ONLARIN DÜNƏNİ: TÜRKİYƏ TÜRKİYƏLİLƏR - 8

 

3500 KİLOMETR YOL BOYUNCA MƏNİM GÖRDÜYÜM TÜRKİYƏ

 

Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz DÜNƏNdən başlayıb. Dünənimizdə Kimlər və Haralar var. Bu Kimlər oralarda nələr yaşayırdılar? Görmədiyimiz o yerlər və o yerlərin insanları necəydi? Yeni nəsil üçün ibrətamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN ölkələrinin yaşam tərzi, keçdiyi yol, bu gün üçün son dərəcə gərəkli və daha qabarıq görünməkdədi.

Proyektimizin davamı olaraq Türkiyə haqqında yazılarımıza başlayırıq. Əslində bu mənim gördüyüm Türkiyədir. Bir qədər sadəlövh, tərtəmiz düşüncəylə görünən və yazılan Türkiyə. Eynən bu rubrikada daha nələr olacaq. İzləməyə dəyər.

 

Və o sıradan biz də bu yerlərin qonağı olduq. Osmanlı imperiyasının sənət abidələri olan bu məscidə və mavzoleyə saatlarla tamaşa elədik. Əlbəttə, bəzi bilgilər oxuculara məlum olsa da mən qısaca da bəzi şeyləri xatırlatmaq fikrindəyəm.

Yaşıl cami (Yaşıl məscid) və Yaşıl türbə, yaşıl mavzoley! Bəlkə elə bu adlara görə Bursaya yaşıl şəhər deyirlər.

Ensiklopedik məlumat: "Yaşıl came birinci sultan Məhəmmədin dövründə (1413-1421) tikilmişdir. 1424-cü ildə tamam tikilib başa çatdırılmışdır. Bu tarixi abidə özünün rəngli fayanslarla tamamlanan nəcib görümü ilə seçilir. Tikilidəki daşların rəngi nə yaşıldı, nə də açıq yaşıl. Dəniz dalğasının rəngindədi. Ən təəccüblüsü budu ki, bu "dalğa rəngi" uzun əsrlər boyu nə solmuş, nə də ki, rəngini bir balaca dəyişmişdir. Günbəzli abidənin hər günbəzi nizə kimi havaya sancılır, bu günbəzlər Günəş şüasının altında yaşıl və mavi rəngə çalaraq bir-birini tamamlayır, rəngdən-rəngə çalır. Bütün bunlar məsciddə xüsusi və tərpənməz bir həya və abi-hava yaradır. "Bugünkü Bursa - qədim bir incidir ki, öz görkəmiylə donub qalmışdır!" (K.Poznanska)

Türkiyə Respublikası coğrafi baxımdan yarı bölünmüş bir ölkədir. Onun yarısı Asiyada, yarısı Avropada yerləşir. Və elə Bursanın özü də onun Asiya hissəsindədir.

Biz Bursadan İstanbula getməliyik. Bu gedişin özünün də bir sıra problemləri var. Bunu mənə yolüstü sürücümüz Həsən dedi. Yəni Bursadan İstanbula həm şose yolu ilə, həm də çox-çox qısa olan bir yolla - Bosfor boğazını keçib yaxın bir məsafəylə getmək olar. Əlbəttə, sürücü üçün bu daha sərfəlidi və onun üçün sərfəli olmaqdan savayı Həsən dedi ki, bu daha maraqlıdı, maşınlar, irili-xırdalı hamısı iri bərəyə daxil olur və təxminən üç saatlıq yolu yarım saata olursan İstanbulda.

Asiyadan Avropaya, yəni Bursa səmtindən İstanbul səmtinə keçdiyimiz bu dəqiqələri əlbəttə, təsvir eləmək qeyri-mümkündü. Kiçik bir şəhərdə - Yolavada biz bərələrə minib Bosfor boğazını üzərək Asiyadan Avropaya üz tutduq...

 

İstanbula gedirik

 

Bələdçinin məlumatından: "Bərə yolumuzu iki saat, iki saat yarım qısaldır. Biz bu yolu maşınla getsək, demək olar ki, İzmir gölünün başına dolanmalıyıq. Onu da qeyd eləyim ki, bu yol maraqlıdı, qəşəngdi, həmin yol pullu yol hesab olunur. Ancaq bərə bütün bunlara baxmarayaq çox sərfəli və rahatdır. Sərfəli olduğu qədər də buranın problemləri çoxdur. Əvvəllər bu bərəylə keçmək lap çətin idi. Çətin idi ona görə ki, çatdırmaq mümkün olmurdu və buna görə də şəxsi maşınlar, avtomobillər bir neçə gün növbə gözləməli olurdular. Bosforun üstündə gözəl bir körpü var. Bu körpünün tikintisi bir çox etirazlara və müxtəlif fikirlərə səbəb olub. Bir çoxları deyiblər ki, bura sərf olunan pula az inkişaf etmiş rayonlar üçün neçə-neçə evlər tikmək olar... Nəhayət, uzun mübahisələrdən sonra körpü inşa edilmişdir. Bu birinci körpünün dövlət gömrük haqqı çox bahadır: doxsan milyard lirə.

