sən Zeynalov: "Azərbaycan üçün həmişə darıxıram"

 

1951-ci il, yanvarın 1-də Naxçıvan Muxtar Respublikasında ziyalı ailəsində anadan olub. 1967-ci ildə orta məktəbi, daha sonra isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1967-69-cu illərdə Azərbaycan Dəmir Yolları 803 saylı Körpü Tikinti Qatarında fəhlə kimi çalışıb. 1970-1992-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində texnik, mühəndis, böyük mühəndis, Kommunal Təsərrüfat İdarəsinin rəisi vəzifələrində işləyib. 1992-ci ildə birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilib. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin fərmanı ilə Muxtar Respublikanın Bakı şəhərindəki daimi nümayəndəsi vəzifəsinə təyin olunub. 2004-cü ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə ölkəmizin Qars şəhərində baş konsulu vəzifəsinə təyin edilib və 2010-cu ilədək həmin vəzifədə çalışıb. 2004-cü ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Dövlət Qulluqçusu fəxri adına layiq görülüb. 2009-cu ildə Diplomatik Xidmətdə fərqlənməyə görə yubiley medalı ilə təltif olunub. 2010-cu il may ayının 3-də prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın İstanbul şəhərində baş konsulu vəzifəsinə təyin edilib. Ailəlidir. Üç övladı- iki qız, bir oğlan və 4 nəvəsi var.

Həyatda az sayda insanlar olur ki, doğum günü 31 dekabr və yanvarın 1-i tarixinə təsadüf edir. həmin gün ad gününü qeyd edənlər sırasında Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov da var. 1992-ci ildən diplomatik sahədə çalışan Həsən Zeynalov 60 illik yubileyi ərəfəsində "OLAYLAR"-ın suallarını cavablandırıb.

-Həsən müəllim, Azərbaycanın İstanbuldakı baş konsulu olaraq iki ölkə arasında siyasi-iqtisadi, humanitar və mədəni sahələrdəki əlaqələri necə qiymətləndirirsiniz? Baş konsul olaraq iki qardaş ölkə arasında olan əlaqələr sizi qane edirmi?

 

-Azərbaycanla qardaş Türkiyə arasında bütün sahələrdəki əlaqələrimiz normaldır. Biz də bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün çalışırıq. Baş Konsulluğun xidmət dairəsi Türkiyənin İzmir, Antalya, Əskişəhər, Bursa, İzmit kimi iri şəhərlərin də daxil olduğu 26 vilayətdən ibarətdir. Bir sözlə iş həcmi ən çox olan diplomatik təmsilçilikdir. Eyni zamanda mən Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycanın daimi nümayəndəsi təyin olunmuşam. Həmin təşkilatda da ölkəmizin təmsilçiliyinin tam təmin edilməsi və fəaliyyətinin daha səmərəli olması üçün bir sıra məsələləri həll etməyə çalışırıq.

-Konsulluğun gələcək fəaliyyətində hansı yeniliklər müşahidə ediləcək?

-Konsulluğun daha səmərəli fəaliyyəti üçün kadrların düzgün seçilməsi, işin təşkili və iş şəraitinin yaradılması əsas şərtlərdir. 2011-ci ildə Baş Konsulluq üçün inzibati binanın alınması, əlavə ştatların, nəqliyyat vasitələrinin ayrılması nəzərdə tutulub.

-Yaxın vaxtlarda rəsmi səviyyələrdə qarşılıqlı səfərlər gözlənilirmi?

-Rəsmi səviyyələrdə qarşılıqlı səfərlər daim olur. Türkiyə-Azərbaycan arasında bütün sahələr üzrə keçirilən tədbirlər, eləcə də ölkəmizin də üzv olduğu beynəlxalq təşkilatların tədbirlərinin əksəriyyəti İstanbulda keçirilir. Həmin tədbirlərin təşkilati məsələlərində Baş Konsulluğun mühüm rolu var. Demək olar ki, hər ay 35-70-ə yaxın rəsmi şəxs və ya heyət qarşılanır.

-Həsən müəllim, bu günlərdə sizin 60 yaşınız tamam olur. 60 il geriyə baxanda nə düşünürsünüz? Ötən illər ərzində həyatda nəyə nail olub, nəyə nail ola bilməmisiniz?

