"BİR GÖZƏL
GÖRMÜŞDÜM KÜR QIRAĞINDA"
-Bilirsən, nə var,
Güli? İstəyirəm sənin haqqında "Ədalət"ə
yazam...
- Sən onsuz da mənim
haqqımda çox yazmısan...
-Yox. Oynadığın
tamaşalardan yazanda sənin də haqqında bir-iki cümlə
işlətmişəm. İndi isə... Bu, həm də mənim
özümə lazımdı ey. İstəyirəm bir ötən
günlərə baş vuraq.
Hiss elədim ki, kədərləndi.
Bilmirəm, bu "ötən günlər"də nə
sehr var. Dilə gətirilən kimi hamının gözü
yol çəkir. Onunsa qüssələnməyə
hamıdan çox haqqı var. Çünki bu ötən
günlərdə itirdiklərinin qazandıqlarından daha
çox olduğunu güman edir. Ona haqq qazandırmağa
çətinlik çəkirəm, qınamağa da ürəyim
gəlmir. Elə bircə kəlmə "o, aktrisadır"
desəm, çoxları bu ovqatın haradan
qaynaqlandığını başa düşəcək.
Deyirlər, adamlar
haqqında ilk təəssüratı gərək qoruyub
saxlayasan. Aldadıcı olmadığına görə.
Sonralar fikrini dəyişsən də, bir gün
qayıdıb əvvəlki nöqtədə dayanacaqsan və
köks ötürüb, "o, doğrudan da beləymiş,
mən özümü aldatmışam" deyəcəksən...
İlk dəfə
redaksiyada, pilləkən başında görmüşdüm
onu. Tanış deyildik. Salam verib redaktorun yerində
olub-olmadığını soruşdu. Mənimsə diqqətimi
ilk olaraq məharətlə sürmələnmiş iri qara
gözləri cəlb eləmişdi. Səsi də gözləri
kimiydi. Təmiz, qaynar, ürək titrədən. Sualına
cavab verib ürəyimdə Kür qırağının
gözəllərini bəyənməyən Molla Pənahı
qınaya-qınaya pilləkəni düşürdüm.
"Nə şeir qoşmalı baxışları var.
Gör bu gözlər nə qədər adama getdiyi yolu da
unutdurur".
***
Üz-üzə,
göz-gözə oturub dərdləşirik. Doğru
deyirmişlər, gözlər qocalmır. Əslində,
qocalıqdan söz salmaq hələ çox tezdi, amma neyləyəsən,
illər öz işini görür. Tərtəmiz
baxışlara bir kədər gölgəsi enir, bəbəklərdə
daha tez-tez yaş gilələri parlayıb sönür. Onun həyatını
mən bilirəm, axı...
-Güli, balacalıqda əksər
uşaqlar müəllim olmağı arzulayırlar. Necə
oldu ki, sən, kənddə böyümüş bir qız
aktrisa olmaq istədin?
-Dönə-dönə
demişəm, çox vaxt da mənə inanmırlar. Mən
bu sənətə təsadüfən gəlmişəm.
Arzum həkim olmaq idi. Düzdü, hələ məktəb
illərində teatr tamaşalarında oynayırdım.
İlk rolum Cəlil Məmmədquluzadənin "Ölülər"
komediyasında Zeynəb obrazı olub... Məktəbi bitirəndən
sonra sənədlərimi Tibb İnstitutuna verdim, qəbul oluna
bilmədim. Qayıdıb kolxozda işləməyə
başladım. Komsomol təşkilatı katibi seçildim.
Sonra kənd mədəniyyət evinin direktorluğunu təklif
etdilər. Əvvəlcə razı olmadım, sonra yola gəldim.
Burada da tamaşalarda çıxış eləməyə
başladım. Yavaş-yavaş bu sənətə
alışırdım... Tədbirlərə qatılır, məktəbləri,
kolxozları gəzirdik. Bir gün məni A.İsgəndərov
adına Sabirabad xalq teatrına işləməyə dəvət
etdilər...
Doğrudanmı, insan
ömrünün səmtini təsadüflər yönləndirir.
Bu da hələ isbatını tapmamış fərziyyələrdəndir.
