Cəlal müəllimlə
fəxr etməyə dəyər
(Mərhum professor Cəlal
Abdullayevin anadan olmasının 80 illiyinə
həsr olunur)
Dünya əbədi, insan
isə müvəqqətidir.
O, həyatda alın yazısı qədər qonaqdır. "Nə
ömrə, nə yaşa acıyan, bir yandan boşalıb,
bir yandan dolan" dünyaya üzünü tutub" ölüm haqdır, çıxmaq olmaz əmrdən" deyənlərə
Allah rəhmət eləsin.
Tale, bəxt, ömür Tanrı qismətidir, ölümdən
sonra ikinci ömür qazanmaq, yaşamaq isə insanın özündən
asılıdır. Ruh
Tanrının, bədən
torpağın, əməl
isə əbədiyyətindir.
Yaddaşı qoruyan, itməyə, sönməyə,
qoymayan, əbədi sərvət kimi saxlayan işıqlı əməllər, saf arzular, pak, nəcib
duyğular, unudulmaz xatirələr, həyatın
sabahı, insanlığın
gələcəyi üçün
vacib olan niyyətlərdir. Övliyalar,
ənbiyalar, nəbilər,
ulu, müqəddəs
bəndələr, mömin
babalar, insanlığa
mənəvi əxlaqi
kamillik bəxş edən peyğəmbərlər,
dünyalarını dəyişsələr
də ölmürlər,
nəcib əməllərdə,
paklığın, ülviyyətin
məna və məzmununda əbədi yaşayırlar.
1950-ci ildə ADU-ya (indiki BDU-ya) qəbul olundum. Filologiya fakültəsinin
əyani şöbəsində
oxuyurdum. O zaman təhsil müddəti 5 il idi. Oxuduğum kursda, xüsusən öz qrupumuzdan Ağamusa Axundov, Bəşir Əhmədov, Əbdülhüseyn
Hüseynov kimi etibarlı, ağayana dostlarımla yanaşı,
başqa fakültələrdən
də sədaqətli
yoldaşlarım, dostlarım
var idi. Cahid Quliyev, Şamil İnciyev, Akif Qurbanəliyev, Murad Vəkilov, Bağban Rəhimov və s. İkinci kursdan başlayaraq dostluq, yoldaşlıq mühitimiz ilbəil genişlənməyə başladı.
Səmimiyyət, vəfa,
etibar, sədaqət dolu sıralarımıza fakültə tələbələrindən
Cəlal Abdullayev, Xalid Əlimirzəyev, Təhsin Mütəllimov kimi yeni, dəyərli,
tanınan və seçilən qüdrətli
tələbələr əlavə
olundu. Aspirantlıq dövründə daha üç nəfərin Firidun Hüseynov, İnayət Bəktaşi və Kərim Həsənovun simasında mənəvi-əxlaqi
kamillik mühitimiz daha da zənginləşdi.
Belə pak insanlar zaman
keçdikcə, indinin
özündə də
mənim xatirələr
aləmimin, yaddaş dünyamın ziynət və bəzəyidir.
Onlardan biri yarım əsrdən artıq,
1951-ci ildən 2010-cu ilə
qədər yoldaşlıq
etdiyim, müəllimlik
həyatımı, əmək
fəaliyyətimi birgə
keçirdiyim Cəlal
Mehdi oğlu Abdullayev idi. Sözün əsl mənasında tipik Azərbaycan türk kəndli balası olan Cəlal son dərəcə
adi, sadə, geyimində, danışığında,
söz-söhbətlərində təbii bir insan idi. Yaxşı oxuyurdu, nümunəvi tələbələrdən idi.
Müasir ədəbiyyatın, xüsusilə poeziyanın
vurğunu idi. S.Vurğunu ayrıca bir məhəbbətlə sevirdi.
Möhkəm hafizəsi, yaddaşı
vardı. Əzbərdən
şeir deməsinə,
hər bir əsəri, hətta ayrıca misra və beytləri yerli-yataqlı təhlil və təbliğ etməsinə söz ola bilməzdi.
Müasir ədəbi proseslərlə
ciddi maraqlanar, nəinki S.Vurğunun, bütünlükdə müasir
Azərbaycan ədəbiyyatına,
klassiklərin ruhuna toxunan bir söz
eşidəndə ürəyi
ağrıyardı. Boş,
əsassız danışan,
sovet ədəbiyyatı
adı ilə bağlı hər şeyi inkar edən, bu ədəbiyyatın
yetmiş illik səmərəli fəaliyyətini,
silsilə nəsillər
yetişdirən uğurlu
xidmətlərini heçə
endirən, yaşadığımız
yetmiş illik bir tarixi dilə-dişə
salan səviyyəsiz,
şərəfsiz, hay-küyçü
insanlara nifrət edirdi. Odur ki,
Cəlal müəllimin
vəfatı yalnız
BDU-nun, filologiya fakültəsinin,
xüsusilə Müasir
Azərbaycan ədəbiyyatı
kafedrasının itkisi
yox, bütünlükdə
müasir tənqid və ədəbiyyatşünaslığın,
şərəfli müəllimlik
sənətinin itkisi
deməkdir.
