ONLARIN DÜNƏNİ:
TÜRKİYƏ və TÜRKİYƏLİLƏR - 7
3500 KİLOMETR YOL BOYUNCA MƏNİM
GÖRDÜYÜM TÜRKİYƏ
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq
olmaz ki, bizim bu günümüz DÜNƏNdən
başlayıb. Dünənimizdə Kimlər və Haralar var.
Bu Kimlər oralarda nələr yaşayırdılar? Görmədiyimiz
o yerlər və o yerlərin insanları necəydi? Yeni nəsl
üçün ibratamiz və bir qədər də kədərli
olan O DÜNƏN və O DÜNƏNİN ölkələrinin
yaşam tərzi, keçdiyi yol, bu gün üçün
son dərəcə gərəkli və daha qabarıq
görünməkdədi.
Proektimizin davamı
olaraq Türkiyə haqqında yazılarımıza
başlayırıq. Əslində bu mənim
gördüyüm Türkiyədir. Bir qədər sadəlövh,
tərtəmiz düşüncəylə görünən və
yazılan Türkiyə. Eynən bu rubrikada daha nələr
olacaq. İzləməyə dəyər.
Amma Bursa!.. Niyə
doğmadı bu ad mənə? Şəxsən mənə. Mən
bu yerlərdə olmamışam. Doğulmamışam bu yerlərdə.
Bəs məni bu ada bağlayan nədi? Bursa... Yaşıl
şəhər...
Bursa... Mən soruşuram:
burada o məşhur həbsxana var. O haradadı?
Baxırlar üzümə.
Yəqin sözü düz demədim, deyə fikirləşdim.
İzah edirəm:
"Nazim... Nazim Hikmət yatan ev..." "Aaaaaa Əfəndim,
Cəza evi. Bax ordadır. O dağın üstündə. Siz
azəri türkümüsünüz? Bəy əfəndim,
iyi günlər!"
İrəliləyən aydınlığın
içindəyəm,
Əllərim iştahlı, dünya gözəl!
Gözlərim doymayır ağaclardan
ağaclar elə ümidli,
elə yaşıldır ki
Günəşli bir yol keçir
tut bağlarının arasından,
Zindan xəstəxanasının
pəncərəsindəyəm.
Duymuram dərmanların
qorxusunu,
Hardansa yəqin
qərənfillər açıb:
Demək belə, Laz İsmayıl,
Məsələ əsir düşməkdə deyil,
Təslim olmamaqdı
bütün məsələ!
Bursa... Yaşıl
şəhər... İlahi, bu yaşıllığın
içində insan cəza evində yatarmı? Yatar. Cəza
evi heç nəyə baxmır. Nazim Hikmətə
baxmadığı kimi...
Niyə, niyə mənə
doğmadı bu şəhər? Burada doğulmamışam. Burada
heç kəsim yoxdur. Bəs nə üçün
içimdə iri bir kədər göyərir. Bu boyda
yaşıllığın içində bu kədər necə
göyərə bilir, ilahi?
Bələdçimiz Əfşan
xanımın sözləri məni fikirdən ayırdı:
"Biz bu gün günorta yeməyimizi məşhur Gülhanə
parkındakı kafedə yeyəcəyik".
Bursa... Gülhanə parkı...
Başım köpük-köpük bulud,
içim,
çölüm dəniz,
Mən bir ceviz ağacıyam
Gülhanə parkında
Budaq-budaq, qabar-qabar
qocaman bir ceviz,
Nə sənin bunun fərqindəsən,
nə polis fərqində.
Mən bir ceviz ağacıyam
Gülxanə parkında,
Yarpaqlarım suda balıq kimi
kıvıl-kıvıl,
Yarpaqlarım ipək dəsmal kimi
tırıl-tırıl.
Qopararaq, gülüm,
gözlərinin yaşını sil!
Yarpaqlarım əllərimdir,
düz yüz min əlim var,
Yüz min əllə toxunuram sənə,
İstanbula.
Yarpaqlarım gözlərimdir,
baxıram heyrətlə,
Yüz min gözlə seyr edirəm
səni, İstanbulu.
Yüz min ürək kimi
çapar-çapar yarpaqlarım.
Mən bir ceviz ağacıyam
Gülhanə parkında
Nə sən bunun fərqindəsən,
nə polis fərqində.
1957
Bursa... Yaşıl
şəhər... Nazim Hikmət... Cəza evi... Bütün
bunlar çox söz-söhbət məqamı yarada bilər.