Bir qədər sonra Bosforun üstündən ikinci körpü inşa edilir. Bu körpü Türkiyə və Yapon firmalarının iştirakı ilə tikilmişdir.

Avtomobillər daha çox birinci Bosfor körpüsündən istifadə eləyirlər. Ona görə ki, bu daha məqsədəuyğun və şəhərə yaxındır. Bosfor üstü ikinci körpü bir qədər aralıda yerləşir.

Körpüdən keçmək haqqı indinin özündə avtobuslar üçün 15 min türk lirəsi, minik maşınları üçün üç min türk lirəsidir".

Türkiyədə son illərdə urbanizasiya daha çox hiss olunmaqdadır. Əgər biz köhnə məlumatlara baxsaq, görərik ki, əvvəllər şəhər əhalisi iyirmi-iyirmi beş faiz təşkil edirdisə, indi bu faiz altmışa-altmış beşə çatmışdır.

Urbanizasiyanın çayıra bənzər şaxələrini bugünkü İstanbulun həyatında və gələcək inkişafında daha açıq, daha aydın görmək mümkündü.

İstanbul (ensiklopedik məlumat yaxud bir az tarixindən). Yaşadığımız bu yer kürəsində az-az şəhərlər var ki, İstanbul qədər əbədi, parlaq faciəvi bir tarixə malikdir. 1791-ci ildə Peterburqda çıxan, müəllifi bilinməyən bir kitabda aşağıdakı sətirlərə rast gəlmək mümkündü: "Roma Konstantinapol kimi ikinci elə şəhər yoxdu ki, onun haqqında bu qədər hekayətlər söylənilsin".

Qədim dövrlərdə Vizantiya adı ilə, orta əsrlərdə Konstantinopol və yaxud Tsarqrad, sonralar isə İstanbul adıyla tanınan bu ulu şəhər yer kürəsinin ticarətinin üçdən birini birləşdirən bir sahədir.

Eramızdan əvvəl 658-ci ildə Qızıl buynuz və Mərmərə dənizi arasında yerləşən, qartal başını xatırladan bir körfəzdə Meqarıdan olan yunan dustaqları bir şəhərin binasını qoymağa başlayıblar. Öz rəhbərləri Vizansın və yaxud Vizantın adı ilə bağlı olaraq onlar saldıqları bu şəhərə Vizantiya adını verirlər.

330-cu ildə imperator Konstantin Litsineqdə qələbə çalandan sonra Roma imperiyasının paytaxtı buraya köçürməli olur.

11 may 330-cu ildə Konstantin öz əsabələriylə Vizantiyaya gəlir. O buranı yeni Roma adlandırır, ancaq bu ad uzunömürlü ola bilmir, tezliklə şəhərə Konstantinopol adını verirlər.

Polyak tarixçisi K.Poznanskanın yazdığına görə, 29 may 1453-cü ildə əlli üç günlük mühasirədən sonra Konstantinopol məğlub olur və bir daha özünə gələ bilmir. Konstantinopolun məğlubiyyəti o demək deyildi ki, hər şey alt-üst olur. Yox. Bu dəfə Konstantinopol məğlubedilməz Atamanlar imperiyasının mərkəzinə çevrilərək İstanbul adıyla dünyada tanınmağa başlayır.

İstanbul sözünün müxtəlif çalarları məlumdur. Bəziləri deyirlər ki, türklər bu sözü "ispoveduyşiy islam" sözündən götürmüşlər, bu da "islam bolu" deməkdir.

Ancaq başqa bir variant da var, güman ki, bu söz yunan mənşəli olub "iz tin bolin" ifadəsindəndir ki, bunun da hərfi tərcüməsi "şəhərdə" deməkdir. (K.Poznanska. "Köhnə və yeni Türkiyə" "Elm" nəşriyyatı. Moskva 1974.)

Başqa bir mənbədə oxuyuruq: "Belə bir müddəa var ki, İstanbul sözü yunan mənşəli olub "eys ten polis" ifadəsindəndir. Bunun tərcüməsi belədir "idu v qorod". Yunan kəndlilərinin dediyinə görə, Konstantinopola gedərkən türklərin "hara gedirsiniz" sualına belə cavab verərlərmiş.