Bir müddət keçəndən sonra hiss edirsən ki,
başqa cür ola bilməzdi, sən elə belə də
yaşamalıydın. Rayon teatrında neçə-neçə
nəslin gözü qabağında saysız-hesabsız
obrazlar yaradıb Güldərən Azayeva. Qeybulla Rəsulovun
"Əlvida, Hindistan" pyesində Şəcərət,
Miryusif Mirnəsiroğlunun "Qürbət diyarda" əsərində
Süsən, Ağası Məşədibəyovun "Toy
kimindir" komediyasında Mirvari, Əbil Yusifovun "Odlar
içində" əsərində Azadə, S.S.Axundovun
"Tamahkar" pyesində Nabat, Altay Məmmədovun "Həmyerlilər"
əsərində Zeynəb, Seyfəddin Dağlının
"Bekarçılıq kontoru" əsərində Nailə,
Cəfər Cabbarlının "Aydın" pyesində
Gültəkin, Suzanna, Şıxəli Qurbanovun
"Özümüz bilərik" komediyasında Nailə, Səid
Rüstəmovun "Durna" musiqili komediyasında Lalə, Bəxtiyar
Vahabzadənin "Qızıl alma" əsərində
Aysel, Üzeyir Hacıbəyovun "Ər və arvad"
operettasında Gülpəri, Rəfael Hüseynovun "1109
nömrəli məhbus" əsərində Dilbər, Orxan
Kamalın "Yad qızı" əsərində Nazan...
Bir-birindən fərqli neçə-neçə qadın
obrazı. Aralarında ağıllısı da var, avamı
da, ciddisi də var, şıltağı da, bəxtəvərlikdən
qanad taxıb uçanı da var, aldadılıb
atılanı da, gözü yolda qalanı da deyir ki, bir
obraz kimi ürəyimə ən yaxını, daha doğrusu, ən
çox ürəyimi ağrıdanı Səməd
Vurğunun "Vaqif" dramındakı Xuramandı.
Bütün dövrlərdə xuramanlar olub, bundan sonra da
olacaq. Xuramanın aldanışından, xəyanətindən
ən çox sarsılan da Vaqifdi, ona ən düzgün qiyməti
verən də...
İnsan! O müqəddəs bir kainatdır!
O saf qəlbi pozan yalnız həyatdır!
Səhnədə
çox qadın obrazları yaratsa da, həyatda bir obrazı
yarada bilmədi bu istedadlı xanım. Bir ailə
ocağının başında oturan ömür
yoldaşı rolunu. Bununsa günahı onun özündə
deyil. Azərbaycanın məşhur aktrisa və müğənni
qadınlarının ötən əsrin 20-30-cu illərdə
yaşadığı təqibləri Güldərən
70-80-ci illərdə yaşadı. Onu da tamaşadan sonra sənət
dostları teatrın arxa qapısından xəlvətcə
evinə ötürürdülər. Deyir, küçəyə
çıxanda cavanlar oynadığım obrazların dilindən
öyrəndiklərini təkrarlayıb mənə
sataşırdılar. Hələ ərlərinin,
oğullarının gözlərini dəsmalla
bağlamağa hazır olan ev qadınları onun qarasınca nələr danışmırdılar.
"Mədəni-maarif" jurnalının 2009-cu il noyabr
nömrəsi qarşımdadı. Burada aktrisanın sənət
dostu, həm də jurnalın bölgə müxbiri Mahir Əbilovun
yazısı dərc olunub. Müəllif yazır: Mən 25 il
Sabirabad rayon Mədəniyyət və Turizm şöbəsində
çalışdığım üçün onun
çoxlu sayda tamaşalarında tamaşaçı kimi
iştirak etmişəm. Qadın aktrisaların sənətdə
dözümü baxımından bu teatrda Güldərən
Azayeva qədər duruş gətirən ikinci bir qadın
tanımıram. Onun səhnə taleyi çətinliklərlə
dolu bir ömür yoludur".
Kür
qırağındakı Çölbeşdəli kəndində
dünyaya göz açan körpəyə Güldərən
adını verəndə elə bildilər ki, bu gözəl-göyçək
qızcığazın gün-güzəranı ömür
yollarında gül dərməklə keçəcək.
Taleyin qələmi öz bildiyini yazıb həmişə.
Arabir lütf göstərib könül almağı da var.