Cəlal Abdullayev mənim
gözümün qabağında, addım-addım ucaldı,
elmlər namizədi, elmlər doktoru oldu, nümunəvi əsərlər,
monoqrafiyalar ortaya qoydu, samballı dərsliklərin, proqram və
dərs vəsaitlərinin yaradıcısı, müəllifi
kimi şöhrət qazandı. Gözəl müəllimliyi,
pedaqoji ustalığı, alimlik səliqə-sahmanı ilə
tələbə və həmkarlarının dərin məhəbbətini
qazandı. Bir sıra ictimai vəzifələrdə
çalışdı, fakültə partiya komitəsinin
katibi oldu, fədakarlığı, obyektivliyi,
prinsipiallığı, məsuliyyətli iş üsulu ilə
məharətli təşkilatçılıq nümunəsi
göstərdi. Bütün bu dediklərim mənim kimi
çoxlarının gözü qabağında olub. Hamı
Cəlal Abdullayevi xeyirxah, nəcib, obyektiv bir insan olmaqdan
savayı, həm də ciddi, tələbkar, prinsipial bir
işçi, səviyyəli müəllim kimi
tanıyırdı.
Cəlal Abdullayev otuz ildən
artıq mənim kafedra müdirim oldu. Müasir Azərbaycan ədəbiyyatı
kafedrasına rəhbərlik etdi, fakültə və kafedra ilə
bağlı ümumi söhbətlərimizdən başqa, fərdi
söhbətlərimiz, dərdləşdiyimiz vaxtlar çox
olurdu. Kafedranı ikinci evi hesab edirdi. Necə deyərlər,
üstündə əsirdi. İlk sözü bu olardı ki,
biz o rəhmətliklərin bizə əmanət verdiyi o nəcib,
ülvi ənənələri, nəinki qorumalı, həm də
yaradıcı şəkildə davam və inkişaf etdirməliyik.
O, rəhmətliklər deyəndə, böyük Mir Cəlal
müəllimi, Cəfər Xəndanı nəzərdə
tuturdu. Tez-tez onların iş üsulundan, diqqət və
qayğısından danışardı, çoxlu misallar,
nümunələr gətirərdi.
Cəlal Abdullayev təəssübkeş,
diqqətcil, qayğıkeş kafedra müdiri idi.
Kafedranın hər bir üzvünün işi, fəaliyyəti
ilə maraqlanardı. Hamımız onun səmimiyyətinə
inanırdıq. Kafedrada nümunəvi nizam-intizam, səliqə-sahman,
möhkəm birlik, işgüzarlıq yaratmışdı.
Sanki kafedranın mövcudluğuna, elminəzəri səviyyəsinə,
tədris həyatına cavabdeh idi.
İşgüzarlığı ilə hamıya nümunə
göstərirdi, köməkliyini əsirgəmirdi. Deyərdi
ki, kafedra bizim ümumi evimizdi, elə eləməliyik ki,
buradan ətrafa, dedi-qoduya səbəb olan bir söz belə
çıxmasın. Bütün ... problemləri
özümüz, birlikdə həll etməliyik. Belə də
olurdu. Filologiya fakültəsi kafedramıza yaxşı mənada
həsəd aparırdı: Kafedramızın bütün
kollektivi işgüzar, əliqələmli, yaradıcı
insanları, səviyyəli, səriştəli müəllimləri
ona inanır, etibar edirdik. Cəlal müəllim həmişə
deyərdi ki, uğurlar hamımızın olduğu kimi,
nöqsan və səhvlər də hamımızın
ayağına yazılır, odur ki, nöqsan və əyintilərin
yaranmasına yol verməməliyik. Ona görə də, bu
otuz ildə belə bir sağlam kafedraya pis niyyətlər, bəd
əməllər yol tapa bilmədi. Üzvlər arasında
olan səmimi əlaqələr, bir-birlərini başa
düşmələri, qarşılıqlı hörmət
ildən-ilə artır, güclənirdi. Bu sahədə Cəlal
müəllimin xüsusi rolu vardı.
Cəlal Abdullayevin səliqəli,
nümunəvi iclas aparmağı vardı. İstər elmi,
istər tədris isləri olsun, nəzərdə tutulan məsələlər
müzakirə olunur, əməli təkliflər irəli
sürülür, hər kafedra üzvünün vəzifə
borcu ilə bağlı elmi fəaliyyəti ümumi
kafedranın işi kimi dəyərləndirilirdi. Bütün
kafedra tədrisə, dərs yüklərinin yerinə yetirilməsinə
məsul olduğu kimi, həm də cavabdeh idi.
