BU, MUSA ASLANXANLIDIR

 

ƏDƏBİ HƏYAT

 

Bu zamandan 48 il öncə bir Musa tanıyırdım. Boylu-buxunlu, qədd-qamətli, sanki kəndin çölündən-çəmənindən, gülündən-yarpızından, bağından-bostanından, bulağından-kəhrizindən ayrı düşmüş bu ayrılığa dözməyən bir kəndli balası, bir cavan oğlan. Amma çox keçmədi ki, o da bu ayrılığa dözdü, adət etmədiyimiz, əvvəlcə sevmədiyimiz, sonra isə öyrəşdiyimiz, alışdığımız şəhərin "yataqxana uşağına" çevriləndən sonra... Hər şey öz yoluna düşdü.

Musa Aslanxanlı Cəbrayıldan gəlmişdi. O rayonun səhv etmirəmsə, ən böyük kəndindən-Mərcanlıdan.

Biz tələbəlik illərinin sevincli, sıxıntılı günlərini beş il bir yerdə başa vurduq. ADU-nun filologiya fakültəsini bitirdik.

Çoxumuz şeir yazırdı, amma o 52 tələbədən cəmi iki-üç nəfər şair qaldı. Biri də Musa idi.

Onun ilk şeirləri işıq üzü görəndə 18-19 yaşı vardı. Və heç kim inanmırdı ki, bu görkəmcə, boyca hamımızdan seçilən, nataraz bir pəhləvana oxşayan Musa doğrudan da şairdir. Amma çap olunan şeirlərinin sayı artdıqca biz buna da alışdıq və hamımız-oğlanlı, qızlı ona "ŞAİR" deyə müraciət elədik.

"ŞAİR" yaxşı geyinmirdi, üst-başı o qədər də səliqəli deyildi, hətta oxumağı da ortadan bir az yuxarı idi. Amma di gəl ki, bizim bir çoxumuza müəssər olmayan poetik talantı vardı. Çox keçmədi tanınmış şairlər onun haqqında müsbət fikir söyləməyə başladılar. O, şəhərdə keçirilən poeziya gecələrində, ədəbi məclislərdə iştirak edir, şeirlər oxuyur, alqışlar qazanırdı.

Musanın o zamankı şeirləri yetmişinci illərin axtarış poeziyası ilə həmahəng idi. Bu şeirlər mövzusuna görə rəngarəng idi. Amma ən çox kənd duyğulu şeirlər idi.

 

Səslərəm anamı darıxan anda,

Giley damla-damla səsimdən düşər.

Səhər küləkləri tələsər onda,

Axşam küləkləri əsimdən düşər.

 

Səslərəm anamı çökəndə axşam,

Səslərəm anamı gələn səhərlə.

Ürəklər bəlkə də danışır, anam,

Morze əlifbalı döyüntülərlə.

 

Səslərəm, dözmək də olmaz birtəhər,

Ey səhər, səsimi al apar yenə!

Çiynimdən ayrılan göyərçin səhər

O kəndin üstündə ağarar yenə.

 

Səsim uşaq olub yüyürər ora,

Onun gəlişini hiss edər anam.

Səsim çatan kimi alar qoynuna,

Üşümüş səsimi isidər anam.

 

Musa bizimlə bir kursda oxusa da, universiteti biz ondan tez bitirdik. Xəstələndi, dördüncü kursdan qiyabiyə keçdi. sonra mən onunla uzun müddət görüşmədim. Amma hərdən ona təskinedici məktublar yazar, yeni şeirlərini istərdim. Musa isə susurdu. Sonra bir həmyerlisindən eşitdim ki, uzun müddət müalicə olunub, sağalandan sonra öz kəndlərində müəllim işləyib, evlənib. Müharibə, qaçqınlıq-köçkünlük başlananda isə Sabirabadda, sonra Biləsuvarda çadırlarda yaşayıb.

