qarabağ
düzü"nü bəyəniblər. Müəllif kimi mənim də ürəyimcədir.
İstəyirəm kitablarıma da
düşsün. Ola bilsin ki, lap
"Seçilmiş əsərlər"imdə də
öz yerini alsın.
- Ay əfəndilər, mən
də heyranlığımı bildirirəm, - dedim. - Müəllifi
də, qəhrəmanını da bir daha təbrik edirəm. "Yer üzünün Qarabağ düzü" sənədli
nəsrimizdə əsil ədəbi hadisədir.
Bu
görüşdən sonra hər dəfə Məmməd
Arazı görəndə dostumuz Hüseyn Ağayevi,
Hüseyn Ağayevi də görəndə Məmməd
Arazı soruşurdu. Şair öz qəhrəmanı ilə,
qəhrəmanı da onunla fəxr edirdi. Bu,
çox ülvi, insani bir duyğudan güc alırdı.
Bu dostluq, qardaşlıq çox illər yaşadı.
***
Bu yaxınlarda
Yazıçılar Birliyinin Natəvan klubunda
yazıçı-publisist İradə Tuncayın "Sarı
Odalar" kitabının təqdimat mərasimi
keçirilirdi. Müəllif üçün də,
qonaqlar üçün də sevincli, həyəcanlı bir
gün idi. Mənim də könlümdən
söz demək keçirdi. Fikirlər,
duyğular qanadında idim. Düşüncələrim
bir-birinə qarışmışdı: "Haradan
başlayım, harada qurtarım?"
Mən İradə
Tuncayı yaxşı tanıyırdım. Neçə
illər Azərbaycan Televiziyasında bir yerdə işləmişdik.
Qələminə də, zövqünə də
yaxından bələd idim. O, böyük şairimiz Məmməd
Arazın ürəyinin səsi, nəğməsi, bu
ocağın həm qızı, həm də oğlu idi. İki universitet bitirmişdi - Azərbaycan Dövlət
və Məmməd Araz universitetlərini.
"Sarı
Odalar"da İradə Tuncayın indiyəcən
yazdıqlarının seçmələri cəmlənmişdi,
başqa sözlə desək, qələminin şah nəğmələri
idi. Kitab haqqında danışdıqca danışmaq
olardı. Arada mən də danışdım,
ürəyimdən keçənlərin bir əlçimini
dilə gətirdim. Ancaq çox söz
qaldı urəyimdə. Sonra qəzetdə
də yazdım. Bu da düşündüklərimin
hamısı deyildi...
Müəllifdən
azca aralıda anası Gülxanım Fətəli qızı
oturmuşdu. Mənimlə üzbəüz idi. Bəlkə də o, İradənin özündən
də çox sevinirdi. Təbii ki, bu onun
ana haqqı, ana iftixarı idi. Ancaq bu da
apaydın sezilirdi ki, bir gözü ağlayır, bir
gözü gülür.
Mən xəyalən
Məmməd Arazı Gülxanım bacının
yanındakı boş yerdə təsəvvür elədim. Özüm də bilmədən
içimdən bir səs qopdu: "Kaş belə olaydı!". Ancaq min heyif, min təəssüf...
Mən "Azərbaycan"
jurnalının səhifələrində Gülxanım Fətəli
qızının Məmməd Araz haqqında şirin,
emosional xatirələrini həyəcanla, özü də
yana-yana oxumuşdum. Düzü, axıra çıxıncaya qədər də
beynimdə hey bu sözlər, bu müdrik fikir
dolaşmışdı: "Hər bir sənətkarın
yanında onu canı qədər, bəlkə də
özündən daha çox istəyən fədakar bir
qadın olmalıdır. O, həyatın bütün döngələrində,
dönəmlərində onun ağrı-acılarına, istəklərinə,
şıltaqlıqlarına dözməlidir".
Bu yaxınlarda
Gülxanım Fətəli qızının yenə "Azərbaycan"
jurnalında Məmməd Araz haqqında dərc edilmiş
gündəliklərini oxuyanda şairin ömür-gün
yoldaşına ürəyimdə dönə-dönə minnətdarlıq
elədim. Düşündüm ki, bu xanım neçə illər
boyu Məmməd Arazın həyatında günəş olub,
işıq olub, böyük sənətkarı yaşatmaq
üçün bəlkə də təsəvvür edə
bilməyəcəyimiz məşəqqətlərdən
keçib. O öz ömrünü Məmməd Araz
ömrünə qatıb, gecə-gündüz şairin
ağrılarına, acılarına məlhəm olub. O,
şairin şeirlərini söz-söz, misra-misra
yığıb, sənətkarın unutduğu, yaddan
çıxardığı hissləri, həyəcanları
ona bir də yaşadıb. Bəzən bir-iki
yarımçıq misra zaman keçəndən sonra qanad
açıb, qəzet və jurnal səhifələrindən
oxucularına üz tutub, əbədi yaşama haqqı
qazanıb.
Məmməd
Araz bizim böyük, uca şairimizdir. O öz həyatı, taleyi
ilə qəhrəmanlar qəhrəmanı, dözüm, dəyanət
mücəssəməsi, mərdlik heykəlidir.
Qulağımızda qəmli misraları səslənir:
Pəncərəmi külək döyüb ağlasa,
Eyvanıma quşlar qonub ağlasa,
Ürəyini nalən yonub ağlasa,
İçində yan, ağı
deyib, ağlama.
Ağlamağın yeri deyil, ağlama.
Məmməd
Araz - o böyük söz ustası, sağlığında
da, indi də hər sözü, misrası, şeiri ilə qəlbimizi
sökür, duyğularımızı titrədir, təzələyir,
ovxarlayır.
Sənətkardan söz açdım, ürəyimdə
bahar yelləri əsdi. Qəlbim də sevindi, qələmim də.
Gələcək illərin üfüqlərində
ölməz şair boy verib boylandı və məğrur-məğrur
bizi salamladı.
Nahid HACIZADƏ
Ədalət.- 2010.- 25 dekabr.- S. 5.