İNSAN - DÜNYANIN YAMAĞI
Ceyhun Musaoğlunun təqdimatında
Afaq Məsuddan Markesi utandıra bilən
düşüncə
Qabriel Qarsia Markesin
"Vəsiyyət"indən oxuyuruq ki, yenidən yaşamaq
istəyir. Səhvsiz həyat arzulayır. Bu, həm də o
deməkdir ki, Markesi məşhur edən əsərlər də
ola bilməzdi, yazıçı yenidən və başqa
cür yaşasaydı.
Heyrətlənməmək
olmur. Yəni dahi yazıçı yenidən doğulmaq, 80 il
yaşamaq naminə yazdıqlarının üstündən xətt
çəkməyə hazırdı?!. Təəssüf,
yazıları ilə dünyanı silkələyən
yazıçı belə, yaşamağı yaratmaqdan
üstün tutdu.
Əsərlərini sevə-sevə
oxuduğumuz Afaq Məsudla müsahibəni oxuculara Markesli təqdimatla
oxutdurmaq istəyimiz sırf məntiqin diqtəsidi. Kimsənin
üslübuna bənzəməyən, original yazı dili olan
Afaq xanım daha dəqiq bilər, yenidən doğulub səhvsiz
yaşamaq yaxşıdı, yoxsa nələr etmisənsə
onlarla xatırlanmaq. Elə belə qalmaq.
Afaq xanımla Tərcümə
Mərkəzi və "Xəzər" jurnalının 20
yaşını təbrik etmək məqsədi ilə
görüşsək də hər şeydən
danışdıq. Hər şeydən
danışmağı bacarmaq və bu hər şeyi
yalnız özün kimi, maraqlı, məntiqli izah etmək,
etiraf edək ki, Afaq Məsuda çox yaraşır. Biz
müsahibə boyu yazıçı xanımın fikirlərindən
zövq aldıq. O zövqü sizə də yaşatmaq nə
mutlu. Əlbəttə, ilk söz onundu. Biz
sualımızı diktafonu işə salmadan öncə
vermişdik. Jurnalistin sualı diktafona düşməsə də
olar, amma Afaq Məsud səviyyədə yazarın fikirləri
mütləq lentə yazılmalı və orda
qalmalıdı. Dostlar, biz-"Ədalət" bu lenti
pozmadan saxlayacağıq.
"Yenidən yaşanası maraqlı heç nə
yoxdu"
- Qadınlar
üçün ən ciddi problemlərdən biri də
yaşla bağlıdı. Xanımlar adətən qocalmaqdan
qorxurlar, yaşlarını gizlədirlər,
qocalmadıqlarını sübut etmək üçün
müxtəlif üsullara əl atırlar. Nə yaxşı
ki, məndə bu qorxu hissi yoxdu. Söhbət əsərlərimdən
getmir. Bunu bir neçə dəfə demişəm: mən yaşadığım
həyatı bir də yaşamaq istəmərəm. İnsan,
onun bu dünyada mövcudluğu, dünya və Kainat barədə
bildiklərim məndə bu dünyaya bir də
qayıtmağa maraq yaratmır.
- Hər şey təkrarlanacaq, ona görə?
- Yəqin ki.
Yazdığım əsərlər olmasaydı, bu dünyada
yaşamağımı hədər və absurd hesab edərdim.
Deyirlər, hər insanın bu dünyaya gəlməyində
özəl bir missiyası var. Lakin dünyada yüz minlərlə,
milyonlarla missiyasız insanlar yaşayır. Onların
missiyası nədir?.. Təhsil almaq, hər hansı peşənin
sahibi olmaq, ailə qurmaq, övladlarını böyütmək,
onlara, ya daha nələrəsə görə qürurlanmaq...
Bütün bunlar mənə hədsiz mənasız gəlir.
Sufilərə görə, bu dünyaya gələn insanlar, yəni
insan cildində gördüklərimizin hamısı insan
ruhunun daşıyıcıları deyil. İnsan ruhunun
özü də 13 dərəcədir və onun
axırıncı dərəcəsi heyvanla eyni ruhdan olan dərəcəyə
aid olanlardır. Belələrini insan kimi qəbul etmək
olmur...
