Qədim Azərbaycan dövlətinə məxsus
arxeoloji materiallar aşkarlandı
Oğuz rayonunun Kərimli
kəndində e.ə. II minilliyə aid olan, 250 il davam etməsi
ehtimal edilən, amma adı bu günə qədər məlum
olmayan Azərbaycan dövlətinə dair arxeoloji materiallar
aşkarlanıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər
Akademiyasının Arxeologiya və Etnoqrafiya institunun Şəki,
Qax, Oğuz ekspedisiyasının rəisi Nəsib Muxtarov deyib.
Onun sözlərinə görə, həmin kənddə
aparılan arxeoloji qazıntılar zamanı bu dövlətin
eyni və ya müxtəlif sülalələr tərəfindən
idarə edilməsi ehtimalı ortaya çıxıb.
N.Muxtarov deyib ki, Kərimli
kəndindəki kurqanlarda aparılmış qazıntılar
nəticəsində bu dövlətin olması ehtimalına gəlinib.
Ekspedisiya rəisinin bildirdiyinə görə, Kərimli kəndində
təxminən 3 hektar ərazidə olan, 14 belə kurqanda
olduğu yer və hazırda arxeoloji qazıntıların
aparıldığı ərazi el arasında "Hökmdar məzarlığı",
rəsmi sənədlərdə isə "Qazı yeri"
adlanır. Bu da elə həmin ehtimallara əsas verir: "Kərimli
kəndindəki 2 saylı kurqandakı dəfn
çalasından çıxan arxeoloji materiallar, xüsusilə
keramika, qab qırıqları güman etməyə əsas
verir ki, bu abidə, yəni 2 saylı Kurqanda dəfn e.ə. II
minilliyin I rübünə, yəni orta tunc dövrünə
təsadüf edir. Əgər qızıl öküz
başının tapıldığı 1 saylı kurqanı
da e.ə. II minilliyin ortalarına aid etsək, onda belə
çıxır ki, biz böyük həqiqətlə
üz-üzə dayanmışıq. Ola bilsin ki, biz tarixdə
adını bilmədiyimiz, amma e.ə II minilliyində
mövcud olmuş böyük dövlətin hansısa sərkərdəsinin,
yaxud da böyük nüfuz sahibinin qəbri ilə
rastlaşacağıq. Çünki kurqanlar məhz həmin
şəxslər üçün nəzərdə
tutulub".
N.Muxtarov deyib ki, bu
yenilik Azərbaycanın qədim tarixinin deyil, Ön
Asiyanın və Qafqaz regionunun tarixini öyrənmək
üçün böyük tarixi əhəmiyyətə
malikdir. Tədqiqatçı hazırda qazıntıların
davam etdiyini də bildirib.
Ədalət.- 2010.- 31 dekabr.- S. 16.