-İlk olaraq onu düşünürəm ki, 60 il nə tez keçdi. Ötən 60 il ərzində nəyə qadirəmsə ona nail olmuşam. Qısası öz taleyimi yaşamışam.

-60 illik zaman ərzində həyatınızda ən dərin iz buraxan hadisə hansı olub və bu müddət ərzində nədənsə peşman olmusunuzmu?

-Əvvəlcə onu qeyd edim ki, orta məktəbi əla qiymətlərlə oxumuşam. Həm də yaxşı idmançı olmuşam. Tarix kitablarının bizə öyrətdiyi, guya Azərbaycanın Rusiya tərkibinə könüllü daxil olması və yaxud SSRİ tərkibində xoşbəxt yaşaması və s. kimi fikirlər o vaxtlar məni çox düşündürürdü. Naxçıvanda tanınmış tarix müəllimləri olan Qafar Hacıyevə və Musa Hüseynova bu barədə çoxlu suallar verirdim. O dövrün şərtlərinə uyğun olaraq məni buna inandırmağa çalışsalar da, gözlərindən haqlı olduğumu sezirdim. Səkkizinci sinifdə oxuyarkən tarixdən növbəti dərsimiz Sovet İttifaqı Kommunist Partiyasının baş katibi N.S.Xuruşşovun həyat və fəaliyyətinə həsr edilmişdi. Sinifdə olan nüfuzumdan və yeniyetməlik dəliqanlığımdan istifadə edərək həmin dərsi oxumamağı və səhifədən N.S.Xuruşşovun şəkillərinin cırılmasını sinif yoldaşlarıma təklif və təkid etdim. Hamı buna əməl etdi. Şəkillər cırıldı və həmin dərsdən hətta əlaçılar da 2 qiyməti aldılar. Ancaq kimsə məni sinifdən "satdı" və məsələ böyüdü. O zaman anam bizim məktəbdə müəllimə, atam isə başqa bir məktəbdə direktor vəzifəsində işləyirdi. Onu da qeyd edim ki, atamın raykomun birinci katibi ilə çox yaxşı münasibətləri vardı. Məktəbdə baş vermiş bu hadisə isə hamını şoka salmışdı. İlk növbədə məsələ məktəbdə rayon təhsil şöbəsinin nümayəndəsinin iştirakı ilə müzakirə olundu və mənə şiddətli töhmət verilməsi qərara alındı. Həmin qərar məktəbin radio qovşağı ilə uca səslə bütün kəndə elan edildi. Məsələnin davamı 2-3 ay uzadıldı. N.S.Xuruşşovun qəflətən işdən çıxarılması isə valideynlərimi və məktəb müdiriyyətini fəlakətdən qurtardı. Bu hadisə mənim fəaliyyətimdə ən dərin iz buraxmış və həyatda formalaşmağımda böyük rol oynamışdı. Bundan nəinki peşman olmadım, əksinə bu gün də qürur duyuram.

-Hər bir şəxs adətən ad günü və ya həyatının ən əziz gününü doğmaları, yaxın dostlarının əhatəsində qeyd edir. Siz 60 illik yubileyinizi kimlərlə qeyd edəcəksiniz?

-Mən heç vaxt ad günü keçirməmişəm. Onu da qeyd edim ki, mən dekabrın 31-dən yanvarın 1-nə keçən gecə bacımla əkiz anadan olmuşam. Digər tərəfdən mənim ad günüm elə bir günə-31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə təsadüf edir ki, həmin günü hamı yaxınları ilə qeyd edir. Mən də öz ailəmlə birlikdə olacağam.

-Ad günlərində əsasən səbəbkara doğmaları ən sevdiyi hədiyyələr təqdim edirlər. Siz 60 illik yubileyiniz ərəfəsində yaxınlarınızdan hansı hədiyyəni gözləyirsiniz?

-Mehribanlıq, səmimiyyət və gülər üz.

-Ötən illər ərzində sizə verilən ən böyük hədiyyə nə olub və bundan sonra sizin üçün ən böyük hədiyyə nə ola bilər?

-Ötən illər ərzində mənə ən böyük hədiyyəni həyat yoldaşım Emilya xanım bəxş edib, 1 oğlan və 2 qız. Sonra qızlarım Gülnarə və Jalə mənə Nigar, Sevinc, Nərgiz və Murad nəvələrimi hədiyyə etdilər. Daha sonra oğlum Orxan və gəlinim Natəvan lap yaxın günlərdə mənə kiçik Həsəni bağışlayacaqlar. Bundan böyük hədiyyə təsəvvür etmirəm.