- Sizin missiyanız yazmaqdır, yoxsa yazmaq özü də
hansısa missiyaya xidmət etməlidir?
- Deyə bilmərəm
ki, mənim bu dünyadakı missiyam məhz
yazıçı olmaqdır. Mən sadəcə, adi gözlə
görünməyən, duyulmayan müəyyən gizli, ilahi
informasiyaları insanlara bədii formada ötürmək
qabiliyyətinə malik olan adi bir adamam. İnsan
şüurunun dördüncü, beşinci, altıncı
qatının mövcudluğundan az - çox xəbəri
olanlar böyük ədəbiyyatın, bir vaxt dini
kitabların materialı olan həmin bu informassiyalardan bəhrələndiyini
yaxşı anlayırlar. Ədəbiyyatı bir tərəfə
qoyaq, həyatımda elə qəribə məqamlar olur ki,
onları açıqlasam, bəlkə də
çoxlarına qəribə gələr. Elə hallar olur
ki, mən, belə deyək ki, antenamla tutduğum bəzi ilahi
həqiqətləri kağıza köçürməkdə
aciz qalıram...
"Reallıq, yoxsa mistika?.."
- Bu dünyaya missiya ilə gələnlər
arasında Afaq Məsudun da olduğunu deyə bilərik?
- Mənə elə gəlir
ki, hə. Bəs sizcə?..
- "Siz mənim barəmdə nə
düşünürsünüz"-sualı ilə
razılaşmıram. Əslində insan birinci olaraq,
özü barədə qərar verməlidi. Bəlkə də
başqasının düşüncəsi onu
maraqlandırmamalıdı. Əsas odu ki, necə olduğunu və
belə yaşamaq istədiyini özün bilirsən.
- Maraqlı
yanaşmadı. Dedim axı missiya ilə gəldiyimi bilirəm.
- Əlbəttə Sizin barənizdə biz də belə
bilirik. Və anlayırıq ki, yazdığınız əsərlər
ilahi informasiyanın köməyi ilə yazıla bilərdi.
- "Duyğular
imperiyası" - da da tez-tez "O məni sevir" adıyla
rastlaşırsız yəqin... Bu, mənim İlahidən
aldığım sevgi təəssüratlarımın
yalnız kağıza köçə bilənləridir. Ola
bilsin kimlərsə bu yazıların mənim
yazıçı təxəyyülümün məhsulu
olduğunu düşünürlər. Lakin bu belə deyil.
" 2-ci İoan" əsərimdə
yağışları idarə etdiyimi, küçə ilə
getdiyim yerdə istənilən yerdə onu dayandırıb
sonra yenidən yağdırdığımı
yazmışdım. Bəlkə də çox adam bunu əsərin
bədii gücünün artırılması
üçün istifadə etdiyim ədəbi priyom kimi qəbul
etmişdilər. Əslində isə bu, həqiqətən
baş vermişdi. Roma Papasının Bakıya gəlişiylə
başlanan leysan yağışlarının ölkədə
möhtəşəm təmizlik işi
apardığını anlayan mən olsun ki, həmin o
yağışlarla necəsə, kontakta gedə
bilmişdim... Yağışlar mənim ürəyimdən
keçən həmin o istəklə dayanır, digər istəklə
yenidən çiləməyə başlayır və bununla
sanki, mənim yanılmadığımı, bu ölkədə
həqiqətən durultma işləri apardıqlarını
mənə bildirmək istəyirdilər.
- Postmodern ədəbiyyatın nümunələrində
bu hal əsas xətti təşkil edir və reallıqla
qeyri-reallıq arasında sərhəd itir...
- Mən ədəbiyyata
cərəyanlar çərçivəsindən baxmıram və
düşünmürəm ki, böyük ədəbiyyat
üçün bu, əsas göstərici deyil.
- Amma tərcümə işinə rəhbərlik
etdiyiniz zamanlardan müxtəlif ədəbi cərəyanlara
aid olan dünya ədiblərinin əsərləri ilə
tanış olmusunuz...
- Əlbəttə, əsərlər
çoxdur... İçində böyük ədəbiyyatlar
da var, qısa müddətə hay-küy qoparıb sonradan nəzərdən
düşən kiçiklər də... Mənə gələndə,
deyə bilmərəm ki, dünya ədəbiyyatından bəhrələnmişəm.
