ƏBÜLFƏT MƏDƏTOĞLUNUN
ŞEİR DÜNYASI
ƏDƏBİ HƏYAT
Onun imzasına tez-tez rast gəlirəm.
Şeirləri haqqında yazılan resenziyaları da oxuyuram.
Bu resenziyalarda Əbülfət Mədətoğlunun
özünəməxsus şair olduğundan, bir kimsəyə
bənzəmədiyindən söz açılır. Mən
də bu fikirlərlə şərikəm. Özünəməxsusluq
şairin başlıca məziyyətidir, onu tanıdan da,
sevdirən də məhz bu cəhətidir. Vaxtilə Xalq
şairimiz Bəxtiyar Vahabzadə onun haqqında
yazmışdı: "Əbülfət sözün əsl
mənasında şairdi. Dərd yağır, Qarabağ fəryadı
hıçqırır misralarından. Onu oxuyanda varımdan
yox oluram, tüstüm təpəmdən çıxır.
Köz-köz olur ürəyim. Bax, budur sənətin qüdrəti".
Bəxtiyar müəllim
doğru deyirdi. Əbülfətin Qarabağ həsrətiylə
qələmə aldığı şeirlər doğrudan da,
təsirlidir, şəxsən mən bu şeirləri oxuyandan
sonra içimdə havalanan Qarabağ həsrətinə bir
qığılcım da səpələndi. Gizlətməyək
ki, bu gün həmin mövzuda çoxlu şeirlər
yazılır, amma bu şeirlərin əksəriyyəti sadəcə
dərdin adi izharından başqa bir şey deyil. Əbülfətin
şeirlərində isə həmin həsrət, həmin dərd
poeziya səviyyəsindədir:
çoxmu boynu bükük duraq,
baxaq ağlayan dağlara?
əlimizlə sığal vuraq
sinə dağlayan dağlara.
udaq dəli hönkürtünü
çıxaq yağı söndürdüyü-
ocaqdakı son kötüyü
girov saxlayan dağlara.
gəzək, tapaq izimizi
vuraq yerə dizimizi
qurban deyək özümüzü
qara bağlayan dağlara.
alovlanaq, oda dönək
kola, kosa, ota dönək
ölək, amma ora dönək
bizi haylayan dağlara.
Gəraylı formasında qələmə
alınan bu şeiri mən Əbülfətin son illərdə
qələmə alınan ən gözəl şeirlərindən
biri hesab edirəm. Görün bu şeirdən bircə
söz, bircə misra artıqdımı? Sözlər öz
missiyasını layiqincə yerinə yetirir, misralar
arasından sanki elə dağlar boyda dərd
hönkürür. Necə də gözəl tapılıb: əlimizlə
sığal vuraq sinə dağlayan dağlara. Necə də
obrazlı deyilib: ocaqdakı son kötüyü girov saxlayan
dağlara. Və bir də bu misralar ki, həsrətin
sonsuzluğunu bundan da təsirli ifadə eləmək
mümkünmü? Qurban deyək özümüzü qara
bağlayan dağlara.
Bu dünyada
Tuğ adlı bir dağ
kəndi var
şəlaləsi,
meşələri,
bulaqları
və bir də
Nilufər çiçəyilə
Kənd uşaqlarının
payına düş
hər nə varsa,
mənim də
canıma-qanıma
hopub orada.
Həmin o uşaq
ləpirlərimdə
düşmən
mina əkir indi.
Xatirələrimi
göyə sovurmaq üçün.
Bu da Əbülfətin
doğma kəndi-Tuğa həsr etdiyi şeirdir. Əlbəttə,
bu minor motivlər təbiidir. O dərdi, o ağrını
içində yaşatmayan insan dərddən ürəyində
kaşanə qura bilməz. Əbülfət Dərdin
Poeziyasını Poeziyanın Dərdinə çevirən
şairlərdəndir.
Əbülfət daim
axtarışda olan şairdir. Onun ilk kitablarından olan
"Nilufər çiçəyi" mənim kitablarım
arasındadır, obrazlı desəm, bu kitabdakı şeirlərin
özünəməxsus qoxusu hələ də çəkilməyib.