Güldərənin Aynuru on birinci sinifdə oxuyur. Arabir
tamaşalarda uşaq rollarını ifa eləsə də, hələ
öz yolunu müəyyənləşdirməyib...
O, küçədə
görünəndə elə bilirsən rayonun quru, sərt
havası da mülayimləşir. Onunla xoş üzlə
salamlaşır, hal-əhval tuturlar. Bu, həmişə belə
olmayıb. Dəyişən odur ki, daha ona sataşanlar, replika
atanlar özləri də yaşa dolub, ağıllanıblar.
İndi onun hörmətini saxlayır, diqqət göstərirlər.
Dünən küçələrdə veyllənirdilər,
indi həyat qayğılarında itib-batıblar. Cavanlarsa,
artıq dünyanı başqa rəngdə görürlər.
Amma bu ona qətiyyən təsəlli deyil, arxada o qədər
şeylər qaldı ki.
-Paytaxt teatrlarından
dönə-dönə dəvətlər aldım. Getmədim...
-Peşimansan?
-Əlbəttə.
Çox peşimanam.
-Elə bilirsən, gedəndə
bəxtini burda qoyub gedəcəkdin?
-Düz deyirsən...
***
Gələn il onun səhnə
fəaliyyətinin düz qırx ili tamam olur. İndiyədək
beş-on Fəxri fərman və tərifnamədən
başqa heç nə görməyib. Bütün
könül istəklərini sənətinə qurban verən
gözəl qadın və istedadlı aktrisa üçün
bunlar çox az deyilmi?!..
Söhbətimizin
üstünə teatrın rejissoru Seyidməmməd Əliyev
də gəlib çıxır. Bu adamların sənət
naminə fədakarlığı və nələri qurban
vermələrinin canlı şahidiyəm mən. Soruşuram
ki, bu keçdiyiniz yoldan sizə nə qaldı?!
-Ancaq alqışlar-
Seyidməmməd deyir bunu.
-Alqışlar kəsiləndən
sonra səslər yoxa çıxır, axı. Necə yadda
qala bilər?
-Yox, qalır. Lap yuxularımıza
da girir.
- Bəs, Güli sənin
yadında necə qalacaq?
-Bənzərsiz və
müqayisəolunmaz... Ona heç nəyi öyrətmək
lazım gəlmirdi...
Bunları sözgəlişi
deyirəm. Hələ qarşıda o qədər
tamaşalar, rollar var ki...
***
Güldərənin bir
tamaşasını da görmüşəm mən.
Görmüşəm və ömürlük yaddaşıma
hopdurmuşam. Elə tamaşa ki, bir aktyoru, bir
tamaşaçısı vardı. Oynayan o idi, baxan mən. Biz
uzun illər bir binada yaşamışıq. Hər
axşamçağı Güli işdən qayıdanda
qucağında bir dəstə gül olardı. Qızımla
oğlum uşaqlardan ayrılıb onun qabağına yüyürərdilər, gülləri alıb evə
qaçar, suya qoyub təzədən həyətə
düşərdilər. Hərdən uşaqlara
acıqlanırdım: "Hər dəfə
yüyürürsüz, nə bilirsiz ki, Güli yenə
gülnən gələcək?!" Ancaq o hər gün
qucağında gül dəstəsi univermağın tinindən
çıxırdı və
balalarım ona tərəf qaçırdılar...İndi bunu ikimiz də göz
yaşları içində xatırlayırıq...
Güli, əgər bilsəydin o mənzərəni
görməkdən ötrü indi mən nələrdən
keçərdim?!.. Gün gələcək, layiq olduğun
mükafatı alacaqsan. Onda səni təbrik də edəcəklər,
gül dəstələri də bağışlayacaqlar. Bilirəm
ki, həmin anda qara gözlərin adamların arasında o
balaca bacı-qardaşı axtaracaq. Görməyəndə bəbəklərində
qaynayan yaşı gizlətməkçin gülümsəyəcəksən
də. Axı, sən aktrisasan! Həyatda da, səhnədə
də göz yaşlarıyla gülüşün əkiz
olduğunu hamıdan yaxşı bilirsən!
Vəsilə USUBOVA
Ədalət.- 2010.- 25 dekabr.- S. 11.