Elmi-tədqiqat işləri
kafedranın mühüm yaradıcılıq sahəsi kimi
daim diqqət mərkəzində idi. Kəmiyyət və
keyfiyyət göstəricilərinə görə
kafedramız nəinki fakültədə, bütün BDU-da
ilk sıralarda dayanırdı. Müntəzəm olaraq kafedra
üzvlərinin müasir və klassik ədəbiyyat məsələlərinə
həsr olunmuş maraqlı monoqrafiyaları, çoxsaylı
məqalələri çap olunurdu. Yubiley, ad günlərindən
başqa, hər il bir neçə dəfə respublikanın
qabaqcıl sənətkarları ilə görüşlər
keçirilir, Cəlal müəllimin bilavasitə rəhbərliyi
və nəzarəti ilə maraqlı məruzələr dinlənilirdi.
Cəlal müəllim səmimi,
ürəyiyumşaq adam idi. Şaqraq gülüşü
vardı. Hələm-hələm gülməzdi, güləndə
də ürəkdən gülərdi. Tələbələrinə
ata, övlad münasibəti bəslərdi. Dəfələrlə
şahidi olmuşam ki, tapılmayan və yaxud az tapılan
kitabları evindən gətirib, istifadə olunmaq
üçün tələbələrə verirdi. Bəzən
onlardan hansınısa geri ala bilməyəndə çox məyus
olardı. O qədər də fəxri adları,
mükafatları yox idi. Yeganə mükafatı böyük hərflə
yazılan "Müəllim" adı idi. Hamı ona "Cəlal
müəllim" deyə müraciət edirdi. Cəlal da bu
adı şərəflə daşıyır, bütün
kafedra üzvlərinə də bu ada layiq və sadiq
olmağı məsləhət görürdü. Sakit, aram və
təmkinlə öz işi ilə məşğul olardı.
Heç kimi özündən incik salmazdı. İşdən
kənar vaxtlarda çox təbii, səmimi, zarafatcıl,
iş zamanı, kafedra iclaslarında, fakültə tədbirlərində,
dərsdə çox ciddi, məsuliyyətli və prinsipial
idi. Tələbələrin biliyini düzgün qiymətləndirməkdə
son dərəcə obyektiv idi. Ona görə də, heç
bir tələbə ondan incimirdi. Gözəl iclas
aparmağı vardı. Kafedrada nümunəvi səliqə-sahman yaratmışdı.
İstər dissertasiya, yoxlama, kurs işləri olsun, istərsə
də buraxılış və magistr işləri, hər bir
sahədə müzakirələrdə ciddilik, obyektivlik,
prinsipiallıq nümayiş etdirirdi. Dərs yüklərinin,
elmi işlərin yerinə yetirilməsinə ciddi nəzarət
edir, çalışırdı ki, heç bir nöqsan, əyinti
baş verməsin. Bakalavr və magistr proqramlarının, iki
cildlik "Müasir Azərbaycan ədəbiyyatı" dərsliyinin
hazırlanıb çap olunması bilavasitə Cəlal
müəllimin təşəbbüsü və rəhbərliyi
ilə mümkün oldu. Çox işgüzar və zəhmətkeş
adam idi. Bakıda olduğu 1951-ci ildən vəfatına qədər
halal zəhməti ilə yaşadı. Heç kimdən minnət
götürmədi, böyük alim, ustad müəllim
adını özü qazandı. Gözəl ailə qurdu,
üç övlad böyütdü, hər
üçünə yüksək savad verdi, evli-eşikli elədi,
müdrik, zəhmətkeş baba kimi dünyasını dəyişsə
də, ikinci ömür qazandı. Onu sevənlərin ailəsinin,
balaları və nəvələrinin, kafedrası və
filologiya fakültəsinin, BDU-nun hafizə və
yaddaşında əbədi yaşadı.