İlk əsərlərimi yazanda ümumiyyətlə,
dünya ədəbiyyatından çox az
yazıçıları, əsasən klassikləri
oxumuşdum. 20 yaşında "Bekar" hekayəmi
yazmışdım və onu, fikrini bilmək üçün
Ramiz Rövşənə vermişdim. O, hekayəni oxuduqdan
sonra məndən soruşdu ki, Kamyunu oxumuşam?.. Dedim ki, yox.
Sonralar Kamyunun "Özgə" əsərini oxuyanda Ramizin
sualının mənasını anlamışdım. Mənim
"Bekarım" Kamyunun "Özgə"siylə eyni
adam idi, sadəcə, məkanlar və situassiyalar ayrı
idi... Eynilə belə bir məqam "Azadlıq"
romanımla da baş verdi. Romanın ilk fəslinin "deyirlər"-lərlə
(bu karnaval üslubundan, hələ Markesdən də qabaq bir
çox dünya ədəbiyyatlarında istifadə olunub)
müşayiət olunmasını Markesin
"Patriarxına" bənzədənlər də oldu.
Halbuki Markes Patriarxının görünən həyatını,
mənsə öz patriarxımın iç həyatını
yazmışdım.
"Ədəbiyyat insanı dünyadan xilas etmək
üçündür"
- Çox vaxt deyirlər ki, ədəbiyyat
dünyanı xilas edə bilər. Ədəbiyyat
olmasaydı, dünya necə olardı?
- Ədəbiyyatın
dünyaya heç bir aidiyyatı yoxdu. Ədəbiyyat insanlar
üçündü. İnsanlar isə bu dünyaya gəlmədilər.
Əslində ədəbiyyat insanı dünyadan xilas etmək
üçündür.
- Belə təsəvvür edirəm: dünya
sıxılmış şəkildədi...
- Biz bədənimizə
görə maddi olsaq da, ruhumuz etibarı ilə
şüayıq. Odu ki, dünyaya aid olan nə varsa,
böyük mənada əslində, bizə lazım deyil. Məhz
bu səbəbdən tarix boyu bu dünyaya gəlmiş
böyük dühalar burda rahatlıq tapa bilməyib... Əslinə
qalanda, bu dünyada sıravi, adi insanlar da rahatlıq tapa
bilmir. Hər bir şeyi əldə etsə də, insan daim
özünü bu dünyada natamam hiss edir... Axı əslində,
bura onun doğma məkanı deyil?!.. Ədəbiyyat bu mənada
insanları ovundurmaq, onları öz doğma məkanlarına
- özlərinə qaytarmaq üçündür və o da
dünyada heç nəyi dəyişmir. Mehriban Ələkbərzadə
"Xəzər" haqqında yazdığı yazıda
Buddadan gözəl bir misal gətirib: "Əgər okeanda
batmaq istəmirsənsə, bir xilas yolun var: hardasa yaxında
olan adaya sarı üz". Bax, ədəbiyyat budur. Yəni
insan anlamalıdır ki, bu dünyanın bütün nemətlərinə
sahib olsa belə, yaxud, ən yüksək, ali həqiqəti
anlasa belə, bu dünyadan xilas yoxdu... Xilas - sənin öz
içindədi.
- İradə
Tuncayla söhbətlərimizin birində dedi ki, dünya tarixi
yazılandan bu günə kimi cəmi 27 il müharibə
olmayıb. Bu, insanlıq üçün utancverici rəqəmdir.
Deməli, ədəbiyyat, musiqi, rəssamlıq, teatr, kino
şeytanlığa, iblisliyə təsir edə bilməyib...
- Siz dünya ilə
insanı qarışdırmayın. İnsan bu dünyaya gəlmədir,
dünya isə tamamilə fərqli bir məhfumdu. Biz bu məkana
gəlirik, dünyanın bütün maddi qanunları içərisində
bişib, onlara toxunub geriyə qaydırıq. Burda vacib məqam
- kimin buralardan necə keçib qayıtmasıdır. Biz bu
dünyaya aid deyilik, ədəbiyyat isə dünyaya aid olmayan
insanlar üçündür.