Daha sonra mən onun "Döymək istədiyim
qapılar" və "Allah, məni unutma" kitabları
ilə tanış oldum. Müxtəlif illərin və
müxtəlif ovqatın məhsulu olan bu şeirlər Əbülfətin
bir şair kimi kitabdan kitaba daha da kamilləşdiyini
nümayiş etdirir. Olsun ki, özünün bəyəndiyi,
amma müxtəlif zövqlü oxucuların bəyənmədiyi
şeirləri də diqqətdən yayınmır, amma onun
uğurları sayca daha çoxdur.
Əbülfətin şair
kimliyi onun özünəməxsusluğundan bilinir. Kimsəyə
bənzəmir o və elə bilirəm ki, ona bənzəmək
də çətindir. Onun şeirlərində hansısa
ustadın poeziyasından süzülüb gələn sel-suya
rast gəlməzsən. Düşünməzsən ki, bu
şeirlər kiminsə səsinin səsidir. Kimsə onun
şeirlərinə irad tuta bilər, bu şeirlərdəki
ovqata, səsə, rəngə alışmaya da bilər. Amma
nə yazırsa, özünü yazır.
Yeni kitabında ("Ürəyimdəki
sənsən") biz bunu mühahidə edə bilərik.
Bu kitabda düzülən
şeirlərin əksəriyyəti sevgidəndir.
Şairlər sevgidən gənclik
illərində daha çox yazırlar. Əsasən nakam
sevgilər, uğursuz məhəbbət macəraları
onları dilə gətirir. Bu həsrət onları tərk
etmir, ta əlli yaşına qədər, lap ömürlərinin
sonunacan da ilk məhəbbətlə bağlı hisslər
onların şeirlərindən əksik olmur. Amma sevgi
ömrünün bir payız çağı da gəlir. Və
Əbülfət də bu kitabında sevginin payız
çağlarını qələmə alıb. Bu
"payız sevgisi" olsun ki, ilk gənclik illərindəki
sevgidən daha şiddətlidir, amma bu sevgidə dözüm,
təmkin, ağıl daha irəlidir. Elə Xalq şairi Zəlimxan
Yaqub kitaba yazdığı ön sözdə çox
doğru deyir ki: "Uca tanrı sevgini insanlara dünyanı dərk
etmək üçün göndərib, göndərib ki,
insan həmişə diri və duru, pak və təmiz, zərif
və həssas olmağı, öz gəlişiylə
dünyanı gözəlləşdirməyi bacarsın.
"Min Əbülfət qəlpələnsin ki, bir məhəbbət
var ola bilsin". Yer üstə möhkəm dayanmaq
üçün də, göy üzünün
qapısını açmaq üçün də
insana-xüsusən də şairə böyük sevgi gərəkdi".
Əbülfətin sevgi
şeirlərində də məhz bu özünüdərk əsasdır.
Sevgini duymaq, qiymətləndirmək, bu duyğular naminə
yaşamaq "Nədir sevgi?" Əbülfət bir
şeirində bunu belə açıqlayır:
çök sinəmə duman tək
özümü dağ sanım mən.
dönüm sonsuz ümidə-
hər an səni anım mən.
qəm sanki iynə-sapdı
hər yerdə məni tapdı.
şimşəkdən çınqı qopdu-
alışdırdı, yanım mən.
dünya cənnət-mən qərib
könlüm sən tək gül dərib.
Tanrım səni göndərib-
sevgi nədi-qanım mən.
Əbülfət Mədətoğlunun
sevgi şeirlərini təkcə bir insanın-bir fərdin
könül duyğuları kimi şərh eləmək
doğru deyil. Bu şeirlər həm də sevginin, bu ali hissin
insan həyatında necə təmiz, saf duyğular
oyatdığı, qəlbini, ruhunu necə gözəlləşdirdiyi
missiyasını da yerinə yetirir. Məlumdur ki, müasir
dövrümüzdə saf, təmiz sevgilər get-gedə
azalır, məcnunluq, leylilik və bunların timsalında fədakarlıq
qeybə çəkilmiş olur. Əvəzində
yalançı, saxta, beşgünlük "sevgilər"
doluşur ürəklərə.
gəlirəm sənə doğru,
səbrin çatınca gözlə.
ruhüm könlündə gəmi
gəmim batınca gözlə.
hər çınqı ümid şamı
göy üzü ruhun damı
unuda bilər hamı
gələn yardısa, gözlə!