Günlərin birində, Bakıda, Yazıçılar Birliyində görüşdük. Doxsanıncı illərin sonlarıydı. Əlbəttə, bu görüşdə mən öz həyəcanımı təsvir etməyəcəyəm. Amma doğrudan da gözlərim yaşarmışdı. Qarşımda dərdin, kədərin qocaltdığı bir insan dayanmışdı. Həyatından, yaşayışından qısaca söz açdı, övladlarından danışdı. İçində bir vaxt hərarətlə söz açdığı, neçə-neçə şeirə çevirdiyi Qarabağın kədəri yaşayırdı. Amma Musa da mənim kimi, yüzlərlə, minlərlə soydaşlarımız kimi inanır ki, torpaqlarımız azad olunacaq.

Sonralar tez-tez görüşdük, Musa "Azərbaycan", "Ulduz" jurnallarında şeirlərini çap etdirdi, onun 60 illiyi "Ədəbiyyat qəzeti"ndə layiqincə qeyd edildi.

Budur, Musa Aslanxanlının yeni şeir kitabı qarşımdadır. Kitabın adı "Şuşaya gedən yol"dur.

 

Şuşaya gedən yol-elə bir bahar,

Rəng alar dağların laləliyindən.

Şuşaya gedən yol dönməz yol olar,

Keçər qanunların aliliyindən.

 

Şuşaya gedən yol zirvəyə qalxar

Uzaq da, yaxın da görünsün gərək!

Duyular günəşin ilıq nəfəsi,

İntizar yurdların təbəssümü tək.

Odu müqəddəsdir ruhun, torpağın,

Suyumsuz etməyək bu odu bir .

Yurdlar var, əlində duman yaylığı,

Bir gözü yoldadır, bir gözü bizdə!

 

Yol tutub gedirəm, qarşımda yollar,

Kim çatır dadıma, kim haya çıxır?

Arzumdur, ellikcə yolumuz var,

Görəm Xankəndinə, Şuşaya çıxır!

 

Bu şeir Qarabağa həsr edilən şeirlər içərisində öz nikbin ahəngi ruhu ilə seçilir. Gizlətməyək ki, bu mövzuda olan şeirlərin əksəriyyətində ruh düşgünlüyü duyulur. Bir var sarsılmış ruh, bir var ayağa qalxan, odu sönməyən RUH. Musanın şeirlərini bu mövzuda digər şairlərin şeirlərindən fərqləndirən elə budur! RUH yaşayır. Şairin özü, içi qəmli ola bilər, amma ruhu sönməməlidir. Bu rüh sönərsə, Şuşa bizimki olmaz!

Ancaq Musa saxtalığa, riyakarlığa qarşı da üsyan edir. Qarabağ məsələsinin kağızlar üzərində "həll olunub" çözələndiyini, amma hələ torpaqların işğal altında olduğunu poeziyanın da dərdinə çevirir. Özü publisistik çağırışlarla yox, şair kimi:

 

Qarabağ. Məcburi köçküngqayıdış,

Vaxt keçir, bu sözlər ucuz belə.

"Qədim yurd, məhəbbət, qürur, iftixar"-

Hələ harasıdır, yurdlarla birgə

Bəzi sözləri gəl uduz belə.

 

Sözlərin itkisi ruhumdan keçər,

Təhlükə olmazmı bu, ürək üçün?

Saxta layihələr, xəritələr var,

Billəm, yaddaşımı kiritmək üçün.

 

Sevimli sözlər var, sınır, əyilir,

Qorxuram dilimdən düşələr qaçaq.

Sözləri öldürüb, şikəst eyləmək,

Yenə varlığıma zərbədir ancaq.

 

Bəlkə ruhumu divarlar sıxır,

Üzümə ən geniş meydanları .

Zəhərlənmiş qanım arınsın bir az,

Boğulan ruhumuz Şuşaya möhtac.

 

Musa Aslanxanlının şeirlərində mən bir poetik özəllik, özünəməxsusluq görürəm. Musa təbiəti yaxşı duyur, o, təbiətin gözəlliklərindən söz açarkən misralarına gözəl bənzətmələr, istiarələr qatır, adi sözlər bununla gözəlləşir. Budur, sən bağda gəzirsən:

 

Xəzəllər xalımı xatirələrin

Ayağı altına sərilib belə.

 

Sonra bu xəzəl xatirələr duyğulara, hisslərə hopur.