- İnsan dünyaya yamaqdır?
- Yamaq yox, gəlmədi,
yaddı. Daha çox da yaradıcı adamlar bu dünyaya
yaddı. Çox vaxt insanlar bu yadlığı, bu
anlaşılmaz darıxmanı nə iləsə, hansısa
məişət problemi ilə bağlayırlar, özlərini
ovundurmağın yolunu nə isə almaqda, yaxud nə isə əldə
etməkdə axtarırlar. Əldə edilən həmin o
"nə isə"- dən alınan rahatlığın
tez bir zamanda əriyib itdiyini gördükdə, digər
yeni-yeni arzulara köklənirlər və anlamırlar ki, bu
darıxmanın, bu yadlığın səbəbi o deyil. Be
yerdə köməyə yalnız sənət, ilk növbədə
böyük Ədəbiyyat gəlir və o dünyanı yox,
insanı dəyişir. Yəni bu dünyanın - okeanın dərin
sularında çabalayan insana çıxış yolu olan
adanın yerini göstərir.
Dəhşət: hər şeydə məişət
- Tərcümə Mərkəzinə rəhbərlik
edirsiz, "Xəzər" jurnalının redaktorusuz,
böyük yazıçısız. Bu üçlük
insanlara nəsə verə bilibmi?
- Gözlənilməzdir
ki, Azərbaycanda rusdilli oxucum azərbaycandilli oxucudan xeyli
çoxdur. Bu, olsun ki, rusdilli oxucularımın intellektual səviyyəsi
ilə bağlıdır. Azərbaycan oxucusunun isə müəyyən
zumrələri məni anlayır, sevir.
- Rusdillilər bizdən daha artıq
zövqlüdür?
- Bu, zövq məsələsi
deyil. Anlamaq qabiliyyətidir. Rusdilli oxucular da bizim azərbaycanlılardır. Amma oxu qabiliyyətində
fərq böyükdür. Çox
güman bu, onların təhsili ilə bağlıdı.
Mən ölkə təhsilinin bərbad vəziyyəti
ilə bağlı kifayət qədər yazmışam.
Təhsil sistemimiz, orta və ali məktəb
dərsliklərimiz elə gündədir ki, uşaqları
onlardan yalnız qorumağa çalışmalıyıq.
Amma rus bölməsinin dərsliklərinə nəzər
salın: Moskva nəşrləri bu mənada bizə örnək
olmalıdır. Birinci sinifdən uşaqlara
Puşkini, Pasternakı, Mariya Svetayevanı, Qoqolu keçirlər.
Bu sayaq ədəbi zövqlə böyüyən
uşağın ədəbiyyat təfəkkürü,
zövqü də bu səviyyədə formalaşır.
Mənim bir çox azərbaycandilli
oxucularımın, əsərlərimi anlamadığına
görə utandığını görmüşəm.
Yaxud "Sərçələr"ə
görə qalxan hay-küy yadınızdadır? "Bu necə anadır?" O,
uşağını atıb hara gedir?.. Alman, ya rus oxucusunun isə bu sayaq sualları meydana
çıxmır. Onlar anlayırlar ki, bu
ana uşağını atıb getmir. O, sadəcə ədəbiyyata
gedir... Halbuki bütün hekayə makina
qarşısında oturan ananı təsvir edir. Yəni
bunu anlamaq çətindir ki, bu ana yaradıcı insandır?.. O, evin, məişətin
sıxıntısından çıxıb gedir... Olsun ki, bir azdan geri qayıdacaq. Küçədə
ağlayıb doyub evinə dönəcək. Bunu Azərbaycan
oxucusu niyə başa düşməməlidir axı?..
- Bizim cəmiyyətdə məişət
qadını baş roldadır. Yəqin ona
görə belə yanaşma var...
- Hər şeyi məişət
səviyyəsinə endirmək olmaz axı...
- Əsasən belə deyilir, endirilir. Amma bizdə məişəti
hər şeydən yuxarı qaldırıblar.
- Bu düşüncəylə,
bu təfəkkür tərziylə əhalisinin sayı
baxımdan bizimlə eyni olan hansısa Avropa ölkəsi səviyyəsinə
yüksələ bilərik?
Kamyudan zövq ala bilmiriksə...
