"ÇIXIRAM QƏLBLƏRİN SƏYAHƏTİNƏ"

 

yaxud 30 il yol gələn kitab

 

(Əvvəli ötən şənbə sayımızda)

 

***

 

Azərbaycan ədəbiyyatının və mədəniyyətinin görkəmli simaları - böyük Səməd Vurğun, ədəbiyyatşünas alimlər Məmməd Arif, Abbas Zamanov, Əkbər Ağayev, Yaşar Qarayev vaxtilə Ə.Kürçaylı yaradıcılığına yüksək qiymət vermiş, onun ədəbi fəaliyyətini səciyyələndirən dəyərli, maraqlı fikirlər söyləmişlər. Kitabın müəllifləri bu yetərincə qiymətli fikirlərə istinad edərək Kürçaylı poeziyasının bənzərsizliyi, ədəbiyyatımızdakı məxsusi mövqeyi haqqında oxuculara, xüsusən də şairin yaradıcılığına kifayət qədər bələd olmayan müasir gəncliyə əhatəli, dolğun bilgilər verə bilmişlər.

Akademik Bəkir Nəbiyev şairin çoxşaxəli ədəbi fəaliyyətini (dramaturgiyası, publisistikası, nəsri, ədəbi tənqidi, tərcümələri) yüksək qiymətləndirməklə yanaşı, lirikasına xüsusi önəm verir, onun özəlliyini, bənzərsizliyini məxsusi vurğulayır, "Əliağa Kürçaylı hər şeydən əvvəl gözəl lirik şair idi", - deyir.

Kitabın müəllifləri şairin zəngin yaradıcılığından söz açaraq qeyd edirlər ki, o, lirik şeirləri, həmçinin sonralar müstəqil poema kimi nəşr olunan "Adsız şeirlər"i, "İlham övladları", "Aktyor dostumun söhbətlərindən", "Daşlar" silsiləsindən olan şeirləri ilə, bir-birindən gözəl nəğmə və romanslarıyla da ədəbiyyat tariximizdə yaşaya bilərdi. Ancaq Əliağa Kürçaylı eyni zamanda epik janrın böyük ustadıdır. Yaradıcılığının ilk illərindən epik poeziyaya meyl göstərən şair ömrünün axırlarına qədər 25 poemaya imza atmışdır: "Muğan axşamları", "Durnalar cənuba uçur", "Sınaq", "Nargindən əsən külək", "Daş hasar", "Məhəbbət", "Ana", "Zamanın hökmü"

Əliağa Kürçaylının lirik və epik janrı bir araya gətirdiyi yaradıcılıq palitrasında doğurduğu duyğu və ovqatdan asılı olmayaraq hər rəngin öz yeri, öz işığı var. İllər ötəcək, ancaq zamanın nə istisi, nə soyuğu o rəngləri soldura, şövqünə kölgə belə sala bilməyəcək. Çünki ürəkdən, idrakdan qaynaqlanan işıq sönməzdir, əbədidir.

 

* * *

 

Hərdən sına özünü, çəkil bir az kənara,

Kənardan bax özünə.

 

Bu misralar Əliağa Kürçaylının insan, şair obrazını nəzərimizdə canlandırır. İbrətamiz həyat yolu keçən, pak, bütöv şəxsiyyəti ilə yaradıcılığı arasında tam vəhdət olan, sadə, təvazökar, həm də böyük qürur sahibi bir insanın - Kürçaylının obrazını!

Filologiya elmləri doktoru, professor Əmirxan Xəlilov yazır ki, Ə.Kürçaylı həyatda və poeziyasında təvazökar, sadə olduğu qədər də ciddi, sərt və eyni zamanda mərd bir insan - şair ömrü yaşamışdır. Onun qısa şimşək ömrü ədəbiyyatımızda əsl fədakar sənətkar ömrü kimi qalacaqdır.