-Bəs Azərbaycandan, eləcə də anadan olduğunuz Naxçıvan Muxtar Respublikasından kimlərdən təbriklər gözləyirsiniz?

-Adətən qohumlar və yaxınlar zəng edərək təbrik edirlər. İlk növbədə isə Şərurda yaşayan əkiz bacım Sara ilə təbrikləşirik. Mən ondan 10-15 dəqiqə böyüyəm. Ona görə də məni həmişə qabaqlayır. Bu dəfə isə mən qabaqlayaraq 60 illik yubileyini sizin vasitənizlə təbrik edirəm.

-Azərbaycanın rəsmi dairələri tərəfindən də təbrik gözləyirsinizmi?

-Bu çox çətin sual oldu.

-Türkiyə qardaş ölkə olsa da bir növ qürbətdə yaşadığınızı söyləmək də doğru olar. Bu mənada bəzən Azərbaycan üçün darıxırsınızmı?

-Azərbaycan üçün həmişə darıxıram, hətta Azərbaycanda olanda da. Azərbaycan mənim varlığımdır.

-Ümumiyyətlə, Bakı və ya Naxçıvanın daha çox nəyi üçün darıxırsınız və bunun həsrətini çəkirsiniz?

-Bakıda doğmalar, yaxınlar, küçəmiz, qonşularımız, həyətimiz, əkdiyim ağaclar və güllər üçün. Naxçıvanda da eyni ilə. Yengicə kəndi, doğulduğum ev, yatdığım çarpayı. Bir də lavaş, pendir, göyərti dürməyi üçün.

-Adətən səfirlər, konsul və diplomatlar hərəkətlərində bir qədər sərbəst olmurlar və bir növ çərçivə daxilində fəaliyyət göstərirlər. Bu cür həyat tərzi sizi sıxmırmı?

-Bizim xarici siyasətimiz məlumdur. Bir də yerləşdiyimiz ölkə ilə münasibətlərdən asılı olan bəzi məsələlər tənzimlənir. Onu da qeyd edim ki, Türkiyədə çalışmaq bir o qədər də asan deyil. Azərbaycanın mənafeyi və milli maraqları nəyi tələb edirsə bütün mümkün vasitələrdən istifadə edərək bunu həyata keçiririk. Sıxıldığım anlar da olur.

-Azərbaycanın ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diplomatlarından bəziləri kitab və ya xatirə yazmaqla məşğuldurlar. Siz boş vaxtlarınızda nə ilə məşğul olursunuz? Gələcəkdə kitab və ya Türkiyədəki fəaliyyətinizlə bağlı xatirələr yazmaq niyyətiniz varmı?

-Mənim kitab yazacaq qədər boş vaxtım olmur. Ancaq zəngin şəxsi arxivim mövcuddur. Geniş xatirələrim, təltiflər, yüzlərlə yerli və xarici mətbuat səhifələrində haqqımda olan yazılar, müsahibələr, çıxışlar və s. var. Qismət olarsa təqaüdə çıxanda bunları bir yerdə cəmləmək olar.

-Yəqin ki, Azərbaycan musiqilərinə qulaq asırsınız və müğənnilərdən daha çox kimləri dinləyirsiniz?

-Əsasən muğamlarımız, xalq və bəstəkar mahnılarını.

-Ailə üzvləriniz yəqin ki, yanınızdadır. Sirr deyilsə onlar nə ilə məşğuldurlar?

-Həyat yoldaşım orta məktəbdə müəllimədir. Qızlarım hər ikisi tibb elmləri namizədi olaraq Azərbaycan Tibb Universitetində işləyir. Oğlum Ankara Polis Akademiyasının məzunudur və ixtisasına uyğun olaraq çalışır.

-Bir konsul kimi ailə üzvlərinizə yetərincə zaman ayıra bilirsinizmi?

-Təəssüflər olsun ki, yox.

-Yubiley ərəfəsində ailə üzvlərinizdən hansı hədiyyəni gözləyirsiniz?

-Həmin gün məktəblərdə tətil olduğundan hamısı yanımda olacaq. Bu mənim üçün ən böyük hədiyyədir.

 

 

 

Ədalət.- 2010.- 31 dekabr.- S. 3.