- Nə qədər ki,
bizim təhsil sistemimiz bu səviyyədə qalacaq, ürəkaçan
irəliləyiş görməyəcəyik. Əlbəttə
ki, başqa sahələr də vacibdi. Lakin ədəbiyyat
insanın mentallığını formalaşdıran ilkin
şərtdir. Əgər təhsilimiz uşaqlıqdan
övladlarımızın beyinlərini kütləşdirməklə
məşğuldursa, onlar hansı mənəvi
bağlılıqla böyüyə bilərlər? Bu gün
biz dünya ədəbiyyatının bəşəri dəyərlərini
tərcümə edirik. Amma inanmıram ki, bu təhsillə
savadlanmış gənclərimiz, ümumiyyətlə Azərbaycan
oxucusu Moriakı, Meterlinqi, Kamyunu, yaxud, Moemi oxuyub zövq
alsın. Bu ədəbiyyatların
anlanılmayacağını dəqiq bilirəm. Ədəbiyyatı
anlamayan, mütaliədən zövq almayan insanın mənəvi
dünyası mənim üçün qaranlıqdır.
Bizdə ədəbi mühit də yoxdu...
- Bəli. Ədəbi
mühit də yoxdur və özünüz də
görürsüz ki, heç kim
özünü kiminsə yanında pis etmək istəmir. Kim
nə yazırsa, ona "sən gözəl
yazıçısan" deməklə can qurtarılır.
Amma bu, iş deyil.
- Bu həm də saxtakarlığın
yaratdığı faciəvi durumdur...
- Sizə deyim ki, ümumiyyətlə
total saxtalaşma prosesi gedir. Mən başa
düşürəm, kimsə özünü kiminsə
yanında pis eləmək istəmir. Amma
bu Azərbaycan xalqına böyük bir düşmənçilikdir,
zərbədir. Axı xalqın
böyük əksəriyyəti yazılan əsərin, nəşr
olunan kitabın əsil mahiyyətindən bixəbərdir.
Bir vaxtlar kütlənin zövqünü
peşəkar ədəbi tənqid
formalaşdırırdı. Yazıçılar
Birliyi seçilən əsərlərin müzakirələrini
keçirirdi. Televiziya, mətbuat
müzakirə olunan əsərlərin təbliğatını
aparır, ortaya müxtəlif yanaşmalı yazılar
çıxırdı. Hər bir dəyərli əsər
elə bir hay-küyə səbəb olurdu ki, oxucu o əsəri
mütləq əldə edib oxumalı olduğunu
anlayırdı... Yazıçılar Birliyi də
mütləq əsərlərlə bağlı öz
mövqeyini bildirirdi. Bu gün isə nə
yazılırsa, hamısına "gözəl əsərdi"
-deyilir. Bu durumda hansı ədəbiyyatdan, hansı ədəbi
prosesdən söhbət gedə bilər?..
Çox ciddi, sərt münasibət olmalıdır ki, ədəbi
proses tənzimlənsin. Ədəbi makulatura
axınının qarşısı alınsın. Orta əsrlərdən bu günə kimi neçə
şairin, yazısının adını çəkə bilərsiz?
5 əsr ərzində ədəbi
düşüncə tarixində qalan əlli ədibin
adını çəkə bilərik. Yazıçılar
Birliyinin isə bu gün min yeddi yüz üzvü var. Bu ədəbiyyatı
dağıtmağa köklənmiş təhlükəli bir
prosesdir. Ortaya çıxan dəyərli əsərlərin
də makulatura axınının içində əriyib getməsi
deməkdir.
"Axı nə qədər imza atarlar?.."
- Zibilxanada heç vaxt gül görünmür...
- Həqiqətən də
zibilxanada bitən gül görünməz. Ədəbiyyat
belədir ki, onun göstəricisi zamandır.
- Məsələn 500 tirajla hansısa kitab
buraxılır və müəllif ona-buna, dosta-tanışa
zəng edərək, onu almasını xahiş edir...
- Söhbət tirajdan da
getmir. Quran bir kitab olaraq bir nüsxədə yazılıb. Kitab
deyəndə də ilk əvvəl gözlərimizin
qarşısına məhz bu müqəddəs Kitab gəlir.