Böyük şair həyatda hər şeyə - hadisələrə və xüsusən insanlara münasibətində daim tamlığa, bütövlüyə can atmış, bu keyfiyyətləri oxucularına aşılamışdır.

Şair bütövlüyü, tamlığı insanın öz ləyaqətini gözləməyində, əyilməzliyində, mərdlik və dəyanətində görür, ömrünü güdaza verib, qəflətdə yaşayanlara, başgirləyənlərə bütün varlığı ilə nifrət edirdi:

 

Bircə yol verilir ömür insana,

Tapılmış pul kimi baxma sən ona,

Ya çatdır kişitək bu ömrü sona,

Ya dalda yer ara, ayaqda yaşa!

Ömrünü bir cürə keçirir hərə,

Yüzü də yaşayır bəzən boş yerə,

Sən də qartal kimi ucal göylərə,

Ya sürün ilantək, torpaqda yaşa!

 

Mərhum Xalq şairi Bəxtiyar Vahabzadə qələm dostu Kürçaylını "şeirimizin döyüşkən əsgəri" saymış, onun uğurlarına ürəkdən sevinmiş, "Bütövlük" kitabını şairin mənəvi böyüklüyünün, bütövlüyünün, mübarizliyinin rəmzi kimi qiymətləndirmişdir.

Ə.Kürçaylı 30 illik yaradıcılığının qayəsini təcəssüm etdirən bu kitabında oxucularını düzlüyə, paklığa, böyük hərflərlə yazılası BÜTÖVLÜYƏ səsləmiş, özü də "qartal kimi göylərə ucalanlardan" olmuşdur. Ədəbi tənqid şairin yaradıcılığının ildən-ilə kamilləşdiyini, poeziyamızın gözəl nümunələrini yaratdığını qeyd edirdi. O, Əməkdar incəsənət xadimi fəxri adını almışdı, "Bütövlük" kitabı Dövlət Mükafatına təqdim olunmuşdu. Ancaq həmin mükafata layiq görüləndə özü bundan xəbər tutmadı.

Tale ona qibtə ediləsi ilham, istedad, cəlbedici görkəm, boy-buxun, qamət, yaraşıqlı sifət, əqli kamillik, fiziki sağlamlıq vermiş və  cəmi 52 yaşında əlacsız xəstəliyə düçar etmişdi. O, bütün ağrılara dözür, canından əziz bildiyi övladını düşünürdü: "Ülkəri qoruyun, gözünüz üstündə olsun", -pıçıldayırdı.

Ana qızını, qardaş bacısını qoruyurdu, gözdən qoymurdular Ülkəri yaxınları.

Evin matəm sükutunda şivən qopanda ananın gözləri balasını axtardı, görmədi: "Hanı Ülkər? Axtarın, tapın balamı", - haray saldı.

Axtardılar, cəmi iyirmi dəqiqə sonra tapdılar, gec tapdılar. "Xəzərin dalğaları onu qanadına almışdı. Dəniz hönkürürdü. O gün ürəkləri yandıran, əbədiyyət ünvanlı bir dastan yarandı - Əliağa -Ülkər dastanı. Ata-bala sevgisinin şah nəğməsi!" (Nahid Hacızadə).

Onları müşayiət edən izdiham gen küçələrə, dərd-qüssə ürəklərə sığmırdı. Həmin o son vidalaşma mərasimində ixtiyarsız olaraq mərhum müəllimimiz Nurəddin Babayevin sözlərini ürək ağrısı ilə xatırladıq:

- Bu dünyanı bəzən elə yaxşı insanlar tərk edir ki, adam yaşamağının xəcalətini çəkir.

Şairin həyat yoldaşı Şəhla Kürçaylı:

-İkisini də "Vağzalı" ilə yola saldıq. Ülkərin 22 yaşı var idi. Əvvəl həyətə Əliağa ilə Ülkərin şəkilləri çıxarıldı. Cənazələri maşına qoymayıb bir xeyli çiyinlərində apardılar.