Yaradır da. Mən bircə şeyi qeyd eləmək istəyirəm:
bilmirəm, mənə ilk dəfə Nazim Hikmət adlı
bir şairi oxumağı kim təklif eləyib, bilmirəm, bəlkə
belə adam var, varsa da yadımda deyil kimdi. Əgər
düşmənim olsa da düşmənçiliyi
saxlaya-saxlaya ona minnətdaram. Minnətdaram ona görə ki,
bu şair üstündə çox mübahisələrimiz
olub. Bakının özündə. Lap elə Türkiyədə
də oldu. Ancaq bir də ona görə minnətdaram ki,
altmışıncı illərin sonlarında, həyatımızın
o qəribə vaxtlarında biz bir dəstə tələbəni
tutmuşdular. İdeologiya yolundan sapdığımız
üçün. Onda Dövlət Təhlükəsizlik Komitəsində
belə bir sual verdilər mənə:
- Sən nə
üçün öz şairlərimiz və
yazıçılarımız dura-dura Nazim Hikməti
oxuyursan?
Mən o zaman bu suala cavab verə
bilmədim. İndi də cavab verə bilmərəm. Ona
görə ki, bu sualdan nadanlıq qoxusu gəlir!
Mən əvvəl Nazim
Hikməti tanımışam...
Sonra çox-çox
sonra Bursa adlı şəhəri...
Efesdən sonra Bursaya
getmək üçün gərək İzmirdən keçəsən.
İzmir bizim oxuculara çox tanışdır. Şübhəsiz
gözəl şəhərdi. İzmirdə də tarixi abidələr
çoxdu. Bu şəhər bizim yolumuzun üstü
olduğu üçün bələdçimiz bəzi
şeyləri elə avtobus gedə-gedə deyir. Məlumat
verir.
İzmiri sevməmək
mümkün deyil. Bunu verilən məlumatdan da eşidirik. Və
o da fəxredicidir ki, Əfşan xanım söhbətinin bir
yerində, bu şəhərdə BMT-nin binasının yerləşdiyini
deyəndən və o yaraşıqlı binanı bizə
göstərəndən sonra əlavə eləyir: bildiyiniz
kimi, Türkiyənin İzmir şəhərini Sovet
İttifaqının Azərbaycan ölkəsinin Bakı şəhəriylə
birləşdirirlər və bir də əlavə eləyir
ki, İzmir Neapol şəhərinə də çox
oxşayır. Əlbəttə, İzmirin Bakı ilə
"qardaşlaşma" faktını çox adam bilir.
Allah başacan eləsin. Bu deyimlər bizi çox sevindirirdi və
bir şeyi ürəkdən etiraf edim: bütün bu faktlardan
qırağa mən İzmiri bir daha ona görə sevdim ki,
bütün Türkiyə boyu bizim min cür əziyyətimizi
çəkən və hətta xəstə adamlarımız
üçün cibindən pul qoyub dərman alan, bizim
üçün öz pulu ilə xırda olsa da, bəzi
şeylər eləyən sürücümüz (ilahi, belə
də sürücü olarmı, bu cür istiqanlı, bu
cür yapışıqlı, mehriban insana, türkə bir də
haçan rast gələcəyik?) Həsən
İşgörən məhz İzmirdə
yaşayırdı. Əsilləri Türkiyənin başqa
ulusundan olsa da, Həsən özü İzmirdə
doğulub. Məni qınamayın, İzmir gözəldi,
körfəziylə, tarixi abidələriylə, gəzməli-görməli
yerləriylə, BMT-nin binasının burada yerləşməsiylə,
Bakıyla qardaşlaşmasıyla... Gözəldi İzmir.
İzmir mənim üçün bir daha ona görə
gözəl oldu ki, orada sürücü Həsən
İşgörən doğulmuşdu.
Məni qınamayın,
mənim yerimdə hansı biriniz olsaydınız bəlkə
də belə düşünərdiniz...
Reklam ümumiyyətlə,
Türkiyənin hər tərəfində var. Cürbəcürdü
reklamlar. Bursaya gələn yolda bir reklam mənim diqqətimi
çəkir: "Yanan hər orman sönən bir
ümiddir!"
Bu bizim
"yanğından qorunun" şüarının əvəzidir.
Reklam bütün Türkiyəyə gözəllik verir. Şəhərlər,
uluslar, kəndlər hamısı reklam içindədi. Bu
reklamlar küçələrdə, evlərdə, binalarda o
qədər gözəl yerləşdirilib ki, haradasa sanki bəzəkli
bir gəlin kimi görünür bütün bu yerlər.
Bursa! Əvvəllərdə
dediyim kimi bizə verilmiş məlumat vərəqəsində
Bursa haqqında dəqiq bir ifadə var: Bursa (Osmanlı
imperiyasının ilk paytaxtı).
Bu ifadələrə mən
polyak tarixçisi Poznanskanın da kitabında rast gəldim.