Bəli, bu "gözlə"
nidası klassik poeziyamızdan üzü bəri işlənib
və əsl məhəbbətin
çağırışı kimi səslənib.
Əbülfətin sevgi
şeirlərində obrazlı ifadələr, təşbihlər,
metaforalar- bir sözlə, bədii təsvir vasitələri
diqqəti xüsusilə cəlb edir. Axı, bunlar olmasa,
sözlər adilik, sıravilik mahiyyəti kəsb edib qalacaq.
Şairin də hünəri onda bilinər ki, o, hissi,
duyğunu poetikləşdirməyi bacarmalıdır.
dərdə köynək biçmişəm,
bir az sıxır-dar gəlir.
dərdim, keç dur arxada
görüşümə yar gəlir
kölgən düşər üstümə.
Beş misralıq bu balaca
şeirin bədii çəkisi ağırdı. Birinci
misrada -"dərdə köynək biçmişəm"
metaforadır. Şair hadisəni daha canlı, daha təsirli
vermək üçün bu misranı yaradır. Təbii ki,
dərdə köynək biçmək olmaz. Amma onu
"insaniləşdirəndə" daha təsirli və
emosional olur. İkinci misra isə birincisi misrada ifadə olunan
fikrin təsdiqinə çevrilir. Üçüncü
misrada da- "dərdim, dur keç arxada" -metafora
yaradılmışdır, dördüncü və beşinci
misralar isə təsdiqedici misralar rolunu oynayır. Şairin
ürəyinə müraciətlə yazdığı
başqa bir şeirdə də metafora ilə
qarşılaşırıq: qoymursan dinclik tapım, hər
an sancır, dinirsən. Sıxıram ağrıları,
ovcumda isinirsən-ÜRƏYİM! Bu tipli misalların
sayını artırmaq olar.
Bir sözlə, Ə.Mədətoğlunun
sevgi şeirləri yaşanılan, duyulan hisslərin,
duyğuların ifadəsidir. Bu şeirlərin qəhrəmanı
sevgini həyatının mənası, mahiyyəti hesab edir.
Hicran əzabları onu necə sarsıdırsa, vüsala
ümid qəlbində yaşamaq eşqini alovlandırır.
Deyərdik ki, bu sevgidə bir az məcnunluq havası var. Məcnun
kimi o da fədakarlığı, eşqdə təmannasızlığı
sevir. Ancaq Məcnundan fərqi orasındadır ki, onun kədərinin
içində bir işıq var.
Mən od geydim, alov içdim,
Canımdan can çıxanadək.
Dərdi saydım, qəmi biçdim,
Ağzımdan qan çıxanadək.
Əbülfətin bir
çox şeiri onun özü-özüylə dialoqunu və
bəzən monoloqunu ifadə edir. Bu şeirlərdə bir
insan taleyinin yaşantıları var. Bu yaşıntılar
oxucuya da sirayət edir. Dərddirsə, dərdinə
qoşulursan, sevincdirsə, sevincinə şərik olursan.
Şairlə oxucu arasında məsafə saxlamayan şairdir Əbülfət.
Qəfəsdə yaşayan quşlar
Halınıza mən yanırdım.
Sizin azadlıqda olmaq
Haqqınıza inanırdım.
Amma əksinə oldu hər şey
Özüm də qəfəsə düşdüm.
Sizlər tora dimdiyindən
Mən ürəyimdən ilişdim.
Bəxtəvərlik olmasa da
Qayğınıza qalanlarla
Çadır da qəfəs kimidi
Həm dar gəlir, həm də ki ar!
Bu şeirdən necə təsirlənməyəsən?
Əbülfət Mədətoğlu
haqqında bu qeydlərimi başa çatdırarkən Ramiz
Rövşənin "Sadə həqiqət" məqaləsi
gözümə dəydi. Və sözümü elə
Ramizin Əbülfət Mədətoğlu haqqında dedikləri
ilə bitirmək istəyirəm: "Əbülfətin
şeirlərində ümumiləşdirmə gücü
olan, oxucu ürəyində əks-səda doğura bilən
misralar az deyil. Amma o misralar sözə soxulmur. Onları oxucu
özü görməlidir. Çünki Əbülfətin
şeirləri də özü kimi iddiasızdır".
VAQİF YUSİFLİ
Ədalət.- 2010.- 31 dekabr.- S. 19.