Kitaba münasibət bu dərəcədə ciddi olmalıdr.
Kitab - İlahidən gələn informasiyanın yazıya və
kağıza çevrilmiş formasıdır. Məktəb
illərində gözəl inşa yazmağı bacarmaq - hələ
yazıçı olmaq demək deyil. Azərbaycan xalqı
şair xalqdır, amma gəlin bir düşünək, hər
birimiz keçirdiyimiz günümüzü yazsaq, hekayəyəbənzər
nə isə alınar yəqin. Mən demirəm, yazmaq istəyənlər
yazmasınlar, qoy kim istəyir yazsın. Lakin ədəbi
Arbitr kimi çıxış edən Birliyin süzgəcindən
keçə bilsin, daha doğrusu belə bir süzgəc
yaradılsın.
- Hələ də bizdə ədəbiyyata qiymət
"uğurlu yol arzulayırıq"la kifayətlənir.
- Yeni dəb imza
atmaqdır. Hamı imza atır. Nə qədər imza
atarlar?..
- Həm Tərcümə Mərkəzinin, həm də
"Xəzər" jurnalının 20 illiyi tamam olur. Hələ
də mərkəzin binası bu gündədir?
- Biz daha öyrəşmişik.
Əsas odur ki, başımız üstündə tavan var,
işığımız Allaha min şükür yanır,
otaqları isidə bilirik...
"Xəzər" jurnalıının
hamısı satılır
- Hətta işıq da olmaya bilərdi...
- Bəli, o da olmaya bilərdi.
Bu gün "Xəzər" jurnalı bayaq
dedyim mənəvi deqradə həddinə çatmış
cəmiyyətimiz üçün şəfqətli iksirdir.
Dünya ədəbiyyatının ən
seçilən və dəyərli əsərləri məhz
burda nəşr olunur. Əsas da gözəl
tərcümədə. Maddi
imkanlarımız artıq o həddə gəlib
çatıb ki, "Xəzər"i internet variantında təqdim
etməyə məcburuq. Tərcümələrə
gəlincə, istədiyimiz əsərləri sifariş verə
bilmirik. Qanorara pulumuz yoxdur. İndi tərcümələri əksər hallarda
mərkəzin əməkdaşları ərsəyə gətirir.
- Yazıçılıar Birliyinə
ayrılan vəsaitdən Sizin Mərkəzə yardım
edilir?
- Bu Birlik məsələsi
deyil. Bizə ayrılan vəsait onların büdcəsinə
daxil edilir, onlar da bizim hesabımıza
köçürürlər. Məsələ
bir qədər dərindir. Tərcümə
Mərkəzi 1988-ci ildə Azərbaycan SSR Nazirlər
Kabinetinin sərəncamı ilə komitə səviyyəsində
yaradılmışdı. Mərhum
prezidentimiz Heydər Əliyev hələ Dədə Qorqudun
yubileyində Azərbaycanda böyük bədii tərcümə
komitəsinin yaradılmasının zəruriliyini qeyd
etmiş, sonradan bir qrup ziyalı bu fikri davam etdirərək, Mərkəzin
yaradılmasına nail olmuşdular. Gördüyünüz
bu miskin idarənin adı Respublika Bədii Tərcümə və
Ədəbi Əlaqələr Mərkəzidir. Bu, beynəlxalq ədəbi mühitlə əlaqələr
quran, milli ədəbiyyatımızın tərcüməsi
və dünyada təbliği ilə məşğul olan
institut səviyyəli bir qurumdur. Bir vaxtlar
bizim şərq ədəbiyyatı, qərb ədəbiyyatı,
rus ədəbiyyatı, sovet ədəbiyyatı, sətri tərcümə
şöbələri fəaliyyət göstərirdi. Lakin məsələnin absurd tərəfi - Azərbaycan
ədəbiyyatını dünyaya, dünya ədəbiyyatını
Azərbaycana təqdim və təbliğ edəcək bu
qurumun öztəssərrüfatı hesabına
yaşamalı təşkilat kimi yaradılması idi.
Bir illik vəsaitlə işə başlayan Mərkəz
sonradan - ölkəni bürümüş 90-cı illər
hadisələrində hərənin bir təpik vurduğu
pişik balasına çevrildi...