Tarixçi öz əsərində əsas bölmələrdən
birinə kitabının lap ilkin səhifələrində
Bursa haqqında söhbətinə məhz belə
başlıq seçmişdir: Bursa-Osmanlı dövlətinin
ilk paytaxtı.
Çox maraqlıdı
ki, Bursaya yol doğrudan da elə bir yoldu ki, sanki tale
özü Bursanın gözəlliyini,
yaşıllığını bir daha nəzərə
çarpdırmaq üçün məhz onun yolunu Anadolu tərəfdən
belə bir yerdən salmışdır: təsəvvür
edin ki, uzun müddət qupquru çöllərlə gedirsən.
Əlbəttə, çöllər biz təsəvvür elədiyimiz
kimi heç də qupquru deyil. Bu yerlərin də özünə
görə bitkiləri var. Pomidor, yemiş, qarpız, "həsrətini
çəkdiyimiz" pambıq və s. Bu yerlərin
quruluğu bir də ona görə daha çox yadda qalır
ki, məhz belə darıxdırıcı anlardan sonra Bursaya
- yaşıl şəhərə gəlib
çıxırsan. Bir az əvvəl söylədiyim
reklamın özü də məhz elə yanmaq qorxusu olan o
çölləri keçəndə
yazılmışdı. "Yanan hər orman sönən bir
ümiddir!"
Bəli, məhz
Bursanın yaşıllığı bu baxımdan daha
çox gözəgəlimlidi. Bursa daha gözəl
görünür. Bu şəhər əsl mənada
böyük bir parkı xatırladır. Daha doğrusunu desək,
elə bir parkı ki, bura Türkiyənin meyvəcatını
təmin eləyəcək bir sahədir. Bu yerlərdə dəqiq
məlumata görə dörd yüzə qədər bulaq və
kiçik axarlıqlar qeydə alınmışdır.
K.Poznanskanın
kitabında oxuyuruq: "Bursa Nilufər çayının bərəkətli
sahilində yerləşir. 240 mindən (bu məlumat
1974-cü ilə aiddir) bir qədər çox əhalisi olan
Bursa öz təmizliyi və yaşıllığı,
adamlarının mehribanlığı və qonaqsevərliyi
ilə diqqəti çəkir. Mən Türkiyənin
heç bir yerində bu qədər gülərüz, sevincək
sifət görmədim".
Şəhərin
hansı tərəfindən baxırsan bax, mütləq
(Uludağın ən uca yuksəkliyi 2500 km) görəcəksən.
Buranın havası da çox yüngüldür, təmizdir.
Xüsusilə Ankaranın o qatılıq havasından sonra
bura düşəndə onu daha aydın hiss eləmək
mümkündü. Bursa bir az fransızların Provans şəhərinin
əyalətlərini və İtaliyanın bir sıra vilayətlərini
xatırladır.
Ancaq necə olursa-olsun
Bursa əsl türk şəhəridir. Əlbəttə,
Konyadan sonra.
Bursa hələ
osmanlıların bu yerlərə ayaq basmağından bir az əvvəllərdə
olmuşdur. Bu şəhər bizim eradan əvvəl 3-cü əsrin
sonunda Bitani şahı birinci Prussosun tərəfindən bina
edilmişdir. Bursa Mitritadın Roma imperiyasına qarşı
mübarizəsinin mərkəzi olmuş, eramızdan əvvəl
yetmiş dördüncü ildə Roma imperiyasının ərazisinə
daxil edilmişdir. Kiçik Plinin öz salnamələrində
buranı "Prussias ad Olmpum" adlandırmışdır.
Vizantiya imperiyası dövründə bu şəhər əldən-ələ
keçmiş, burada farslar və ərəblər məskən
salmış, səlcuqlar bu şəhərin ətrafında
dolanmış, sonra xaçpərəstlərin əlinə
keçmişdir... Bu yerlərdə vizantiyalılar daha
çox hökmranlıq etmişlər.
Onlar fasilələrlə
1326-cı ilə kimi bu yerlərin hakimi olmuş, bir müddət
sonra türk sultanlarının başçısı və
yaradıcısı Osman vizantiyalıların belini
sındırmış və buranı ələ
keçirmişdir. Həmin vaxtdan da Bursa Osmanlı dövlətinin
paytaxtı elan olunmuşdur"... Bugünkü Bursa
özünün müasir görümündən əlavə
həm də çox nadir əvəzsiz tarixi abidələriylə
məşhurdur. Bunların arasında Yaşıl məscid və
Mavzoley daha çox diqqəti çəkir və bu da əbəs
deyil ki, Bursaya gələn bütün turistlərin
proqramında bu müqəddəs yerlərə getmək vacib
hesab olunur.
Tofiq Abdin
Ədalət.- 2010.- 25 dekabr.- S. 15.