Ülkərin qəbrinə xoncalar düzüldü. Əvvəl Süleyman Rüstəm danışdı...

 

Bəxtiyar Vahabzadə:

 

Bir kam almamışdı hələ dünyadan

Bəs niyə ölümə can atdı Ülkər?

Verib öz ömrünü ataya qurban

Öz qısa ömrünü uzatdı Ülkər.

 

Nəbi Xəzri:

 

Bu nədir, saralıb-soldu şəfəqlər,

Dünyaya göz yumdu ata da, qız da,

Bu nədir, Ülkərsiz qaldı üfüqlər,

Qaldı Kürçaylısız Kür çayımız da.

 

 

* * *

 

Əliağa Kürçaylının 60 illiyi münasibətilə 1988-ci il fevralın 24-də Yazıçılar Birliyinin Natəvan adına klubunda şairin xatirə günü keçirildi. Məclisi giriş sözü ilə Yazıçılar Birliyi idarə heyətinin katibi, mərhum xalq şairi Cabir Novruz açdı. SSRİ xalq rəssamı Mikayıl Abdullayev, Respublika Elmlər Akademiyasının müxbir üzvü, professor Abbas Zamanov, xalq şairləri Xəlil Rza, Söhrab Tahir, professor Əkbər Ağayev, professor Qulu Xəlilov, şairlər Tofiq Bayram, Ağacavad Əlizadə, Tofiq Mahmud Əliağa Kürçaylı haqqında xatirələrini danışdılar.

Əliağa Kürçaylı adına Salyan şəhər 7 nömrəli orta məktəbinin direktoru Əvəz Məmmədov çıxış edərək dedi: "Salyanda şairin adına küçə və məktəb var. Məktəbdə şairin muzeyini yaratmışıq, xatirə gününü keçirmişik. Vaxtilə Əliağa Kürçaylının səsi yazılmış lenti Yazıçılar Birliyinə hədiyyə verirəm".

O, xatirə gününün təşkili üçün şairin həmyerliləri, ailəsi, qohumları, həmçinin oxucuları adından minnətdarlığını bildirdi.

 

Xalq artisti Mikayıl Mirzə şairin şeirlərini söylədi.

 

Çıxıram qəlblərin səyahətinə,

Ən böyük səfərim hələ daldadır.

 

Əliağa Kürçaylının bu məşhur misraları unudulmaz şairin vəfatından sonra keçirilən bütün yubileylərinin, xatirə günlərinin artıq devizinə çevrilib.

"Çıxıram qəlblərin səyahətinə" kitabının müəllifləri böyük bir inamla yazırlar: "Şairin qəlb aləminə, könüllər dünyasına ən uğurlu səfəri vəfatı günündən  başlanıb. Zaman onu bizdən uzaqlaşdırdıqca həmişəbahar, təravətli əsərləri bizə daha da yaxınlaşdırır. Belə bir uzaqlıqdan, belə bir ucalıqdan Əliağa Kürçaylı daha doğma, daha əzəmətli görünür".

Kitabda çox maraqlı xatirələr, şairin qələm dostlarının ona həsr edilmiş şeirləri toplanılmışdır.

 

Ustad Məmməd Arazı həyəcansız oxumaq olmur:

 

Sinəsində od soyudan,

Buz əridən gücü vardı.

Baxışları üfüqlərin

O üzünü oxuyardı.

 

Nəğməsində Kür harayı,

Nəfəsində Muğan düzü –

Ömrü boyu oxuduğu

Kitab idi Muğan düzü.

 

Söz yolunda fəhlə idi,

Əli qabar, çiyni qabar.

Şum yerindən yığılmışdı

Misraları damar-damar

 

Ürəyində itirdiyi

Səsi gəzdi son anında,

Əridi səs, qeyb oldu səs

Ürəyinin vulkanında

 

 

Əlövsət Bəşirli

 

Ədalət.- 2010.- 25 dekabr.- S. 18.