ANAYUVAMIZ, ATAGÖYÜMÜZ
Həlak olan təbii gözəlliklərimizin xatirəsinə
Nə deməkdi
qırmaq meşələrimizi?!
Qırmaq deməkdi
qış vaxtı
Pəncərələrimizin
şüşəsini,
İlk
addımını gec atması demək
körpələrimizin,
daha çox qəm, kədər,
hüzn,
daha çox yekəqarınlıq,
harınlıq demək.
Nə qədər
axsaqlığımız var
hamısı
çayların, çəmənlərin qurumağından,
ağacların, meşələrin
qırılmağından gəlir.
Meşəsi
qırılan,
Çəməni,
çayı, quruyan torpağın
adamları da başlayar
qırılmağa, qurumağa,
Çəmənlərimiz,
çaylarımız quruduqca
quruyur
xalılarımız, xalçalarımız.
Xalılarımız,
xalçalarımız quruduqca
üşüyür
divarlarımız.
Divarlarımız
üşüdükcə
nə qədər
qısılırıq bir-birimizə,
amma xeyri olmur,
üşüyür ürəklərimiz.
ürəklərimiz
üşüdükcə üşüyür şerimiz,
üşüyür nəğmələrimiz,
dilimiz.
Adamın
üşüməyindən
daha zülüm
işdi, baba,
onun
danışdığı dilin,
oxuduğu nəğmənin
üşüməyi
şəhər-şəhər,
kənd-kənd, oba-oba
insanın guruldayan
gülləsi,
təbiətin də səssiz
silləsi var,
beləcə, hər
ağacdan qalan bir yetim səs
dünyamızda bir yetim uşaq artırar.
Açın pəncərələri!
Eşidirsinizmi,
uğuldayan, ulayan yetim səsləri,
qırılmış
meşələrin yerində
o dünyaya keçə
bilməkçün
gözə
görünmədən
son nəfəslərini
gəzən kəsləri?!
HARDA QIZIL VAR, QAN İYİ GƏLİR ORDAN
Harda ilan var,
qızıl var orda
harda qızıl var,
hakimiyyət var orda,
harda hakimiyyət var,
tavanı süngüdən,
divarı oddan
qan iyi gəlir ordan.
Harda qızıl
var, ilan var orda,
orda ilanlarla
yan-yana, can-cana
qıvrılıb
yatır adamlar,
orda qızıl
yumurtlayır, artır adamlar,
Qıvrıla-qıvrıla,
yata-yata,
fısıldaya-fısıldaya
qohuma, yada
itir, itir adamların əlləri,
ayaqları
itir, itir adamların
barmaqları, dırnaqları,
adamlar bir-birinə
dolaşa-dolaşa,
bir-birini aşa-aşa
yeriməkdən
keçirlər sürünməyə,
sürünüb,
sürünüb, qəfil sıçrayıb göyə
göyüzündən
yeni günəş kimi görünməyə.
Bir də yerə
düşüncə görürlər
nə qızıl, nə
gümüş,
göyüzündən
görünəcək günəş
öz ölümləriymiş.
Harda qızıl
var, ilan var orda,
orda ilanlarla
yan-yana,
can-cana qıvrılar yatar,
ilanların canında
itər adamlar,
itər ilanlara
zəhərli diş
düzəldən
ilanlardan betər adamlar.
EY TƏNHA RUH, SEVİRƏM SƏNİ
Yeriyəndə
quşların ayaqlarından
izlər qalantək yerdə
uçanda qanad izləri
qalır göylərdə.
Quşların göylərdəki
qanad izlərinə
yalın
ayaqlarını qoya-qoya
göyüzündə
hər gecəyarı
gəzir, gəzir tənha
adamların ruhları.
Qanad izlərinin
arasından
izlərə toxunmadan
düşər ulduzlar,
düşürlər
ruhları incitmədən,
ruhlara qıymadan,
düşərkən qəfil
görüb sevdikləri
tənha ruhlardan doymadan.
- Ey tənha ruh, sevirəm
səni,
dönəcəyəm,
dönəcəyəm,
bir min il də gözlə
məni.
Həm də bu
dünyada
kiminsə kimisə sevməyinə
ən çox o tənha
ruhlar sevinərlər,
həm də, həm də
yer üzündə
hamıdın az
göyüzündə
hamıdan çox onlar sevilərlər.
HEÇ BİR ÖLÜM BƏYƏNMƏDİM
Uddum həm ölüm əzabın,
həm də
ölüm nəfəsin,
heç bir ölüm
bəyənmədim,
diz çöküm,
öpüm qəfəsin.
Ölüm olanda nə
olar?!
Bir az gülərüzlü
gəlsin,
Kefimizi aça bilsin,
O an ölmək istəməsək,
"qaç" - deyəndə
qaça bilsin.
Deyinməyin, ay bəndələr,
bəlkə hələ
bilmirsiniz.
bəndələr
sabahlıq deyil,
çox "Allah,
Allah" - da deyib,
Allahın vaxtın
almayın,
sizinki Allahlıq deyil.
Mən gözləyən
nəsə, ancaq
öl günü
gülüb gələcək,
ölümlər yolunu
kəssə,
bu dünyada heç bir
kəsə
heç bir ölüm
qalmayacaq,
hamısı
ölüb gələcək.
HEÇ QALXAN RUHUMU DA GÖRMƏDİZ, GÖYLƏR
Mənim bu dünyada
yalnız
sizlərə ümidim
vardı,
ha
çağırdım, baxmadınız,
mən sizi yoxladım,
göylər
Buludlara demədim,
dağlara söyləmədim,
deyinmədim, söymədim,
mən sizə
baxmadım, göylər
Siz baxanda çox gecidi,
mən min ildi
ölmüşdüm,
elə ruhum qalxanda da
görmədiyizi
bilmişdim,
mən sizə qalxmadım,
göylər
GƏLİM, BÖLÜŞƏK SƏNİNLƏ,
MƏNƏ NEÇƏ ÖLÜM DÜŞÜR?!
Nə çox
ölüm var canında
Qırılır,
ölün düşür,
Gəlin,
bölüşək səninlə?!
mənə neçə
ölüm düşür?!
Göyüzündən
ağlanan nur
canımda göllənir
durur,
kimsə göyü
qarışdrır
durum bir də
ölüm, düşür.
Bir səyyaham, ölmək
peşəm,
ölümlərdən
keçmək nəşəm,
hər ölüm bir
göy, bir aşam,
hamısından yolum düşür.
SIÇRAYAR DURA TORPAĞIM
Qəmi eşqə
çevirməyə
məni bütöv yola
saldın,
dönürəm para,
torpağım,
bir param şeirə getdi
bir param uçmağa, göyə,
bir param yara, torpağım.
Bu daşın, otun
altına,
Sən verən adın
altına,
çəkdiyin dərdin
içindən
çəkdiyin dərdin
altına
enirəm, qara
torpağım.
Qəbrim pəncərə
imiş göyə,
kim gələr
açıb örtməyə?!
O anda uçub getməyə
sıçrayar dura
torpağım.
Vaqif Bayatlı Odər
Ədalət.- 2010.- 25 dekabr.- S. 20.