Cəlal səviyyəli,
sevimli ustad müəllim olduğu qədər də, gözəl
tədqiqatçı, filoloq-alim idi. Müasir Azərbaycan ədəbiyyatının
elə bir sahəsi yox idi ki, Cəlal müəllim ona bələd
olmasın, münasibət bildirməsin. Müasir filoloji fikir
tarixi, tənqid və ədəbiyyatşünaslıqla
bağlı çap etdirdiyi çoxsaylı məqalələri,
dəyərli monoqrafiyaları onun zəhmətkeşliyi, alim
səviyyəsi, tədqiqatçılıq
bacarığı, müasir sənət və ədəbiyyatı
sevdirmək, qorumaq, təbliğ etmək cəsarəti haqda
çox söz deyir. Bunu XX əsrin böyük sənətkarları;
H.Cavid, S.Vurğunla bağlı olan araşdırmaları, tədqiqat
əsərləri; "Lirika və zaman", "Şairin sənət
dünyası", "Hüseyn Cavid", "S.Vurğunun
poetikası" və digər əsərləri bir daha təsdiq
edir. Bu faktı göstərmək kifayətdir ki, XX əsrin
30-cu illərindən başlayaraq S.Vurğun haqqında
yazılmış çoxsaylı elmi əsərlərin,
deyilmiş küllü miqdarda tutarlı nəzəri fikirlərin
qabağında yeni söz demək, heç kimi təkrar etmədən
təzə tədqiqat əsərləri yazmaq, ciddi və məsul
axtarışlar aparmaq, güclü elmi dəqiqliyə və
üslub əlvanlığına malik olmaq, hər şeydən
əvvəl də S.Vurğun irsini otuz illik (1926-1956) ədəbi
proseslərin əhatəsində öyrənmək, dərindən
saf-çürük etmək, xüsusi zəhmət, tədqiqatçılıq
bacarığı tələb edən bir iş idi. Professor Cəlal
Abdullayev çətin və şərəfli olan bu işin
öhdəsindən ləyaqətlə gəldi, xalq
şairinin sənətkar portretini yaratmağa müvəffəq
oldu.
Belə ki,
"S.Vurğunun poetikası", "Şairin sənət
dünyası" kitablarının hər sərlövhəsində
müəllifin gərgin əməyi, böyük zəhməti,
bu qüdrətli sənətkara olan dərin məhəbbəti,
müasir ədəbiyyatşünaslıq elminə dəyərli
xidmətlər göstərmək cəhdi açıq hiss
olunur. Bu monoqrafiyalardan aydın görünür ki, müəllif,
S.Vurğunun hadisə, vəziyyət, əhvalat yaratmaq kimi
poetik məşqlərinin sirrini açmaq üçün
çətin və şərəfli yaradıcılıq
yolu tutmuş, tədqiqata həm də S.Vurğun və ədəbi
mühit, poetika, yaradıcılıq prosesi məsələlərini
daxil etmiş, "S.Vurğun poeziyasının ideya və
poetika qaynaqlarından, "Poetik dilin məna və emosiya zənginliyi"nə
qədər olan bütün sənət məsələlərini
eyni səviyyədə təhlil süzgəcindən
keçirmişdir. Tədqiqatçı bu işin icrasına
şairin və şair haqqında ədəbi tənqidin
düzgün və dəqiq əsaslandırdığı
"S.Vurğun əlinə qələm aldığı
gündən kağız korlamamışdır" tezisi ilə
başladığı üçün bu kitablar ilk səhifələrindən
oxucunu özünə cəlb etmişdir. Müəllif
düzgün olaraq S.Vurğun haqqında olan tədqiqatı
üç dövrə ayırır və hər
dövrün özünəməxsus xarakter cəhətlərinə
toxunur. Onlara zamanın sosial mənzərəsi, ədəbi
mühitin tələb və ehtiyacları baxımından
yanaşır. S.Vurğun haqqında ədəbi tənqidin
özünə qədərki xidmətlərini,
uğurlarını obyektiv mülahizələrini
alqışlamaqla, bəzən o qədər də əsaslı
olmayan, müəyyən münasibətlərlə
yazıları, sənətkarı narazı salan, qərəzli
tənqid haqqında öz sözünü deyir.
Monoqrafiyaların sənətkarlıq
məsələlərindən, ideya və poetika
qaynaqlarından bəhs edən hissələr, Cəlal müəllimin
filoloq-alim kimi elmi-nəzəri səviyyəsini, poetika məsələlərinə
dərindən bələd olmasını, S.Vurğun sənətinə
bağlılığını və vurğunluğunu
aydın nümayiş etdirir. Cəlal müəllimin digər
elmi araşdırmaları da bu qəbildəndir.
Cəlal müəllim həm bir təşkilatçı,
həm alim, həm də müəllim kimi həmişə
nümunə göstərmiş, öz
işgüzarlığı ilə fərqlənən ədəbiyyatşünaslardan
olmuşdur. Onu da bilirəm ki, bu işıqlı insanın həyatı
və yaradıcılığı ayrıca
araşdırmaların, tədqiqatların mövzusudur. Cəlal
müəllimin özündən sonra yadigar qoyub getdiyi əsərləri
uzun illər yaşayacaq, nəcib əməlləri əbədi
olaraq yad ediləcəkdir. Allah ona rəhmət eləsin!
Abdulla ABBASOV
Ədalət.- 2010.- 28 dekabr.- S. 5.