Məsələnin
ikinci bir absurd tərəfi - belə bir təşkilatın
AYB kimi kiçik ictimai qurumun nəzdinə verilməsi oldu. Dünya ədəbiyyatı
ilə məşğul olan qurumun Azərbaycan ədəbiyyatına
rəhbərlik edən qurumun nəzdinə verilməsi məsələni
bir az da çaşdırdı.
İndi artıq 20 il
keçib. Çox işlər görülüb və hələ
nə qədər də görüləsi işlər var. İlk
növbədə ədəbiyyatımız dünya ədəbi
fikir arenasına çıxarmalıyıq. Bu gün Azərbaycanda
dünya səviyyəsinə layiqincə çıxa biləcək
dəyərli əsərlər yaranır. Bir Azərbaycan
yazıçısı, ya şairi dünyanın yüksək
ədəbi ödülünə layiq görülərsə,
dünya xalqları belə ədəbiyyatı olan xalqı
taptaya bilməyəcəyini anlayar...
"Biz relsin üzərindəyik, getmirik, amma təfəkkürümüz
gedir, sadəcə arxaya"
- "Doğrudan da belə bir ədəbiyyatı olan
xalqın torpağını əlindən almağın ədalətsizlik
olduğunu anlayarlar" fikriniz yerində səslənir. Tarixdə
belə faktlar olub və hətta mədəniyyətin
müharibələrin qarşısını almaq qüdrətində
olduğu sirr deyil.
Millətin, ölkənin
simasi - onun mədəniyyəti, ilk növbədə də ədəbiyyatıdır.
Musiqiylə intihara gedənlər barədə eşitməmişəm.
Lakin Çexovun hekayəsini oxuyub intihar edən insanlar olub. Yaxud da Maksim
Qorkinin "Burevestnik"ini oxuyan Lenin Rusiyanı alt-üst
edib. Yəni ədəbiyyatın malik olduğu güc sənətin
heç bir növündə yoxdur.
- Mətbuat olaraq bizim də vəziyyətimiz ürəkaçan
deyil, axı. Biz də oxucumuzun qapısına
min tirajla gedirik və bəlkə də siz də, biz də
mahiyyətin nədən ibarət olduğunu çatdıra
bilmirik?
- Belə deyil. "Xəzər" jurnalını əl-əl gəzirlər,
çıraqla axtarırlar. Nə qədər
insan Mərkəzə gəlib bizdən jurnal istəyir.
Axundov Kitabxanasında işləyən Fəridə xanım
deyir ki, "Xəzər"i o qədər adam
alıb oxuyub ki, artıq cırılıb-tökülür,
varsa yeni nüsxələr göndərin. Bilirsiz
ki, Gürcüstanda tərcümə mərkəzi dövlətin
himayəsində olan böyük bir qurumdur. Onlar orta səviyyəli yazıçı olan
Murakaminin əsərlərinin tərcüməsinə
müsabiqə elan edib 15-20 tərcümədən birini
seçirlər. Görün nə qədər
ağıllı millətdirlər...
- Bununla da bədii zövqü
formalaşdırırlar...
- Nəinki zövqü,
ümumilikdə səviyyə formalaşır, ədəbiyyata
maraq artır, ədəbiyyatları dünya ədəbiyyatı
ilə qovuşaraq, teatrın, kinonun da dünyaya ayaq
açmasına imkan yaradır. Biz isə hələ
bir millət olaraq, öz ədəbi etiketimizi dünyada təsdiq
edə bilməmişik. Özümüz
özümüzlə fəxr edirik ki, filan
yazıçımız, filan şairimiz var. Amma onu dünya
tanımır. Qapı-bacamızı
içəridən bağlamışıq
öz-özümüzü tərifləyirik, bir-birimizə sağlıq
deyirik.
- Bizdə hər şey relsin üzərində
dayanıb, amma yola düşmür...
- Müxtəlif proseslər
gedir. Təfəkkür qatı formalaşır və bu
prosesi dayandırmaq da mümkün deyil. Biz relsin üzərindəyik,
amma niyəsə getmirik.
Gultəkin Qəhrəmanlı
Ədalət.- 2010.- 25 dekabr.- S. 12-13.