 

Xəzələ dönməyim bir aləm olar,

Kimisə, nəyisə yaşatmaq üçün.

  

  

Musa təbiəti təsvir edərkən onu insanla, onun hiss duyğuları vəhdətdə verir. Gözəl bir harmoniya yaranır. Onun şeirlərində ən çox təsvir olunan fəsil payızdır. Musa belə demək mümkünsə, payız lirikasının şairidir.

 

Adi payız günü, bağdan keçirsən,

Bu bağ bu sehirdən olammaz xilas.

Halıma az yansın ağaclar daha

Sənin vüqarından boy alsın bir az.

 

Mərhum füzulişünas Sabir Əliyev deyirdi ki, Azərbaycan şeirində hələ Füzuli sehri yaşayır. Axtarsan, hər bir şairdə Füzulidən bir zərrə, bir işıq şüası taparsan. Budur, yenə bir payız şeiri. Bu şeirdə Füzuli poeziyasından gələn bir nəsimi duyarsan:

 

Dayandıq bir bağdagağaclar altda,

Bir nəğmə payızın dodaqlarında.

Qızılı payızın bəlkə o vaxtdan

İzini yaşadır yanaqların da.

 

Başqa bir şeirdə :

 

Kölgənmi yanğından qoruyub yeri,

Yetişən, yığılan qızıl dən sənin.

Dönnəm bərəkətli torpağa gülüm,

Allam işığımı kölgəndən sənin.

 

Ümumiyyətlə, Musanın sevgi şeirlərində yəşanılan hisslər təsvir olunur. Amma hər hiss, hər duyğu poeziya olmur axı. Musa hisslərin, duyğuların poeziyasını yaradır. Poeziya isə sözlərin, ifadələrin şeirdə sehir yaratmasıdır.

 

O qız yol gedirdi bahara sarı,

Üzümü payıza döndərdi getdi.

 

Bu iki misrada məhz poeziya var. Musa deyir ki,

 

bir incik baxışın, sınan ümidim,

isidər payızın oduna məni.

Xəzəllər üstümə tökülməz, gülüm,

Salsan bircə yarpaq yadına məni.

 

Ayrılığı, yar həsrətini bundan gözəl necə ifadə edə bilərdi? Musa deyir ki,

 

Solan ümidləri salır yadıma

Demirəm: küsmüşəm gülün ağından.

Əynimdə köynəyim bir az qırışıq,

Ona da pay düşüb qaş-qabağından.

 

Tapıntıdır..deyirəm. Belə uğurlu misralar, bəndlər, bütöv şeirlər Musa Aslanxanlının şeirləri üçün qəhət deyil.

Musa halallıq şairidir. Elin bərəkətinə, insanın əlinin qabarına, zəhmət adamının alın tərinə bağlı şairdir. Mən deyərdim, əsl torpaq adamıdır. O, üzünü Allaha tutub deyir ki:

 

İlahi, uca et bu gül qızları

Qoru naqislərin söz-söhbətindən.

Günəşdən nur alan sünbül qızları...

Ayırma ellərin bərəkətindən.

 

Musa məmləkətimizdə son iyirmi ildə baş verən hər bir hadisəyə biganə olmayıb, bunu şeirlərində hirsə, acığa, dözülməz duyğuya çevirib.

 

Ocaq yerlərimiz qara bağlayar,

Hardasa haqsızlar haqlını təklər.

Billəm, kol dibində məclis qurular,

Billəm, yurd yerində ağlar kötüklər.

 

Bu tipli şeirlər az deyil Musanın kitabında mən təfərrüata varmadan deyə bilərəm ki, onun dedikləri, şeirə çevirdiyi fikirləri günün, dövrün həqiqətləridir.

Mən Musaya bu həqiqətləri şeirlərində yaşatmağı arzulayıram. O, təbiətdən, Vətənin gözəlliklərindən, sevgidən necə hərarətlə yazırsa, qoy belə şeirlərində həqiqət duyğusuna sadiq qalsın.

 

 

VAQİF YUSİFLİ

 

Ədalət.- 2010.- 25 dekabr.- S. 19.