Başqa bir yozum da var: Konstantinopolu həmişəlik zəbt etmək yanğısı ilə yaşayan türklər onu "İslambol" adlandırıblar. Bunun mənası belədir: islama sığın. Sonralar İslambol İstanbul kimi işlənməyə başlanmışdır.

XVIII əsrin sonlarında ruslar və avropalılar İstanbulu Stambul kimi işlətmişlər. (A.Yusubov. Stanbul. "Nauka" nəşriyyatı. Moskva 1970.)

Əlbəttə, bütün bunlar tarixçilərə məlumdur.

İstanbul - elə biz türklərin özü kimi deyək, həddindən artıq təmiz türk şəhəridir. Burada heç kəs özünü yad hiss eləmir. Bütün küçələrdə, evlərdə, reklamlarda, bütün şəhərdə hər şey türkcəyə xidmət eləyir, hər yanda türkcə danışırsan, türkcə cavab alırsan, şəhəri ağzına almış reklamlar, afişalar, bəzəklər hamısı türkcədir. Doğma hərflər göz oxşayır və haradasa sevinirsən ki, bu şəhəri sən tərcüməçisiz, bələdçisiz dolana bilərsən, gəzə bilərsən. Burda hər ev sənə doğmadır. Hər adam sənin bir arxadaşın, mehribanındır.

İstanbulda biz Topqapı sarayında olduq. Göy məscidə baxdıq, müqəddəs Sofiya muzeyini gəzdik.

Bu üç müqəddəs tarixi abidə yerlərindən məni ən çox ikisi daha çox çəkdi: Topqapı və Göy məscid.

Müqəddəs Sofiya məbədi Vizantiya dövründən qalmış abidələrdəndir.

 

Göy məscid (Sultan Əhməd camisi).

 

Məscid 1610-1617-ci illərdə Şərqin böyük memarı Sinanın tələbəsi Məhəmməd Ağa tərəfindən, keçmiş Vizantiya imperatorunun sarayının yerində, müqəddəs Sofiya abidəsinin özündə inşa edilmişdir. Abidə düzbucaqlı formasında olub, 72x64 metr sahəni tutur. Diametri 33,6 metr olan günbəz, ətrafında dörd yarım günbəz olan bir özül əsasındadır. Bütün bunlar diametri 5 metr olan dörd mərmər sütunla saxlanılır. Qapılardan çıxan kimi sultanların taxtı yerləşən ev var. Bu böyük zalın divarları və içərisi freskalarla, ornamentlərlə bəzədilmişdir.Taxt olan zalın başqa tərəfində sultanın iri bir kitabxanası yerləşir ki, burada iyirmi dörd minə qədər kitab və müxtəlif əlyazmalar var.

Sultanın taxtı yerləşən zalın əks tərəfində, həyəti keçdikdən sonra xəzinə və sultanın istirahət otağı var. Burada bir neçə zalda sultanlara məxsus daş-qaşlar və tarixi talismanlar, hədiyyələr saxlanılır. Bunların arasında 1514-cü ildə Birinci Səlimin İrana yürüşü zamanı əldə edilmiş Səfəvi şahı I İsmayılın taxtı seçilir. Üçüncü Səlimin də taxtı burada saxlanılır. Dördüncü Murada məxsus brilyantlarla bəzədilmiş qılınc və dəmir dəbilqələr də burdadır.

Başqa bir zalda 1433-1839-cu illərdə sultanların geydikləri geyimlər toplanmışdır. Buradakı orden və medallar diqqəti çəkir.

Sonuncu dördüncü saray sultanların istirahət yerləridir. Burada çox da iri olmayan bağ və fontanlar var.

 

***

 

Ha yaz, ha söylə! Gözün gördüyünü ifadə eləmək üçün şübhəsiz, söz çox vaxt aciz olub. Və güman eləyirəm ki, mənim də yazımda söz acizliyi var. Buna görə mən oxuculardan üzr istəyirəm. Elə təsvirə gəlməz şeylər var ki, onu ancaq gərək gözlə görəsən. Heç bir ədəbi mənbə və heç bir təsvir gözəl Türkiyənin onda birini tanışlıq üçün əsas vermir.

Vallah, bunda mənim də günahım yoxdu!

Türkiyə dünyaya nələri və kimləri verməyib! Şükür ki, görə bildik. Röyalarımızın şəhəri İstanbulu, Ankaranı, Bursanı, Quşadasını, Avanosu... Türkiyə boyunca 3500 km ulu torpaqları... Şükür ki, görə bildik...

 

 

SON

 

Tofiq Abdin

 

Ədalət.- 2010.- 31 dekabr.- S. 15.